Faiq QİSMƏTOĞLU: Soyuq havalar...

FAİQ QİSMƏTOĞLU
1312 | 2021-10-27 11:49

Belə havalar pandemiyanın yayılmasına münbit şərait yaradır

 

Artıq bir neçə gündür ki, ölkəmizdə hava şəraiti kəskin surətdə dəyişib, temperatur əvvəlki vaxtlara nisbətən 9-10 dərəcə aşağı enib. Bu barədə öncədən hidrometeroloqlar aidiyyatı qurumları və əhalini xəbərdar etmişdi. Ona görə də həm əlaqədar qurumlar, həm də əhali bu cür hava şəraitinə tam hazır idi.

İndi qayıdaq soyuq havalarla bağlı yaranan çətinliklərə. Aydındır ki, hələ oktyabr ayının axırlarıdır. Və Azərbaycanda istilik sistemlərinin fəaliyyəti noyabrın 15-dən işə düşür. Yəni, noyabrın 15-nə qədər «Azəristiliktəchizat»ın şəhərlərə, qəsəbələrə və digər yaşayış yerlərinə istilik verməsi bir o qədər də ağıla batan deyil.

Hansı ki, oktyabrın 26-da və 27-də ölkə ərazisində hava şəraiti çox soyuq keçib, hələ bəzi Şimal bölgəsinə ilk qar yağıb. Təbii ki, belə bir şəraitdə ümumtəhsil məktəblərində və eləcə də uşaq bağçalarında şagirdlərin, bağçada olan uşaqların istiliyə daha çox ehtiyacı var. Çünki həmin günlər həm Bakı şəhərində, həm də Şimal bölgələrində məktəblilər və bağçadakı uşaqlar soyuqdan çox əziyyət çəkib. Hələ biz əhalini demirik. Onları da desək, aydındır ki, haqlı mövqe tutarıq.

Hələ də bizim bir çox qurumlar Sovet dövründəki rejimdən yaxalarını qurtara bilmirlər. Sovet dövrünün yaxşı ənənələrini davam etdirmirlər, amma pis xüsusiyyətlərini bəh-bəhlə yaşadırlar. Məsələn, elə götürək mənzillərə, müəssisələrə, təhsil ocaqlarına və uşaq bağçalarına istiliyin verilməsini. Oktyabrın 26-da müxtəlif televiziya kanallarında göstərilən sujetlərə inansaq, görərik ki, elə həmin günü Bakının məktəb və uşaq bağçalarında uşaqlar çox əziyyət çəkiblər. Xüsusən də ibtidai sinif şagirdləri bu cür havada üşüyür, dərsə getmək istəmir və üstəlik də xəstəliyə tutulurlar.

Aydındır ki, payız aylarında resperatur virusların çoxalması müxtəlif xəstəliklərin yayılmasına, o cümlədən insanların qripə yoluxmasına əlverişli şərait yaradır. Çox təəssüf ki, əlaqədar qurumlar bu anı heç vaxt nəzərə almır və qabaqlayıcı tədbirlər görmürlər.

Axı dünyada və ölkəmizdə bu gün pandemiyanın yeni dalğası hiss olunur. Yəni hər gün koronavirusa yoluxanların sayı get-gedə artır, eləcə də ölənlər çoxalır. Bu isə həyəcan təbilinin çalınmasıdır. Yəni xəstəliyə qarşı bütün profilaktik tədbirlər öncədən aparılmalıdır.

Biz noyabrın 15-ni gözləməli deyilik. Əgər hava şəraiti bu cür davam edərsə, bütün ölkədə istilik sistemləri işə düşməlidir. Bütün qazanxanalar işlək vəziyyətində olmalıdır. Təəssüf ki, «Azəristiliktəchizat» qışa tam hazır deyil. İstiliyin verilməsi ilə bağlı məlum qurumun məsul şəxsi bildirib ki, biz təkbaşına bu məsələni həll edə bilmərik. Yəni, əhaliyə havanın soyuq keçməsinə baxmayaraq, vaxtından tez istilik verməyə gücümüz çatmır. Bu məsələdə digər

qurumlar da bizə köməklik göstərməli və birgə hərəkət etməliyik. Bundan sonra vaxtından tez istilik vermək mümkün ola bilər.

Göründüyü kimi, «Azəristiliktəchizat»ın məsul şəxsi fikrini cəmiyyətə belə çatdırır. Bəlkə də o, mövqeyində ədalətlidir. Çünki hər şeyi məlum qurumun üstünə atmaq da düzgün deyil. Bu işdə «Azəriqaz», «Azərsu» və digər qurumlar «Azəristiliktəchizat»a kömək göstərməlidir. Çünki məlum qurumların bir-birinə milyonlarla borcu var.

Gəlin, açıq danışaq. Əhalinin böyük hissəsi ötən il işlətdiyi istiliyin pulunu hələ də verməyib. Bu pul da məlum qurumun bank hesabına keçməyəndə, təbii ki, «Azəristiliktəchizat» nə borclarını verə bilir, nə də əməkdaşlarının əmək haqqını. Aydındır ki, belə bir durumda vəziyyət daha da çətinləşir və mürəkkəbləşir.

Aidiyyatı qurumların və digər səlahiyyətli şəxslərin dediklərinə görə, istiliyin vaxtından tez verilməsi Nazirlər Kabinetindən asılıdır. Əgər Nazirlər Kabinetinin qərarı olarsa və digər qurumlar da bu məsələdə öz üzərinə düşən vəzifəni yerinə yetirərsə, onda əhaliyə, ümumtəhsil məktəblərinə, uşaq bağçalarına və digər yaşayış yerlərinə vaxtından tez istilik vermək mümkündür. Amma ataların bir məsəli var: «Xəmir çox su aparar».

Və bir də pandemiya şəraitini istər Nazirlər Kabineti, istərsə də digər qurumlar nəzərə almalıdır. Əgər havalar soyuq keçərsə, heç olmasa noyabrın 15-də yox, 5-də istiliyi vermək olar. Hərçənd ki, «Azəristiliktəchizat» heç də bütün yaşayış sahələrinə, məktəblərə və uşaq bağçalına istiliyi həmişə noyabr ayının 15-də verə bilmir.

Bizim yaşadığım Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki 13 nömrəli binaya istilik noyabr ayının 20-dən sonra verilir. O da bir müddət zəif gəlir, noyabrın axırında istilik təzyiqlə verilir. Və bir də istilik aprelin 15-nə qədər verilmək əvəzinə aprelin 4,5-i kəsilir. Amma əhalidən «Azəristiliktəchizat» tərəfindən həmin pullar tələb olunur.

Havaların soyuması aidiyyatı qurumları ciddi düşündürməli və hava şəraiti bundan da soyuq keçərsə, heç olmasa, noyabrın 5-də Bakıda və digər şəhərlərdə istilik sistemləri, qazanxanalar işə düşməlidir. Düşünsək ki, şimal bölgəsində qar yağıb, havanın temperaturu aşağı enib, həmin bölgələrin istiliklə təchizatı operativ surətdə həll edilməlidir.

Eləcə də ehtiyac olarsa, Bakıdakı ümumtəhsil məktəblərinə və uşaq bağçalarına mütləq istilik verilməlidir. Binalar, məktəblər və uşaq bağçaları istiliklə təchiz edilərsə, pandemiyanın surətlə yayılmasının qarşısı da xeyli alınmış olar.

TƏQVİM / ARXİV