adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Aqil ABBAS: XAN QIZININ  TİKDİRDİYİ  ŞUŞA TÜRMƏSİ

AQİL ABBAS
1854 | 2021-09-21 18:00

Oxuyuram ki, belə bir məsələ qaldırıblar, Şuşa türməsi sökülsün. Çox haqlı olaraq deputat Elman Məmmədov buna öz etirazını bildirib və bununla bağlı müəyyən  açıqlamalar da verib.

Çox adam Şuşa türməsinin tarixini  bilmir. Xan qızı Natəvan Şuşaya saxsı borularda su çəkdirmişdi. Bəzən bu su xətti elə yerdən  keçirdi ki,  qayalıq idi, yarmaq  çətin idi, onda Xan qızı hər metrəyə bir  onluq qızıl qoyardı ki,  su çəkənlərə mükafat üçün. Beləliklə, Xan qızı  Şuşaya  su çəkdirdi. Özü də hardan? Kirsdən. Amma bu su Şuşa camaatına  çatmırdı. Onda ikinci su xəttini   çəkdirməyə başladı. Amma axıra  yaxın qardaşı Abbas Xan qızının  var-dövlətini  oğurlayıb  qaçdı və iş yarımçıq qaldı.

Abbas Xan qızının ögey qardaşı idi, ata bir, ana ayrı. Əslində qardaşlar  anadan bir doğulanlardı. Nə isə, bu ayrı söhbətin  mövzusudu.

Sonra başqa əməllərinə görə də Xan qızının  qardaşını  həbs edirlər və Sibirə sürgün etmək istəyirlər. Onda Xan qızı Nikolay padşaha müraciət edir ki, izn ver Şuşada bir türmə  tikim və qardaşım da cəzasını  orda çəksin. İcazə verilir və Xan qızı  Şuşada  bu gün məşhur  olan  həmin  türməni  tikir.

Mən «Dolu» romanında da  bu məsələyə toxunmuşam. Xan qızının qardaşı da  həmin türmədə 15 nömrəli  kamerada  yatır ki, bu da sonradan burjuy  kamerası sayılırdı, gəbəli-xalılı  bir kamera idi.

Bu türmədə yatan bizim ağdamlılar birdən kiməsə  şeşələnəndə  deyirdilər ki,  sən mənlə  danışa bilməzsən,  mən  15 nömrəli  kamerada  yatmışam.

Sözgəlişi. Mənim Dəvəçi dayım da (Hafiz Rüstəmov)  Sovet  hökuməti vaxtı əsgərliyə getməkdən rəsmi boyun  qaçırtdığına görə 3 il iş almışdı  və Ağdamın məşhur  zərgəri Zərgər Mamedlə  2 il o kamerada yatmışdı. Və o kamerada yatdığına  görə  Ağdamda  hörmət  sahibi idi.

İndi Şuşa türməsi bir tarixdir  və tarixi  abidədir. Özü də bir az zindan  formasındadır. Və bu türmə bəlkə  minlərlə   azərbaycanlını  Sibir türmələrində çürüməkdən xilas edib.  Həm  inqilabdan əvvəl, həm də Sovet  hökuməti vaxtı.

28 ildə bu türmədə əsasən ermənilər bizim  əsirləri  saxlayıblar. Nə işgəncələr veriblər – bir Allah bilir, bir  türmənin  divarları. Təbii ki,  bir də işgəncə  verənlər.

Elman Məmmədov bu məsələyə daha düzgün  yanaşıb. Düzdür, o deyir ki, türmə  saxlanılsın və orda  indən belə  erməni  quldurları – bizə  silah qaldıranlar və işgəncə verənlər saxlanılsın.

Mənim  fikrimcə isə, bu türməni  muzey  eləmək olar. Və 30 ildə  ermənilərin  bizim  başımıza açdığı   vəhşiliklər bu muzeydə nümayiş etdirilə bilər. Şuşa onsuz da tezliklə  dünyanın   turizm  mərkəzlərindən  birinə  çevriləcək. Qoy dünyanın  hər yerindən gələn  turistlər o muzeylə  və ermənilərin  bizim  başımıza açdığı  vəhşiliklərlə  tanış olsunlar.

Heç  vaxt yadımdan  çıxmaz. Bir dəfə mən də uşaq idim, dayımla  görüşə  getmişdik. Amma  atam nə qədər  pul təklif eləsə də  görüşə  icazə verilmədi, səbəbini  bilmirəm.

Amma türmənin rəisi  atama dedi ki, Ərimgəldidən  keçəndən  sonra Tar fabrikinə  çatmamış   filan saatda  türməyə  baxın. Dəvəçi  türmənin pəncərəsindən sizə   ağ dəsmalla  əl edəcək. Deyilən yerdə  gəlib  durduq, deyilən  vaxt  deyilən  pəncərədən ağ dəsmalı yelləməyə  başladı.

Və Şuşa türməsi mənim  xatirəmdə belə qalıb. Və hər dəfə  Şuşadan qayıdanda həmin yerdə dayanıb  türməyə  baxardım. Deyirdim  bəlkə kimsə dəsmal salladı.

Şuşada olanda  türməyə  getmədim. İstəmədim  o gözəl  əhval-ruhiyyəni türmə  ab-havası ilə korlayım.

Və inanıram ki,  belə bir  tarixi  binanı  sökməzlər və bir gün  oranı  muzeyə  çevirərlər.

TƏQVİM / ARXİV