adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
25 Iyun 2021 13:42
78730
MÜSAHİBƏ
A- A+

Kənan Məmmədov: " Hirslənib kameranı bir tərəfə tulladım…”

Kino, teatr sənəti haqqında yazanda, əsasən üzdə olanlardan, gördüklərimizdən yazmışıq. Amma unutmuşuq ki, üzə çıxarılanın üzünü məhz bizimlə böyük və əsrarəngiz bir aləmin arasında duran qalın pərdənin arxasındakılar ağardır. Bugünkü müsahibimiz də belə fədakar insanlardan biri -tanınmış kinooperator Kənan Məmmədovdur.

Məmmədov Kənan Əzizağa oğlu 1946-cı ildə Bakı şəhərində şərqşünas-alim, professor Əzizağa Məmmədovun ailəsində dünyaya göz açıb. 1965-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutuna daxil olub.

Ancaq kino sənətinə və kinooperatorluğa olan hədsiz marağı onu Politexnik İnstitutunda təhsilini yarımçıq qoyub, Moskvaya- Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperator fakültəsinə daxil olmağa sövq edib. 1971-76-cı illərdə o, bu ali təhsil müssisəsində kinooperatorluğun  sirlərinə yiyələnib.

1976-cı il avqustun 1-dən bu günə qədər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinooperator işləyən Kənan Məmmədovun kinoda ilk böyük işi "Evdə kişi var" filmi olub. Bundan başqa, o, "Atları yəhərləyin", "Təhminə", "Fəryad", "Otel otağı", "Ovsunçu" və daha neçə-neçə yaddaqalan filmlərin quruluşçu operatoru olub.

1986-cı ildə "Atları yəhərləyin" filminə görə SSRİ Dövlət Mükafatına, 1999-cu ildə isə "Əməkdar incəsənət xadimi" adına layiq görülüb.

 

Rejissor operator işini yaxşı bilməlidir…

 

- Mən 1976-cı ildə Moskvadan qayıdandan sonra ilk dəfə Rasim Ocaqovun çəkdiyi "Ad günü" filmində ikinci operator kimi fəaliyyətə başladım. Sonralar bir müddət sənədli filmlərin çəkilişləri ilə məşğul olmuşam. 1978-ci ildən isə artıq bədii filmlərin çəkilişlərində iştirak edirəm. Həmin ildə böyük sənətkarımız, mərhum Tofiq Tağızadə ilə birlikdə İsi Məlikzadənin ssenarisi əsasında "Evdə kişi var" filmini çəkmişəm. Bu, mənim quruluşçu operator kimi bədii kinoda ilk işim idi. Ötən bu 25 ildə isə 18 bədii film çəkmişəm. Düzdür, arada sənədli film də olub, televiziyada  işləmişəm, ancaq əsas işim bədii filmlər çəkməkdir.

 

- İndi bir çox opreatorlar rejissorluq edirlər. Sizcə, operatorluqdan rejissorluğa keçmək asandırmı?

 

- Xeyr, asan deyil. Əksinə, mən deyərdim, çox çətindir. Düzdür, bizdə belə rejissorlar olub, məsələn, Rasim Ocaqov, Rasim İsmayılov, Ələkbər Muradov. Bir vaxtlar mən də belə fikrə düşmüşdüm ki, özüm film çəkim… Nəsə sonra bu fikirdən imtina elədim. Mən öz peşəmdən həzz alıram.

Amma bir iş də var ki, rejissor operator işini yaxşı bilməlidir. Bu, rejissorun şəxsi qabiliyyətindən asılıdır. Rejissor bundan başqa, işıqla işləməyi də yaxşı bacarmalıdır. Çünki işıqla ekranda əhval-ruhiyyə yaradırsan. İşıq aktyora faciəvi görünüş də verə bilər, gülməli də göstərə bilər. İşıq aktyoru qocaldıb-cavanlaşdıra bilər. Yəni işıq kinoda mühüm vasitədir. İşıqla işləmək birinci növbədə operatorun işidir.

 

- Film yaxşı alınanda rejissor, aktyorlar təriflənir, pis alınanda isə çox vaxt günahları operatorun üzərinə yıxırlar. Siz də belə hallarla rastlaşmısınız?

 

- Dəfələrlə rastlaşmışam. Film yaxşı alınanda, deyirlər rejissor yaxşı çəkib, pis alınada isə deyirlər ki, operator pis çəkib. Operator sənəti spesifik, konkret sənətdir. Məsələ bundadır ki, onun sənəti göz qabağında olur. Kinossenarini rejissor ssenarisinə çevirəndə, rejissor bütün işləri operatorla sıx əlaqədə qurmalıdır. Sözsüz ki, filmin müəllifi rejissordur. Amma operatorun işi ondan ibarətdir ki, rejissorun ideyasını, onun gördüyü ssenarini tamaşaçıya çatdıra bilsin. Yəni kino vizual sənətdir, film çəkiləndən sonra tamaşaçı ona məhz operatorun gözü ilə baxır.

 

Bir erməni alim Bakıdan Mərkəzi Komitəyə məktub göndərib ki, "Azərbaycanfilm"…

 

 

- Kino çəkilişinin özü bir maraqlı filmin ssenarisini xatırladır… Başdan – başa maraqlı məqamlarla yadda qalır. İşlədiyiniz müddətdə rastlaşdığınız maraqlı hadisələrdən oxucularımızla bölüşmək istədikləriniz varmı?

 

 - İşlə bağlı xatirələr boldur. Götürək elə "Atları yəhərləyin" filmini. Filmi rejissor Əbdül Mahmudbəyov mərhum sənətkarımız, xalq artisti Həsənağa Turabovla birlikdə çəkirdi. Amma filmi "Qaçaq Nəbi" adı ilə çəkmişdik. Film artıq hazır idi, son işlər gedirdi. Mən də filmin surətlərinin çıxarılması ilə bağlı Leninqrada getmişdim. Birdən məlum oldu ki, bir erməni alim Bakıdan Mərkəzi Komitəyə məktub göndərib ki, "Azərbaycanfilm" Zəngəzur bölgəsində erməniləri qıran qəddar Qaçaq Nəbi haqqında film çəkib. Bir müddət bütün işləri saxladılar. Sonra başda yazıçı Anar olmaqla, tanınmış adamlarımız bu filmin müdafiəsinə qalxdılar və erməniləri yerlərində oturtdular. Amma filmin adını dəyişdilər. Əvvəlcə dedilər "Qanlı zəmi" olsun. Sonradan "Qanlı zəmi"ni də dəyişdirdilər ki, "qanlı" sözü ermənilərə pis təsir edir. Axırda "Atları yəhərləyin" adı ilə film ekranlara çıxdı. Hətta o vaxtlar filmdə qəhrəmanın adını dəyişdirməyi də təklif edirdilər. Deyirdilər filmin qəhrəmanının adı "Qaçaq Süleyman" və yaxud başqa ad olsun. O film mənim üçün ən əziz filmlərdən biridir. Biz filmi 1982-ci ildə çəkib təhvil verdik, 1986-cı ildə isə filmə SSRİ Dövlət Mükafatı verildi. Doğrudan da "Atları yəhərləyin" gözəl sənət əsəridi. Burda rejissor, operator və aktyor işi bir-birini tamamlayır. Rəhmətlik Həsənağa Turabov "Qaçaq Nəbi" obrazını böyük məharətlə yaradıb. Amma onun at çapmasında problem yaranmışdı. Gəlin sizə bir sirr də açım. Yəqin bilirsiniz ki, Həsənağa müəllim bütün filmlərində özü at çapıb. "Atları yəhərləyin" filmindən əvvəl də o, "Qorxma, mən səninləyəm" filmində quldurbaşı rolunda çəkilmişdi. Bu filmin çəkilişində at onu yıxdığına görə, atdan çəkinirdi. Qaçaq Nəbinin çevik alınmasından ötrü biz kaskadyordan istifadə etdik. Atçılıq üzrə idman ustası vardı Sabir adında, Həsənağa müəllimə də çox oxşayırdı. Bəzi səhnələrdə onu çəkdik. Bir-birilərinə o dərəcədə oxşayırdılar ki, qrimdə olanda onları seçmək olmurdu.

Hə isə, "Atları yəhərləyin" Əbdül Mahmudbəyovun ilk böyükmetrajlı rəngli filmiydi. Sonradan onunla birlikdə bir neçə film çəkdik -1988-ci ildə "İki sahil", 1990-cı ildə "Gecə qatarında ölüm" və s.

Ümumiyyətlə, kino çəkilişinin özü çox maraqlı prosesdir. Çəkiliş müddətində isə sözsüz ki, maraqlı hadisələr baş verir. Hər filmdə belə şeylər olur. Bir misal çəkim, Rasim Ocaqovla "Özgə həyat" filmini çəkəndə, çox məzəli bir hadisə ilə üzləşdik. Ssenaridə beləydi ki, finalda filmin qəhrəmanı ölürdü. Final səhnəsini də Dövlət Statistika Komitəsini foyesində çəkirdik. Baş rolda da məşhur rus aktyoru Kolyagin çəkilirdi. Onun qara lent bağlanmış böyük bir şəkli idarənin giriş qapısına vurulmuşdu. Birdən Statistika Komitəsinin bir işçisi içəri daxil olub şəkli görəndə, az qaldı huşunu itirsin. Sən demə Kolyagin onların şöbə müdirinə oxşayırmış. Odur ki, "Hecə yəni bu rəhmətə gedib? Mən dünən bununla bir yerdəydim axı", -deyə qiyyə çəkdi. Sonra gözü çəkiliş heyətinə, kameralara sataşdı, bildi ki kino çəkirik. Hər şeyi başa düşəndən sonra da başladı ki, "bu rüsvayçılıqdır, insanları ələ salırsınız" və s.

Amma çoxlu çətinliklərlə üzləşdiyimiz çəkilişlərimiz də olub. Rasim Ocaqovun "Təhminə" filminin çəkilişləri zamanı xoşagəlməz hadisələrlə rastlaşdıq. Rasim müəllim özü xəstələndi, filmin çəkilişləri 2-3 ay təxirə salındı. Sonra "Təhminə" rolunu oynayan türk aktrisası cərrahiyyə əməliyyatı keçirdi. Final səhnələrini çəkəndə Fəxrəddin Manafov çəkiliş zamanı avtomobil qəzasına düşdü, ayağı əzildi...

 

 

Özümdən çıxdım, dedim daha çəkmirəm…

 

 

- Elə olubmu ki, çəkiliş zamanı rejissorla sizin aranızda, aktyorla rejissor arasında və ya sizinlə aktyor arasında mübahisə, xoşagəlməz hallar olsun?

 

- Əlbəttə, olub. Kino çəkilişi çox emosional prosesdir. Bəzən elə çətin məqamlar ortalığa çıxır ki, buna əsəb dözmür. Heç yadımdan çıxmaz, Əbdül Mahmudbəyovla "İki sahil" filmini çəkirdik. Xalq artisti Tariyel Qasımov baş rollardan birini oynayırdı. Pavilyonda uzun bir kadr çəkməliydik, ancaq sən demə, Tariyel rolun sözlərini öyrənməyibmiş. Çəkilişə gələn aktyordan da birinci öz rolunun sözlərini bilmək tələb olunur. Aktyor öz sözlərini bilməyəndə problemlər yaranır. Çünki onun fikri qalır sözlərin yanında. Hə isə... Operator dili ilə desək, hər "18-20 metr"dən sonra sözlər Tariyelin yadından çıxırdı. Məcbur olurduq həmin kadrı bir də çəkək. Axırda mən dözə bilmədim, özümdən çıxdım, dedim "daha çəkmirəm". Axı nə qədər lent zay olmuşdu. Tariyel də bir az pərt oldu. Amma ertəsi gün həmin səhnələri problemsiz çəkdik.

Belə hadisələr tək Tariyellə bağlı olmayıb. Məsəlçün, mənim ilk böyük işim olan "Evdə kişi var" filmində rəhmətlik Barat Şəkinskaya baş rolda çəkilirdi. O zaman Barat xanım da çəkilişlərin birində rolun sözlərini əzbərləməmişdi. Həmin səhnəni 12 dəfə çəkdik, yenə alınmadı. Tofiq müəllim rəhmətlik çıxdı özündən, mən də hirslənib kameranı bir tərəfə atdım.

 

- Rejissorlarla necə, yola gedə bilirsinizmi?

 

- Hərdən rejissorla operator arasında da əsəb gərginliyi yaradan məqamlar olur. Hətta elə olur ki, mübahisə dava-dalaşa qədər gedib çıxır. Lakin mən belə hadisələrlə üzləşməmişəm. Düzdür, rejissorla yüngül mübahisələrimiz düşüb...

 

- Hansı filmlərdə?

 

- Demək olar ki, bütün filmlərdə. Amma mən daxilən mülayim adam olduğuma görə həmişə çalışmışam işimi elə qurum ki, böyük konfiliktlər yaranmasın. Çünki biz kollektivlə işləyirik. Rejissorla operator arasında aqressiv münasibət onlardan hansısa işini düzgün qurmayanda yaranır. Hətta mənim rejissora hansısa bir iradım olanda da, onu təklikdə deməyə çalışmışam.

 

- Bu gün korifey saydığımız rejissorlarımızdan kimlərlə işləmisiniz?

 

- Bilirsinizmi, hər dövrün öz korifeyləri olur. Mən kinoya gələndə çoxları hələ həyatdan köçməmişdi. Misal üçün, Həsən Seyidbəyli. Amma mən o vaxt çox cavan idim. O vaxtlar hər cavan kadra hər rejissor film etibar eləmirdi. Mən 1976-cı ildən üzü bəri demək olar ki, korifey dediyimiz bütün rejissorlarla işləmişəm. Elə birinci məni quruluşçu operator kimi rəhmətlik Tofiq Tağızadə filminə dəvət elədi. Onun bu addımını çoxları o zaman böyük təəccüblə qarşıladı. Ondan başqa, birlikdə işlədiyim rejissorlardan Rasim Ocaqovun, Rasim İsmayılovun, Əbdül Mahmudbəyovun, Oqtay Mirqasımovun adını çəkə bilərəm.

 

- Adlarını çəkdiyiniz rejissorlardan hansılarla işləmək rahat idi. Ümumiyyətlə, siz bu rejissorları necə xarakterizə edərdiniz?

 

- Bu sənətkarların hərəsinin öz dünyagörüşü, sənətə münasibəti və öz dəst-xətti var. Bunlar təmamilə bir-birindən fərqlənən insanlardır.

 

- Belə fərqli rejissorlarla işləmək çətinlik yaratmır?

 

- Ümumiyyətlə, kino çəkmək çox əzab-əziyyətli işdir. Bir tərəfdən də, hər dəfə yeni rejissorla işləmək mənim üçün yenilik idi. Hər dəfə işlədiyim rejissorun iş üslubunu öyrənməyə çalışırdım. Bayaq dedim ki, heç vaxt rejissorla konflikt yaratmamışam. Ona görə də mənim elə bir çətinliyim olmayıb.

 

Söhbətləşdi İltifat HACIXANOĞLU