Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bir bazar günü hekayəsi... Adalet.az | Bir bazar günü hekayəsi... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Bir bazar günü hekayəsi...

Əzizə İsmayılova

17443    |   2017-11-14 12:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İndidən deyim, dostum, uzundur. Könül çox istər ki, sən bunu sonacan həvəslə oxuyasan. Çünki həvəssiz göz gəzdirsən, yorulacaqsan və məni qınayacaqsan vaxtını aldığım üçün, yox əgər yazılan hər sətiri beynində canlandırsan, inan ki, film kimi bir şey olacaq.

Çatdırmaq istədiyimə nə dərəcədə nail olduğumu bilmirəm, ona görə oxuyub oxumamaq seçimini özün et. Real həyatı hiss edə biləcəyin kimi anlatmaq istəyindən doğub yazı. Bu üslubda ilk yazımdır, hər halda..

Gəlim mətləb üstünə...

Dünən axşam ürəyimlə (oxu -"kefimlə" Ə.İ.) belə bir anlaşmaya gəldik:

"Sabah bazar. Ürək nəyi necə istəsə elə yaşayaq. Eynən uzaq uşaqlıqdakı kimi. Düşüncə bu gün heç nəyi "götür-qoy" etməsin, o da istirahət etsin. Düşüncə qaşlarını çatıb, gözünü döysə də, biz razılaşdıq.

Baxma ki, bazar günü iş günündən də tez oyanıram, Ürəyim günorta saat 1-ə kimi yataqdan qalxmaq istəmədi. Soruşdum:

-Yuxu da çıxıb getdi. Neyniyək? Bütün günü uzanaq qalaq? İş-güc, biş-düş, yır-yığış....

Sözümü kəsdi:

-Yox, - dedi. Heç nəyə həvəsim yoxdur. Şəhərə çıxacağıq. İstəsən kimisə dəvət edə bilərsən, amma əminəm ki, ikimiz gedəcəyik - sən və mən. Düşüncəni evdə qoya bilmərik, amma bu gün düşünmək yox.

-Eee, tək darıxdırıcı olacaq, qoy dəvət edim.

Ürək etiraz etmədi, "özün bil", misali gülümsündü...

Zatən həmkarlarım Naibə və Gülşənlə bir araya gəlmək planımız nə qədər vaxtdır ki, var, zaman uyşmur, - deyib yazdım onlara səhər obaşdan. Ürək deyən oldu, alınmadı. Naibənin işi vardı, Gülşən də qripdi...

Kimə desəm?

-Daha heç kimə. İkimiz gedəcəyik. Amma indi yox, hələ durmaq istəmirəm, - dedi ürək gərnəşə-gərnəşə.

Razılaşdım həvəslə. Bu gün heç nəyi düşünmək yox. Bu gün onun günü.

Saat 2-nin yarısında yataqdan qalxdıq. Ətrafa göz saldım, görəsi olsam, axşama kimi görüləcək iş var. Amma ürəyim heç çay dəmləməyimi də istəmədi. "Kitabı da götür, çıxaq. Çöldə içərik", - dedi...

Düşdük. Maşına çatanda "hava yaxşıdır, maşın sürmək həvəsində deyiləm, metroya gedək", - dedi.

-Bəlkə avtobus? Metrodan daha yaxındı, - düşüncə pıçıldadı.

-Metrooo istəyirəm, - ürək nazlandı.

-Tamam, - deyə razılaşdım və metroya gəldik. Dünya-aləm vecimizə deyildi, ətrafda hər şey hər gün olduğundan daha gözəldi.

Nəsimi stansiyasında "gəlmişkən işıq pulunu da vuraq" dedim. Çeki çıxartdım və kodu aparata yığırdım ki, kağızı əlimdən külək apardı (ordan keçənlər bilir, aparatlar qoyulan yerdə "skvoznyak" adamı aparar, o ki kağız ola). Qaçıb tutmalı oldum. Ödədim və çaşdığımdan çeki bükmələyib zibil qabına atdım. Ayılanda gec idi... gülə-gülə vaqona mindik.

Deyim sizə ki, əgər göydən şəkil çəksəydilər, Nəsimidən 28 Maya kimi vaqonda ancaq mən fərqli düşərdim. Qara və ya ən tünd çalarlı geyimli insanların içində yeganə əlvan rəng geyinən bir varlıq, - göy cins şalvar, sarı köynək, çəhrayı gödəkcə və elə çəhrayı rəngdə də krassovka.

Vaqonda qocasından cavanına hamının üzünə sanki limon sıxmışdılar. Hələ qulaqcıqda eşitdiyi "ağlamaliyski" musiqininmi, yoxsa nəyinmi təsirindən qaralan sifətləri və düyünlənən alınları, sıxılan yumruqları demirəm.

"Nədir bu millətin qara sevdası yaaa. Nədir bu cavanların üzündəki qapqara saç-saqqal?" - düşüncə pıçıldadı.

-Sus. Bizə nə? Bu gün düşünmək yox dedik. Oyunpozanlıq eləmə - ürəkdə elə eyni pıçıltı ilə etninasızca cavab verdi.

Vaqonda bir tək bizim kefimiz kök idi, gülümsünürdük. Kənardakılara da maraqlı idi. Üstümə zillənən gözlərdəki "bu niyə, nəyə gülümsünür görəsən?" sualı ayaq açıb gəzirdi vaqonda. Görməyə göz lazım idi.

Olsun. Özləri bilər. Əsas odur ki, bu gün bizim üçün fərqlidir və biz halımızdan məmnunuq. Bu gün ancaq özümüz üçün yaşayırıq, özümüz üçün baxırıq, özümüz istəyəni görürük. Ətraf bizi ilgiləndirməz.

Eskalatorda "hara gedirik?" - deyə sordum ürəyimdən.

-Göbələk supu yeməyə.

-Getdik....

Düşüncə hələki işimizə qarışmır.

Göbələk supunun bu qədər dadlı olduğunu bu günə kimi heç hiss etməmişdim. Baxmayaraq ki, həmişə burda yeyirəm. Ofisiant da sifarişin sevinclə verməsinin təsirində idi. O da gülümsündü qeyri-iradi.

Bazar günləri ən sevdiyim şey kafedə, yolda-irizdə uşaqları seyr etməkdir. Kafedə supumuz gəlincə, ətrafı müşahidə etdim. Uşaqların qarşısında yemək olsa da atalar da, analar da telefona girmişdilər. Nə uşaq deyəni eşidirdilər, nə də onların fərqində idilər. Əsas odur çıxanda hesabı ödəyəcəkdilər-düşüncəsi. Uşaqlar da çarəsiz qarşılarındakı "fri"ni dənləməklə gah atanı, gah ananın ətəyini dartışdırır, nəsə deyir. Amma kimdi onları eşidən? "Çörəyini ye" - telefondan başı qalxmayan atanın qaba səsi eşidildi. Təəssüf... Nə isə.

-İndi gedək kitab dükanlarına. Dostun Rəsulun önərdiyi kitabı alaq - Moris Saatçi "Derzkaya prostota mısli".

Getdik, bütün kitab dükanlarını ələk-vələk elədik, kitabın adını eşidəndə döyükən gözlərdən başqa bir şey tapmadıq. Sonda dost yazdı ki, sən demə satışda yoxmuş. Ya onlayn sifariş edə bilərəm, ya da PDF variantdan yararlana.

Güldüm. Kefimizi pozmadıq, pozmasına, amma kitab dükanlarındakı satıcı tipləri bizi qıcıqlandırdı. Elə yolun ortasındaca "dur bu barədə bir status yaz, sonra davam edək", - dedi ürək.

-Baş üstə.

Facebookdakı profilimdə bu haqda ürəyin istəyən bir status yazdım və növbəti istəyə keçdik.

-Düşək 28-in keçidindəki dükanları gəzək.

Düşüncə sükutunu pozub "onsuz heç nə almayacaqsız. Nə var axı o havasız yerdə? - deyə mızıldandı.

Ürək:

-Olsun. İstəyirəm. Sən qarışma. Bu gün mənim günümdür. Nə istəsəm o da olacaq.

Keçidin bu başından o başına bütün dükanları bir-bir gəzdik, heç nə də almadıq.

Ürək:

- Gedək, Qış parkına, çay içməyə.

- Ora çatınca nə qədər çay içəcək yer var amma... - düşüncə yenə mızıldandı.

Ürək isə onu eşitmədi belə. Öz kefində idi - axı bu gün onun günüdür.

Qış parkına gəldik. Kafeyə yaxınlaşdım. Hava da oksigen dolu, mülayim. Sanki payızın orta ayında deyil, bir xoş yaz axşamındasan. Adam içəri keçmək istəmir. Kafelərin birinin yanında çöldəki stolda bir xeyili oturdum. İçəridən çıxan olmadı.

Düşüncə yenə dilucu dilləndi:

-İşinizə qarışmıram. Amma bura içəriyə nisbətən qaranlıqdır. Görməyəcəklər səhərə kimi otursan da.

Gülümsündüm. Bu yerdə onu eşitməmək planımızın pozulması olacaqdı. İçəri girmək lazımdı sifariş üçün.

Cəld ayağa qalxıb kafenin bütöv şüşədən olan, uzun aliminium fason materiallı tutacağı olan qapısının yanına yaxınlaşmışdım ki, olanlar oldu..

"Dadaaaaaanq!!!"....

Şüşəni gözüm seçə bilmədi, başım və dizim eyni anda qapıya necə çırpıldısa, kafedəkilər hamısı səksəkə ilə mənə tərəf çevrildilər. Administratorun gözü necə böyüdüsə, "tez ordan xanıma buz gətirin" dedi təlaşla və hiss etdim ki, alnımda çəpləşən eynəyimə baxır.

Administratorlu, ofisiantlı, müştərili hamının gözündə "korsaaan?" sualı manşet kimi dalğalanırdı.

Baxmayaraq ki, ətrafdakı hər şeyi bir a

nda iki dənə gördüm, gözüm bir anlıq tor gətirdi, özümü toparladım və utandığımdan düşdüyüm duruma gülməyim tutdu. Eynəyi düzəldib, gözlərdən oxuduğum "korsaaan?" sualına cavab olaraq, yüksək və ürəkdən gələn bir səslə gülə-gülə, "bağışlayın siz allah, 4 göz olmaqla deyil ki, görmədim, qəza oldu. Buz lazım deyil, çay neçəyədi?" - deyə kal bir sual verdim.

Düşüncə də xısın-xısın gülürdü. Sanki, "bax, mən olmasam nə günə qalarsız. Bir adam qapıya niyə belə zərblə çırpılsın ki?" mesajı verirdi. Çünki qaşımın üstündə qoz boyda bir "finqal" yaranmışdı. Alnıma bir istilik gəldi ki, gəl görəsən. Diz qapağım da sanki yerindən oynamışdı. Ayağımı hiss etmirdim. Ondan olsaydı, "ayağını çəkib aparmağa gücüm yoxdu"-deyərdi.

Ürək yenə də kefini pozmadı:

-Olsun. Dünya dağılmadı ki. Bir şişkaya görə əhval korlamaq həvəsim yoxdur. Sevin ki, alnın o alminium tutacağın tilinə girmədi. Yoxsa bilirsən nə olardı... Yaxşısı budur, unut. Çıxaq kitabı oxuyaq. Ayaq da keçəcək, fikir vermə. İnan, ağrı çəkəcək halda deyiləm - dedi.

Ağramaq-zırlamaq yox, sözümüz sözdür. Bu gün ürəyin günü. Nə desə o da olacaq.

Çöldə oturdum. Çay gəldi. 4 manata, həm də sarının ən ölmüş tonunda. Limon da saldım, olan rəng də qaçdı, oldu ağappaq.

Ürək yenə gülümsündü. Dinmədim, "bu gün deyinmək yox" deyib başladım evdən götürdüm kitabı - M.Norbekov "Psixologiya duraka" - oxumağa. Siz deyən "durak"dan söhbət getmir haaa. Əla kitabdır, dünya bestellerlərindəndir. Oxuyun, peşman olmazsınız. Özünüzü görəcəksiniz. Dili də çox rahat və axıcıdır.

Təxminən 2 saat da təmiz havada kitab oxuyandan sonra evə gəlmək istədi ürək. Saat axşam 8 və biz evdəyik.

Beləcə, bu gün ürək bayram, düşüncə istirahət etdi. Ruhum da bir başqa xoşbəxtdir. Sabahdan isə yenə hər şey olması gərəkən kimi olacaq.

Əgər bu yazını sona kimi oxudunsa, dostum, vaxtına heyfsilənmə. Bunu ona görə yazdım ki, bir gün sən də ancaq ürəyin istəyəni et. Özünə, öz daxili istəklərinə vaxt ayır. Həmin gün nə baş verməsindən asılı olmayaraq hər şeyə gülümsə, özünə gül. Başına gələn hər macəranı əhvalına əhval qatacaq kimi qəbul et. Həmin gün sadəcə gülümsə. hamıya, hər şeyə, hər kəsə.

Ömründə heç olmasa bircə gün ancaq və ancaq özünlə, öz dünyanla başbaşa qal. Eynən uşaqlığındakı kimi. İnan mənə - refreş olacaqsan. Ruhun qidalanacaq, gəncləşəcəksən, dünyanı bambaşqa görəcəksən.

Hər gün edilməsi mümkünsüz bir şeydir, amma bir gün özün üçün bunu edə bilərsən və et... özüm üçün, öz xətrinə

Bir bazar günündən aldığım enerjini sənə tam təsvir edə bilmədim bəlkə də, amma çox xoşbəxtdim və bunu sənə deməsəm olmazdı, dostum.

Oxuduğun üçün ayrıca sağ ol...




İmza:

YAZARIN ARXİVİ

2017-10-02 : Nənə...
SON XƏBƏRLƏR
2019-09-23
2019-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK