adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Haqqa girmək...

FAİQ QİSMƏTOĞLU
64885 | 2021-07-30 12:35

Böyük günahdır

 

Müqəddəs kitabımız olan «Qurani-Kərim»də buyurulur ki, siz mənim yanıma qayıdanda haqq yeyən kimi qayıtmayın. Çünki onun günahı çox böyükdür. Göründüyü kimi, hətta  «Qurani-Kərim»də kiminsə haqqına girilməsi və o haqqın yeyilməsi böyük günahlardan sayılır. Biz də ömrümüz boyu böyük günahlar içində çabalamışıq. Elə bil bir qədər yanıldım, böyük günaha batmayan və sağlığında Allaha qovuşan təmiz, mələk sifətli insanlar da az deyil. Bu mələk sifətli adamların üzünədir ki, hələ dünyamız dağılmayıb və aləm bir-birinə qarışmayıb.

Nəyə görə bu məsələdən başladım?! Bugünlərdə ölkənin çox tanınmış və nüfuzlu media nümayəndələri cənab Prezidenti İlham Əliyevə müraciət edib ki, jurnalistlər üçün tikilmiş üçüncü binadakı mənzillər şəhid ailələrinə və qazilərə verilsin. Əlbəttə, şəhidlər və qazilər bizim and yerimizdir. Onlara evimiz də, eşiyimiz də, canımız da, var-dövlətimiz də qurbandır. Elə mənim özümün birinci və ikinci Qarabağ savaşlarında neçə-neçə  şəhid qohumlarım olub. Hər gün onların ruhuna dualar oxuyuram və Allaha yalvarıram ki, onları öz dərgahında, cənnətində saxlasın. Və şəhidlər də sorğu-sualsız Allahın dərgahına, cənnətə düşürlər. İkinci Qarabağ savaşında üç minə yaxın şəhidimiz olub. Bayaq dedim axı. Onların hər birini nəinki özləri, hətta ataları, anaları və övladları bizim üçün çox əzizdir. Ən azından ona görə ki, onlar bizim and yerimizdir və 30 il işğal altında olan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzü bərpa ediblər.

Həmin müraciətdə ölkənin nüfuzlu media nümayəndələri, redaktorlar və digər səlahiyyətli şəxslər bir daha həmin mənzillərin şəhid ailələrinə verilməsini xahiş edirlər. Cənab prezident həmişə şəhid ailələrinin xatirəsini əziz tutub, həm şəhidlərin, həm də qazilərin evlə, avtomobillə təmin edib. Bəlkə də dünyanın heç bir ölkəsində bizdə olduğu qədər şəhidlərə dövlət başçısı tərəfindən belə qayğı və diqqət yoxdur. Bunu xalq da bilir, şəhid ailələri də görür və eyni zamanda milyonlarla insanlar da hiss eləyir.

Heç kim deyə bilməz ki, şəhid ailələri və qazilər diqqətdən kənarda qalmalıdır. Mən inanmıram ki, kimsə bunu desin və hadisələrə soyuq münasibət bəsləsin. Bu müraciətə imza atan neçə-neçə tanınmışlar var ki, onların bir-iki yox, neçə-neçə mənzilləri, evləri var. Əgər həmin tanınmışlar yaşamadıqları o evlərdən birini şəhid ailələrinə, yaxud qazilərə hədiyyə etsəydi, bu olardı çox böyük bir yenilik. Amma bunu etməyə ürək, mərdlik və bir də şəhid sevgisi lazımdır. Başqasına veriləcək mənzilləri və haqqı olan insanların adından danışmağa heç kimin səlahiyyəti çatmır. Əgər üçüncü binadakı evlər jurnalistlərə paylansaydı və onlar da bu təşəbbüslə çıxış etsəydi, bu, başqa bir məsələ. Bu olardı çox ədalətli və vicdanlı bir addım.

Onsuz da birinci və ikinci binada mənzillərin paylanması zamanı çox böyük haqsızlıqlar və ədalətsizliklər olub. 50 il, 60 ilin jurnalisti qalıb kənarda, 3 il mətbuatda işləyən və adı hansısa qəzetdə qeyd edilən şəxsə ev veriblər. Hələ üstəlik, hansısa redaktorun katibəsi, sürücüsü, nəbilim tay nəyi o evlərdən çox asanlıqla əldə etməyi bacarıblar. Deyirlər, indiyə qədər jurnalistlərə 500 ev verilib. Görəsən, o 500 evdən hansı əsl jurnalistə və ictimai rəydə nüfuzu olan, imzası tanınan yazarlara verilib?! Bu cür jurnalistlər 5-10 nəfər ola, ya olmaya. Heç kimin xətrinə dəyməsin, Azərbaycan mətbuatı, dövləti, dövlətçiliyi yolunda canını qoyan birinci və ikinci Qarabağ savaşında qələmini süngüyə çevirən, maarifçilik ideyalarını təbliğ edən jurnalist adını və şərəfini qoruyanlar qalıb kənarda, imzası və hətta peşəkar jurnalistlərin tanımadığı adamlar o binalardan ev alıb. Məgər bu ədalətdirmi?

Mənzillərin  bölünməsi zamanı qanunsuzluqlara yol verilməsi ilə əlaqədar olaraq hüquq-mühafizə orqanları çoxlu nöqsanlar aşkar edib. Həmin mənzillər qanunsuz yolla ev alanların əlindən alınmalı və bu mənzillər şəhid ailələrinə verilməlidir. Bax, belə olarsa, bu olar ədalətli addım. Eyni zamanda birinci və ikinci binalarda müxtəlif nazirliklərin və komitələrin mətbuat xidmətlərinə mənzillər verilib. Heç bu da ədalətli addım deyil. Qoy bu həmin mənzillər də alınıb şəhid və qazi ailələrinə verilsin.

50 il, 60 il Azərbaycan mətbuatında külüng vuran, saç ağardan, ömrünü  yazı-pozuya, jurnalistikaya həsr edən yazarlar bu müraciətdən çox narahat olublar. Çünki onlar uzun illərdir ki, mənzil növbəsində dayanıb həmin günü gözləyirlər. İndi isə bizim bir çox həmkarlar cənab prezidentə müraciət edib ki, bu mənzillər şəhid və qazi ailələrinə verilsin. Hörmətli həmkarlarım, sizin xəbəriniz var, həmin ev gözləyənlərin neçəsi ağır xəstəliyə düçar olub, neçəsinin həyat yoldaşı və övladı sağalmaz xəstəliklə mücadilə edir və neçəsi də mənzil şəraiti olmadığına görə oğlanlarını evləndirə bilmir.

Ev növbəsi gözləyən jurnalistlərin çoxu Azərbaycan mətbuat tarixində namus və şərəflə yaşamış, ömrü boyu kimdənsə heç nə ummayan, öz halal əmək haqqısı ilə yaşayan insanlardır. Heç 1-2 ildən sonra onlar bəlkə də bu dünyada olmayacaq. Bu jurnalistlər həm həyatın haqsızlığı ilə döyüşür, həm də ehtiyacla mücadilə edir. Mənim tanıdığım çox istedadlı və zəhmətkeş bir jurnalist var  - Rafiq Hacıyev! O, yeganə jurnalistlərdəndir ki, tələbə olanda «Kommunist»  qəzetində işləyirdi. Hansı ki, «Kommunist»də  korrektor olmaq istəyən çox istedadlı jurnalistlər vardı. Çünki «Kommunist» qəzetində işləmək çox böyük bir uğur və şərəf idi. Qəzet tərtibini və jurnalistikanı beş barmağı kimi bilən Rafiq Hacıyev düz 50 ilə yaxındır ki, Azərbaycan mətbuatında namus və şərəflə xidmət edib. Bu adamın ev şəraiti elə gündədir ki, orda artıq yaşamaq mümkün deyil. İndi Rafiq Hacıyev kimi çətin və mürəkkəb şəraitdə yaşayan istedadlı jurnalistlərin haqqını başqasına vermək nə dərəcədə ədalətlidir?

Cənab prezident İlham Əliyev qədər yer üzündə ədalətli, xalqını və millətini sevən, səmimi prezident  mən tanımıram. Çünki cənab prezident dəfələrlə çıxışlarında bir fikri xüsusilə səsləndirib ki, mən hər bir azərbaycanlının prezidentiyəm. Və onu da qeyd edək ki, möhtərəm prezident heç vaxt haqqı nahaqqa verməyib və həmin binanı da inşa edilməsi üçün sərəncam veriləndə qeyd olunur ki, bu mənzillər jurnalistlər üçün tikilir. Belə bir durumda təbii ki, haqlı və ədalətli olmaq Allaha yaxın olmaqdır və Azərbaycan prezidenti də hər zaman, hər vaxt Allaha yaxın olan müdrik, uzaqgörən bir siyasətçidir.

Vallah, elə jurnalistlər var ki, heç vaxt öz vəzifə borclarını yerinə yetirəndə nə ev haqqında fikirləşiblər, nə medal, nə də başqa şeylər barəsində. Onları düşündürən dövlət olub, millət olub və vətən olub. Vətən uğrunda xidməti olan hər bir insanı, hər bir ziyalını, hər bir şəhidi və hər bir jurnalisti qiymətləndirməkdən gözəl bir hədiyyə olmaz. Mən inanıram ki, möhtərəm prezidentimiz cənab İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə həm şəhid ailələrini sevindirəcək, həm də jurnalistləri. Allah cənab prezidenti, bu xalqı, bu dövləti qorusun!

P.S İstedadlı yazıçı-jurnalist dostumuz və qardaşımız Rafiq Hacıyev Allahın dərgahına qovuşdu. Bu dünyada nə "Əməkdar jurnalist" adını ala bildi, nə də jurnalistlərin binasından ona ev verildi. Qoy Allah ona öz mükafatını versin. Bilirik ki, Rafiqin yeri cənnətdir. Çünki göz yaşı kimi təmiz, bulaq suyu kimi saf idi.                                                    

TƏQVİM / ARXİV