SON DƏQİQƏ:

Göz önündəki şam ömrü...

  42534   |  
Şriftin ölçüsü  
Sona Çərkəz - Məmmədova Sona Məmməd qızı, ziyalı ailəsində doğulub. Atası Dərələyəz mahalının tanınmış ziyalısı Məmməd Məmmədov - hüquqşünas, anası Səriyyə xanım isə Vedibasar mahalından Həsən Süleymanovun qızıdır - uzun illər təhsil sistemində çalışıb.

Sona xanım Saatlı rayonunda orta təhsilini başa vurduqdan sonra M.F.Axundov adına rus dili və ədəbiyyatı institutuna qəbul olub, oranı bitirdiyi ildən bu günədək BDU-da rus dili kafedrasının müəllimidir. 14 kitab, çox sayda elmi-publisistik məqalə və esselər müəllifi olan Sona Çərkəz qeyri-adi səmimiyyətiylə oxucularının, həmkarlarının və tələbələrinin sevimlisidir. 100-lərlə oxucu rəyi, tanınmış şair və yazıçı məktubu alan Sona xanım çox təvazökar insandır. Deyir, mən müəlliməyəm və yaşadıqlarımı qələmə alıram.

"Mən nə yazıçıyam, nə də ki, şair,
Dərdimi kağıza yazıb kiriyəm.
Taleyindən incik, bəxtindən küskün,
Qələmlə dost olan adi biriyəm..."

Ömür-gün yoldaşı - BDU-nun folklorşünas alimi Çərkəz Quliyevi gənc yaşlarında itirən Sona xanım kimliyində onun adını, adının yanına yazdıraraq, beləliklə az da olsa təsəlli tapmaq istəyib:

"Adını adımla qoşa yazdırıb
Ölümün gözünü oymaq istədim.
El məni qınadı unut deyərək,
Mən isə adından doymaq istədim".

Taleyinin acılarını da, sevincini də məşələ çevirib sönməyə izin verməyən, dəyanətiylə ölümə meydan oxuyan bu adi, sadə və mehriban xanımla ömür-gün yoldaşının və özünün doğum günləri ərəfəsində görüşüb söhbət etmək istədik...

- Sona xanım, may ayının 10-u Sizin, aprelin 22-si rəhmətlik Çərkəz müəllimin doğum tarixidir. Bilirik ki, baharı çox sevirsiniz. Bu bahar sizi əsasən kimlər təbrik edəcək?

-Sağ olun, bu tarixləri unutmadığınız üçün minnətdaram. Bəli, baharı sevirəm, çünki baharda gəncliyimin çiçəyi olan yasəmənlər açır. O çiçəyə baxmaqdan və qoxulamaqdan doymuram.

"Quruyaydı bu əllərim o günü,
Məzarına yasəmənlər düzürdü.
Bir vaxt mənə pay verdiyin çiçəklər
Boynun burub göz yaşımda üzürdü".

Bahar fəsli məni Çərkəzlə birləşdirdiyi kimi, ayırdı da, o üzdən də ad günlərimi xüsusi qeyd etməyi sevmirəm. Və bir də onu deyim ki, mən nədənsə son zamanlar bahar gələndə daha çox kövrək və küsəyən oluram. Yəqin ki, bu yaşla da əlaqədardır. 60-dan sonra insan həyata tamam başqa gözlə baxmağa başlayır və hər sözü ürəyinə yaxın buraxır, çox götür-qoy edir, keçmişə qayıdır, itirdiklərini xatırlayır, ətrafında olan bəzilərinin günahından keçir, bəzilərini də həyatından tamamilə silir... Əslində belə də olmalıdır. Səni olduğun kimi qəbul etməyən, saymayan, qeyri-səmimi insanın sənin yanında nə işi ola bilər?

Təbrik edənlərim isə çox olur, adətən ilk olaraq qardaşım Fəzli təbrik edir - O bütün varlığı ilə mənim fəxrim və qürurumdur. Ondan sonra isə canım anam, bacılarım, gəlinim, oğlanlarım, nəvələrim və əlbəttə ki, etibarlı dostlarım - qızım qədər çiyinlərimdə haqqı olan Aynurum, Əntiqəm, Türkiyədən Tamillam və bəzi qədirbilən qohumlar...

-Ömrünün gənc yaşlarından saçlarına qəfil qar ələnən Sona xanım, Sona Çərkəz nə ilə fəxr edib və edir?

-Ən böyük qürur yerim, hər zaman, uşaqlığımdan bu günümədək atam olub. O üç ali məktəb bitirib, çox savadlı, bacarıqlı və dostcanlı kişi olub, anam isə mənim döyünən ürəyimdir, O atamı ucalara qaldırmağı və qorumağı bacarıb... Qardaşlarımla hər vaxt fəxr eləmişəm. Çoxlarının tanıdığı Füzuli Məmmədov kimi oğullar tək anası-bacısı üçün deyil, el-obası üçün də bir qürur yeri idi. O çox mərd, dostcanlı, necə deyirlər "qabağından yeməyən oğul idi". Çörək-verən, əltutan, ağlayanı kiridən, məzluma və yetimə sahib çıxmağı bacaranıydı. Böyük və ölməz liderimiz Heydər Əliyev də onun əməyini çox yüksək qiymətləndirmişdi. Təəssüf ki, nankor və naxələflərdən qoruya bilmədik onu. Ömür-gün yoldaşım Çərkəz Quliyev isə mənim üçün qədir-qiymət simvolu idi. Mənim bu gün də eşidilən səsimdir O...

"O gedəli mən ürəkdən gülmürəm,
Həyat nədir, ömür nədir, bilmirəm.
Yaşasam da bu dünyada yalandan,
Saçlarıma yağan qarı silmirəm..."

İki oğlum var mənim, onların ürəklərini, dünyaya baxışlarını və mənə olan istəklərini bildiyim üçün onlarla da fəxr edir və təsəllilənirəm. Nəvələrimlə də sonsuz qürur duyuram, onlar çox gözəl və ağıllıdırlar.

-Kitablarınızda tez-tez nisgil və acıdan söz salırsınız...

-Qardaşım Füzulinin acı taleyi və Çərkəzin nəvə görməməsi ki, bu onun ən böyük arzusu idi. Bu acılar mənə dünyanın əsl üzünü tanıtdı və bəlkə də dünyanın yox, insanların əsl üzünü tanıdım. Biganəlik və nankorluq sözlərinin çılpaq şəklini gördüm, dünənə qədər məddahlıq eləyib ətək öpənlərin daş sifətindən diksindim. Yaxşılıqdan və yaxşıdan söhbət açmaqdan, bir dünya haqq-sayı dilə gətirməkdən sanki qorxdu bəzi naxələflər və bunlar məni ağrıtdı. İnsanlıqdan payı olan kəs heç vaxt yaxşılığı unuda bilməz və dilə gətirməkdən çəkinməz. Yeri gəlmişkən mən bir fikrimi mütləq burada söyləmək istəyirəm. Hamımızın sevimlisi, qardaş qədər xətrini istədiyim şairimiz Nəriman Həsənzadənin, ona atalıq eləyən və qayğı göstərən böyük ürəkli yazıçımız Mir Cəlal Paşayevdən hər yerdə və hər vaxt məhəbbətlə söz salması, xatırlaması və xatırlatması mənim düşüncəmə görə çörəyi dizinin üstündə olanlara örnək və bir məktəbdir. Əminəm ki, Nəriman müəllim bununla çoxlarına qədirbilmənin düsturunu öyrətdi və öyrədir. Yaxşılığı itirənin gözlərinə qan damır gec-tez. Ümumiyyətlə minnətdarlıq hissi nə yazıq ki, hər kəsdə olmur və bu da mənim aləmimdə nankorluqdur. Umman haqq-sayı gözünün önünə gətirib, qəlbini tərəzi edib çəkməyəndən mən sözün böyük mənasında qorxaram. Toyuq, toyuqdur, su içib minnətdarlıqla göylərə baxır... Bəzi daşqəlblilər yaxşılıq etməyi bacarmadıqları üçün, onlara edilən hörməti də bircə anda unuda bilib üstündən su içirlər, anlamaq istəmirlər ki, yaxşılığa qarşı minnətdarlıq adamın özünə hörmət və başucalığı gətirir.

-Şeirlərinizdən məlum olur ki, çox etibarlı insanların əhatəsindəsiniz...

-Bəli, məni çox etibarlı insanlar əhatə edir, bu da məni sevindirir. Məni olduğum kimi qəbul edən, taleyimdən yorulmayan, münasibətini dəyişməyən mənim doğmamdır. Onların hamısının adını çəkmək istərəm, amma səhifə yetməz. Lakin illərdir ki, soy-kökündən və kübarlığından doya bilmədiyim, böyük mənada münasibətindən təsəlliləndiyim gözəl bir xanımdan bir neçə kəlmə deməsəm olmaz. Əslində, O sevməz belə şeyləri, amma mən də ürəyimdə nə qədər saxlayım? Yaman günümdə ürəyimə su səpən, xeyir-şərimdə ürəklə yanımda olan, mənəviyyatlı və xeyirxah insandan nə üçün danışmayım? Nə üçün pislərə görk eləməyim xəmrəsi əzəldən pak yoğrulanı? Haqq-sayı tikə kimi udmaq və üstünə pərdə çəkmək nanəciblik deyilmi? Yaxşılığın əvəzi yoxdur - qədri var. Onu uca mərtəbəyə qaldıra bilmək isə insan övladına məxsus olan ən vacib xüsusiyyətdir. Tanrımıza və valideynimizə borcumuzu dilə gətirdiyimiz kimi, bizdə haqqı olanın, dərd-sərimizi anlayanın, yaxşı və pis günümüzdə qapımızı açanın qiymətini də mütləq bilməliyik. Mən bir az öncə, yaxşılıqları Nəriman müəllimin dilindən bir an düşməyən, Mir Cəlal Paşayevin adını təsadüfən çəkmədim. Haqqında söz açmaq istədiyim örnək insan da elə bu böyük ocağın övladlarından biri - Ədibə xanım Paşayevadır. Mən bu gün onun rəhbərlik elədiyi kafedranın müəlliməsiyəm. Bilirsiniz, dünya belə insanların üzünə gözəldir, mənalı və maraqlıdır. Məni sözün böyük mənasında bu dünyayla barışdıran bu qeyri-adi geniş qəlbli insana ürəklə təşəkkür etmək istəyirəm. O məni küskün gedib gəldiyim universitetə yenidən bağlayan, qəlbimə məlhəm olan cümlələriylə rahatlıq gətirən ilahi qüvvədir. Ədibə xanım haqqında deyəcəyim ifadələrin çoxunu inanın ki, sözlə çatdırmaqda çətinlik çəkirəm, söz bəzi düşüncələrin fonunda aciz qalır. Ədibə xanım sanballı ailə xanımı, qayğıkeş ana, əvəzsiz nənədir. Yanan bacıdır, yaşadan övladdır. Onun duruşu və insanlara anlayışlı münasibəti çoxlarına dərsdir desəm, yanılmaram. Hər kəsi öz dilində dindirən, ləyaqətli hərəkətləri və anlamlı baxışlarıyla xoşagəlməyən işlərə yox deməyi bacaran bu gözəl insandan ətrafa ancaq sevgi toxumları səpələnir. Saydığım bu yüksək insani xüsusiyyətlər, böyük bir elm ocağında, çox böyük bir kafedraya rəhbərlik eləyən Ədibə xanımın geniş və gərgin əməyinin kiçicik tərkib hissəsidir. O kafedramızın bütün əməkdaşlarının ayrı-ayrılıqda hər birinin barəsində düşünə bilir və qayğısına qalır. S.Vurğun demişkən: "O arxasıza dayaq duran, uğuruna sevinən böyük insandır". Taleyimə bu mənada çox minnətdaram ki, illərdir yaxından tanıdığım, sevdiyim insanlığına və ailəcanlılığına vurulduğum Ədibə xanım Paşayevanın rəhbərliyi altında çalışıram. Tanrı onu sevənlərinə və eləcə də kafedramıza çox görməsin.

-Sona xanım, çox səmimi və anlamlı şeirləriniz var. Bir az da yaradıcılığınız haqda.

-Yaradıcılıq sözü mənə görə çox böyük səslənir. Çünki mən ürəyim dolanda yazıram. amma, hər gün şeirlər yazsam da, yeni kitab haqda hələ düşünmürəm. Əgər ömür möhlət versə, sonralar bir albom-kitab nəşr elətdirməyi düşünürəm. Şeirlər də, dost yazıları da oraya üz tutacaq əlbəttə ki. Bu gün ən son şeirlərimdən bir neçəsini Sizə təqdim edir və sonda fürsətdən istifadə edib şəxsən Sizə və Sizin qəzetə mənə göstərdiyiniz diqqət üçün minlərcə kərə təşəkkür edirəm. Nə yaxşı ki, yaxşılar var...


Mənə səbirsizsən deyənə

Tükənmək bilməyir sözüm,
Telefonda qalır gözüm.
Ay məni səbirsiz sayan,
Göndər mənə bir az dözüm.

Öyrət rahat yaşamağı,
Ömrümün qovhaqovunda.
Mən baharı yaşamadım,
Həyatım keçdi çovğunda.

Yapış qolumdan nə olar,
İnsan insana həyandır.
Axı mənim çəkdiklərim
Az ya çox, sənə əyandır.

Hövsələsiz demə mənə,
Düşüncəm beynimə yükdür.
Dözürəm döz dedikcə mən,
Deyirəm Allah böyükdür,
Deyirəm Allah böyükdür.


Qismət qədər

Başım üstün aldı duman,
Sərt davrandı biznən zaman.
Gözümü açıb yummamış,
Kədər-qəm vermədi aman.

Heç bilmədim ömür nədir,
Fələk mənə zülm elədi.
Ömrümün ən xoş çağında
Saçlarıma qar ələdi.

Dözdüm bunlara bir təhər,
Dedim budur qismət, qədər.
Səbrim dilə gələndə də,
Qələmlə açıldı səhər.

Anlayan anlayıb məni,
Tutdu qınağa bəxtimi.
Ürəyi daş olanlarsa
Görmədi müsibətimi.

Sındı Çingiz, sındı Əli,
Üzüldü dünyadan əlim.
Artıq son limana doğru
Tutub üzün ömür gəmim...

P.S. Sona xanımla bu söhbətimi onun şeirləri ilə bitirdim. Amma sonra içimdə bir rahatlıq tapa bilmədim. Mənə elə gəldi ki, nə isə qalıb, nəyisə unutmuşam. Və elə həmin o istəyin diqtəsi altında otaqda bir xeyli var-gəl etdim. Birdən elə bil kimsə mənə pıçıldadı. Axı bu yazıda bir məqamı unutmuşam. O məqam isə Sona xanımın şam ömrünə nəfəs verən, ona içindəki hisslərlə, duyğularla yaşamağa təpər olan 20 yaşlı Çərkəz, 17 yaşlı Sonadır. Bu evin Sonası da, Çərkəzi də bu şam ömrünü daha da alovlandırır, daha da işıqlı edir. Mən inanıram ki, babaların, nənələrin təkcə adını yox, həm də arzularını, diləklərini özlərində yaşadan nəvələr hələ bu şam ömrə çox sığınacaqlar. Axı bu şam həm də onlar üçün yanır!..

Əbülfət MƏDƏTOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-02-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
February: 25, 23, 20, 18, 16, 13, 11, 09, 06, 04,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Bayaq görürəm qonşu Şakir kişi sevinclidir.

Mən:

— Nə olub, Şakir dayı, nəyə sevinirsən?

Şakir:

— Tezliklə Bakıdan Ukraynaya təyyarə qalxacaq, ona sevinirəm.

Mən:

— Bu yaşda təkcə təyyarə qalxmaqla iş düzəlmir e, dayı.

Şakir əsəbi halda:

— Sən də adamın yarasını deşməsən dura bilmirsən də.

ARXİV

TƏQVİM

FACEBOOK