Faiq QİSMƏTOĞLU: Qardaşım Qürbətə oxşayırdı

FAİQ QİSMƏTOĞLU
58029 | 2021-08-04 11:34

Mənim çox dostlarım, yoldaşlarım olub. Və onların da hərəsi bir cür xatirimdə qalıb. Xatirimdə qalanlardan biri də tələbə dostum və uzun illər yoldaşlıq elədiyim, çörək kəsdiyim, ürək sirrimi bölüşdüyüm Rafiq Hacıyevdir. Və Rafiq Hacıyev heç bir dostuma, yoldaşıma bənzəmirdi. Tamamilə başqa bir dünyanın, başqa bir aləmin adamıydı. Bunu nəyə görə deyirəm?! Ona görə deyirəm ki, o, harda olurdusa, harda yaşayırdısa, harda oxuyurdusa, harda işləyirdisə, özünün qeyri-adi xüsusiyyəti və səmimiyyəti ilə seçilirdi.

Mən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini 1979-cu ildə bitirmişəm. Rafiq isə 1980-ci ildə universiteti qurtarıb. Yəni, məndən bir kurs aşağıda təhsil alırdı. Özü də yeganə tələbə idi ki, oxuya-oxuya ölkənin ən nüfuzlu və hörmətli qəzeti «Kommunist»də işləyirdi. Heç universiteti bitirənlər Mərkəzi Komitənin orqanı olan bu qəzetdə korrektor işinə düzələ bilmirdi. Amma Rafiq Hacıyevin istedadı, zəhməti və ən nəhayət fərqli bir dünyagörüşə malik olması onu bu nüfuzlu qəzetə gətirmişdi. Orda da Rafiq bir daha necə qəzetçi olmağını, necə jurnalist olmağını və necə publisist olmağını sübut elədi.

Azərbaycan mətbuatında məsul katiblikdə işləmək elə də asan məsələ deyildi. Çünki məsul katib qəzetin həm də görən gözü, düşünən beyni, danışan dili idi. Bütün materialların yerləşdirilməsi və təqdimatı məsul katibin istedadından, peşəkarlığından asılı idi. Rafiq Hacıyev həm jurnalist, həm publisist, həm də məsul katibliyin əməkdaşı kimi çox böyük yeniliklərə, çox böyük orijinallığa imza atıb. Və uzun müddətdə bu istedadına görə məlum mətbuat orqanında şərəf və namusla, vicdanla öz vəzifə borcunu yerinə yetirib.

Hətta onu qeyri-adi istedadına görə Mərkəzi Komitənin xətti ilə 3 aylıq Laçında çıxan qəzetin nəşrə hazırlamağı və tərtibat işlərini görməyi həvalə ediblər. O, bu vəzifəni də çox böyük peşəkarlıqla, çox böyük zəhmətlə icra edib. Özü də deyirdi ki, mən orda bu vəzifəni icra edəndə, bir adamla oturub-durmurdum. Qonaq otağında qalır, orda çörək yeyir və orda da istirahət edirdim. Və o 3 ayda Rafiq həmin rayon qəzetinin respublikanın ən nüfuzlu mətbuat orqanlarından birinə çevirib. Buna görə də hətta Mərkəzi Komitənin təşəkkürünü də alıb.

Ötən il Rafiq Hacıyevin 65 illiyi media mərkəzində qeyd ediləndə filologiya elmləri doktoru, professor, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı dedi ki, Rafiq səhv eləyib mətbuata, jurnalistika aləminə gəlib. Çünki ona nə «Əməkdar jurnalist» fəxri adı verildi, nə də jurnalistlərin binasından ev aldı. Amma Rafiqin çox gözəl muğam səsi var. Biz tələbəlikdə onunla universitetin yataqxanasında bir yerdə qalmışıq. O qədər kartoşka qızartması yemişik ki, hələ də dadı damağımızdan getmir. Sözümün canı odur ki, əgər Rafiq musiqi arxasınca getsəydi, ifaçılıqla məşğul olsaydı, indi xalq artisti idi. Rafiq haqqında çox böyük ədalətsizlik olub. Və bir daha mən dost olaraq düşünürəm ki, o, nə vaxtsa öz halal haqqını alacaq.

Məhərrəm Qasımlı, Rafiq Hacıyev halal haqqını almadan bu dünyadan köçdü. Amma namuslu, şərəfli və vicdanlı bir ömür yaşadı. Yaşadığı bu zaman kəsiyində bir adamın haqqına belə girmədi. Bir qarışqanı tapdalamadı. Onun o qədər böyük ürəyi, yumşaq qəlbi vardı ki, bir hadisə olan kimi o dəqiqə bu böyük ürək, yumşaq qəlb titrəyirdi. Çünki Rafiq nəinki insanın qəlbinə dəyməz, hətta bir yaşıl yarpağı, bir gülü öz budağından, kolundan qoparmazdı.

...Tez-tez bizim redaksiyaya gəlirdi və tez-tez də mənimlə telefon əlaqəsi yaradırdı. Deyirdi ki, sən haçan ordasan, o vaxt gələcəm. Mən də redaksiyada olanda bir də görürdüm əlində çanta, bizim otağa gəlir və biz iki qardaş aşağı düşüb bufetdə çay içərdik. Ölümündən bir neçə gün əvvəl yenə mənə zəng elədi. Dedi, sabah gələcəm. Elə gəldi də. Dəhlizlə hərəkət edəndə gördüm ki, Rafiq bizim otaqdan çıxır. O dəqiqə əlimi havada yellədim və «gəlirəm» - dedim. Görüşdük, hal-əhval tutduq. Dedi ki, düşək 1-ci mərtəbəyə. Bir stəkan çay içək və 1-ci mərtəbəyə düşdük. Dostumuz  Anar bir çaynik çay gətirib masanın üstünə qoydu. Elə pulu vermək istəyirdim, bir də gördüm Rafiq bir şax manatı Anara uzatdı. Onu da deyim ki, heç vaxt imkan vermədi ki, onun yanındakılar və mən heç olmasa bir dəfə çayın pulunu verək. Elə ki, çay içirdik, çayniki gətirən kimi hamımızı qabaqlayıb şax bir manatı çayçıya verərdi. Və sonra da oturub çay süfrəsi arxasında ürəyimizi boşaldar, sıxıntılarımızı yada salar və bir anlıq da olsa, kədərimizi, sevincimizi bölüşərdik.

Rafiq eynən mənim rəhmətlik böyük qardaşım Qürbətə bənzəyirdi. Onun kimi görünüşü vardı, onun kimi yeriyərdi və onun kimi də qeyri-adi mərd hərəkətlər edərdi. Bircə gözlərində fərq vardı. Mənim qardaşımın gözü qara idi, onun gözü isə göy idi. Və bu göy gözlərdə həmişə heç kimin duya bilmədiyi, heç kimin hiss etmədiyi bir kədəri hiss edirdim, duyurdum. Çünki Rafiq ömrü boyu çox çətin anlar, günlər yaşayıb. Öz gücünə universitetə qəbul olub və öz gücünə də gəlib jurnalistikanın ən yüksək zirvəsinə çatıb.

...Onun nə arxalı əmisi olub, nə dayısı olub, nə də elə bir adamı. Amma əmililərdən də, dayılılardan da çox böyük uğurlar əldə edib. Hamısını öz zəhməti ilə, alın təri ilə qazanıb. Bəlkə də Azərbaycan mətbuat tarixində Rafiq Hacıyev nadir jurnalistlərdəndir ki, qəzet tərtibini, maket işini və məsul katibliyini çoxlarından yaxşı bacarıb. Yəni bu işi beş barmağı kimi bilib. Həmişə də öz redaktorlarından, xüsusən Rəfael Nağıyevdən və Vaqif Bəhmənlidən çox razılıq edib. Deyirdi ki, hər iki jurnalist mənim müəllimim olub. Hər ikisindən həm jurnalistikanı, həm publisistikanı, həm də peşəkarlığı öyrənmişəm. Vaqif Bəhmənli ilə işləmək mənə çox ləzzət edirdi. Eyni zamanda Loğman Rəşidzadə kimi bir publisist və jurnalist ilə yoldaşlıq eləmək, bir yerdə işləmək çox gözəl anlar idi.

...Yenə ölümündən bir neçə gün əvvəl mənə zəng eləmişdi. Amma həyətdə olduğuma görə telefon yanımda deyildi.   Evə qayıdanda gördüm ki, mənə zəng çalıb. Özü də onun bir neçə nömrəsi vardı və o bir neçə nömrədən də mənə zəng edərdi. Nömrəni görən kimi zəng vurdum, söndürüb yenidən özü mənə zəng çaldı. Bir az dərdləşdik. Bir çox tanınmış jurnalistlərin mənzillə bağlı prezidentə müraciətindən çox narahat olduğunu dedi. Mən də təsəlli verdim ki, bir az səbirli ol, onların müraciəti Quran ayəsi deyil. Hər şey cənab prezidentin istəyindən asılı olacaq və sənin kimi jurnalistlər də gec-tez öz halal haqqını alacaq. Deyəsən, bu sözlərim onu bir qədər sakitləşdirdi. Amma sabahısı gün eşitdim ki, dostumuz və qardaşımız Rafiq Hacıyev Allahın dərgahına qovuşub. O sağlığında halal haqqını ala bilmədi. Amma mən inanıram ki, bu dünyada vicdanlı və ədalətli adamlar çoxdur. Əgər jurnalistlərə ev paylanarsa, onun halal haqqını ailəsinə, balalarına qaytarmaq lazımdır. Cənab Prezident bu xalq, bu dövlət və bu millət üçün çalışan jurnalistləri həmişə qiymətləndirib. Və inanıram ki, bir gün onun da zəhməti qiymətləndiriləcək və ailəsi sevindiriləcək.

Onun hər gün görüşdüyü, çay içdiyi dostları, qələm yoldaşları var; Sabir Hüseynov, Ağacəfər Həsənli, Allahverdi Eminov, Əbülfət Mədətoğlu və adını çəkə bilmədiyim digər yazarlar. İnanın, Rafiqin dünyasını dəyişməyi Azərbaycanın tanınmış ziyalılarının hamısını kədərləndirib. Və düşünürəm ki, Rafiqin ən böyük mükafatını Allah verib. Çünki onun yeri cənnətdir. Onun ən yaxın dostlarından olan professor Məhərrəm Qasımlı deyir ki, mən son bir ayda iki yaxın dostumu itirmişəm - biri elmlər doktoru, professor Məhəmmədəli Mustafanı, biri də böyük jurnalist və ziyalı Rafiq Hacıyevi. Rafiq ölümündən bir neçə gün əvvəl Aşıqlar Birliyinə gəlmişdi və yeni çapdan çıxmış kitabını mənə hədiyyə gətirmişdi. Bizim tələbəlik vaxtından çox səmimi zarafatlarımız var. Dedi ki, ay Məhərrəm, 70 yaşında mənim yubileyimin aparıcısı sən olarsan, əgər gəlməsən, özün bilirsən də... Mən də dedim ki, ürəyini buz kimi saxla. Sənin 70 yaşında aparıcılıq da edəcəm, hələ bir zarafat var, onu da. Hər ikimiz o ki var güldük. Sonra ayağa qalxıb, öpüşüb-görüşdü və çıxıb getdi. Mənim ölümünə inanmadığım bir neçə böyük insan var. Onlardan biri də tələbə dostum, böyük publisist və jurnalist Rafiq Hacıyevdir.

...Yazını nikbin notlarla tamamlamaq istəyirəm. Çünki Rafiq Hacıyev heç vaxt kədərə, həsrətə baş əyən insan deyildi. O, həmişə gələcəyə, sabaha çox böyük ümidlə baxardı və deyərdi ki, bir gün gələcək, mənim kimi yetim-yesir jurnalistlərin hamısı sevinəcək. Bundan gözəl arzu nə ola bilər. Rafiqin özü sevinməsə də, qoy onun gələcəkdə ailəsi, balaları və ruhu sevinsin...

...Və bizim də yaddaşımızda, qəlbimizdə Rafiq elə həmin nikbin, ümidli və Allaha sığınan, pənah aparan jurnalist kimi qalıb. Çünki Rafiq Hacıyev kimi böyük ziyalılar, böyük jurnalistlər yeni bir tarix yazdığı kimi Allahın dərgahında da çox rahat və çox sakit yaşayırlar. Ən azından ona görə ki, o, heç vaxt balalarına haram tikə yedirtməyib və Allahın dərgahına haqq yeyən kimi yox, haqqı yeyilən kimi dönüb. Ruhun şad, məkanın cənnət olsun, qardaş!

TƏQVİM / ARXİV