SON DƏQİQƏ:

Ümidin öldüyü yer - Mehman Cavadoğlu yazır 

  1359   |  
Şriftin ölçüsü  

Kabul aeroportunda ard-arda törədilmiş, 13 nəfər ABŞ vətəndaşının, 28 talibançının, ümumiyyərlə, 200-dən çox insanın ölümü, mindən artıq adamın yaralanmasıyla nəticələnmiş iki terror aktı bu cür “sürpriz”lərin adi həyat normasına çevrildiyi Əfqanıstanın özündən daha çox Amerikanın və onun müttəfiqlərinin hərbi- siyasi və diplomatik elitası arasında çaxnaşma yaratdı. Baydenin terror aktından sonra söylədiyi hədə-qorxu dolu “biz unutmayacağıq, biz bağışlamayacağıq, biz onları axtarıb tapacaq və cəzalandıracağıq” sözlərisə, əslində, çarəsiz duruma düşmüş prezidentin vəziyyəti yumşaltmaq, radikal ovqatlı opponentlərini neytrallaşdırmaq yolunda əl atdığı ümidsiz çabalardan başqa bir şey deyildi.

Düzdü, həmin pafoslu açıqlamadan təxminən bir gün sonra ABŞ hərbiçiləri terror aktının məsuliyyətini üzərinə götürmüş İSİD yaraqlılarının mövqelərini PUA-larla vurduqları, heç bir dinc sakinə xətər yetirmədən terroçuları zərərsizləşdirdikləri barədə öz prezidentlərinə raport verdilər. Amma həmin raportdakı əsas tezisin “ehtimal olunur ki, zərərsizləşdirilib” şəklində ifadə olunması məsələni xeyli qəlizləşdirir. Üstəlik, işin canı heç də bir və ya bir neçə terrorçunun məhv edilməsində deyil, Əfqanıstandakı xaosun gələcəkdə hansı istiqamətdə cərəyan edəcəyindədi ki, bir az aşağıda da görəcəyimiz kimi aeoroport terroru məhz həmin perspektivin anonsundan başqa bir şey deyildi.

Hələliksə, Amerikaya qayıdaq. Bu gün ABŞ-ın daxili siyasi həyatında yaşanan təlatümlər Əfqanıstanda baş verənləri kölgədə qoyub. Dünyanın birinci super dövlətinin “qoşunçıxarma əməliyyatı”nda üzləşdiyi biabırçılıq, nizamsızlıq, acizlik hələ uzun illər ekspertlərin dartışdığı əsas mövzu olaraq qalacaq, bu rüsvayçılığa politologiya dərsliklərində xüsusi fəsillər həsr olunacaq.

Bayden prezident kürsüsündə əyləşdikdən sonra danışığında və hərəkətlərində o qədər xoruz buraxdı ki, cəmi bir neçə aydan sonra yaxın ətrafından, tənqidçi mediadan, barışmaz opponentlərdən tutmuş orta statistik Amerika seçicisinə kimi, demək olar, hamının gülüş hədəfinə çevrildi. Zati-alilərinin qocalıq mərəzindən əziyyət çəkdiyini, əqli baxımdan səbatsız, fiziki cəhətdən qeyri-sağlam olduğunu qabardan bəzi rəqibləri hələ “qırxı çıxmamış”, yəni prezidentlik səlahiyyətlərinin yüz günü tamam olmamış impiçment çağırışlarıyla çıxış etməyə başladılar.

Bu impiçment məsələsi ABŞ prezidentlərinin başı üstündən asılımış Damokl qılıncıdı. İndiyə kimi Amerikanın heç bir dövlət başçısı həmin prosedurun qurbanı olmasa da (yalnız R. Nikson 1974-cü ildə təhlükənin real olduğunu görüb könüllü istefa verməyə məcbur olmuşdu), özlərini daim onun xofu altında hiss ediblər. Trampın bütün hakimiyyəti dövründə mütəmadi olaraq ictimai rəyin gündəmini zəbt eləmiş bu həssas mövzu Əfqanıstan böhranı nəticəsində yenidən aktuallaşmağa başladı. İş o yerə çatdı ki, “Vaşinqton Post” qəzeti bu cür çağırışlara “Amerikada daimi impiçmentlər erası başlayıb” şəklində istehzalı münasibət bildirməyə məcbur oldu.

Qoşunların Əfqanıstandan çıxarılması ekspromt əməliyyat deyildi, ABŞ ən azı beş il idi ki, buna hazırlaşırdı. Beş illik hazırlıqdan sonra yaranmış bu cür acınacaqlı mənzərə, yumşaq desək, superdövlət adına qara bir ləkədi. Prezident şahmat taxtası üzərində çuqçuvanq vəziyyətlə üzləşmiş oyunçu kimi başını itirib, çünki istənilən gedişi öz ziyanına işləməyə başlayıb. O hələ də avqustun 31-ə kimi qoşunları, üstəlik, bu illər ərzində ABŞ-a işləmiş əfqanları ölkədən çıxaracağında israr edir. Bu günlərdə xüsusi olaraq əfqan böhranının müzakirəsi üçün toplamış G7 dövlətlərinin vaxtı uzatmaqla bağlı mövqeyinə rəğmən həmin məşum tarixə sayılı günlər və saatlar qaldığı, prosesin o vaxta qədər yekunlaşmayacağının heç kimdə şübhə doğurmadığı bir vaxtda da tutduğunu buraxmaq istəmir. Hərçənd, sentyabrın 1-dən etibarən Kabul aeroportunda hökm sürən vakxanaliyanın daha dəhşətli şəkil alacağına şübhə eləyən bir kimsə yoxdu. Növbəti ayın 1-dən etibarən Taliban

vəziyyəti öz ənənəvi üsullarıyla “nizamlamağa” başlayacaq və... şairin məşhur misrasını perefraz eləsək, ölənlər öləcək, qalanlarsa neyləyəcəklərini bilməyəcəklər.

İndi Amerika Əfqanıstanı iki radikal islamçı təşkilatın – Talibanın və artıq çoxdan özlərinin Xorasan İslam Dövlətini elan eləmiş yerli İSİD-çilərin cənginə buraxıb oranı tərk edir. Ölkədə taliblərin qanına yeriyən xeyli silahlı etnik birləşmələrin də olduğunu nəzərə alsaq, məmləkət yenidən hamının hamıyla müharibəsi erasına qədəm qoyacaq. Çünki hazırda ən mütəşəkkil qüvvə sayılan Talibanın təkbaşına bütün Əfqanıstanı öz nəzarəti altına alacağı mümkün görünmür. Bu gün onun inklüziv hökumət qurmaq təşəbbüsləri də bununla bağlıdı. Hərçənd, belə bir hökuməti formalaşdırmaq cəhdləri reallaşsa belə, onun dayanıqlı olacağı şübhə altındadı. Üstəlik, “inklüziv hökumət” projesində İSİD-in iştirakı məsələsi nə Talibanın, nə də onun özünün marağındadı.

İSİD-çilərlə taliblər oxşar dini-ekstremist cərəyanın təmsilçiləri olsalar da, aralarında çox kəskin ziddiyyətlər var. Bu ziddiyyətlərin uzantısı İSİD-in xələfi sayıla biləcək Əl-Kaidənin (xatırladaq ki, Əbu Bəkr əl-Bağdadinin özü də onun şinelindən çıxmışdı) at oynatdığı vaxtlara gedib çıxır. Taliblər Üsamə bin Ladenin avantürası nəticəsində öz birinci hakimiyyətlərinin devrilməsini hələ də Əl-Kaidəyə və onun xarabalıqları üzərində boy atmış İSİD-ə bağışlaya bilmirlər.

İSİD-dən fərqli olaraq taliblərin hədəfi Əfqanıstan və olsa-olsa Pakistanın puştular yaşayan ərazisindən o yana keçmir. İSİD xilafət istəyir, Taliban əmirliyə qanedi. Ona görə də “islam dövləti” onları ümmətçi yox, millətçi sayır. Taliblər nə qədər ekstremist islamçıdılarsa, ondan daha artıq qatı puştu millətçiləridi və İSİD-in fantastik xilafət arzuları onları maraqlandırmır. Əslində, ərəblərin özlərinin də yaratdıqları bütün radikal dini təşkilatlarının kökündə ərəb millətçiliyi dayanır. Sadəcə, islam sırf ərəb hadisəsi olduğuna görə həmin millətçi ritorikanı onun ehkamları içində ört-basdır eləmək daha asandı.

Taliban-İSİD qarşıdurması sonuncunun siyasi səhnəyə çıxdığı ilk dönəmlərdən başlayıb və getdikcə artan xətt üzrə inkişaf edərək

düşmənçilik səviyyəsinə çatıb. İslam dövləti hələ gəlhagəl vaxtlarında talibləri öz sıralarına qoşulmağa nə qədər təhrik eləsələr, şirnikləndirsələr də buna nail ola bilməyiblər. Tərəflər arasındakı münasibətlər dəfələrlə qanlı toqquşmalarla nəticələnib. Hətta bir ara vəziyyət o dərəcədə kritik həddə çatmışdı ki, Talibanın bundan bərk narahat olan o vaxtkı lideri Əhtar Mənsur Əbu Bəkr əl- Bağdadiyə xüsusi məktubla müraciət eləməyə məcbur olmuşdu. “Amerika işğalçılarına və onların Əfqanıstandakı qullarına qarşı cihad bir bayraq və bir rəhbərlik altında aparılmalıdı” – deyə onu İSİD-in talibləri öz sıralarına cəlb etmək siyasətindən əl çəkməyə çağırmışdı.

Talibanın ikinci yüksəliş dövrü İSİD-in qürubuna təsadüf elədiyi üçün aeroport terrorunu onun hələ də öz mövcudluğunu qoruyub saxladığını nümayiş etdirmək yolunda atdığı ilk addım kimi də qiymətləndirmək olar. Ancaq o bununla kifayətlənməyəcək, silsilə partlayışları davam etdirməklə təkcə mövcudluğunu yox, həm də güc sahibi olduğunu təsdiq eləməyə çalışacaq. Talibana qarşı onun öz sınanmış üsullarıyla – partizan müharibəsi və terror aktlarıyla mübarizə aparacaq ki, bunun da qarşısını almaq hətta böyük dövlətlər üçün həmişə ciddi problem olub. Məsələni qəlizləşdirən ən həssas məqam odu ki, digər rəqiblərdən fərqli olaraq taliblərin onlarla heç nisbi anlaşma ehtimalı da yoxdu.

Bu günlərdə Talibanın sözçüsü Zabiulla Mücahid maraqlı açıqlamayla çıxış edib. O, Qərbi öz vətəndaşlarıyla birlikdə ixtisaslı əfqan mütəxəssislərini də ölkədən çıxarmaqda ittiham eləyib: “Amerika bizim ölkənin daxili işlərinə qarışmamalı, həkimləri, müəllimləri və başqa lazımlı mütəxəssisləri özləriylə aparmamalıdılar. Onlar ABŞ-da qabyuyan, ən yaxşı halda aşpaz işləyəcəklər. Bu, insanlığa sığışmayan bir işdi” – deyə bildirib.

İlk baxışda pozitiv açıqlama təsiri bağışlayır və taliblərin bu dəfə daha yumşaq bir hökumət quracaqlarıyla bağlı əvvəlki bəyanatlarıyla səsləşir. Amma bu bəyanatların nə qədər səmimi olduğunu söyləmək çox çətindi, musiqinin qadağan edilməsiylə bağlı gələn qəttəzə informasiyadan sonrasa, ümumiyyətlə, mümkün deyil. Söhbət həkimlər, müəllimlər, necə deyərlər, mülki mütəxəssislərdən yox, Amerika təlimi görmüş

hərbçilərdən getsəydi yenə də inanmaq mümkün idi. Çünki indi belə mütəxəssislər ABŞ ordusunun qoyub getdiyi 85 milyardlıq silah-sursatın ən azı yarısıyla nə edəcəklərini, necə davranacaqlarını bilməyən taliblər üçün hava-su kimi lazımdı. Həmin kadrların istifadə müddəti bitdikcə isə bir-birinin ardınca “kafir cəsusu” ittihamıyla güllələnəcəyi heç kimdə şübhə doğurmasın.

Bir sözlə, artıq bütün ümilərin dəfn edildiyi bu əzabkeş məmləkət yenidən kütləvi qətllər, edamlar, daşqalaqlar erasına qədəm qoyur. Çətin ki, indi bu qaramatın daha neçə illər sürəcəyini proqnozlaşdırmaq qabiliyyətində olan bir kimsə tapılsın. Bir saatdan sonra başına nə gələcəyini bilməyən, daimi qorxu və səksəkə içində yaşayan, ah-naləsi və harayı heç yerə çatmayan xalq son ümid yeri kimi əllərini göyə açıb allahdan quru kömək də istəyə bilməyəcək. Çünki bütün radikal islam cərəyanlarının aşağı-yuxarı ilham mənbəyi olan İbn Taymiyyə hələ səkkiz əsr bundan əvvəl yaradana bu cür müraciəti küfr hesab eləmişdi.

M. Cavadoğlu

P.S. Son saatlarda gələn xəbərlərə görə ABŞ hərbiçilərinin İSİD-qarşı hava zərbələrində 7-si uşaq olmaqla 12 nəfər dinc sakin həlak olub

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK