ANA SƏHİFƏ / YAZARLAR

Yeddi notun səkkizinci bayramı

Etibar CƏBRAYILOĞLU

31175    |   2016-08-06 10:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəbələdə ənənəvi keçirilən Beynəlxalq Musiqi Festivalından bəzi məqamlar



Musiqi səma ilə torpaq arasında bir ahəngdir. İndi adını xatırlaya bilmədiyim filosofun bu fikrində hər şey necə də dəqiq ifadə olunub. Bu sehrli ahəng insan ruhunu qidalandırır, onu mənənən zənginləşdirir. Heç bir sərhəd, dil və din baryeri tanımayan musiqi bir-birindən fərqli mədəniyyətləri yaxınlaşdırır.

Hər il ənənəvi olaraq Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalının əsas məqsədlərindən biri də bu narahat dünyamızda müxtəlif mədəniyyətləri bir araya gətirmək, musiqinin ecazkar dili ilə insanları daha da yaxınlaşdırmaqdır. 2009-cu ildən start götürən bu klassik musiqi bayramı Heydər Əliyev Fondunun təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşır.

Dünyanın tanınmış solistləri, musiqi kollektivləri, məşhur orkestrləri Azərbaycanın dilbər guşələrindən sayılan Qəbələdə bir səhnəni bölüşür, repertuarlarındakı ən gözəl əsərləri tamaşaçılara təqdim edirlər. Beynəlxalq Musiqi Festivalında Azərbaycan bəstəkarlarının əsərləri dünyanın musiqi inciləri ilə yanaşı səslənir, zəngin mədəniyyətimiz geniş təbliğ olunur.

Mədəniyyətlərarası dialoqa töhfə

VIII Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi iyulun 30-da baş tutub. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı meydanda əsl bayram yaşanıb. Açıq səma altında quraşdırılan səhnədə möhtəşəm musiqilər səslənib.

Təntənəli açılış törənində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbriki oxunub.

"... Bizim festival Azərbaycanın ən gözəl guşələrindən biri olan Qəbələdə keçirilir. Bu gün qala divarlarının məbədlərinin qalıqları bu şəhərin qədim zamanlarda əfsanəvi dövlətin - Qafqaz Albaniyasının paytaxtı olduğunu xatırladır...

...Qəbələ artıq tanınmış musiqiçilərin, tamaşaçıların, sənətsevərlərin sevimli görüş yeridir. Festival Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında mühüm hadisəyə çevrilib. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə öz töhfəsini verir.

Əminəm ki, indiki festival sərhəd və rəqabət tanımayan musiqi dünyasında bizə gözəl birlik hissi bəxş edəcək daha bir bayrama çevriləcəkdir..."

Bu fikirlər Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı məktubdandır.

Məktubda qeyd olunduğu kimi, bu ənənəvi tədbir ölkəmizin və Cənubi Qafqazın mədəni həyatında mühüm hadisəyə çevrilə bilib.

Festivalın açılışı günü səhnəyə ilk olaraq Azərbaycan Dövlət Simfonik Orkestri çıxıb. Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin əsərləri səslənib. Gecəyə toplaşanlar orkestrin ifasında Cakoma Puççininin, Cüzeppe Verdinin musiqilərini maraqla dinləyiblər. Xalq artisti Samir Cəfərovun və gənc ifaçı Aytac Şıxəlizadənin çıxışları açılış mərasiminə rəng qatıb.

Daha sonra səhnəyə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu çıxıb və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, Qəbələdə ənənəvi keçirilən bu musiqi bayramının əhəmiyyətindən danışıb. Festivala xüsusi qonaq statusunda qatılan görkəmli bəstəkar və müğənni Polad Bülbüloğlu repertuarındakı mahnılardan bir neçəsini tamaşaçıların alqışı altında səsləndirib. Onu da vurğulamaq yerinə düşər ki, konsertdə sənətkar Dövlət Simfonik Orkestrin müşayiəti və oğlu Murtuza Bülbülün dirijorluğu ilə çıxış edib.

Qəbələdə təşkil olunan bu musiqi bayramına maraq ildən-ilə artır, festivalın coğrafiyası da genişlənir. Qəbələ VIII Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı Türkiyə, Rusiya, ABŞ, Fransa, İspaniya, İtaliya, Avstriya, Bolqarıstan, İsrail, Ukrayna, Kuba və Litvadan olan musiqiçilər, tanınmış solist və dirijorlar, orkestrlər iştirak ediblər.

Dağlarda əks-səda verən klassik musiqi

Ölkə rəhbəri bu ili Azərbaycanda "Multikulturalizm ili" elan edib. Bununla bağlı müxtəlif tədbirlər keçirilir. Qəbələdə təşkil olunan Beynəlxalq Musiqi Festivalı da ölkəmizdə multikultural dəyərlə necə böyük önəm verildiyini bir daha sübut edir. Bu böyük musiqi bayramı çərçivəsində müxtəlif ölkələrin, xalqların musiqiləri səslənir, mədəniyyətləri təbliğ olunur.

Avqustun 2-də səhnə festivalın qonağı - Kubanın "Jovenes Clasikos Del Son" ansamblının ixtiyarına verilib. Əsası hələ 1904-cü ildə qoyulan bu ansamblda istedadlı solistlər, bacarıqlı musiqiçilər toplaşıb. Onlar Kuba musiqisinin yeni qüvvəsi kimi ölkələrini dünyada təbliğ etməyə çalışırlar. Ansamblın festivaldakı rəngarəng çıxışı tamaşaçıların xoşuna gəlib.

Ertəsi gün Ukraynadan dəvət olunan musiqiçilər öz məharətlərini göstəriblər. Dünya şöhrətli musiqiçi Dmitri Yablonskinin musiqi rəhbəri olduğu "Kiyev virtuozları" Orkestri qəbələli tamaşaçılara yaxşı tanışdı. Bu nüfuzlu orkestr dəfələrlə Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edib, dünya və Azərbaycan bəstəkarlarının əsərlərini məharətlə səsləndirib. Bu dəfə isə orkestrin üzvləri İohann Bramsın yaradıcılığından seçmələr ifa ediblər. Bolqarıstanlı Emil Tabakovun dirijorluğu ilə keçən maraqlı konsertdə Dmitri Yablonskinin və Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri Janna Qandelmanın ifaları alqışlarla qarşılanıb. Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşər ki, Dmitri Yablonski VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəridir.

Qısa ömrün akkordları

Qəbələ Beynəlxalq Musiqi Festivalı əcnəbi qonaqlara Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini çatdırmaqla yanaşı, yerli tamaşaçılara dünyanın klassik sənət inciləri ilə tanış olmaq fürsəti yaradır. Ənənəvi olaraq festival çərçivəsində yubiley və xatirə tədbirləri keçirilir.

Avqustun 2-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında ölkəmizin Avstriyadakı səfiri olmuş Fuad İsmayılovun xatirəsinə həsr edilən konsertdə duyğulu anlar yaşanıb. 2011-ci ildə dünyasını dəyişən gənc diplomat Fuad İsmayılovun xatirəsinə yaradılan "Gələcəyə doğru" Xeyriyyə Fondu gənc istedadlara qayğı göstərir. 2013-cü ildə bu fondun təqaüdçüsü seçilən gənc pianoçu Müşfiq Quliyev xatirə konsertində Baxın, Şopenin, Listin əsərlərini ifa edib.

Festival günlərində Gənc Pianoçuların IV Beynəlxalq Müsabiqəsi də keçirilib. Qəbələ şəhərindəki "Qafqaz Resorte" otelində düzənlənən müsabiqədə ölkəmizi və Rusiyanı təmsil edən gənc pianoçular öz istedadlarını nümayiş etdiriblər. Onların çıxışlarını Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, İrina Starodub, Valida Suk, Oksana Yablonskaya kimi görkəmli musiqiçilərdən ibarət münsiflər heyəti qiymətləndirib.

Qəbələdə musiqi bayramı davam edən günlərdə müxtəlif səpkili konsertlərdə qədim muğamlarımız, xalq mahnılarımız, Azərbaycan bəstəkarlarının ölməz əsərləri səsləndirilib. Böyük filosof Konfutsi deyib ki, bir millətin xarakterini öyrənmək üçün onun musiqisini dinləmək lazımdı.

Qəbələ festivalı xalqımızın qədim mədəniyyətini, xarakterini, multikultural dəyərlərə hörmətini dünyaya nümayiş etdirən gözəl bir tədbirdir.

VIII Qəbələ Beynəlxalq Musiqi Festivalına dünən yekun vurulub.




İmza:

YAZARIN ARXİVİ

2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK