adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Nicat NOVRUZOĞLU: Pul veririk ki...

NİCAT NOVRUZOĞLU
17074 | 2021-08-24 15:53

...vaksin olunmayım, amma COVİD pasportu alım.

Yoluxma sayı çoxdandır ki, dörd rəqəmlidi. Ölən sayı isə iki rəqəmli. Azərbaycan üçün hər ikisi böyük rəqəmdi. Belə məqamda  bir televiziya aparıcısı çıxır deyir ki, ay aman, peyvənd olunmayın, vaksin vurduranlar yoluxur. Sonra bir siyasətçi çıxır deyir ki, bu dünyanın əhalisini azaltmaq üçün əvvəlcədən düşünülmüş bir oyundu, vaksin vurdurmayın, qırılacaqsınız. Sonra biri çıxıb deyir ki, peyvənd sonsuzluq yaradır. O birisi yazır ki, iki ildən sonra peyvənd öz mənfi təsirini göstərəcək və s. Bu əsası olmayan, fakta söykənməyən fikirlər işıq sürəti ilə yayılır məmləkətimizə. Çünki insanlar gözləri və qulaqları ilə COVİD-lə bağlı hər bir məlumatı axtarırlar. Səhv və ya düz, fərqi yoxdur, onlar bu məlumatları oxuyurlar və oxumayanlara da çatdırılar. Mahiyyətinə varmadan.

Hökumət isə deyir ki, vaksinləşin. Qorunmağın və mübarizə aparmağın yolu vaksindir.

Dövlət hər kəsə çatacaq qədər vaksin alıb. Və vaksinləşməyənlər üçün müəyyən məhdudiyyətlər tətbiq edir.  Edir ki, məcburiyyətdən vaksinləşsinlər.  

Bəs vətəndaşlar neyləyir? Biri alır, biri isə satır.

Bütün günü kasıbçılığından, maddi sıxıntılarından danışan şəxs 300 manat pul götürüb başlayır özünə  COVİD pasportu axtarır. Yəni yuxarıda qeyd etdiklərimizin təbliğatına uyaraq dövlətə inanmır, əl atır saxtakarlığa. Digər birisi - əyninə ağ xalat geyinib sağlamlığımızın keşiyində durmağa məsul olan isə başlayır pasport satmağa. İynəni, yəni birinci dozanı  vətəndaşa vurmur, boşaldır zibilə.  Sonra isə növbəti zaman yetişəndə yenə eynisi ilə ikinci dozanı da zibilliyə boşaldıb portala qeyd edir ki, artıq filankəsov filankəs vaksinləşdi. Al, bu da sənə COVİD pasportu. O da çıxıb çöldə forslanır ki, alın ha, yana-yana qalın ha, bu, mənim  COVİD pasportumdur.

Bir belə, beş belə, axırı bu “əməliyyat” gedir çatır qandal vuranın qulağına. Gəlib hoqqabazları qandallayıb aparıb basırlar dama.  Camaatın həyatı ilə oynayıb ailəsinə  “çörək” aparanların aqibəti necə olmalıdır ki?

Lakin bunların  birini tuturlar, o birisinə dərs olmur. Öz işindədir. Alır-satır.

Bəs bunlar niyə “stop” eləmir? Çünki onlar cəzadan qorxmurlar.

Məncə bunların qarşısını almaq üçün cəza sisteminə nəzər yetirmək lazımdır. Bu hoqqabazları birbaşa göndərmək lazımdır COVİD üçün ayrılmış xəstəxanalara ki, gedib orda  yaşamaq uğrunda mübarizə aparanlara qulluq eləsinlər. Görsünlər ki, etdikləri cinayətin necə fəsadları var. Bu cinayət ictimai qayda əleyhinə olan cinayətdir. Ona görə də əvvəlcə onlara bu cür cəza tətbiq edilməlidir. Ən azı istintaq dövründə. Sonra isə cinayətlərinə hüquqi qiymət verilə bilər.

TƏQVİM / ARXİV