44 GÜNLÜK İKİNCİ QARABAĞ SAVAŞINDA AZƏRBAYCAN XALQININ GÜCÜ
Müharibələr həmişə ölkələrə faciələr, göz yaşı, insan ölümü gətirib. Hələ bununla yanaşı, şəhərlər, qəsəbələr, kəndlər atılan bombalar, mərmilər nəticəsində yerlə-yeksan olub. Təbii ki, heç bir xalq müharibə arzulamaz, amma elə müharibələr var ki, onu etməyə və aparmağa məcbursan.
Azərbaycanın ərazisinin 20 faizi ermənilər tərəfindən işğal olunmuşdu. Və bu işğala da 30 ildən çox beynəlxalq təşkilatlar, dünyanın super gücləri göz yummuşdular. BMT kimi mötəbər bir qurumun çıxartdığı dörd qətnamə havadan asılı vəziyyətdə qalmışdı. Və məlum qurum heç vaxt onun icrası ilə maraqlanmamış, bir-iki bəyanat verməklə öz işini bitmiş hesab etmişdi. Amma buna nə müzəffər Ali Baş Komandan İlham Əliyev, nə də Azərbaycan xalqı heç vaxt dözmürdü. Ən azından ona görə ki, səbrin də bir həddi, bir norması var. Və artıq Azərbaycanın səbir kasası daşmışdı. Üstəlik də ermənilər bütün sərhədyanı yaşayış məntəqələrimizi fasiləsiz olaraq ağır artilleriyadan atəşə tuturdular. Hələ bu da azmış kimi yeni-yeni şəhərləri və kəndlərimizi işğal etməkdən danışırdılar. Hətta deyirdilər ki, erməni tankları Bakıya girəcək, biz orda çay içəcəyik. Bunun cavabını Ali Baş Komandan 44 günlük İkinci Qarabağ savaşında çox yaxşı verdi. Cənab prezident dedi ki, bəli, onların tankları Qənimətlər Parkına gətirildi. Eləcə də xunta rejiminin yüksək vəzifəli şəxsləri indi Bakıdakı təcridxanada çay içirlər.
Beləliklə, Ali Baş Komandanın əmri ilə 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu əks hücuma keçdi, 44 günlük İkinci Qarabağ savaşı başladı. Biz bu yazımızda böyük Qarabağ savaşında Azərbaycan prezidentinə, ordumuza, əsgərlərimizə arxa durmuş xalqımızın qəhrəmanlıqlarından və onların göstərdiyi şücaətdən söhbət açacağıq.
Əsgərlərimiz öz sözlərini 44 gün ərzində möhtəşəm qələbə ilə dedilər, şəhidlərimiz azad etdikləri torpaqlar yolunda canlarından keçdilər, qazilərimiz döyüşməkdən yorulmadılar, qaliblərimiz ildırım sürətilə irəlilədilər. Onlara arxa duran isə Azərbaycan xalqı idi. O Azərbaycan xalqı ki 44 günlük İkinci Qarabağ savaşında Ali Baş Komandan İlham Əliyevin və Ordunun ətrafında bir dəmir yumruq kimi birləşdi. Xalq nə qədər bir oldusa, o Dəmir yumruq bir o qədər güclü oldu.
İkinci Qarabağ savaşının ilk günündən son gününədək bir jurnalist olaraq mən əsgərlərimizin, döyüşən ordumuzun, igid ərənlərimizin yanında oldum. Heç vaxt yadımdan çıxmaz, mənim yaxın qohumum, daha doğrusu, bibim nəvəsi Elçin Tehran oğlu Süleymanov sentyabrın 30-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu. O şəhidin dəfnində minlərlə insan iştirak edirdi. Tək Füzulidən deyildi, qonşu rayonlardan axın-axın insanlar gəlirdi. Hamı istəyirdi ki, heç olmasa cənazəyə çiyin verməsə də əli ilə Elçinin cənazəsinə toxunsunlar və bundan bir təsəlli alsınlar ki, şəhidimizi son mənzilə yola saldılar. O dəqiqələrdə, o anlarda mən xalqımızın necə möhkəm birləşdiyini, bir yerdə olduğunu və möhtəşəm göründüyünün bir daha şahidi oldum.
Bu, Azərbaycan xalqı idi. Ən çətin anda döyüşən oğulların yanında olan Azərbaycan xalqı. Həmin günlərdə mənim bir neçə tanışım vardı. Eşitdilər ki, cəbhə xəttindəyəm Bakıdan bir mikroavtobus müxtəlif ərzaq malları, qidalar, geyimlər, sular, siqaretlər gətirərək hərbi hissələrə verirdilər. Düzdür, hərbi hissələrimiz hər cür ərzaqla təmin edilirdi, amma xalq da, kütlə də əsgərlərimizə öz yardımını edirdi. Onlara isti paltarlar, corablar gətirirdilər. Havalar o qədər soyuq olmasa da, amma bir kömək də, bir yardım da böyük şey idi.
Cahangir adlı dostumun iki oğlu düz üç dəfə cəbhə bölgəsinə yardım gətirdi. Belə insanlar onlarla, yüzlərlə idi. Çünki onlar hər bir kəndimiz azad olunanda sevincindən ağlayır və əsgərlərimizə belə bir yardım göstərməklə özlərində bir rahatlıq tapırdılar. Həmin günlərdə Horadizdəki çörək zavodu düz 24 saat dayanmadan işləyir, ordumuzu isti çörəklə təmin edirdi. Çörək zavodunun direktoru rəhmətlik Süleyman İsmayılov səhərə qədər sexdə qalır, insanlara ürək-dirək verir və tezliklə qələbə çalacağımızı bildirirdi. Hətta həmin dövrdə Horadiz Çörək zavodunun həyətinə ermənilər üç dəfə mərmi atdılar. Xoşbəxtlikdən ölüm-itim olmadı, amma zavodda işləyən bir neçə qadın ehtiyat edib işə çıxmadı, bunun əvəzində rəhmətlik Süleyman müəllimin Bəhmənlidəki bir neçə qadın qohumu könüllü olaraq gəlib 24 saat çörək zavodunda işlədilər. Onlar dedilər ki, biz ölərik, ancaq əsgərlərimizi ac qoymarıq. Bəli, bax, onlar arxa cəbhədə çörək zavodunda ölümdən qorxmayaraq 44 gün «döyüşdülər». Tək ön cəbhədə döyüşmürdülər, həm də arxa cəbhə döyüşürdü.
Həmin dövrdə həkimlərimizin də qəhrəmanlığını bir daha yada salmaq lazımdır. Onlar Ağdamda, Füzulidə, Gəncədə briqada şəklində fəaliyyət göstərirdi. Cərrahlar briqadası xəstəxanada ağır vəziyyətdə gətirilən əsgərlərimizi təcili surətdə əməliyyat edir və onları həyata qaytarırdılar.
Məşhur cərrahlardan biri deyirdi ki, biz 24 saat iş başında olurduq. Təcili tibbi yardım maşınları xəstəxananın həyətinə daxil olan kimi biz hamımız hazır vəziyyətdə idik. Çünki dövlətimiz bu əməliyyatları aparmaq üçün bütün şəraiti biz cərrahlara yaratmışdı.
Füzulidəki Diaqnostika Mərkəzində də ən ağır cərrahiyyə əməliyyatları aparılırdı. Burda həkimlərin bacarığı, istedadı və savadı nəticəsində yüzlərlə əsgərimiz həyata qaytarıldı. Elə əsgər varıydı ki, yarası sağalan kimi yenidən cəbhəyə yola düşürdü.
Bax, 44 günlük İkinci Qarabağ savaşında həkimlərimiz, arxa cəbhə və eləcə də digər insanlar ordumuza belə kömək etdilər. Qüdrətli dövlətin və qüdrətli ordunun arxasında xalq dayananda onu heç vaxt məhv etmək olmur. Azərbaycan Ordsunun arxasında isə Ali Baş Komandan İlham Əliyev və Xalqımız dayanmışdı. Allah Prezidentimizi və Xalqımızı qorusun! Şəhidlərimizin yeri cənnət olsun, qazilərimizə və qaliblərimizə isə ömür versin!
Emil Faiqoğlu
Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb


Bakı -°C

