SON DƏQİQƏ:

İLİN SON SAYI "AZƏRBAYCAN"

  25289   |  
Şriftin ölçüsü  

Yəqin ki, dəyərli oxucular söhbətin əbədi məcmuələrdən getdiyini hiss etdilər. Həmişə maraqla izlədiyimiz və söz adamlarımızın bu məcmuələrdə həvəslə çap olmaq istəklərindən xəbərdar olduğunuz "Azərbaycan" jurnalının bu ilin sonuncu sayı, yəni 12-ci nömrəsi artıq köşklərdədir.

Baş redaktoru İntiqam Qasımzadə olan "Azərbaycan" jurnalı bəlkə də son illərdə ilk dəfədir ki, özünün son sayını dekabrın ilk yarısında oxuculara təqdim edir. Maraqla oxuduğumuz bu jurnalın son sayında da kifayət qədər əbədi nümunələr işıq üzü görür. Əgər ardıcıllığı nəzərə alsaq, təbii ki, onda söz sırası poeziyanın olacaq. Bax, bu mənada jurnalın poeziya bölümündə Azərbaycan oxucusunun imzasını maraqla izlədiyi, artıq özünü təsdiq etmiş şairlərlə baş-başa qalacağıq. Jurnalın ilk səhifəsi şair Rizvan Nəsiboğlunun şeirləri ilə açılır. Müxtəlif mövzulara üz tutan şair öz oxucularına maraqlı poeziya çələngi bağışlayıb. Şair yazır:

Nəğməli səsində, gülüşündəyəm,

Səsinin şəklini böyütdürmüşəm.

Hər gecə yuxunda, görüşündəyəm,

Qolunu qolumda gətirməmişəm...

İltifat Saleh də Lənkəranda yaşayıb, yazıb-yaradan şairlərimizdəndi. O da ilin sonunda, yeni ilin astanasında oxuculara öz misralarını hədiyyə edib. İltifat müəllim yazır:

Ömür küsdü, yaş da artdı nə eybi,

Hardan gəldi, hara getdik bilmədik.

Çeşid-çeşid insanlarla dost olduq,

Necə gəldi, hardan ötdü bilmədik.

Şairə Fərqanə Mehdiyeva "Ulduz" dərgisinin poeziya şöbəsinə rəhbərlik edir. Təbii ki, bu imzanı söz adamları kifayət qədər tanıyırlar. Elə bu səbəbdən də Fərqanə xanımın "Azərbaycan"nın son sayındakı şeirləri onun poeziyasını sevənlərin ürəyincədir. Həmişə rəngarəng mövzulara müraciət edən, öz dəst-xəttinə sadiq olan Fərqanə xanım yazır:

Nə uzun yol çəkir gözün,

Gəlib çatmağa qoymursan.

Nə bir yol tuta bilirsən,

Nə də atmağa qoymursan.

Həsrət sərib gəzdirirsən,

Şirin candan bezdirirsən,

Nə bir yolluq üzdürürsən,

Nə də atmağa qoymursan.

Sizdən aralı evimdə,

Uçuq, sarpalı evimdə.

Sözdən yaralı evimdə,

Ocaq çatmağa qoymursan.

Bu ürəyə simsən elə,

Sualsan, tilsimsən elə.

Ay Adam, sən kimsən elə,

Məni yatmağa qoymursan.

Qələm dostumuz Elçin İsgəndərzadə və Fərid Müslüm də öz şeirləri ilə jurnalın son sayının qonaqlarıdır. Naşir, alim, publisist və şair kimi kifayət qədər turk dünyasında tanınan Elçin İsgəndərzadənin yeni şeirləri təbii ki, onun öz oxucularına bayram sovqatıdır. Elçin İsgəndərzadə söz ərmağanını belə çatdırır:

Hardan əsdi dəli ruzgar,

Bir bahar günü yağdı qar.

Aramızda boz dağlar var,

Mərhaba dostlar, mərhaba.

Ümumiyyətlə, jurnalda ədəbi gəncliyə də, onların yaradıcılığına da böyük yer ayrılıb. Bu ədəbi gəncliyin təqdim edilməsi jurnalın öz dəst-xəttinə sadiqliyinin nümunəsidir.

Təbii ki, jurnalda nəsr əsərləri də, yeni tərcümələr, xatirə düşüncələr, tənqid və ədəbiyyatşünaslıq bölümləri də əvvəlki nömrələrdə olduğu kimi, mükəmməl bir şəkildə davam etdirilir. Jurnalın bu sayında xalq yazıçısı Əkrəm Əylislinin 75 illiyi ilə bağlı, şair Yusif Həsənbəyin 80 illiyi ilə bağlı materiallar da verilibdir. Bir məqamı da xatırladaq ki, "Azərbaycan" jurnalı zaman-zaman özünün son səhifələrində kitab rəfi də təqdim edir. Həmin o rubrikada əsasən nəşriyyatlarımızın oxuculara təqdim etdiyi yeni əsərlər barəsində ədəbi ictimaiyyətə məlumatlar verilir. Düşünürəm ki, ilin son sayı da "Azərbaycan" oxucularının ürəyincə olacaq.

"YADA DÜŞDÜ"

Baş redaktoru Nahid Hacızadə, təsisçisi Nəzakət Məmmədova olan "Yada düşdü" bu il üçün sonuncu sayını oxucularına çatdırıb. Əsasən nostalji duyğular üzərində köklənən, xatirələrlə, ötən günlərlə aramızda körpü yaradan, bizi keçmişə səsləyən, o xoş anları yenidən yaddaşımıza təzələyən "Yada düşdü" bu dəfə də ədəbi və əzəli prinsiplərindən çıxış edir.

Bu jurnal baş redaktorun, tanınmış yazıçımız Nahid Hacızadənin "Sadəliklə müdrikliyin ucalığında" adlı yazısı ilə başlayıb. Həmin yazı ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunub. Bu yazıda söhbət Dağlıq Qarabadan, Heydər Əliyevin Şuşaya səfərindən, Molla Pənah Vaqifin abidə kompleksinin açılışından, böyük öndərin söz adamlarına diqqətindən bəhs edir. Jurnalda həmişə xatırladığımız və çoxlarımızın əzbər bildiyi məşhur bir şeir də dərc olunub. Şeirin müəllifi unudulmaz Mikayıl Müşfiqdir. Şeirin adı "Yenə o bağ olaydı". Mikayıl Müşfiqin bu məşhur şeiri şairin xanımı ilə birlikdə çəkilmiş fotosunun fonunda verilibdir.

Ümumiyyətlə, jurnalın bu sayında şair Ramiz Qusarçaylının, Nəzakətin, Xaliq Rəhimlinin bir-birindən maraqlı şeirləri, Altay Məmmədovun Rəsul Rza ilə bağlı xatirələri, Kamran Məmmədovun Hüseyn Cavidlə bağlı düşüncələri, Teymur Əhmədovun xalq şairi Süleyman Rüstəmlə bağlı xatirələri, Qədir Tərtərlinin, Gülayənin hekayələri, Firuz Mustafanın nəsr əsəri, eləcə də şair Sərdar Hüseynovun görkəmli alim Qəzənfər Paşayevlə müsahibəsi oxuculara təqdim olunub. "Yada düşdü"nün bu sayında xalq şairi Hüseyn Arifin özünəməxsus lətifələri və bir də Bakı metropoliteninin rəisi Tağı Əhmədovun müsahibəsi də oxucuların ixtiyarına verilib.

Bütövlükdə "Yada düşdü"nün bu sayı da rəngarəng və maraqlıdır. Oxumağa tələsin!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK