adalet.az header logo
  • Bakı -°C
25 Sentyabr 2026 11:32
51
ƏDƏBİYYAT
A- A+

Ay Bəniz Əliyarın ŞEİRLƏRİ

25 sentyabr  dəyərli ŞAİRƏ Ay Bəniz Əliyarın  DOĞUM  GÜNÜDÜR! Yenises.az kollektivi  şairəmizi bu Gözəl gün  münasibəti  ilə təbrik  edir, can sağlığı  və  yeni  UĞURLAR  DİLƏYİR!

 

 

46 yaşıma

Sanki Payız yüklü buludam bu gün,

Fərqinə varan yox, yağam, yağmayam.

Qaldım arasında yer ilə göyün,

Bilmirəm, kimə yad, kimə doğmayam.

Əllərim tələsir yenə görüşə,

Amma ayaqlarım yerimək bilmir.

Sanki bəhsəbəhsdir gözümdən düşə,

Bircəsi adamtək gözümdə qalmır.

Daha şeir deyil tək dərdi-sərim,

Məni rahat qoymur bütün olanlar.

Yenə düyünlənir qafiyələrim,

Qırxıncı otaqda gözləyənim var.

Əlimin duzu yox, sözümün tamı,

Nə tam axtarıram, nə dad gəzirəm.

Yerdə gəzə bilmir elin adamı,

Mən göydə uçmağa qanad gəzirəm.

 

***

mən bir dəniz fənəriyəm,

hey gecə-gündüz yanıram.

yuxum çətir ola bilmir,

günəş altda islanıram.

ömür elə budur yəqin,-

bir göz qırpımında keçən.

atam külək, anam dalğa,

çırpır məni səhərəcən.

döyüşdəyəm ömür adlı,

başımı belə qatıram.

gah gəmini, gah limanı,

gah suları aldadıram.

Ömür gəmi, tale liman,

boş-boş xəyaldır boz sular.

mən bir dəniz fənəriyəm,

haqqımdı bütün arzular.

Sonuncu işığam sanki,

ömrün mənə son qəstidi.

bir qərib hiss var içimdə,

can üstdədi, can üstdədi.

***

Elə istəyirəm durub hayqıram,

Stereotipləri çeynəyib qıram,

Yalançı bir kürsü tapam özümə,

Yağlı tərifləri salam izimə,

Yalançı alqışlar, yalançı vədlər,

Saxta mükafatlar, quru dəvətlər,

Düzüb qoşam elə, durmadan bir an,

Dünya boyda ola bu saxta meydan.

Yalançı adamlar doldurum ora,

Sonra ocaq çatam bu yalanlara.

Stereotipləri çeynəyib qıram,

Dünyada nə yalan varsa dolduram,

Hamsına od vuram, bir kibrit çaxam,

Hayqıra-hayqıra kənardan baxam.

Görüm çırthaçırtla yanan üzləri,

Saxta sevgiləri, boş məclisləri.

Gerçəklik adıyla gizlənən nə var,

Saxta naxışlarla süslənən nə var,

Yansın birər-birər, şahidi olum,

Bəlkə ləzzət alım, bəlkə həzz alım.

Bəlkə bu yanğıdan qəlbim ovuna,

Ruhum təslim ola beləcə Ona!

Ona - Gerçəkliyin əsl özünə,

Dönəm Gerçəkliyin əsl üzünə!

Yağlı bəhanələr, yüngül qılıqlar,

Yalançı dostluqlar, saxta sağlıqlar,

Çatdığım ocaqda yansın istərəm,

Tanrı qismət etsin, mən də bir görəm,

Mən də barıt tökəm, yandırıb yaxam,

Hayqıra-hayqıra kənardan baxam.

Gündüz usanmadan, gecə yatmadan,

Bu haqq savaşıma haram qatmadan,

Savaşam aldığım son nəfəsədək,

Beləcə səbrlə, birbəbir, tək-tək,

Bəlkə yalanların evini yıxam,

Bəlkə saxtalığın sonuna çıxam,

Belini sındıram, dizini qıram,

Kimsə yalan yerə səcdə qılmasın.

Elə hayqıram ki, elə hayqıram,

Sonda hayqırmağa gücüm qalmasın

***

Nə qədər ovsun var oxu bu gecə,

Üflə yer üzünə, üflə, beləcə...

Bəlkə, göy üzündən yerə nur yağar,

Bəlkə, insaf adlı mələklər doğar.

Yer üzü südəmər körpədir hələ,

Sənin sevgin ilə gələr əmələ.

Öp, oxşa, "balamsan", denən, "ağlama",

Tanrım, qucağını bağlı saxlama.

Göydən od tökülür boş ovuclara,

Çalış ki, sağalsın bu körpə yara.

"Daha böyümüşəm" desə inanma,

Ərköyünlüyünə məchul dayanma.

Hələ sözə baxır, tut bir qolundan,

Nə qədər körpədir qaytar yolundan.

Yenidən öyüd ver, ağıl ver, dərs ver,

Tanrım, gəl bu dəfə səsimə səs ver.

Yenə küləkləyir türbət havası,

Keşkə bitə bilsə yer-göy davası...

(Oyuncaq olmasaq məzhəbə, dinə,

Bitər, iş də qalmaz bu dəfə Sənə...)

Nola, bu minvalla gedənlər dönə,

İtənlər tapıla,

Bir də itməyə,

bir də getməyə...

Üç gündür Şabranda yaman külək var,

Nənələr deyir ki, türbət asıblar...

Bunun nəyi yaxşı, harası yaxşı?

Torpağı asıblar küləyə qarşı.

Toz-torpaq qarışıb küləyə bu gün,

Cırır yaxasını yer ilə göyün...