adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Sentyabr 2021 11:38
2043
MƏMLƏKƏT
A- A+

Generalın qisasını alan  igid əsgər Cəbrayıl Dövlərzadə - 20

Bilirsiniz niyə şəhidlərimizə “nur üzlüm”- deyə müraciət edirik?  Yox, şəhid olduğu üçün deyil, məncə... Səbəb başqadır. Çünki o şəhid zəhmətkeş ailədə  doğulub,  əlinin qabarı ilə çörək qazanan valideynlərin çörəyi ilə böyüyür, boya –başa çatıb...


Boğazından haram tikə keçmədiyi üçün üzü-siması hələ şəhid olmamışdan çox-çox əvvəl nura boyanır  şəhidlərimizin... Bu gün sizə nur üzlü bir şəhidimizdən danışacağam. Bu gün o nur üzlünün cənnətdə ilk doğum günüdür.


Əslən Zəngilan rayonundan olan Dövlətzadələr ailəsi erməni məkrinin , erməni  işğalının əzabını yaşayan, köçkünlük əziyyətlərini  çəkən bir ailə olub. Doğma torpaqlarından məcbur çıxardılaraq, pərən-pərən düşən ailənin pənah yeri Sumqayıt şəhəri Corat qəsəbəsi  olub. Bu ailə elə məhz bu səbəbdəndə dünyaya gəlmiş övladlarına vətəni sevməyi, onu qorumağı, anaya- bacıya uzanan murdar əlləri kəsməyi öyrədib.

Adalet.az xəbər verir ki, 2001-ci il 11 sentyabrında Dövlətzadələrin evində  Cəbrayıl adlı bir oğul dünyaya gəlir. Uşaq başqalarından seçilmir. 


 Cəbrayıl Dövlətzadə - Adi, sadə bir uşaq...

 


Rəsm çəkir, musiqi bəstələyir, eyni zamanda 9 il cüdo ilə məşğul olur. Hətta idman sahəsində mükafatlara layiq görülür. Cəbrayıl Dövlətzadəni bir çox istiqamətlərdə istedadı olub. O hətta yeniyetmə yaşlarında həvəskar kimi rep də oxuyub

Cəbrayılın özündən başqa bir bacısı və bir qardaşı da var. Az yaşından özünü ailə başçısı kimi aparan igidimiz, zəhmətə də uşaq vaxtından alışıb. 12 yaşından ofisiant işləməyə başlayıb. Tanışları, yaxınları, hər kəs onun haqqında danışanda, fövqəladə birindən söz açırmış kimi ürəklə danışır.Bütün şəhidlərimiz kimi oda zəhmətkeş ailənin, əliqabarlı valideynlərin halal çörəyi ilə böyümüş, hallallığın işığı üzünə vurmuşdu 

 

Qəhrəmanlığa doğru yalnız bir addım

 

 

 Cəbrayıl Dövlətzadə 2019-cu ilin oktyabr ayından Cəlilabadda sərhəd qoşunlarında xidmət edirdi.
Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması 19 yaşlı əsgəri olduqca məyus edir. Həmin gün verdiyi söz yerdə qalan iki aylıq həyatının mayakına çevrilir: Polad Həşimovun qisasını alacam.

Ərizə yazaraq, xüsusi təyinatlı tabora qatılır. 44 günlük müharibə başlanan an könüllü olaraq döyüşə atılır.
Murovdağda düşmən mövqelərinin və xüsusi postlarının ələ keçirilməsi planı həyata keçirilir. Əməliyyatda 11 zabitlə yanaşı 19 yaşlı Cəbrayıl da iştirak edir. Anası müsahibələrindən birində qeyd edir ki, ona verilən məlumata görə Cəbrayıl ən təhlükəli anda zabitlərə səslənərək, onların ailəli olduğunu deyib və geri qayıtmaqlarını xahiş edib.

 

Əslində Cəbrayıl missiyasının astanasında

 

.
Həmyaşıdlarının hələ də həqiqi hərbi xidməti başa çatmayan Cəbrayıl yalın əllə düşmən generalının, polkovnikin üstünə gedəndə yəqin ki, hədəfinə çatdığını yaxşı bilirdi. Onun qarşısındakı düşmən generalı, polkovniki kimliyindən asılı olmayaraq, bu an Polad Həşimovun qatili idi.

Dövlətzadə düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalır. O, bu hücum zamanı öncə erməni generalını öldürür. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əllə boğur.
Anası Məleykə Məmmədzadənin Cəbrayılın döyüş yoldaşılarından aldığı məlumata görə Dövlətzadə həmin əməliyyata tək girib və 11-ə yaxın düşmən hərbçisi öldürüb.

Cəbrayıl əməliyyat zamanı yaralanıb. Lakin yoldaşları onu hadisə yerindən çıxaranda o özündə əli ilə “əla” işarəsi də göstərməyə güc tapıb. Yəqin ki, bu işarə onun istədiyini həyata keçirdiyindən irəli gəlirdi.
Cəmi bir gün döyüşən, son aylar ərzində qurduğu bütün planları bir günə, hətta bir neçə saata həyata keçirən Cəbrayıl Dövlətzadə 2020-ci ilin sentyabrın 28—də çoxlu qan itirdiyi üçün şəhid olur...
O, ailəsini, gənc ömrünü qurban verdiyi idealı, mərhum general Polad Həşimovun yanında, ikinci fəxri xiyabanda dəfn olunur. Ölümündən sonra “Vətən uğrunda” və  "Kəlbəcərin azad olunmasına görə" medalları,  “Azərbaycan Bayrağı” ordeni  ilə təltif edilir...


 Son olaraq, Iqarabağ müharibəsi də, Aprel, Fevral, İyul, və nəhayət II Qarabağ savaşıda göstərdi ki, Azərbaycanın oğulları var olduqca heç bir işğalçı bu torpağın daşına da, qayasına  da yaxın düşə bilməz! Canının vətən üçün sipər edən şəhidlərimizin qarşısında baş əyirik! Qazilərimizə Allahdan can sağlığı arzulayırıq.
 Cəbrayıl Dövlətzadənin ruhu qarşısında baş əyərək deyirik: Nə yaxşı ki doğulmusan, nə yaxşı ki varsan, nə yaxşı ki ruhun hər zaman xalqının başı üstündə olacaq!


 Əntiqə Rəşid