ÇAYLARA, GÖLLƏRƏ MƏİŞƏT TULLANTILARI ATILIR
Çox qəribədir ki, biz Allahın insanlara bəxş etdiyi bu gözəl təbiəti sevə və qoruya bilmirik. Biz Allaha şükür etməliyik ki, təmiz havamız, suyumuz, torpağımız mövcuddur. Bayaq dediyimiz kimi, bütün bunların hamısını Ulu Tanrı bizə bəxş edib. Əlbəttə, bu gözəl varlıqların, bu gözəl təbiətin, yaşıllıqların, ağacların, çayların, göllərin, dənizlərin, okeanların qədirini bilməsək heç şübhəsiz ki, biz insanlara gec-tez təbiət öz cəzasını verə bilər.
Məgər belə hallar az olub? Allahın qəzəbi tutub nəinki günlərlə, hətta aylarla, illərlə Yer üzünə yağış yağdırmayıb. Bir dəfə uzun müddət Ərəbistanda yağış yağmır və quraqlıq olur. Təbii ki, bu quraqlıq zamanı da nə ağaclar inkişaf edir, nə də taxıl bitir. Ona görə də insanlar bütün günü Allaha dua edirlər ki, yağış yağsın. Yağış da yağmır ki, yağmır. Axırda çoxlu sayda insan toplaşıb Məhəmməd peyğəmbərin hüzuruna gedirlər. Deyirlər ki, ya peyğəmbər, biz Allaha dua edirik ki, yağış yağsın, taxılımız qurumasın. Ancaq Allah da dualarımızı qəbul etmir. Sizin yanınıza gəlmişik ki, bizə kömək edəsiniz. Peyğəmbər də onları dinləyir və deyir ki, yəqin günahlarımız böyük olduğuna görə Allah bizi cəzalandırır. Peyğəmbər həmin insanlar gedəndən sonra özü Allaha dua edir və yağış yağmasını Ulu Yaradandan istəyir. Heç yarım saat keçmir ki, bir leysan yağış yağır gəl görəsən. Bütün yaşıllıqlara, güllərə, çiçəklərə, zəmilərə can verir. Və həmin il bol məhsul olur, insanlar aclıqdan çıxır.
İndi deyəsən, təbiət də bizi az yox, çox yağış yağmaqla cəzalandırır. Gərək insanlar bu anı, bu dəqiqəni heç vaxt yaddan çıxarmasınlar. Fikirləşsinlər ki, ayə, bizim günahımız nə imiş ki, Tanrı bu qədər yağış yağdırır. Düzdür, bu yağış təbiətə can verir, amma həddindən artıq yağması isə insanlara problem yaradır, həyətləri su basır, maşınlar suyun altında qalır və adamlar çöllərə düşüb kömək istəyir. Nə isə, sözümüzün canı ondan ibarətdir ki, bu gün təbiəti qorumaq hər birimizin bir insanlıq borcudur. Çox təəssüf ki, biz bu borcu bəzən əksəriyyətimiz yaddan çıxarır. Çox yox, elə bu yazımızda biz bir neçə çayın və gölün çirkləndirilməsindən söhbət açmaq istəyirik.
Füzuli rayonunun ərazisindən min illik tarixi olan bir çay axır – Quruçay. Və bu Quruçay özü bir tarixi mədəniyyət, bizim keçmişimiz, başqa sözlə demiş olsaq, həyatımızdır. Çox vaxt bu çayda su az olur. Elə bundan da istifadə edən insanlar əllərinə düşən məişət tullantılarını çayın içinə atırlar. Su da çoxalanda çayda zibil əlindən tərpənmək olmur. Bir tərəfdən su çirklənir, digər tərəfdən isə çay zibildən sanki boğulur. Xüsusən də rayonun Böyük Bəhmənli kəndində belə məişət tullantıları Quruçaya daha çox atılır. Bu barədə kənd sakinləri hətta lazımi qurumlara müraciət ediblər. Onlar da gəlib baxıblar və deyiblər ki, tədbir görərik. Tədbir də deyəndə təbii ki, aidiyyatı qurumlar kimisə cərimə etmək barəsində düşünür. Amma cərimədən də öncə insanlar arasında maarifləndirmə işlərinin aparılmasıdır. Ən azından kəndin bələdiyyəsi və eləcə də rayon üzrə icra hakimiyyətinin nümayəndəsi insanlarla bu söhbətləri apara bilərlər. Deyilənlərə görə, onlar bu söhbətləri az da olsa ediblər, amma nəticə yoxdur. Görünür, burda hardasa maarifləndirmə işlərində də bir zəif halqa mövcuddur.
Əgər böyük bir kəndin sakinləri ilə çox ciddi, özü də qanunun dili ilə və səmimi söhbət edilsə, biz inanırıq ki, insanlar həmin yerlərə məişət tullantıları atmaz.Ümumiyyətlə, bələdiyyələr və icra nümayəndələri məişət tullantılarının kəndlərdə zibil qutularına atılması üçün lazımi şərait yaratmalıdır. Bu şərait olsa heç şübhəsiz, ayrı-ayrı adamlar əllərinə düşən məişət tullantılarını ya çaya, ya da digər yerlərə və o cümlədən yaşıllıqların arasına atmaz. Birincisi, məişət tullantılarının həmin yerlərə atılması yaşıllıqların və çayların çirklənməsi deməkdir. İkincisi də orda üfunət qoxusu yaranır. Bütün bunlar isə nəticədə ekologiyamıza, havamıza və çayımıza böyük zərbələr vurur. Təkcə Quruçay çirkləndirilməklə problem yaranmır, burda çay yatağında çox zəngin təbii sərvətlər, qum, çınqıl var və həmin qum, çınqılı da müəyyən iş adamları çayın ortasında istehsalat sahəsi yaradıb orda böyük işlər görürlər. Yəni qum, çınqıl çayın içindən təmizlənib tikinti materialı kimi satışa çıraxırılır. Bu isə çayın süxurlarının, qum, çınqıl qatının məhv olunması deməkdir. Kimlərsə pul qazanacaq deyə Quruçay kimi keçmişi və tarixi olan bir çayı məhv edə bilməz.
Çaylar, göllər biz insanlar üçün Allahın verdiyi ən gözəl sərvətdir. Təbii ki, heç də hər şey bizim düşündüyümüz kimi deyil. Yəni bizim də düşündüyümüz ondan ibarətdir ki, Allahın verdiyi bu sərvəti niyə belə məhv edirik. Ağacları qırırıq, gülləri, çiçəkləri məhv edirik, çayları, gölləri, dənizləri çirkləndiririk. Ora təmizlənməmiş çirkli sular axıdırıq. Amma düşünmürük ki, biz onlara zərbə vurmaqla öz sağlamlığımıza, gələcək həyatımıza, içməli suyumuza zərər toxundururuq.
Quruçaydan axan sular gedib Araza qovuşur. Araz isə Kürlə birləşir. Yəni demək istəyirik ki, hər kənddə, hər yaşayış məntəqəsində suları çirkləndirsək, bəs biz o sulardan necə istifadə edə biləcəyik? Düzdür, kənd təsərrüfatı üçün o suların təmizlənməsinə bir o qədər də ehtiyac yoxdur. Ancaq heç kimə sirr deyil ki, Kürün və Arazın suyundan Bakıda və digər yaşayış məntəqələrimizdə içməli su kimi istifadə olunur. Onun tərkibində nə qədər çirkab sular, ağır metallar çox olsa onun təmizlənməsi də bir o qədər müşkül bir məsələyə çevrilə bilər.
Gəlin onunla razılaşaq ki, biz istəsək də, istəməsək də bu gün dünyada çox böyük qlobal bir problem mövcuddur – içməli su problemi. Mütəxəssislər hesablayıblar ki, 2050-ci ildə Yer kürəsində içməli su üstündə böyük müharibələr olacaq və ölkəmiz də içməli su sarıdan problem yaşayır. Belə bir problemi olan ölkəmizə biz hər birimiz kömək etməli, çayları, gölləri, içməli su hövzələrini çirkləndirməməli və öz gələcək həyatımız barəsində ciddi düşünməliyik. Ciddi düşünməliyik ki, bizim hər birimiz mövcud qanunlara əməl edək, çaylarımız və göllərimizi çirkləndirməyək!
Emil Faiqoğlu
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


Bakı -°C

