adalet.az header logo
  • Bakı -°C
24 Sentyabr 2026 10:51
57
ƏDƏBİYYAT
A- A+

“Kaş ki”lər bitmir... - Pərvanə Bayramqızı yazır

Kaş ki bizi dəyişməyə çalışmayalar, kaş ki saflığımızı korlamayalar, kaş ki səbrimizin tükənməsinə qıymayalar... 

Adamlara öz düşüncənizlə xarakter, öz xüsusiyyətinizə uyğun keyfiyyət təyin etməyiniz düzgün deyil. Birini dərindən tanımadığınız halda soyuq rəftarına görə adamayovuşmaz, yaxud yekəxana-filan deməkdə haqsız olduğunuzu düşünün. Nədənsə narazı qalmısınızsa, o demək deyil, buna səbəb qarşınızdakı şəxsdir. Birinə səbəbsiz xüsusiyyətlər yükləməyə tələsməyin. Sizin ağlınızdan keçən onun illərlə yadına düşməyə, şübhəniz, gümanınız ona böhtan qədər pis təsir edə bilər. Narazı qalınan məqamı mütləq aydınlaşdırmaq lazımdır. Yanıldığınız bəlli olanda neyləyəcəksiniz? Tutaq ki, inciməyinizə heç bir səbəbin olmadığı aydınlaşdı, bir şeyi də heç vaxt unutmayın, bəlkə, küsdüyünüz adamın sizə qanı qaynamadığından ünsiyyət qurmur, yaxud onu sizlə ünsiyyətə hansısa cəhətiniz peşman edib deyə uzaqlaşmaq istəyir. Bu halda onu nə üçün günahkar çıxarılmalısınız? Adam gərək layiq olmadığı hörməti, sevgini ummasın ki, görməyəndə də inciməsin. 

Kaş ki məni bu fikirləri yazmağa vadar edən səbəblər olmayaydı... 

“Kaş ki”lər bitmir...

Kaş ki bütün dəyərli insanlar onun dəyərini, fərqliliyini anlayanların əhatəsində olaydılar.  Mənəviyyatsız, dayazdüşüncəli olanlar yaxşı insanlarla onların layiq olduqları rəftarla davrana bilmirlər. Belələrinin sözü, müraciəti, yanaşması özlərinə uyğun olur. Bir də, qarşınızdakı adamın sizi görməyə gözü yoxdursa, sizin yerinizdə özünü görəcək, malik olduğunuz üstünlükləri özünə layiq bilib yerinizdə olmaq istəyəcək, xoş niyyətinizi öz məqsədinə uyğun yozacaq, hətta saçlarınız ipək olsa da, gözünə kol-kos kimi görünəcək. Həqiqətin ən böyük düşməni qərəzlə paxıllıq hissidir. Dürüst insan qərəzlinin əlinə düşdüsə, altı nömrəli palatadakıların sayı durmadan artacaq. 

Qərəzli adam mənən kor olur.

Elə adam var, ona etik çərçivədə etiraz edəndə anlamır. Mədəni formada “olmaz” deyirsən, elə bilir, rəftarını sakit qarşılayırsan. Belələrinə sözünü bəri başdan konkret deməyə səni özləri məcbur edir. Gərək yaxınlaşan kimi “rədd ol” deyəsən. Layiq olduqları, anladıqları qaydada etirazdan özlərini yığırlar. Ən pisi budur ki, belələrinin sırasında alim də var. 

“Alim olub adam olmamaq” məsəlini arxaikləşməyə qoymurlar.

Heç kəsə zooloq dostu olmağı arzulamıram. Xüsusiyyətini heyvanlarınkı ilə müqayisə edər, gözəllikdə marala, ceyrana oxşadar, bundan başqa epiteti, təşbehi olmaz.

Təbiətin florası, faunası, havası da xoşdur, xoş olmayan insanların çaldığı havadır. Hər havaya oynadıqca axırda adam özü də havalanır. Xanın səsi kimi yox ee, “Altı nömrəli palata”dakılarsayağı havalanmanı deyirəm.