SON DƏQİQƏ:

ŞUŞANIN YOLU...

  37996   |  
Şriftin ölçüsü  
Hələ orta məktəb illərindən yadımda bir şeirin misraları qalıb. Açığını deyim ki, o şeirin misraları son vaxtlar tez-tez içimdən, dilimin ucundan gəlib keçir. Yanılmıramsa misralar belədir:

Dünyada yollar çoxdur,
Məktəb yolu, kənd yolu...

Hə, əgər bu misralarda nəyisə səhv etdimsə, müəllifindən və oxuculardan üzr istəyirəm. Amma həqiqətən dünyada kifayət qədər yollar var və o yollar həmişə öz yolçusunu gözləyir. Mən kənddə doğulmuşam. Ona görə də cığırın, izin, yolun nə olduğunu az-çox bilirəm və yamacların sinəsindəki cığırla şehli otların üstünə düşmüş izin fərqini anlayıram. Üstəlik, mən ot basıb gözdən, könüldən uzaq düşmüş yolun da nə demək olduğunu yaxşı anlayıram. Elə indinin özündə də həmin o yollar barəsində düşünəndə kəndimizin yolunda əkilmiş minalar gözümün qarşısına gəlir. Yadımdadı, həmin o minaların biri kəndimizin iki sakinini, iki əmioğlunu, özü də bığ yeri yenicə tərləyən iki cavanı içərisində olduqları maşınla birlikdə göyə sovurdu. O partlayış və o cavanların param-parça olmuş bədənləri nə yadımdan çıxır, nə gözümün önündən gedir... Ona görə də yollar haqqında düşünəndə indi daha çox mina əkilmiş yollar gəlir gözümün qarşısına. Axı mən dağ yollarını, kənd yollarını çoxdan "unutmuşam". Daha doğrusu, dağı, dərəni, kəndi-kəsəyi 25 ildir yuxularımda görürəm. Təsəvvür edin, düz 25 ildir mən kəndimin yolunu tapdalaya bilmirəm. Mən uşaqlığımın izinə düşüb gedə bilmirəm... mən gəncliyimin cığırını təzələməyi bacarmıram, buna gücüm çatmır və...
Hə, aprelin 1-dən 2-sinə keçən gecənin və üç gün çəkən müharibənin mənə nələr yaşatdığını söyləməyəcəm. Çünki onu hamımız yaşadıq. Hamımız bir gecənin içərisində yenidən doğulduq elə bil. Yenidən kimliyimizi, nəyə qadir olduğumuzu gördük, tanıdıq, özümüzə qayıtdıq, özümüz olduq... Və yenidən içimizdə Qarabağ, Şuşa, işğal olunmuş torpaqlarımız ev-ev, işıq-işıq görünməyə başladı. Biz böyük Səməd Vurğun demiş, müsəlləh əsgər olduq, silaha sarıldıq.
Təbii ki, mən biz deyəndə təkcə ordumuzu nəzərdə tutmuram. Həm də Ali baş Komandandan tutmuş sonuncu silah tutmağı bacaran adama qədər hər kəs "müharibə", " azadlıq", "qələbə" notunda kökləndi. Bir gecədə bu məmləkətin havası da, ruhu da, istəyi də sanki öz oxu ətrafında 365 dərəcə dəyişdi. Efirin, ekranın, mətbuatın nəbzi qələbə ilə döyündü. Gözlərimiz şitlikdən, bayağılıqdan, ruhumuz yaltaqlıq, həyasızlıq, dəyərlərimizdən uzaq hər şeydən üç gün xilas oldu. Biz özümüzə qayıtmışdıq axı. Ona görə o üç günün böyüklüyü mütləq tariximizə yazılacaq! Və mən həmin o üç gündə evimdə, ailəmdə ön səngərdə olan doğmalarım üçün yaşananları təkcə təlaş kimi yox, həm də qələbə sözünü ilk deyəcək, ilk çatdıracaq ünvan kimi görürdüm. Tam səmimiyyətimlə deyim ki, ön səngərdə olan həmin o doğmalar üçün evimdə sızıldayan ürəklərin, gözlərin tam yarısı həm də onlardan qələbə gözləyirdi, qələbə umurdu. Bax, belə auranın içərisində izləyirdik xəbərləri, məlumatları. Mən isə...
Həmin o günlərdə mən Şuşaya gedirdim. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Tam bir yolçuluq əhval-ruhiyyəsində kökləmişdim özümü. Durub dayana bilmirdim bir yerdə. Dediyim sözdə də, yazdığım yazıda da, gördüyüm işdə də bir tələskənlik var idi. Elə bilirdim ki, bir balaca yubansam, kimsə xəbəri məndən tez eşidəcək... kimsə məndən tez Şuşaya çatacaq. Ona görə bütün varlığımla, bütün diqqətimlə gözümü zilləmişdim, özümü kökləmişdim Şuşa yoluna. Hətta yazdığım misraların birində pıçıldamışdım:

Aramsız
güllə yağışı
bələyir torpağı
dəlib keçir
daşı,
otu,
ağacı,
yarpağı...
bir igid
sol əliylə
sıxıb ürəyini-
dizi üstə
qana boyanıb
barmağı-
ovcu qan dolu...
sağ əliylə
tutub bayrağı
güclə dayanıb
baxır,
baxır
və bağırır:
irəli, qardaşlar,
görünür Şuşanın yolu!..

Hə, həmin o üç gündə bəlkə üç min dəfə Şuşaya gedib gəldim... Həmin o üç gündə hər gələn xəbərlə mən Şuşaya gedirdim... Hər itirdiyimiz şəhidlə mən Şuşaya gedirdim... Hər yaralanan əsgərlə mən Şuşaya gedirdim... İndi atəşkəs yenidən bərpa olunub. Mən düşməndən geri aldığımız o yüksəkliklərdən birində dayanıb Şuşanın yoluna baxıram. O qədər aydın görünür ki... Və mən bu aydınlığın içərisində kiminsə əlində bayraq getdiyini müşahidə edirəm, izləyirəm. Və mənə elə gəlir ki, mən o adamı tanıyıram, özü də lap yaxından, az qala özüm qədər. Ona görə bağırmaq istəyirəm:
- Kimsən? Ay adam, kimsən? Qoy gəlim çatım sənə. Axı mən də tanıyıram Şuşanın yolunu...


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK