adalet.az header logo
  • Bakı -°C

ÖMRÜN BİR ANI - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
286 | 2026-05-08 13:05
A- A+

Bəzən onu unutmaq mümkün olmur

Yaşım heç də az deyil. Əsrin yarısını çoxdan geridə qoymuşam. Və bu yaş mənə çox şeyləri həm yaşadıb, həm də əlimdən alıb. Öncə əlimdən aldıqlarından başlayıram. Birlikdə xatırlayaq:

Vətəndə vətənsizlik. Yəni 30 il Qarabağsız yaşamaq. Əgər bu yaşamaqdırsa... Sizi deyə bilmərəm, mənim üçün yaşamaq yox, iynə ilə gör qazmaq idi bu 30 il. Və bu 30 ilin içində neçə dəfə köç etdim. Uşaq bağçasında, yataqxanada, dost-tanış evində müvəqqəti sığınmaq, gecələmək mucadiləsi apardım. Amma bir an da olsun əlimdən alınan yurdu, yuvanı unutmadım. Hər döngəsini, hər daşını, özümün və orada doğulan övladımın yellənçəyi asılmış tut ağacından tutmuş ilk barını verən armuda, almaya qədər hər şeyi gözümün önündə gəzdirdim olduğum hər yerdə.

Sonra atamı əlimdən aldı. Qəbri əmanət  oldu. Və mən də kürəyimi söykədiyim özüm üçün ən güclü, ən ədalətli və ən ləyaqətli kişi kimi seçib, sevib idealım olan bir insandan zorən ayrıldım. Yetimliyin ilk acısını yaşadım. Məsləhət yerim azaldı.

Sonra anamı əlimdən aldı. Həyatımın, ömrümün ən gur işığı söndü. Başımı söykəyib yuxuladığım diz, üzümü söykəyib kövrəldiyim bir varlıq Tanrı dərgahına köçdü. Məni Yer üzündə tək-tənha qoyub getdi. Onunla yetimliyin bütövlüyü, tamlığı çökdü sinəmə. Oturtdu məni dizinin dibində. Həyatımda nəyim varsa hamısını bölüşdüyüm, hamısına görə gah məni tərifləyən, gah da danlayan, amma bir dəfə də olsun bir ana şilləsi vurmayan Yer üzünün ən gözəl, ən müqəddəs, ən şirin və ən doğma varlığı elə bil ki, heç nə olmamış kimi və heç nə demədən çıxıb getdi. Hətta son nəfəsində ovcumun içində olan əli də əsmədi. Bircə kirpiklərinin lap dibində ulduz kimi işaran damla var idi. Bəlkə də bu, ayrılığın göz yaşı idi. Bəlkə də “əlvida” demək idi, bəlkə də “gözləyəcəm”pıçıltısı idi. Amma hər nə idisə ana ayrılığı idi.

Bu iki böyük itkidən sonra heç ağlıma da gəlməzdi ki, daha böyük zərbə gözləyir məni. Amma ağlıma gəlməyən başıma gəldi. Və ailəmizin ən kiçiyi, sonbeşik qardaşım heç kimə heç nə demədən, ağrımadan, acımadan, küsmədən, incimədən televizorun qarşısında oturub sevdiyi filmi izləyə-izləyə köçüb getdi atamın, anamın yanına. Hələ indi də anlaya bilmirəm ki, atam, anam çağırdı qardaşımı, yoxsa özü ata, ana üçün darıxıb çıxıb getdi. Bircə bildiyim odur ki, o da artıq həyatın, illərin məndən aldığı ən böyük varlıqdır. Çünki təkcə onun səsi mənim üçün hər şey idi.

İllərin məndən aldığının digər çalarları da var. Onların sırasında ən çox məni göynədən dostlarımın köçüb Cənnətə getməsidir. Və illərin mənə verdiklərini xatırlayanda...

Etiraf edim elə şeylər var ki, onu arzulamışam. Onu əldə etmək istəyimi gizlətməmişəm. Qovuşduğum da olub, adıma ərmağan edilənləri də. Mən bu hədiyyələri həm Allahın, həm də bəndələrin mükafatı kimi qəbul etmişəm. Ona görə də bu mükafatların ictimailəşməsi  məndən asılı olmayıb. Necə deyərlər, ellə gəlib və el də bilib hər şeyi. Bu gun isə...

Dünən, yəni mayın 7-də mənə təqdim olunan mükafat həyatımın ən həssas nöqtəsinə, ən yaddaqalan məqamına düşən gün işığı idi. Çünki gözləmədən, xəyal qurmadan, necə deyərlər, oturduğun yerdən qapından içəri girən müjdə, xoş xəbər özü ilə bir, indiki dildə desək, ŞOK gətirir. Adamın bütün vücudu həm ayağa qalxır, həm də kövrəlir. Yaşadığına da, yazdığına da, xidmətlərinə də özün öz içində bir anlıq baş əyirsən. Dəyər verənlərin böyüklüyünə ehtiramını bildirirsən. Anlayırsan ki, hələ bu dünyanın sonu deyilmiş, hələ hər şey bitib qurtarmayıb. Və bir də anlayırsan ki, Yaradan yaratdıqlarını sevgidən yaradıb. Deməli, mən və bütün mənimkimilər bütünlüklə Allahın nəzərindədir. Ona görə də gec, ya tez Allah yaratdıqlarının haqqını özünə verir. Bu mənada dünən, yəni mayın 7-də mən aldığım mükafatla ömrümün yaşanan illərinin ən şirin anını haqq etmiş oldum. Bildim ki:

 

Anlaşaraq bərəsiylə, bəndiylə

Mən bu yolu xəyalımda çox keçdim....

Yararlanıb zəmanənin fəndiylə -

Bir qarın ac, bir qarın da tox keçdim....

 

Qaçılmazdı büdrəmək, ya yıxılmaq -

Bildiyimdən, dayanmadım, durmadım....

Haqlı-haqsız, açıq-aşkar sıxılmaq -

Olayların, heç vaxt üzə vurmadım!

 

Ümidlərin tumurcuğun, çiçəyin

Mən bir köynək yaxınımda gördükc

ə...

Ağrıları unudurdum ürəyin -

Səhərləri bir-birinə hördükcə!..

 

Görünsəm də bir az fərqli, havalı -

Demə gözüm yeri-göyü seçmirdi!

Kimlərinsə dil əzbəri - bu halı -

Heç ağlımın ucundan da keçmirdi!

 

...Mən bu yolu ilk addımdan bu günə

Alın tərim və sevgimlə göyərtdim!

Ümidlərim düşəndə də düyünə -

Mən bu yola SEVGİ nədir? - öyrətdim...

 

İndi yaşadığım bir anın çəkisini, ölçüsünü, həcmini tapmaq üçün nə qədər baş sındırsam da, amma konkret bir nəticəyə gəlib çıxa bilmirəm. Çünki yaşadığım cəmiyyətin ələyi də, xəlbiri də mənə bəllidir. Ona görə də bu düşüncəni, o ağlımdan gəlib keçənləri qatlayıb qoyuram bir kənara. Və özümü inandırıram ki, Yer üzündə ən ali güc ƏDALƏTdir. Və o ƏDALƏT də gec-tez öz yerində, öz mərtəbəsində oturur. Məhz həmin məqamda hər kəsin həyatının ƏDALƏTi də öz yerində olur. Deməli, dünən, may ayının 7-də mənim həyatımın ƏDALƏTi öz taxtında oturmuşdu, öz mərtəbəsində idi. Ona görə də Allahın iradəsi ilə Yer üzündəki  ən nurlu, ən işıqlı insanlar layiq bildikləri mükafatın üstünə mənim də adımı yazdılar. Mən də illərlə içərisində olduğum sözün barını dərdim, ədəbiyyatın ADAMI oldum, daha doğrusu Ədəbiyyatın Adamı kimi təsdiqləndim. Bu şərəfli adın simvolunu mənə əlimi sıxaraq təqdim edən akademik, yazıçı, böyük aydınımız Kamal Abdulla ən səmimi və isti bir səslə: Əbülfət, təbrik edirəm! - dedi.

Bəli, bu mükafat da o səs qədər isti və doğma, o sıxdığım əl qədər güvənli idi. Mən də öz növbəmdə yaşadığım dünənki ana görə Allahıma, çox hörmətli Kamal müəllimə və əməyi keçən hər kəsə minnətdaram!

 

  • May:
  • 1
  • 8

TƏQVİM / ARXİV