UŞAQ QIĞILTISI - NƏĞMƏ SƏSİ
Qəmbər Hüseynli - 110
“Əgər musiqinin yoxluğu ilə dünya karlıq vahiməsi ilə üzləşərsə, təkcə “Cücələrim” kifayətdir ki, dünya musiqi xiffəti çəkməsin”, uşaq qığıltısının təntənəsinə qovuşsun, insanlar yaşamın əbədiliyinə sevinsin.
”Cücələrim” uşaq mahnısı həmin qığıltının söz və musiqi ilə ifadə olunan ahəngidir. Gəncəli bəstəkar Qəmbər Hüseynlinin körpələri sevərək onları yaşamın gözəlliyinə səsləyən bu uşaq nəğməsindəki ilahi fəhm, ilahi duyum və ilahi ahəng bu dünya durduqca var olacaq, əbədiyyətin yaşam təntənəsinə çevrilən uşaq qığıltısı kimi əks-səda verəcək ...
Körpələrin ifasında səslənən bu nəğmə yaşıdlarının qəlbində hələ tam dolğunluğu ilə dərk etmədiyi sevinc hissi, şaqraq duyğular oyatdı, böyüklər isə yaşanın ömrün qədr-qəymətinin sevincini yaşadı, bir az da, “necə yaşamışam” sualının doğurduğu xiffət hissinə qapıldı...
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında böyük bəstəkar Qəmbər Hüseynlinin 110 illik yubileyi münasibətilə təşkil olunan tədbir körpə “cücələrin” ifasında bu ecazkar nəğmə ilə başa şatdı...
Qəmbər Hüseynli Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində dünyaya gəlib. Dəmirçi atasının polad çəkiclə zindan üzərində döyəclədiyi dəmirin yaratdığı səs, ritm kimi onun qəlbində xoş duyğular oyadıb, eşitdiyi bu səs onda ahəngə sevgi doğurub və Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağın el şənlikləri uşaq qəlbində oyanan bu ritmə coşqu verib, onu musiqiyə bağlayıb. Görkəmli sənətkarlar Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski, Məşədi Cəmil Əmirov və başqa görkəmli ifaçıların çıxışları bu coşqunu, bu arzunu qanadlandırıb. Və bu ecazkar musiqi dünyasının cazibəsindən çıxa bilməyib, nota çevrilən ilk könül çırpıntıları onu böyük musiqi yoluna çıxarıb.
Filarmoniyanın kiçik zalında təşkil olunan tədbir tamaşaçı anşlaqı ilə keçdi, əsl ümümxalq sevgisi və gəncəlilərin öz həmyerlilərinə, onun ölməz yaradıcılığına sonsuz etiramının ifadəsinə çevrildi. Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı xüsusi yer tutur. Filarmoniyanın xalq çalğı alətləri ansamblının müşaiyəti ilə səslənən “Ay işığında”, “Gecələr uzanaydı”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən”, “İlk məhəbbət”, “Tellər oynadı”, “Ömrümün yazı” və ölməz bəstəkarın əbədilik hüququ qazanmış digər mahnılarının xalq artisti Şahnaz Həşimova, əməkdar incəsənət xadimi Mehbarə Cəfərova, gənc vokalçılar Xəyal Əliyev, Zamira Mustafayeva və Samirə Hacıyevanın yüksək sənətkarlıqla ifaları dinləyicilərdə xoş duyğular oyatdı. İllərin keşməkeşindən süzülüb bu mahnılar Qəmbər Hüseynli yaradıcılığına sonsuz etiramın ifadəsinə çevrildi və alqışlarla qarşılandı.
Gənc tarzən, musiqi məktəbinin 4-cü sinif şagirdi Rövnəq Binnətlinin məharətlə ifa etdiyi “İlk məhəbbət” əsəri Qəmbər Hüseynli yaradıcılığının həmişəyaşarlıq rəmzi kimi səsləndi.
Qəmbər Hüseynlinin 110 illik yubileyi münasibətilə təşkil olunan tədbir dünyanın müxtəlif ölkələrindən olan uşaqların doğma nəğməsinə çevrilən “Cücələrim” nəğməsi gəncəli körpələrdən ibarət xorun ifası ilə başa çatdı.
Bu ümümxalq coşqusu, bu körpə sevinci göstərdi ki, Qəmbər Hüseynlinin şair Tofiq Mütəllimovun sözlərinə bəstələdiyi, dünyanın 100-dən çox xalqının dilində səslənən, yüz milyonlarla uşağın və böyüyün zövqünü oxşayan, sözün əsl mənasında Azərbaycanımızın “vizit vərəqi”nə çevrilən “Cücələrim” nəğməsi dünya durduqca var olacaq, bəstəkarına və xalqımıza tükənməz şöhrət gətirəcək...
Vaqif TANRIVERDİYEV
Gəncə


Bakı -°C

