adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Noyabr 2021 10:51
3472
MƏDƏNİYYƏT
A- A+

Bakı mətbəxinin unudulmuş yeməyi: “Şeşəndaz” plovu

Hər dəfə Qarabağ mətbəxinin yeməkləri şirniyyat və çərəzləri haqqında məlumat verərkən bakılı dostlarım Bakı mətbəxi haqqında da yazmağımı xahiş etdilər. Axı bakılıların özünəməxsus menyuları, dadlı yeməkləri çoxdu.  Dostumun biri “Şeşəndaz plov”, digəri isə “Şirin dolma” haqqında  məlumat verdi. Bu dəfə plovdan danışaq, gələn yazılarımız da isə şirin dolma haqqında da məlumat verəcəyəm.
Adalet.az xəbər verir ki, məlumata görə, Şeşəndaz  İldə bir dəfə, yalnız Novruz bayramı axşamı bişirilən və xuruşuna çoxlu yumurta qatılmış xüsusi plov növüdür.


Keçmişdə Abşeron əhalisinə xas olan Şeşəndaz  (Şazəndə)  unudulmuş yeməklərdəndir. Hazırda onun reseptini  çox az adam bilir və  bişirir. Şeşəndaz bütün plovlar kimi həm ətsiz , həm də ət ilə hazırlanır. Keçmiş zamanlarda bu yeməyə “bəy- xan” xörəyi deyirmişlər. Bu plov adətən qışda varlı ailələrdə bişirilirmiş.  Milli mətbəximizin çeşidli plovlarının sırasında olan unudulmuş yeməklərindən sayılan  Şeşəndaz plovunun reseptini siz də bilin, bişirin:


150 qr düyü
50 qr ərinmiş kərə yağı
2 ədəd yumurta
100 qr soğan
0,5 qr lumon duzu
5 qr şəkər tozu
0,1 qr zəfəran
0,2 qr darçın
duz, istiot


Hazırlanma qaydası: Öncə soğanı halqa doğrayın. Doğradığınız soğanı tavada yağda qızardın. Üzərinə limon duzu və şəkər tozu əlavə edib qarışdırın. Yumurtaları bir kasada çırpın. Çırpdığınız yumurtaları bişən soğanın üzərinə əlavə edib bişirin.
Düyünü suda yarım saatlıq isladın. Qazanda düyü üçün su qaynadın. Düyünü az duz tökülmüş suda bişirin. Bişirib süzdüyünüz düyünün aralarına zəfəran səpərək dəmə qoyun. Süfrəyə verdikdə plovun üstünə qayğanağı əlavə edin. Üzərinə əridilmiş kərə yağı və darçın səpin. Qeyd edək ki, Şeşəndazı ətsiz bişirdikdə süfrəyə verdikdə üzərinə doşab və ya abqora tökə bilərsiniz. Ət ilə bişirildikdə doğranmış mal əti soğanla birlikdə qovrulmalıdır.


Dadlı, doyumlu “Şeşəndaz” sizə nuş olsun!


 Evdar.az