adalet.az header logo
  • Bakı -°C
13 Oktyabr 2026 10:52
74
ƏDƏBİYYAT
A- A+

DİVARDAKI ŞƏKİLLƏR - Salatın Əhmədli yazır

On altı il idi ki, vətəndən uzaqlarda idim. Kiçik qardaşımın toyunu axır ki, görmək mənə nəsib oldu. Rəşad- böyük qardaşım 6 il idi ki, evli idi. Nə gəlini görmüşdüm, nə dünyaya gələn Səmrayla Çinarə adlı qızlarını. Onlar üçün xeyli hədiyyələr almışdım. Anam bir dəfə neçə il əvvəl xəstələnəndə Moskvaya, yanımıza gəldi. Qardaşım qatarla yola salmışdı. 15 gündən artıq qalmadı, geri döndü. Anamla vatsapla görüşərdik, tez-tez dərdləşərdik, mən evin yeganə qızıydım, anam xatirimdədir, yanımda olanda mənimlə nəfəs alardı, bir gün ayrı qala bilməzdik. Amma həyat elə gətirdi ki, illərlə ayrı düşdük. Evimiz üçün burnumun ucu göynəyərdi. Qısılardım içimə. Mehman mənə qarşı sərt olmasa da, az danışan qaradinməz adam idi. Uşaqlıqdan əmisi böyütmüşdü. Övladı olmadığından onu əmisinə vermişdilər. Onun xarakterində qəribə, mənə bir az yad, soyuq olan çox şeylər vardı, içindən keçəni heç mənimlə bölüşməzdi. Mən isə ona evimiz, kəndimiz üçün necə darıxdığımdan imkan düşən kimi söz açardım, dalğın-dalğın üzümə baxardı, onu söhbətlərimlə təngə gətirəndə, “boş ver, əl çək uşaqlıqdan, yekə qızsan, qadınsan,” – deyirdi. Uşaqlıq haqqında sonralar hiss etməyə başladım ki, nə danışmağı sevir, nə də mən danışanda dinləməyi. Artıq öyrəşmişdim, əvvəllər inciyirdim, sonralar alışdım.

Qəfil işlərində gərginlik yarandı. Bakıda yaşayan dostuyla nə danışdı, nə danışmadı bilmirəm – planlarından evdə danışmağı sevməzdi – bir axşam, işdən gələn kimi dediyi ilk söz bu oldu:

- Gedirik burdan.

- Hara gedirik?

- Bakıya, Azərbaycana.

- Zarafat edirsən?

- Nə zarafat? Ciddi sözümdür!

- Birdən-birə... – çaşqın-çaşqın ona baxırdım.

 Baxışlarını üzərimdə hiss etdiyimi duydu:

- Çox vətən, vətən dedin, budur, işlərimiz alınmır. Qalmağın da mənası yoxdur. Camal zavodda mənə iş təklif edir.

- Camalın nə vəzifəsi var ki?

- Zavodun baş mühəndisidir, deyir sənin kimi mütəxəssislərə ehtiyac var.

- Harda yaşayacağıq? Bakıda ev yox, eşik yox.

-Bir müddət kirayədə qalarıq, sonrasına baxarıq.

- Burda evimiz var...

- Mustafaya etibarnamə verəcəyəm, satıb pulumu göndərəcək.

İçimdə vətənə dönməyə sevinsəm də, Mehmanın altı kölgələnmiş yorğun baxışlarına baxıb sevincimi büruzə verməməyə çalışmağa çalışırdım...

Budur, artıq biletlərimizi almışdıq və yola düşürdük. Mənim bütün hərəkətlərimdən Mehman sezirdi ki, mən bu köçdən çox məmnunam...

                                              ***

Mehman bizi kəndə apardı. Məni oğlum Ruslanla kənddə, anamgildə qoyub iki gün sonra Bakıya qayıtdı. Mənim anamla görüşüm Mehmana pis təsir eləmişdi. Ana-bala qucaqlaşıb uzun müddət elə qaldıq. Qardaşımın Səması ətəyimi dartışdıranda özümə gəldim.

- Bibi, mənə nə almısan, hədiyyələrimi ver.

Səmanın səsinə anamın qolları arasından çıxıb ətrafa baxdım. Səmanın baxışları üzümə deyil, yanımızdakı çamadanlara dikilmişdi. Əyildim, onu qucaqlayıb bağrıma basdım... O gün Səma qucağımdan düşmədi.

Mehman gedəndən həyətimizi, doğma evimizi gəzdim, altı il əvvəl qoyub getdiyim ata evimizdə, həyətimizdə xeyli dəyişikliklər olmuşdu. Həyətin yuxarı hissəsində yayda oturduğumuz talvarı söküb yerində geniş, iri bir yay evi tikmişdilər. Ətrafına qardaşım Rəşadın yoldaşı Rüzgarın xeyli çiçək əkmişdi. Göz oxşayan gözəlliklər içimi rahatlayırdı.

Evin içini də təmir elətdirmişdilər. Mənim anamla yatdığım otağın günbatana sarı divarənda pəncərə açılmışdı. Mən evdə olarkən divardan atamın, anamın, bizim uşaq­lıq şəkillərimiz ramkalara salınıb asılmışdı. Ev təmir olmasa da, mən şəkillər üçün darıxmışdım. Anam yatağının yanındakı kresloda oturub köynəyinin düyməsini tikirdi. Mən uşaqlıq illərimizi, olub-keçənləri anama yenidən xatırladırdım. Anam mənim gəlişimə xeyli sevinmişdi. Bunu hiss edirdim.

- Bir az qalarsınız burda.

- Hə, Mehman kirayə ev tutana qədər.

- Tələsdirmə onu, işlərini sahmana salsın.

- Hə, əlbəttə, mən də darıxmışam buralar üçün, evimiz üçün - divarlarda gözüm gəzdi. - Təzə təmir eləmisiniz?

- Üç il olar.

- Üç il? Amma təzə görünür.

- Aboylar işıqlıdır, ona görə elə görünür.

- Yaxşı təmir ediblər. O pəncərəni də yaxşı eləmisiz, açdırmısız.

- Son illər havalar çox isti keçir. Sərin olsun deyə açdıq, amma qışda bir az soyuq olur. Olsun, istiyə dözümüm yoxdur.

- Ana, hər gün evimizi xatırlayırdım. - Mən yenə boş divarlara baxdım...- Niyə şəkilləri yerinə vurmamısınız? - Anam işində idi, sanki məni eşitmirdi.

- Şəkilləri deyirəm, bizim ailəvi şəkillərimizi. Babamla nənəmin, atamın, Yunusun, sənin, hanı o şəkillər...

Anam gecdən-gec dilləndi:

- Harda olasıdır, evdə...

- Niyə yerindən asmırsan?

- Asarıq, asarıq... Yığıb qoymuşam köhnə damdadır, sandıqdadır, ramkaların şüşəsi qırılmasın deyə... - səsi qırıldı.

- Gətirib, asarıq!

- Hə, hə asarıq... – Anam iynəni sapın üstünə düyünləyib qalxdı.

                                       

                                                        ***

Gecə Ruslanı yanımda yatırdım. Anamla bir otaqda yatmışdıq.

Anam: -Üstünü yaxşı ört, havasını dəyişib, soyuqlayar.- Bir yorğan da gətirib yanıma qoydu – Sənin yorğanındır, yadındamı? Hanı mənim buta yorğanım deyib ağladığın yadındamı? – Üzündə qəribə bir təbəssüm vardı.

- Heç unudaram? Nabat mamam aparıbmış, yusun, yenidən sırısın.

- Hə, hə, sən də ki, dəlinin biri idin. Butalı yorğanın üzü tamam saralmışdı, dedim, Nabata ki, apar onun yununu çıxart, yu, təzə üzlüyə sırıyarıq.

- Mən də aləmi qatdım. Hə, hə dedim, qaytar yorğanımı. - şaqqanaq çəkdim.

Anamın da dodaqları qaçdı:

- Dəliydin, mənim butalı yorğanımı söksən, aləmi dağıdaram dedin.

- Dağıtdım da – güldüm... – İllər keçib.

- Hə, keçib...

- Yorğana dəyməmisən?

- Dəyə bilmədim, qoxunu ondan alırdım, nə yaxşı ki, dəyməmişəm.

- Ana, mənim qızım olsa, onu heç gözümdən uzağa buraxmazdım...

- Qızım seçimini eləmişdi, könlünü qapdırmışdı, çarəm nəydi...

- Hər halda yoldan çıxara bilərdin, – güldüm.

- Sevda atla gələndə yəhərsiz də çapırsınız.

- Sonra da peşman oluruq.

- Niyə peşmansan? Mehman pis uşaq deyil. – anam nigaran-nigaran üzümə baxdı.

- Yox, yox, o mənada yox, qərib ölkə.

- Hə, qərib ölkə, əlbəttə, qəriblik pis şeydir.

- Darıxırdım evimiz üçün. Gecələr pəncərədən içəri düşən çöl damının işığında o qədər bu divardan asılmış şəkillərimizi xatırlayıb, onlarla danışırdım ki... O günləri o qədər gözləmişəm ki...

- Mən də... – anamın səsindəki qəhəri duydum.

- Yaxşı, gecə keçir, yataq, bax, səhər birinci işimiz o şəkilləri divardan asmaq olacaq. O gözəl günlərin yadigarlarını...

- Çardaqdadır...

- Olsun, səhər düşürüb asarıq.

- Yat, gecə keçir.

- Dəhlizdə də atamın şəkli vardı. Aşıq Ədalətlə. Onu da yəqin...

- O da orda olacaq.

- Sandıqda saxlamaq olmaz onları. Onlar bizi gözəl keçmişimizlə birləşdirən yadigarlardır.

- Hə, hə, nə deyirəm ki...

Anamın səsi yorğun gəlirdi, anladım ki, günümüz çox ağır keçib, arvad yaşlaşıb, dincəl­məyə ehtiyacı var. Daha heç nə danışmadım. Ruslanı bağrıma basıb başımı balınca qoydum...

Bir ay kənddə qaldıq. Gələn-gedən çox olurdu. Gündüzlər başımız qarışırdı. Axşamlar o şəkilləri unutduğum üçün özümü danlayırdım, hətta anama gileylənirdim. Anam bütün gileylərimi susaraq dinləyirdi.

- Ana, sən o şəkilləri istəmirsən?

- Niyə istəmirəm? İstəyirəm.

- Mənim yadımdan çıxır, sən barı unutma.

Anam susurdu.

Bir səhər yerimdən qalxdım, qardaşımı köhnə dama sarı gedən gördüm, arxasınca səsləndim:

- Mustafa, sandıqdakı şəkilləri də gətir.

- Neynirsən onları? Köhnə şəkillərdir.

- Olsun da, onlar bizim yadigarlarımızdır.

- Allah evini tiksin, hansı əsrdə yaşayırıq?

- Əsrin buna nə dəxli var? Mən yatdığım otaqda o şəkillərin asılmasını istə­yirəm.

- Gülzarla danış, mənim vaxtım yoxdur, özünüz həll edin.

Mustafa getdi. Anam bulağın başında qurdalanırdı, söhbətimizi eşitmişdi. Mənə sarı gəlmirdi... Qərara gəldim ki, özüm gedib şəkilləri gətirib yerindən asım...

 

                                                       ***

Mən həyətin o başındakı köhnə evə tərəf getdim. Evin qabağında ağappaq, şirin meyvəsi olan bir tut ağacı vardı. Köhnə kişilər danışırdıkı, bircə tut ağacı özündən başqa hansı ağacnan calaq edilsə tutmaz.Atam həmin ağacı özü əkmişdi. İndiyə qədər durur. Mustafayla balaca vaxtı ağacın altında oynayardıq. İllər idi ev boş qalmışdı. Qapının başındakı oyuqdan açarı götürüb qapını açdım. Evdə ağır bir hava vardı. Toz, köhnə taxta qoxusu, nəm divarlar...

Şəkillər divarın dibindəki küncdə, köhnə bir sandığın içində idi. Elə bil kimsə onu illərlə açmamaq, içindəki ömrü bir daha oyatmamaq üçün bilərəkdən gizlətmişdi.

 Bir müddət sandığın qarşısında dayanıb baxdım. Əllərim titrəyirdi. Bu sandığın içində sadəcə şəkillər yox idi. Bu sandığın içində bir ev vardı. Bir ailə vardı. Bir uşaqlıq vardı. Bir gənclik vardı. Bir toy vardı, bir ayrılıq vardı, bir ölüm vardı, bir həsrət vardə, bir sevinc vardı. Gülüşlər vardı. Göz yaşları vardı,vüsal var idi, hicran var idi. Və artıq geri qayıtmayacaq insanlar vardı...

Diz çöküb sandığın qapağını açdım. Üstdə ilk gördüyüm şəkil atamın şəkli oldu. Tozunu paltarımın ətəyi ilə ehmalca sildim. Şüşənin altında atamın gənc üzü görünürdü. O üzə baxanda ürəyim sızladı. Elə bil indicə qapıdan içəri girəcəkdi. Ayaqqabılarını çıxarıb həmişəki kimi astaca deyəcəkdi:

– Tərlan, hardasan?

Dodaqlarım  titrədi.

– Burdayam, ata.

Bir an susdum. Boğazımda nəsə kilidlənib qalmışdı.

Şəkli sinəmə sıxdım.

İnsan ölən adamı dəfn edir, deyirlər. Amma mən çoxdan anlamışdım ki, insanın sevdiyi adam torpağa veriləndə yalnız bədəni torpaqda qalır. Onun səsi, baxışı, gülüşü, bir sözü, bir hərəkəti, hətta stulda oturuşu belə insanın içində yaşamağa davam edir.

Bəzən bir şəkil həmin adamın özündən də güclü olur. Çünki şəkil zamanı saxlayır. Atamın şəkli də onun gəncliyini saxlamışdı. O gənclik ki, artıq heç vaxt qayıtmayacaqdı.

İkinci şəkli götürdüm. Anamın qucagında Mustafa, atamın qucağında mən vardım.  Barmaqlarım ilə şəklin kənarına toxundum.

– Allah, necə gözəl illər imiş.

Uşaqlığım gözlərimin qarşısında canlandı. Anamın mətbəxdə çörək kəsməsi... Qış axşamları sobanın yanında oturması... Bayram günləri hamını bir süfrənin başına yığması... Atamın uşaqlıqda xəstələnəndə alnıma əlini qoyması... Sonra həmin əlin bir gün soyuması...

Özümü saxlaya bilmirdim, göz yaşlarım selə dönmüşdü.

Şəkillər bir-bir əlimə gəlirdi. Hər şəkil başqa bir qapı açırdı. Hər qapının arxasında başqa bir zaman vardı.

Bir şəkildən toy gününün səsi gəlirdi.

Birində bayram süfrəsinin.

Birində həyətdə uşaqların qaçışması.

Birində yağışlı bir gündə çəkilmiş ailə şəkli.

Hər şəklə baxdıqca zamanın necə qəribə olduğunu düşünürdüm. İnsan həmin günlərin içində yaşayanda heç vaxt ağlına gətirmir ki, bir gün o günlərin özünü itirməkdən qorxacaq.

O vaxt adi görünən bir süfrə… Adi bir söhbət… Həyətdə içilən bir stəkan çay... Bir uşağın gülüşü... Sonralar insanın bütün ömrünə bərabər olur.

Sandığın dibinə yaxınlaşdıqca şəkillər dəyişdi…

Burada gülüşlər azalmışdı.

Barmaqlarım köhnə, üzü üstə qoyulmuş bir şəkilə toxundu. Şəkli götürməzdən əvvəl sanki nə ilə qarşılaşacağımı hiss etdim. Şəkli yavaşca çevirdim. Bir an nəfəsim kəsildi. I Qarabağ müharibədə həlak olmuş qardaşım Musanın şəkli idi. Şəkildə onun baxışlarında, üzünün cizgilərində həyatın uzun yolları hələ qabaqda görünürdü. Gözlərində yaşamaq eşqi vardı. Yanında həyat yoldaşı dayanmışdı. Gülşənin üzündə həm təbəssüm, həm də qəribə bir nigaranlıq vardı. Qucağında isə dizlərinin üstündə  oturmuş üç yaşlı qızları Şəhla qara gözlərini fotoqrafa zilləmişdi. Şəhla atasının köynəyindən yapışmışdı. Üçünün də baxışları kameraya yönəlmişdi.

– Qardaşım...

Bu dəfə səsim çıxmadı. Dodaqlarım tərpəndi, amma sözlər boğazımda ilişib qaldı. Şəkildəki qaradşım sanki deyirdi “Bacım, mən hələ buradayam”.

Şəklin arxasını çevirdim. Tarix yazılmışdı. Bir qara tarix. Bir vaxtlar sadəcə bir rəqəm olan, indi isə bütöv bir faciəni ifadə edən tarix.

– Sən bu tarixdə getdin...

Sonra şəkli yenidən çevirdim.

– Amma mən səni heç vaxt yola salmadım.

Qardaşımın şəklinə baxdıqca müharibənin nə qədər amansız olduğunu bir daha hiss etdim. Müharibə insanı yalnız öldürmür. Müharibə bir ailənin gələcəyini də yarımçıq qoyur. Bir uşağın atasını əlindən alır. Bir qadının ərini. Bir bacının qardaşını. Bir ananın oğlunu. Bir evin səsini.

Tez-tez ermənilərin hücumuna məruz qalırdıq. Kənddə hamı qorxu içində yaşayırdı, Gülşən də bu şəkil o zamanlarda çəkdirmişdi. Üzü solğun idi. Gözlərində qorxu vardı. Körpə Şəhla quca­gında idi.  Həmin şəkli görəndə sanki ürəyimə bıçaq batdı. Çünki bu fotoşəkildə hələ heç nə baş verməmişdi. Hələ qardaşım sağ idi. Hələ qadın əsir düşməmişdi. Hələ Şəhla atasını itirməmişdi. Şəkildə həyat hələ dağılmamışdı. Uzun müddət həmin şəklə baxdım.

– Sənin Şəhlan üç yaşında idi...  İndi Şəhla bəlkə də yaşayır, bəlkə də böyüyüb, qardaşım. Sən isə həmişə bu şəkildə üç yaşlı qızının yanında qalacaqsan.

Müharibənin qarışıq günləri... Qorxu... Qaçqınlıq... Ayrılıq... Sonra xəbər... Əsirlik xəbəri...

– Sən haradasan, Gülşən?

Cavab yox idi.

– Şəhlanı necə böyütdün?

Yenə sükut. Göz yaşlarımı silə bilmirdim…

– Kaş bu şəkillər danışaydı... Amma şəkillər danışmır. Onlar insanı danışdırır.

Sandıqdan Şəhlanın başqa bir şəkli çıxdı. Tək idi. Üç yaşında. Gözlərində uşaq məsumluğu vardı. Saçları iki hörük idi. Sanki indicə qaçıb həyətə çıxacaq, sonra dönüb anasına səslənəcəkdi.

– Sən nə gözəl uşaq idin...

Göz yaşım içində gülümsədim. Vallah gülümsədim, bu şəkillər həm də şirin xatirələr tarixi idi. Şəkilləri sinəmə basdım.

– Kaş o günün qədrini daha çox biləydik...

Sonra öz-özümə düşündüm: “Bəlkə də bilirdik. Sadəcə xoşbəxtlik insanın içində o qədər adi görünür ki, onun bir gün xatirəyə çevriləcəyini düşünmürsən”.

Şəkilləri qucağıma yığıb yerimdən qalxdım. Evin divarları onları gözləyirdi...

Pəncərədən günəş işığı içəri düşdü. İşıq şəkillərin şüşələrinə toxundu. Bir anlıq bütün üzlər işıqlandı. Mənə elə gəldi ki, hamısı günəşə baxıb gülümsəyir. Sanki illər bir anlığa geri qayıtmışdı. Sanki həyət yenidən onların səsi ilə dolmuşdu. Samovar qaynayırdı. Atam gülürdü. Qardaşım zarafat edirdi. Anam süfrə açırdı. Şəhla qaçırdı. Musa əlimdən yapışırdı. Mən isə bütün bu insanların arasında dayanıb gülürdüm.

Mənim üçün şəkillər keçmiş deyildi. Onlar keçmişdən bu günə uzanan görünməz bir körpü idi. Hər şəkil o körpünün bir daşı idi. Mən bilirdim ki, insan keçmişini itirdikcə yalnız xatirələrini yox, özündən bir parçanı da itirir. Və bəzən bir insanın bütün ömrü bir neçə köhnə şəklin içində qalır.

Mən qalan ömrümü həmin şəkillərlə yaşamağa hazırdım; kədərli, xoşbəxt günlərimizlə, itirdiklərimizə, sevdiklərimizlə birlikdə...

Şəkilləri götürüb evdən çıxdım. Gülzar sanki məni gözləyirmiş kimi həyətin ortasında dayanmışdı. Qucağıma baxdı.

– Nədi onlar?

– Şəkillərdir.

– Kim sənə dedi onları ordan götür?

– Kim deyəcək? Özüm. Yerindən asacağam.

–Nəyə lazımdı o şəkillər? Mən anama dedim axı? – dodağının altında mızıldandı…

– Gülzar, o şəkillər mənim üçün əzizdir.

– Bilirəm. Amma mən belə şeylərə bağlanmıram.

– “Belə şeylər” nədir?

– Keçmişə.

Bir söz. Amma ürəyimə daş kimi düşdü. Gülzar davam etdi:

– Keçmiş keçmişdə qaldı. Mən keçmişlə yaşamaq istəmirəm. Bu divardakı şəkillər məni sıxırdı. Biz də insanıq, biz də bu evdə yaşayırıq.

Gülzarın narazılıq dolu səsi qulaqlarımda uğultuya çevrildi. Məni qəribə bir baxışla süzdü, qəribə bir tərzdə dodaqlarını büzdü, çiyinlərini çəkdi və uzaqlaşdı.

Mən heykəl kimi yerimdə quruyub qalmışdım. 

Anam yaxınlaşıb şəkilləri əlimdən aldı. Hiss elədim ki, bütün bədəni əsir:

-Özüm yatdığım otağın divarından asacağam. Sən ərini qarşıla. 

Günortaya yaxın idi. Mehman Bakıdan gəlmişdi. Bir ay idi ki, ancaq telefonla danışırdıq, darıxmışdı. Ruslan üçün, mənim üçün. Onun gəlişiylə bağlı başımız süfrə açmağa qarışdı. Gecə Mehman qatara bilet aldığını, sabah yola düşəcəyimizi bildirdi.

- Ev tutmuşam. İşdən bir günlüyə icazə almışam, getməliyik.

Mehman bir az arıqlamışdı, solmuşdu. Hiss olunurdu ki, bizsiz çox pis keçib günləri, təklik onu sıxmışdı.

Səhər yola düşəndə anama şəkilləri gətirib yerindən asılmasını tapşırdım:

- Şəkilləri gətir asdır yerindən.

- Sən onsuz da gedirsən.

- Gedim də, dünyanın o başına getmirəm ki, tez-tez gələcəyəm.

- Hə, yaxşı, sən deyən olsun...

Mən sonralar nə vaxt kəndə gəldimsə, o şəkilləri yerində görmədim. Anam rəhmətə gedəndən sonra kəndə yolum az düşdü...  

Mehman Moskvadakı evimizin puluna Bakıda böyük, beş otaqlı mənzil aldı. Mən otaqlarda Mehmanın anasının, özünün, Ruslanın böyüdülmüş portretlərini, anamla olan şəkilimi böyüdüb divardan asmışdım.  Mehmanın dostunun nənəsi Mehmanın  şəklini xalçaya hörmüşdü. Çox gözəl şəkil idi. Xalı o qədər gözəl hörülmüşdü ki, Mehmanın o xalıdan üzümə dikilən baxışları ötən illərdən mənə yadigar qalan sevgimizin baxışları idi.

İllər ötdü, Ruslana toy elədik, Mehmanın qardaşı qızı Səliməni gəlin gətirdik.

Ruslan mənzili təmir etdirərkən biz bağ evimizə köçdük. Təmir zamanı divardan asılmış bütün şəkilləri, Mehmanın şəkli olan xalını da divardan çıxartdırmışdıq. Təmir qurtarandan sonra evə döndük. Mən şəkilləri yerində görmədim.

- Hanı şəkillər?

- Hansı şəkillər? - Ruslan üzümə baxdı.

- Bu evdə bizim illərimiz olan o gözəl xatirə şəkilləri. Təmir qurtardı, şəkilləri yerinə asaq.

- Hə, - Ruslanın dili topuq çaldı. - Bilmirəm, deyəsən, onları qaraja yığmışdıq...

- Çıxardın, gətirin asın yerindən.

- Hə, yaxşı, asarıq.

Bir müddət keçdi, aylar sonra yenidən dilə gəldim. Bazar günü bağdan qayıdanda gördüyüm bu oldu ki, föyedə  boş divarlardan qəribə şəkillər asılmışdı. Xaotik şəkillərdən ürəyim sıxıldı. Otağımıza keçdim, Mehmanla mənim otağımın divarları hələ də boş idi. Ruslanı çağırdım:

- O şəkillər hələ də qarajdadır?

- Ana, neynirsən o şəkilləri?

- Mən o şəkilləri otağımda görmək istəyirəm.

- Ana, Səlimə istəmir.

- Niyə?

- Köhnə ruhları divarda görmək istəmir.

- Onlar bizim doğmalarımızdır, oğul. Səlimə də yad qızı deyil...

- Ana, özün onunla danış.  

Ruslanın üzündə gördüyüm o qəribə çaşqınlıq məni yerimdən oynatdı. Anamın baxışlarını,  ata evimizi gözümün önünə gətirdim. Bəlkə də çoxdan sandıqda toz basmış, bəlkə də çoxdan zibilliyə atılmış doğmalarımın ramkalardan mənə zillənmiş baxışlarını üzümdə hiss etdim. Anamın hər gün gəlinimiz Gülzarla xısın-xısın danışıqları, Ruzgarın mızıltısı, anamın mənə baxan tutqun baxışlarındakı o çaşqınlıq, küskünlük...

Hirslə qaraja düşdüm, Mehmanın şəkli olan xalça da tözun içində küncə atılmışdı. Şəkillər divarın dibində üstü-üstə yığılmışdı, şüşə qırıqları içində idi...