adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Yazılması içimin istəyi olan Etiraf - Əbülfət MƏDƏTOĞLU yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
46104 | 2021-06-29 12:56

Başqa heç nə bilmirəm

Öncədən bir xatırlatma edim. Təbii ki, bunu hamı bilir. Amma mən də xatırlatmağı özümə borc sayıram. Deməli, yazılan hər bir yazı deyilən hər bir söz kimi onu dilə gətirənin və yaxud yazanın məsuliyyət hisini də özündə ifadə edir. Bu mənada mənim yazılarım, xüsusilə «Ədalət»in şənbə sayı üçün yazdıqlarım həyatımın, düşüncələrimin, yaşamımın, xatirələrimin, xəyalımın, bir sözlə, bir insan olaraq özümə aid olan özəlliklərin sözlə ifadə olunmuş formasıdır. Təbii ki, bütünlüklə yox, müəyyən nüanslarla və bir də təbii ki, mən yazı adamı olaraq həmin təqdim etdiklərimə uyğun özümün bədii donumu da biçirəm. İstəyirəm ki, oxucu yorulmasın, bezməsin və ən vacibi imzamı görəndə ötüb keçməsin...

Bəli, hər bir Allah bəndəsi kimi mənim demək olar ki, günümün 99 faizi özümlə, Allahımla, bir də içərisində olduğum məkanla söhbətdən keçir, söhbətdən ibarətdir. Demək olar ki, mən atdığım hər addımda xəyalıma, ürəyimə gətirdiyim hər fikirdə, hər sözdə Allahımın münasibətini nəzərə almağa çalışıram. İstəyirəm ki, nə sözümlə, nə hərəkətimlə, nə də varlığımla Allahsız olmayım. Heç kimin yadında yenə deyirəm, dinsiz, imansız, Allahsız kimi qalmayım. Bəlkə də kimlərsə məni din fanatı saya bilər. Amma yox. Mən namaz qılmasam da, ibadətgahlara getməyi, nəzir bağışlamağı, fitrə verməyi, ruhları bir salavatla salamlamağı, gecə yatanda son duamı oxumağı, səhər oyananda günümə şükür etməyi unutmuram. Yəni, alnımı yerə döyüb sonra kiminsə haqqına əl uzatmıram. İçimdəki, ruhumdakı Allahımla təmasdan əziz, müqəddəs mənim üçün heç nə yoxdur. İndi, bax, bu yazdıqlarımı oxuyub mənim nə qədər dindar olduğumu özünüz müəyyənləşdirin. Bu haqqınıza qarışmıram. Amma məni dinsiz saymaq istəyənlərə də deməyə sözüm olduğunu və bu ixtiyarı da özümdə saxladığımı unutmuram. Bütün bunları yazıma ipucu ona görə edirəm ki, mənim üçün Diqqət, Sayqı, Sevgi Allahın zərrələridi. Bu da o deməkdi ki, kimliyindən asılı olmayaraq, diqqətini, sayğısını gördüyüm, sevgisini yaşadığım, diqqət, sayğı, sevgi yaşatdığım hər kəsin həyatımda olması, həyatıma təsir etməsi mənə bütün mənalarda (hətta əzab versə belə- Ə.M.) mənə xoşdur. Bir az da dəqiq ifadə etsəm, Şərəfdi!

Deməli, bildiyimə görə «Aydan arı, sudan duru» olmaq bir ata deyimidi, bir hikmətli kəlamdı. Əgər dünya tək məndən və yaxud səndən ibarət olsaydı aydan arı, sudan duru ifadəsinə bəlkə də heç ehtiyac qalmayacaqdı. Ona görə Allah insana görmək, düşünmək, müqayisə etmək və sonra fikir söyləmək haqqı verib. Bu haqqı yemək, tapdalamaq, ən azından insafsızlıqdı. Mən də bir Allah bəndəsi olaraq özümü aydan arı, sudan duru saymıram. Heç belə bir iddiam da yoxdu. Lakin bilə-bilə, düşünərək və yaxud da qəsdən kiminsə haqqına əl uzatmamışam, kiminsə payını əlindən almamışam, yeməmişəm. Bacardığım qədər gücüm, imkanım daxilində bir Allah bəndəsi ömrünü yaşamağa çalışmışam. Bu işdə, daha doğrusu, bu istəkdə ən böyük yardımçım, əlimdən tutanım, yol göstərənim, hər zaman dediyim kimi  öncədən Allahım, sonra da Sən və dostlarım olubdur.  Həyat dərsi insanın yaddaşına birbaşa yazılır. Mən də sıxıntıların, ağrıların, evsiz-eşiksiz qalmağın, yurdsuzluğun, qaçqınlığın, şəhid nisgilinin nə olduğunu öz ürəyim və kafam tutumunda bilirəm, anlayıram. Odur ki, çiynimdəki missiyanı adam balası kimi icra etməyə, daşımağa çalışmışam və çalışıram. Dünən də belə olub, bu gün də belədi, sabah da əgər salamat olsam, belə davam edəcək. Odur ki, içimi didib-parçalayan, haqlı-haqsız basqıları, ağrıları yola vermək, daha doğrusu, sona kimi daşımaq istəyimi Allahımın və sənin varlığınla reallaşdırmaq yolunu tutmuşam. Və hətta yuxudan oyananda da sökülən dan yerinə baxıb, pıçıldamışam:

 

Oyanmayıb, yuxuludur  bu səhər,

Yuxusunu kim yozacaq gözümün?!

Sıralayıb hərfləri birtəhər –

Misrasını kim yazacaq sözümün?!

 

Bir dəlisov, xəyalpərvər bəndənin,

Eləmədin sən ümidə bənd, əlin...

Həsrətimin ödədikcə bədəlin –

Pərən saldım illərimin düzümün...

 

Fərq eləməz tənhalıqda ağ, qara,

Bir də kim var, ağ, ya qara axtara...

Dənizimsən - indi mənim, Ağ, Qara –

Körüyüdü ləpələri gözümün...

 

Bu bəllidi – Tanrı da tək, sən də tək,

Eləmədim ona, nə də sənə şək!

Üşüyəndə yadına sal, kirbit çək –

Az-az yandır, Əbülfətin dözümün!..

 

 ***

Hərdən ya təsəlli üçün, ya əsəbini sıxıb, tutub saxlamaq üçün, ya içindəki hikkəni, təlatümün, bir sözlə narahatlığı nizama salmaq üçün gözüyumulu bir addım atırsan. Və yaxud birini bilmədiyin bir vasitənin, bir alətin, bir cihazın düyməsini basırsan... bundan sonra gələn ismarıclar, iradlar, təriflər, daha nələr, nələr bitib-tükənmir. Alqışlayanlar qarğış edənlərə, qarğış edənlər alqışlayanlara içində hücum çəkir. Hər iki tərəfin də yükü yenə sənin ürəyinə yüklənir. Yenə sən qalırsan ortada. Yenə sən əllərdə olan yaxanın nə vaxt əllərdən çıxacağına, alınacağına gözləyə-gözləyə sozalırsan, əriyirsən və ...

Heç kimə sirr deyil ki, sübutlar  həm hüquqdan, həm cinayətdə, həm də lap elə sevginin özündə də  ən güclü silahdır. Necə deyərlər, adamı divara söykəyir. Dəhşətlisi onda olur ki, həmin silah səni istəməyənlərin əlinə keçir, səni sevməyənin arqumenti olur. Bax, onda quyuda oturub kəndir gözləyən Məlikməmməd kimi içinlə çölün bir-birini didə-didə əlində silah olanın nə zaman insafa gələcəyini gözləyirsən. Bu yerdə «İnsaf» sözü həm xilas kəndiridi, həm yandırılan işıqdı, həm də boğulan üçün bir udumluq havadı. Bütün bunları bilən insanın, lap elə mənim özümün etdiyim yalnışlıq təbii ki, bağışlanılmazdı. Bunun bağışlanması üçün Allaha və Sənə  üz tutmaq, qarşında diz çöküb yalvarmaq, rəhm diləmək, yəqin ki, heç nəyi və yaxud da çox şeyi dəyişməyəcək. Bu yerdə deyilmiş, amma indi uydurmaq istədiyim bir atalar sözü də var. Ona görə də «uydurmaq istədiyim» yazıram ki, bəlkə bu bir xoşməramlı istəyə çevrilə, təsir göstərə bilə, ovqat yarada, rəhm deyilən o böyük hissi hərəkətə gətirə. Nə isə...deməli, «uydurmaq istədiyim» kəlamda deyilir ki, «özü  yıxılan ağlamaz». İndi nə dediyimi və yaxud nəyə işarə etdiyimi duyanlar, anlayanlar qarşısında baş əyərək dərinliyə varmayaraq Allahıma və Sənə bildiyinizi, hətta mənim özümdən öncə sizə məlum olanı bir kənara qoyub, yenə şeirə üz tuturam. Deməyin ki, sözümün altından qaçdım, fikri yayındırmaq istədim... Yox! Sadəcə  elə anlar, elə məqamlar var ki,  onu deməmək, onu yenidən xatırlamamaq, daha doğru qərardı. Odur ki:

 

Hər anımda gözlərimə görükən,

Xəyal deyil, gerçəkliyin özüdü...

Baxışımdan, hənirimdən perikən –

Sevdiyimin ürəkçəkən gözüdü...

 

Mən nağıllar divanəsi deyiləm,

Yer üzündə özüm gördüm mələyi...…

İstəsə ki, dizlərinə əyilim,

Qınamaram, inanın ki, fələyi!..

 

Yaşadığım, yaşatdığı bir adda,

Gerçəkləşdi sevgisiylə canımda...

Bəlli olan bir tarixdir həyat da –

Allah onu işıq etdi yanımda...

 

...Daşıdığım quru cisim – bədəndi,

Ruhum səndə, onu sayma gəl xəyal...

Mənim sevgi təmənnam ta ödəndi –

Şükürlər Allaha, sən salamat qal!..

 

***

Heç nə izsiz, tozsuz qeybə çəkilmir. Bu fikri hətta çoxları deyir. Hətta elmdə də heç nəyin itmədiyi, yalnız formasını dəyişdiyini bizə aşılayıblar. Mən elmin əleyhinə getmədən öz həyatımda bilirəm ki, yaşadıqlarımı və yaşadılanları həyat ömrünə naxışlayır, ilməsini vurur. O sadəcə olaraq, obrazda desək, bir arxiv materialına çevrilib. Söz sözü çəkəndə, xatirələr qapı döyəndə onlar da gün işığına çıxır, onların da ağrısını-acısını, sevincini təkrar yaşamağa məcbur oluram. Yəqin sizdə də belədi. Mən heç kimin istəyinə, bilgisinə, hətta arxivinə əl uzatmadan özümlə bağlı deyə bilərəm ki, altmışı keçən ömründə üzüldüyüm tək-tək məqamlar var ki, onların hər biri üçün ömrümdən keçməyə hazıram. Təki mənim üzümdən, mənim varlığımdan, mənim günahımdan, mənim səbəbkar olmağımda baş verən həmin o üzüntünü ömrümdən, həyatımdan, yaddaşımdan, təbii ki, həm də qarşı tərəfin ömründən, həyatından, yaddaşından silə biləydim. Bunun mümkünsüz olduğu gün işığı kimi məlumdu. Bəlkə yazmağım da, deməyim də artıqdı. Amma yazmaqla, deməklə yaranı qanatmaq, qabığını qopartmaq istəyində deyiləm. Sadəcə qanmaz olmadığımı, nadan olmadığımı, ən vacibi isə o üzüntüləri qəsdən, düşünülmüş etmədiklərimi söyləmək üçün, bildirmək üçün pıçıldadım bu sözləri. Ürəyimdə dediyimi, Allahımın və sənin eşitdiyini təkrar pıçıldadım ki, yerin də qulağı var, qoy gedib hansısa qapını döysün...

İnsanın həyatı onun özündən asılı olduğu qədər də həm də asılı deyil. Mən bu qənaətimdə birmənalı şəkildə qərarlıyam. Yəni, şəraitin, müəyyən təsirlərin hansı gücə malik olduğunu bilirəm. Üstəlik, adamın zəif damarının olması fikrini də qəbul edirəm. Bax, bunların fonunda mənim üçün ən dözümlüsü ürəkdi. Çünki o hər şeyi qəbul edir, hər şeyi özündə yerləşdirir və hər şeyin də ağrısı ilə yanaşı, sevincini də son nəfəsə qədər daşıyır. Bu mənada mənim üçün ürəyin ölçüsü də onun tutumu boydadı, onun dözümü boydadı və nəhayət, dünyada ürəklə yaşamaq, ürəklə sevmək həm də açıq şəkildə ürəyi şam kimi yandırmaqdı. Lakin... o şam kimə işıqdı, kimə oddu, kimə də yol nişanıdı. Uzaqdan hər kəs onu özünün düşündüyü, bildiyi fərz və təxmin etdiyi kimi görür. Ən dəhşətlisi də bax, elə budur.

 

Düşündüyüm, daşıdığım bir adla,

Xəyalımın atlandığı Düratla...

Dizin-dizin, yorulmadan, inadla –                               

Gəlib çatdım bu durumla sona mən...

 

Güvəndiyim duasını göyərtdi,

Mənə dərdin hər üzünü öyrətdi...

Sevinirdim, birdən elə kövrəltdi –

Donub qaldım baxa-baxa ona mən!..

 

Mənim ruhum lələkləri ürtülmüş,

Bülbül donda daş parçası – bütüymüş!

Lap doğuşdan məhəbbətim lütüymüş –

Salmamışam onu heç bir dona mən...

 

Çəkdiklərim fırçalıq, nə qələmlik,

Bir xırmanda xəlbirləndik, ələndik...

Biz Allahın göz yaşına bələndik –

Tanrım kimi baxdım yerdə ONA mən!

 

...Bu yazının ifadə etdiyi hər nədisə, onu açmayacam,  deməyəcəm. Çünki, yazı boyu bundan Allahın və Sənin xəbərdar olduğunu təkrar-təkrar vurğulamışam. Soruşa bilərsən ki, onda niyə yazdın? Mən də cavab verirəm. Allaha və Sənə bildiklərinizi yazılı təqdim etmək üçün. Başqa heç bir səbəb bilmirəm!

TƏQVİM / ARXİV