adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Noyabr 2021 13:59
4205
MARAQLI
A- A+

Üstü çayxana, altı moyka bir obyekt götürüb iş quraq 

Maraqlıdır ki, “Forbes” jurnalının siyahısında da ilk yerləri adətən yəhudi milyarderləri tutur. Beyninizdə bir sual yarandı, bilirəm. “Doğrudan e, görəsən niyə?”.

O zaman siz yəhudiləri Fələstin müharibəsi çərçivəsində, “müsəlmanların düşməni” ladında tanıyırsınız. Bəs bu yəhudilər bapbalaca bir ölkə ilə bu qədər gücü necə toplayıblar?

Yəhudilər ta qədimdən bu günə kimi bankçılıq sərvət əldə etmək, iqtisadi azadlıq əldə etmək və şəxsi maliyyə idarəçiliyi baxımından dünyaya dərs keçməyə davam edirlər.

Bankçılıq, sələmçilik, ticarət…

Biz də yığımcıl xalqıq, onlar da.

Amma biz döşəyin altına, dolabda paltarların arasında gizlədərik, onlar…

… gələcək qazanclarını götür-qoy edir, ən sabit layihələrə investisiya yatırırlar. Risk edirlər. İndi deyərsiniz ki, necə risk edək? Başa düşürəm. Bizdə kiməsə desən ki, filan işə əl bulamaq istəyirəm, başlayarlar gömrükdən tutmuş adi müfəttişinə kimi sadalamağa. Sonda da “risk etmə, batırarsan” deyib qımışıb gedərlər. Sənin də qolun-qanadın qırılar, riskini də qatlayıb qoyarsan döşəyin altına, paltarların arasına.

Yəhudi filosofu və ilahiyyatçısı Musa Maimonides qeyd edib ki, yəhudilər bütün pullarını üç bərabər hissəyə bölür: biri — daşınmaz əmlak, bir hissəsi biznesin inkişaf etdirilməsinə, qalan hissəsi nağd olaraq qalır.

Yəhudilər isə bineyi qədimdən riski sevən və risk etmək istəyənin qol-qanadını qrımayan xalq olublar.

Bizim bir planımız olar, uzağı iki.

Onlar iki, üç, dörd və daha çox.

Biz də Allahı sevirik, onlar da.

Biz də özümüzü Allahın sevimli bəndəsi hesab edirik, onlar da.

Amma biz bir işə əl atanda bəndələri gözə alırıq, onlar Allahı.

Onlar elə məhz sevimli bəndə olduqlarını düşündüklərinə görə risk edəndə Allahın onları darda qoymayacağını düşünürlər. Biz isə…

Gözümüzü bəndə qorxusu bürüyüb.

Biz itirməkdən qorxuruq, onlar yox.

Dünyanın ən varlı adamlarından biri olan Larri Ellison “Risk etmirsənsə, deməli yaşamırsan” prinsipinə əməl edir.

 

Milyarder Maykl Blumberq də inanır ki, risk etməkdən qorxan insanı uğur və var-dövlət gözləmir, ən yaxşı halda orta səviyyədən yuxarı qalxmır.

Bizdə kimi dindirsən, deyəcək ki, o milyoner var ha, bütün var-dövlətini haram yolla qazanıb. Vicdanlarının təmizliyi ilə yetinəcəklər. Yəhudilər isə dürüst, vicdanlı biznes qurmağın tərəfdarıdırlar. Bunu onlara “Tövrat” deyir.

Onlar pul qazanmağı İQ səviyyəsinə, dünyagörüşünə bağlayır, biz bicliyə, fırıldaqçılığa.

Uşaq vaxtı kiminsə başını aldadıb nəyisə əldə edəndə alqışlanmışıq.

Yəhudi ailəsində böyümüş milyarder Larri Peyc deyir ki, düzgün investisiya odur ki, onu 10-15 il gələcəyə yatırasınız və xeyrini dərhal gözləməyəsiniz. Ancaq riskli layihəyə investisiya qoyan iş adamı böhrandan qaçmağın yollarını da hesaba qatır.

 

 

“Hamı pulun yoxluğundan şikayətlənir. Amma ağlın azlığından şikayətlənən yoxdur!”.

 

Məşhur yəhudi atalar sözüdür.

 

 

Yeni çıxan telefon modeli almaqdan ötrü yəhudilərin günlərlə növbədə dayandığını görə bilmərsiniz. Yəhudilər bir aylıq və ya bir illik xərclərini əvvəlcədən planlaşdırırlar.

 

Biz isə dərhal borc-xərc, kredit ən bahalı telefon almağı özümüzə üstünlük bilirik.

 

Göstəriş, göstəriş, göstəriş…

 

Uğur qazanan yəhudilər tanışları bir yana, tanımadıqları adamlara da qazancları barədə danışmırlar, hətta sosial şəbəkələrdə göstərişdən qaçırlar. Bundan əlavə, öz sərvətlərinin miqdarından asılı olmayaraq onu başqalarına təsir bağışlamaq üçün bahalı qızıl saatlara, flaqman smartfonlara, ən son model avtomobillər və ya marka geyimlərə xərcləmirlər.

 

“Facebook”un təsisçisi, milyarder Mark Zukerberqun bütün qarderobu sadə boz köynək və cinslərdən ibarətdir.

Mark Zukerberq istəsə göstərişin böyüyünü edər.

 

Etmir.

 

Yoxsul olmaq axmaqlıqdır, yəhudilər inanırlar ki, həmişə pul qazanmaq olar!

Yəhudilər müflis olmaqdan da qorxmur, ruhdan düşməsəniz, itirilmiş sərvətin ikiqatını geri qaytarmaq mümkündür.

 

Bizdə kimə desən ki, sən axmaqsan, adamın yeddi arxa dönəninə qədər gedib çıxarlar.

 

Xülasə, mağazalarda, bazarda qiymətin ceyran belinə qalxdığı məqamda durun, gedən üstü çayxana, altı moyka bir obyekt götürüb iş quraq.

 

Sonrası?

 

Nə olar, olar…

 

Eminquey