adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2025 13:27
134
İQTİSADİYYAT
A- A+

“Əgər bu olmasa, yerli məhsullar bazarda satışını təşkil edə bilməyəcək”

“Monqolustan ölkəmizə gətirilən ətlərin bizim yerli ətlərə təsiri var. Birinci məsələ burda qiymƏt faktorudur. Ətin qiyməti 12 manatadır və bu da birbaşa yerli istehsalçılara təbii ki, onların bazar payına girəcək. Bu onların bazar payının sıxışdırılması deməkdir”. 

Bunu Adalet.az-a açıqlamasında qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov Monqolustandan ölkəmizə gətirilən qoyun ətləri haqda danışarkən deyib. 

O bildirib ki, müştərilərin ucuz ət keyfiyyətsiz ola bilərmi düşüncəsi var, amma ucuz ət həmişə keyfiyyətsiz ola bilməz: 

“Üçüncü məsələ isə məhsulların saxlanılması qaydalarıdır. Bu ətlər Monqolustandan gətirilir və burda soyuq qida zəncirinə normal əməl olunursa, təbii ki, ətin keyfiyyətinə heç bir təsir göstərə bilməz. Həmin məhsullar normativlərə uyğun olaraq təşkil olunursa, artıq burda hər hansısa bir qanun pozuntusundan söhbət gedə bilməz”.

İ.Şirinov bildirib ki, satış yerlərində ətin mənşəyi ilə bağlı məlumatın üstündə olması vacibdir:

“Müştəri ətin yerli və idxal məhsulu olduğunu bilməlidir. O bunu tələb etməlidir. Əgər ət buzlu halda gətirilibsə, yenidən buzlanırsa, şoklanırsa, təbii ki, burda heç bir keyfiyyətdən söhbət gedə bilməz. Bu da ətin rəngində, dadında özünü büruzə verəcək”. 

Mütəxəssisin sözlərinə görə, yerli bazarda müəyyən tədbirlər görülməlidir:

“Burda artıq fermerlərə subsidiyalar verilməlidir, onlara xüsusi şərait yaradılmalıdır ki, insanlar o idxal məhsulu ilə rəqabət apara bilsinlər. Bu rəqabətlə yerli məhsullarımız bazardan sıxışdırılıb çıxarılmasın. Əgər bu olmasa, yerli məhsullar bazarda satışını təşkil edə bilməyəcək”. 

Vasif ƏLİHÜSEYN