SON DƏQİQƏ:

NƏFƏSLiK...

  25060   |  
Şriftin ölçüsü  
Şəhər adamı yaman sıxır. Elə sıxır ki, tıncıxırsan, nəfəs ala bilmirsən. Sudan çıxarılmış balıq kimi çırpına-çırpına qalırsan. Özü də təkcə sən yox, sənin tanıdıqların yox, az qala bütün şəhər tıncıxır. (Tıncıxmaq sözünü təkrar etdikcə yadıma tıxac düşdü. Aqil Abbas yazmışdı ki, tıxac yollarımızda deyil, şüurumuzdadı. Mən bu məsələyə öz prizmamdan baxıb balaca bir etiraz etmək istəyirəm. Yəni vurğulamaq istəyirəm ki, tıxac şüurumuzdadı, yollarımızdadı, həm də bütövlükdə həyat tərzimizdədi - Ə.M). Təsəvvür edin ki, hara gedirsənsə bir qarmaqarışıqlığın, bir gərginliyin, bir növbənin, bir basabasın içərisindən keçməli olursan. Adam az qalır havalansın. Metroda basabas, avtobuslarda basabas, yollarda tıxac, şüurlarda tıxac, həyat tərzimizdə tıxac. Üstəlik xəstəxanalarda- həm özəl, həm də dövlət xəstəxanalarında bir tıxac var. Təbii ki, bu tıxac növbə anlamındadı.
   
   Son günlər xəstəxanalara tez-tez yolum düşür. İnanın ki, hər dəfə də heyrətimdən çaşıb qalıram. Bu millət, bu insanlar illərlə harda imişlər? Necə oldu ki, birdən-birə bu adamlar hamısı xəstələndi, hamı həkimlərə üz tutası oldu. Ən böyük klinikalardan tutmuş, ən kiçik ambulator məntəqələrə qədər hər yerdə xəstə növbələri - kimi analizlər verir, kimi rentgendən keçir, kimi kompüterə üz tutur, kimi dioqnostika prosedurları edirg Bir sözlə, ağ xalatlılar fırfıra kimi fırlanır ortalıqda, qəbul otaqlarının qarşısında növbələr uzanır, bahalı dərmanlar bir ucdan reseptlərə yazılır, apteklər lisenziyalı- lisenziyasız dərmanları satır, xəstəliklər isə qurtarmır ki, qurtarmır. İndi özünüz fikirləşin, adam necə havalanmasın. Evdə uşağın boğazındani kəsib əyin-başına vermədiyin, sola-sağa xərcləmədiyin, dar gün üçün yığdığın nə varsa, hamısı həkimlərlə apteklərin arasında paylanır. Bu yerdə yadıma çoxdan eşitdiyim bir deyim düşür:
   
   - Düşünmək istəyən Xədicəni, gərək gözü önünə gətirsin nəticəni!
   
   Bəli, həkimlərlə əczaçılar yaxşı nəticə vəd eləmirlər. Özü də bu nəticəni vəd etməyə-etməyə də məsləhətlər verir, təyinatlar yazır, insanları prosedurlardan keçirirlər. İndi bu yolu keçən hər kəsin durumunu siz düşünün. Olub-qalanını xərcləyir, nəticə isə əldə etmir. Bunu həkim də düşünsə məgər pis olar?! Axı insan yaşamaq istəyir. Elə yaşamaq üçün də himayəsində olanların dolanışıq xərcinə əl uzadır. Deməli, bu prosesdə insafı unutmaq, insanlıqdan kənarda qalmaq ən azı vicdan məsələsidi. Təəssüf ki, indi vicdan yaman çox susur.
   
   
   
   ***
   
   
   
   Bəli, sizi deyə bilmərəm, mən gördüklərimi, yaşadıqlarımı özümdən asılı olmadan canıma hopdururam. Günlərlə, həftələrlə, bəzən aylarla mənə hopan hər nədisə, onu unuda bilmirəm. Addımbaşı əsəblərimə təsir edir, məni gah ümidsizləşdirir, gah da özümdən çıxarır. Özüm də hiss edirəm ki, bu halım məni ətiacı edir. Evdəkilər də, ətrafdakılar da məndən bir az məsafə saxlamağa, bir az aralı durmağa çalışırlar. Sanki gözümün qarşısında hərlənmək onlara odla oynamaq kimi gəlir. Bu da sıxır məni, bu da tıncıxdırır. Amma neyləyim, bacara bilmirəm?!
   
   Doğrudur, həkimlər canyananlıq edib bir az mühiti dəyişməyi, təbiətə üz tutmağı tövsiyə edirlər. Mən onları qınamıram. Məkan baxımından yerdəyişmə adətən müəyyən təsirlər edir. Lakin mən yaxşı bilirəm ki, həmin məkana elə burdakı məni aparacam. Yəni mən özümü burda qoyub gedəsi deyiləm. Deməli, orda da uzağı bir-iki gündən sonra yenə hər şey əvvəlki kimi olacaq. Bundan qurtulmağın yolunu isə nə deyən var, nə göstərən, nə də bilən. Mən sadəcə müəyyən cizgiləri təsəvvür edirəm. Məsələn, düşünürəm ki, payızın bu son günlərində havanın haldan-hala düşməsi Bakıda o qədər də yaxşı ovqat yaratmır. Amma bölgələrdə, xüsusilə dağlıq rayonlarımızda payızın bu son günlərini olduğu kimi yaşamaq mümkündür. Sadəcə, həmin o yerdə iki vacib şərt yerində olmalıdı. Birincisi, ərklə döyə biləcəyin qapı, yəni evg Və sən də həmin evdə özünü öz evindəki durumda hiss etməlisən. Hər şey sənə doğma, hər şey ürəyincə olmalıdır. İkincisi, ürəyinin sirdaşı, duyğularının həmdəmi, özünü və sözünü bölüşə bildiyin də yanında olmalıdır. Bax, onda bəli, payızın son günlərinin ləzzətini çıxarmaq olar. Təəssüf ki, mənim təkcə ömrümün deyil, bütövlükdə arzularımın da payızı indi bir tükdən asılıdır. Çünki içimdə böyüdüb qanadlandırmaq istədiyim arzularımın havası, suyu, qanı, canı olan ünvan düşmən tapdağı altındadı. Həmin o torpağa kök ata bilməyən arzularımın qol-qanad açması, çiçəkləməsi indi qışda hansısa meyvə ağacının çiçəkləməsi kimi bir şeydi. Vaxtsız çiçəyi isə don vurur, şaxta tökür. İstəmirəm ki, kiminsə taleyində vaxtsız çiçək mövsümü olsungNə isəg
   
   Deməli, insanın daxili hərəkəti tıxaca düşəndə, yəni həyat tərzi tıxaclananda nə dediyini, nə yazdığını, nə etdiyini də bilmir. Çünki yol görünmür, qarşıda nə dayandığını, onu nə gözlədiyini fəhm edə bilmir. Ona görə də bir az da əsəbləşir, bir az da özündən çıxırg
   
   İndi həmin o duyğuları yazmağa cəhd etdiyim məqamda sözümün əvvəli, fikrimin başlanğıcı pərən duşur. Nə illah edirəm, tapıb yerinə qaytara bilmirəm. Ona görə də misralara üz tuturam, onların köməyindən yararlanmaq istəyirəm.
   
   
   
   bu günəşli payızın
   
   deyəsən sərt qışı var
   
   unudulmuş yalqızın-
   
   dörd divarla işi varg
   
   
   
   dərə dolub dumanla
   
   dağlar bulud ötürür
   
   hərə bir cür gümanla
   
   çiyninə yük götürürg
   
   
   
   zaman bir göz qırpımı
   
   dünən qalır dünəndəg
   
   amma mənim qapımı-
   
   qəm döyürdü dünən də!..
   
   
   
   ötəcək bu payız da,
   
   qış da keçmiş olacaqg
   
   bircə gələn o yaza-
   
   sevgim köçmüş olacaqg
   
   
   
   ***
   
   
   
   İnsan danışanda, fikirlərini bölüşəndə, yəni özünə həmdəm, həmfikir tapanda nisbətən rahatlanır. Obrazlı ifadə etsəm, elə bil ki, səni tıxacdan yol polisi çıxarır. Yəni yolları təmizləyir, hərəkəti bərpa edir və sən də dərindən nəfəs alıb ağır-ağır düşürsən yolun ağınag mənzilinə, məqsədinə doğru gedirsən.
   
   Bu obrazlı ifadə elə-belə yadıma düşmədi. Mən son günlər yaşadığım gərginliklərin içərisində bir ipucu da tapmışam. Yəni gözümə uzaqda olsa da bir işıq sataşıb. Əvvəl elə bilmişəm ki, onu mənim üçün kimsə yandırıb - söndürür, işarə verir. Amma sonra yaxınlaşıb görmüşəm ki, bu işığa əl vurmaq, toxunmaq mümkün deyil. Bax, onda ayılıb dərk etmişəm ki, mən o işığı yuxuda görmüşəm. Sadəcə, o işıq mənim xəyallarımın, arzularımın yuxuda alovlanan toplumudu, bir topasıdı, bir dəstəsidi. Yanıb, közərib məni ümidləndirir, həvəsləndirir, özümə inandırır. Ola bilsin ki, bu, Allahın mənə lütfüdü. İstəmir ki, tez ruhdan düşəm, tez özümə qapanam. Bunun nə qədər doğru olub-olmadığını da yalnız Allah bilir. Lakin mən bu gəldiyim nəticəyə görə də Allahıma minnətdaram və o inamla da, o minnətdarlıq hissi ilə də səninlə üzbəüz oturub danışıram, söhbət edirəm.
   
   Hərdən düşünürəm ki, yaxşı ki, deməyə sözüm olduğu kimi, sözümü deməyə yerim də var. Bu imkanı mənə böyük Yaradan bəxş edib. Sən onun mənə ən böyük hədiyyəsi, ən böyük mükafatısan. Elə mənim bəxtəvərçiliyim də bax, burdadır. Çünki sən, dediyimi ifadə etdiyim kimi qəbul edirsən, o cür anlayıb, o cür dəyərləndirirəsn. Söz, fikir nə aşılanmır, nə də müxtəlif yerlərə yozulmur. Zənnimcə, bu anlayış artıq özünü dərk edən, özünə qiymət verməyi bacaran hər kəs üçün sonsuz təşəkkürlərlə qeyd edilməsi labüd olan bir hadisədi, hətta deyərdim bir möcüzədi. Biz möcüzələr dünyasında yaşayırıq. O dünyanı sən qurursan! Sadəcə, mən bu qurulan dünyada ən yaxşı halda "kərpickəsən kişi"yəm. Sənin qurduğun dünya üçün kərpic kəsirəm və heç ağlımdan da gəlib keçmir ki, nə vaxtsa bu dünyanın, bu qalanın uçmaq təhlükəsi ola bilər, ordan kərpic düşə bilər. Yox, bu mümkün deyil. Çünki qurulan dünya, tikilən qala Allahın lütf etdiyi istəyin, məramın, sevginin bəhrəsidi, məhəbbətin qalasıdı. Bu qalada ancaq Anlayış, ancaq Diqqət, ancaq Hörmət, ancaq Ehtiram, ancaq Məhəbbət hakim ola bilər!
   
   Son dərəcə narahat, sözün bütün mənalarında bir tıncıxma ilə, nəfəsim kəsilə-kəsilə diktə etdiyim bu yazının sonunda elə bil ki, həmin o sadaladığım bəşəri duyğular mənə könül rahatlığı verdi, bir az yüngülləşdim, dərhal da ağlıma gələn ilk istək həmin o qalanı, o dünyanı tapmaq oldu. Elə bu istək ilə də götür-qoy edərkən yadıma nə vaxtsa sənə ünvanladığım bir şeirim düşdü. Mən də onun işığında həmin o qalanın sorağına çıxdım.
   
   
   
   sənə bütün zənglərim
   
   və bütün söhbətlərim
   
   cavabı sadə olan
   
   amma çətin tapılan
   
   sualla yekunlaşır-
   
   harda görüşək?
   
   
   
   bəlkə yüz ili keçib
   
   bəlkə də bircə anı
   
   bəlkə də qurumayıb
   
   təkrarlanan sualın
   
   ortada qalan qanı-
   
   harda görüşək?
   
   
   
   vaxtdan, zamandan kəsib
   
   dostdan, uşaqdan alıbg
   
   gecə-gündüz bilmədən
   
   elə dilimdə qalıb
   
   ürəyimin səsi tək
   
   anbaan təkrarlanıb
   
   harda görüşək?
   
   
   
   mən bir sual əsiri
   
   sən vaxtının girovu
   
   kirpiyinin şehini
   
   kirpiyimin qırovu
   
   pıçıldayır taleyi-
   
   gəl bölək, gəl bölüşək
   
   söylə, harda görüşək?!
   
   
   
   Hə, yazını müxtəlif notlar üzərində bilgisayara diktə etdim. Necə alındı, deyə bilmərəm. Amma mənə elə gəlir ki, indi doğrudan-doğruya bizə təzə nəfəs lazımdı, bizə dünyaya böyük və ümidli baxış sahibi olmaq lazımdı, bizə tıxacdan, tıncıxmaqdan qurtarmaq lazımdı, bizə bir-birimizi anlamaq, yola vermək lazımdı. Bunun üçün görüş yeri axtarmaq, uzağa getmək lazım deyil. Bunun üçün biz özümüz özümüzə, bir-birimizə, ətrafımıza baxsaq kifayət edər. Bax, onda harda istəsən görüşə bilərik. Elə səninlə də!!!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK