21 Oktyabr 2025 09:46
80
ƏDƏBİYYAT

Azərbaycan Yesenini - İntiqam Mehdizadə yazır

Baharda dağ idim, başım buludda,
Qış gəldi, dumansız, çənsiz qalmışam.
Başımın üstündə ağlar bulud da,
İndi bu dünyada şanssız qalmışam…
Deyim, ya deməyim, Seyran? Yox,
deməliyəm, bu şeirin
tarixçəsini, 60 yaşlı
Seyrana, onu sevənlərə
açıqlamalıyam.
Çünki sən sözü düz
adamın gözünün içinə
deyən olmusan və bu
üzdən də daim döyülən, söyülən, amma
hamı tərəfindən də sevilən olmusan.
(Deyəsən, həzrəti Əli əleyhissəlam deyib: “Həqiqəti deməyib salamat qalınca, de, döyül.”)

Vətənə məhəbbət yolunda, riyasız, hiyləsiz ədəbiyyat yollarında, eşq, sevgi qalmaqallarında daim döyülən, söyülən, başı qapazlılardan olanlardan olduq. Bizlər, yəni 60-cıların son nümayəndələri, dünyanın ən pak, günahsız bəndələriyik. Adımıza yarılıq yapışdırdılar: “İtmiş nəsil” (hərçənd, doğrudan da itmişik, amma harada, kimlərin nəzərində?)

Sən altmışıncıların ən istedadlılarından birisən – bayaq sadaladığım yollarda ən çox döyülən, söyülən, gözünün altı qaralan və… kimlərinsə gözünün altını qaraldan – mənim kürən qardaşım, sarı Seyranım.

Səni Allah bağışlasın, Seyran, sənin axı, ağzını yaya-yaya “arvadfason” danışanlardan xoşun gəlmir. Mən də ki namxuda, lap onlardan betər başladım bu yazını…

Amma, acıq elədim! Bəli, bizlər — 60-cılar bir-birimizə həm ana, həm ata, həm qardaş, həm də bacı olmalıyıq. Dünya tamam korlanmayıb, iti, pişiyi də aparıb basdırırlar. Bizi də az öncə cümlə (Vidadinin yəqin qulağı çınladı bu son “farsidən”). Olsun ki, bizi axirət məkanına yola salanda bir çoxları ağlayıb-sıtqayacaq. Amma ən isti göz yaşları bizim gözümüzdən süzüləcək və biri-birimizin tabutu altında ən duyğulu, ən kövrək hönkürtülərdən titrəyən, atılıb-düşən bizim çiyinlərimiz olacaq – 60-cıların!

Beləliklə, “Səni axtarıram” şeirinin tarixçəsi haqqında.

1967-ci il idi və biz də Azərbaycan Dövlət Universitetinin 2 nömrəli yataqxanasının sakinləri idik. Sən Şərqşünaslığın fars şöbəsinin, mən Filologiya fakültəsinin Jurnalistika şöbəsinin tələbələri idik. Amma nədənsə hərəmiz bir şöbədən, o şöbələrdəki qrup yoldaşlarımızdan sıyrılıb (sonra mən, Ramiz Rövşən, Sabir Rüstəmxanlı, Rəhim Rəvan, Politexnik institutundansa Dilsuz Mustafayev) möhkəm dostluq edirdik.

Və… sənin növbəti eşq macəranın, onun ucbatından dəfələrlə döyülüb-döydüyün məhəbbət tarixçənin son günü.

Yadımdadır, qış günü idi, qaldığım 97-ci otağa gəldin. Gecə saat 1 olardı. Dedin, “qardaş, bu gün ayrılıq günüdür, istəyirəm sən də gələsən, bir nasir kimi bu tarixi günün şahidi olasan.” 2 saylı oğlanlar yataqxanası ilə qızların qaldığı 3 saylı yataqxana üzbəüz idi və sənin də “ilham pərin” orada yaşayırdı. Nə üçünsə o da özlüyündə rəvac vermişdi ki, bu ayrılığın son akkordları mətbəx pəncərəsindən, gecənin bir aləmində, eləcə lal baxışlarla bir-birinizə baxmaqla tamamlanmalıdı. Onların mətbəx pəncərəsi ilə bizim binanın mərtəbələrarası pilləkənləri üzbəüz idi. Dedin ki, “İntiqam, gəl adama bir qutu kibrit götürüb düşək blokun aşağısına. Mən bir-bir kibritləri yandırıb ona him-cimlə əlvida deyəcəm, sən də baxarsan.” Dedim, “Ay Seyran, məni bu işə qatma e, sevən kim, ayrılan kim? Burda mənim günahım nədir bu qışın soyuğunda? O Leyli, sən Məcnun, özünüz bilərsiz. Allahın ibn Səlamı da deyiləm ki, bu işə qarışım.” Bayırda da tufan at oynadır, blokun pəncərələri qırıq-qırıq və s…

Qayıtdın ki, “İntiqam, ölənlərimizin gorun haqqı, illik-ömürlük səni dindirmərəm, adam oğlusan, sənə bir dəfə işim düşüb. Mövzudur dana, bir hekayə də yazıb qoyarsan qovluğuna. Adını da indidən mən qoyuram: "Yanıb-sönən kibrit dənələri". Sən onu yazarsan, mən də bir şeir. Səhər oxuyarıq biri-birimizə. Lap mətbuata da verərik…”

Beləcə azdırdın qəlbimi, uydum felinə. Qoşulub endik aşağı mərtəbəyə. Soyuq, gecənin bir aləmi, yanıb-sönən kibrit dənələri və mənim anlamadığım əl-qol hərəkətləri, sifət mimikaları, dalbadal boşalıb atılan kibrit qutuları. Saat 2, 3, 4…

Və… ertəsi gün gəldin ki, “nə oldu, bir şey yazmısan?” Qəribədir ki, o gecənin soyuğuna, yorğunluğuna baxmayaraq, mən də nə isə yazmış, adını da “Yanıb-sönən kibrit danələri” qoymuşdum. Sən sevinərək o hekayəciyi bir nəfəsə oxudun və artıq bəyəndiyini bildirdin. Sonra da həmin gecənin təəssüratından doğulmuş təzə şeirini oxudun. Şeir məni elə tutdu ki, elə ilk oxunuşdaca əzbərlədim onu. Tezliklə o yazın universitetimizin qəzetində dərc olundu və onu oxuyanlar şeirin hansı ünvana tuşlandığını dərhal bildilər və indi, 40 ilə yaxındır ki, mənim də dilimin əzbəridir…

Çox-çox illər sonra səni şairliyindən daha çox nasir kimi öydülər, araşdırdılar. Olub da, aşiq gördüyün çağırar, deyiblər. Necə ki, bu yaxınlarda dostumuz, istedadlı ədəbiyyatşünas Vaqif Yusifli “Gözü işığa düşmüş adam: Seyran Səxavət” adlı gözəl, duyğulu yazısıyla bir nasir kimi yaradıcılığına yetərincə, layiq olduğu qiyməti verib.

Amma sən mənim dünyamın məhəbbət şairlərinin safında öndə gedənlərdən birisən. Hələ 17, 18, 19 yaşlarında yazdığın “Sevirəm”, “Bizim arx”, “İlk məhəbbət, son məhəbbət”, “Gizlənpaç”, “Girova axtarıram”, “Töhmət”, “Adalar”, “Yollar – ayaqlar”, “Gəmilər, limanlar”, “Küləklər, dalğalar” kimi onlarla isti şeirinə görə zamanında səni Azərbaycanın Yesenini adlandırır, estradada, xitabət kürsülərində hər “zühurunu” cavanlar, poeziya həvəskarları uzun sürən alqışlarla qarşılayırdılar.

Yadımdadır, ədəbi qeyrətinə, vətəndaş ləyaqətinə heykəl qoyulası Xəlil Rza, özündən neçə yaş kiçik olan Ramiz Rövşənin, Sabir Rüstəmxanlının, Rəhim Rəvanın, sənin şeirlərindən saatlarla söhbət açmaqdan, əzbər söyləməkdən, onları təbliğ eləməkdən həzz alardı. Təmiz qəlbli, böyük insan olan Qasım Qasımzadə mətbuatda sənə nə böyük məhəbbətlə uğurlu yol arzulamışdı!

Qaldı Vaqif Yusiflinin prozan barədə yuxarıda adı çəkilən məqaləsinə, məndən olsaydı o yazıya sənin xasiyyətində, bir insan, bir vətəndaş və… mən bunu cəsarətlə deyirəm, həm də siyasi siqlətə malik vətəndaş kimi fəaliyyət və davranışlarında görüb duyduğum daha bir keyfiyyətini də əlavə edərdim — sənin əsl diplomatlara xas olan yüksək erudisiyanı, sözünün yerini, məqamını və kəsər dərəcəsini bilməyini, xalqı, millətini, dövlətçiliyimizi bütün parametrlərə uyğun olaraq vaxtilə tərcüməçi işlədiyin dövlətlərdə təmsil etmək səriştəni.

Və bütün bu saydığım keyfiyyətlər, sənin ümumiyyətlə, janrından asılı olmayaraq, bütün dövr yaradıcılığından boy göstərməkdədir. Şəxsən  başqalarının (hətta Vaqif Yusiflinin belə) işıqsız, qaranlıq sandığı son illərdəki nəsr yaradıcılığında belə, mən bir genişlik, fəza ənginliyi, təmiz hava bolluğu görüb duymaqdayam. Çünki sənin öz ciyərin təmiz havayla doludur, oradan pis, ovqat korlayan nəfəs hovxura bilməzsən. O halda heç yaşamağına, doğma Füzuliyə qayıtmaq ümidlərinə dayanmaz ki!

Yox, sarı Seyranım! Razılaş mənimlə – bütün məqamlarda sən şairsən. Hərçənd son illərdə daş atıb başını tutursan ki, “mənə şair deməyin”, və hərçənd ki, şair dostumuz Ramiz Rövşən də bir yazısında deyib ki, “Seyran gənclik illərində bizim gözümüzü qorxudan şairlərdən biri idi və bu gün can rahatlığı ilə deyə bilərəm ki, o, biz şairlərin xoşbəxtliyindən şeirdən əl çəkdi və nasirlərin bədbəxtliyindən nəsrə keçdi.”

Amma… mənim şairiminsə şeirlərində (indi yazsa da, yazmasa da) xalq ruhu, Füzuli məhrəmliyi, zəngin şeir formalarımızdan (xüsusilə cinas və təcnislərimizdən) gələn bir sadəlik, oynaqlıq, hazırcavablıq, doğrudan da əsl məhəbbət nuru olmağındandır ki, onları tez əzbərləmək, can dəftərinə yazmaq mümkün olurdu. Necə ki, 1967-ci ildə mənim şahidliyim və iştirakımla qələmə aldığın “Səni axtarıram” şeirin 40 ilə yaxındır dilimdən düşmür.
İndi özünə qaytarıram onu, ey 60 yaşlı gənclik dostum, gör tanış gəlirmi? Bir də yandır kibrit çöplərini, oxu onların işığında öz şeirini.

SƏNİ AXTARIRAM

Baharda dağ idim, başım buludda,
Qış gəldi, dumansız, çənsiz qalmışam.
Başımın üstündə ağlar bulud da,
İndi bu dünyada sənsiz qalmışam.
Səni axtarıram məndən küsəndə,
Dalbadal dediyin “axı”larda mən.
Səni axtarıram Yer kürəsində,
Səni axtarıram yuxularda mən.
Səni axtarıram eşqin səsində,
Qəlbimdə yaşayan bircə an kimi.
Səni axtarıram qış gecəsində,
Qar üstə ağ düymə axtaran kimi.
Kimi düşünürsən sən indi, kimi?
Koramal deyiləm, sürünmərəm mən.
İstəsən ən uzaq bir ulduz kimi,
Heç sənin gözünə görünmərəm mən.
Dağıdıb qəlbimdən qəmi, qüssəni,
Mən sizin şəhərə bir də gəlmərəm.
Dənizdə damcı tək itirdim səni,
Bir də o damcını tapa bilmərəm.

27.02.2006

P.S. Mən bu yazını “525”-in redaksiyasına təqdim etdiyim günün axşamı Seyranla görüşdüm. Onun üçün sürpriz olsun deyə bu barədə heç nə demədim. Çoxdan görmürdük biri-birimizi. Bir də baxdım ki, “kürən Seyran”dan əsər-əlamət nə gəzir! Qarşımda saçının bəyazı kürənini çoxdan yemiş, çalsaç bir kişi dayanmışdı.

Və o “ağsaçlı” mənə şirin-şirin sözlərlə avtoqraf yazdığı “Nekroloq” kitabını bağışladı. O kitabı iki günün içində acgözlüklə oxuyub qurtarandan sonra “Azərbaycan Yesenini”nə daha iki cümlə əlavə etməyi lazım bildim:

“Bu roman özünün ritmi, axarı, təhkiyəsi, dialoqları, hətta göz və qulaq qüvvələriylə polad məntiqə, ayıq vətəndaş – ziyalı təfəkkürünə əsaslanan, vətən, yurd, el yanğısıyla dövlətçiliyimizi qorumaq istəyindən yaranmış, ilk baxışda dağınıq təsiri bağışlasa da, əslində, hazırlıqlı oxucu nəzərində vahid süjet xəttinə, mükəmməl kompozisiya quruluşuna malik, mən deyərdim, Seyranın bir nəfəsə qələmə aldığı növbəti… poetik və nəsr uğurudur və ən fərəh gətirici hal isə budur ki, ədəbiyyatımızda yenidir, bənzərsizdir və dünya ədəbiyyatının öncül nümunələr karvanına qoşulmağa haqqı var.”