SON DƏQİQƏ:

Yerevan ciddi sınaq qarşısında - Mehman Cavadoğlu yazır...

  23651   |  
Şriftin ölçüsü  

Ermənistanda növbədənkənar seçkilərinin nəticələri sürpriz olmadı. Paşinyanın qələbəsinə həm daxili, həm də xarici ekspert və politoqlar lap başlanğıcdan şübhə etmirdi. Mübahisəli məqam, sadəcə, qələbənin miqyasıyla bağlıydı. Onun rəqiblərini bu qədər böyük üstünlüklə yenəcəyini heç kim, iddialı bəyanatlarına baxmayaraq, ola bilsin, heç özü də gözləmirdi.

Müharibədən ağır məğlubiyyətlə çıxmış istənilən ölkə başçısının istefa verməsi təkcə siyasi zərurət yox, həm də mənəvi borcdu. Amma o nəinki istefa vermədi, əksinə, erkən seçkilərə gedərək özünün zədələnmiş nüfuzunu bərpa elədi, xalqdan yeni legitimlik mandatı aldı. Kim nə deyir desin, bu qələbə hakimiyyətə yiyələndikdən sonra daha çox ucuz şoularla gündəm yaradan baş nazirin möhtəşəm siyasi perfomansıydı. Əsl nonses idi.

 Amma tək bu deyildi. O, hakimiyyətdə olduğu qısa müddət ərzində bir çox uğurlu islahatlara imza atmış, xüsusilə korrupsiyayla mübarizə sahəsində ciddi nəticələr əldə etmişdi. Bu mübarizənin əsas hədəflərisə indi onun qanına susamış sonuncu iki prezident, məmurlar və onların yaxın ətrafı və qohum-əqrəbalarıydı. Seçkinin əsas müxalif favoriti sayılan Robert Köçəryan bu prosesə birbaşa həbsxana qapısından çıxaraq qatılmışdı və həmin qapının hələ də üzünə açıq saxlandığını yaxşı anlayırdı. Patriotizm ritorikasıyla ört-basdır edilməyinə rəğmən, seçkiyə qatılmaq qərarı, əslində, ondan ötrü şəxsi təhlükəsizliyini təmin etmək istəyindən başqa bir şey deyildi.

Bu seçkilərdə Kremlə daha çox Paşinyanın qələbəsinin sərf elədiyi barədə nə qədər fərqli rəylər və arqumentlər səslənsə də, Moskvanın marağının Köçəryanın üstündə fokuslaşdığı danılmaz gerçəklikdir. Hazırkı ölkə rəhbərinin “10 noyabr” anlaşmasında imzası olan birisi kimi gələcək proseslərdə daha konstruktiv mövqe sərgiləyəcəyinin məntiqli görünməsinə baxmayaraq, Köçəryanla işləmək Kreml üçün qat-qat rahat idi, indiki siyasi reallıqlar fonunda onun özünü qırğı yox, boz qarğa kimi aparacağı şübhə doğurmurdu. Üstəlik, Paşinyan kimi “həftə səkkiz mən doqquz” Qərb paytaxtlarının qəbul otaqlarını yağır eləməklə Putinin son zamanlar , onsuz da, gərilmiş əsəblərində əlavə qıcıq yaratmayacaqdı. Moskva Köçəryanın qələbəsindən daha çox məmnun qalardı, hətta buna maksimum səy də göstərdi. Amma demokratik seçkilərin bir üstünlüyü də odur ki, ona barmaq eləmək olsa da, mütləq müdaxilə mümkün deyil. Köçəryanın hazırkı nüfuzu (oxu: nüfuzsuzluğu) müqabilindəsə barmaq gücü yetərli ola bilməzdi, necə ki ola bilmədi.

Seçkilərin MDB, KTMT qarışıq bütün digər beynəlxalq müşahidəçilər tərəfindən müsbət qiymətləndirilməsi seçkisonrası mübarizə şansını da sıfıra endirdi. Odur ki, ilk nəticələrin məlum olduğu saatlarda rəhbərlik elədiyi blokun parlamentə qatılmayacağını anonslayan Köçəryan cəmi bir gün sonra yalnız özünün parlamentdə oturmayacağını bəyan eləməklə dolayısı da olsa nəticələrlə barışdığını bildirdi. Yəni, sıravi deputatlığı özünə rəva görmədi.

Serj-Sərkisyanın durumusa lap acınacaqlıdı. Onun rəhbərlərindən biri olduğu “Şərəfim var” bloku heç seçki baryerini keçə bilmədi, yalnız seçki məcəlləsinin verdiyi imtiyazlar hesabına parlamentdə 6 deputatla təmsil olunmaq şansı qazandı ki, bu da əslində, Paşinyanın təbliğat kampaniyası dövründə əlində gəzdirdiyi çəkiclə üçüncü prezidentin siyasi tabutuna vurduğu son mismardan başqa bir şey deyildi.

Seçki nəticələrinin hətta ən ötəri təhlili Ermənistan cəmiyyətinin bugünkü ovqatı haqqında maraqlı nüansları ortaya çıxardır. Paşinyanın bölgələrdə daha çox səs alması, paytaxt Yerevanda 50 faizin altında qalması ölkədə xalqla elita arasında yaranmış dərin uçurumun bariz nümunəsidir. Ermənistan paytaxtı diaspordan yemlənən “miatsum”, “dənizdən-dənizə Böyük Ermənistan”, “qədim xalq” kimi xəstə ideyalara mübtəla olmuş siyasətçilərin, ictimai xadimlərin, alimlərin, ziyalıların cəmləşdiyi qapalı bir düşərgədir. Üstəlik, Birinci Qarabağ Müharibəsinin qalibi qismində Ermənistanda hakimiyyətə yiyələnmiş və 20 il meydan sulamış Qarabağ klanının dövründə bu kiçik və kasıb ölkəni talamaq üçün orda məskunlaşmış Qarabağ ermənilərinin at oynatdığı bir şəhərdir. Ancaq İkinci Qarabağ Müharibəsində Azərbaycanın şanlı qələbəsi sadə erməniləri sanki qəflət yuxusundan ayıltdı. İdeya dəllallarının populyarlığı azaldı, Qarabağ soyğunçularının büründükləri əzabkeşlik libası yırtıldı. Erməni xalqının əksəriyyəti sülhü və inanaq ki, həm də qonşularla dinc-yanaşı yaşamağı seçdilər.

Bu kiçik “lirik-siyasi” ricətdən sonra ölkədəki siyasi proseslərin gələcək gedişini proqnozlaşdırmağa çalışaq. Paşinyanın “Vətəndaş Müqaviləsi” bloku yeni parlamentdə mütləq söz sahibidir. O, heç bir maneəsiz hökuməti formalaşdıracaq, istədiyi qanun və qərarları qəbul edəcək. Düzdür, müxalifət ara-sıra dava-dalaş salaraq içəridəki yeknəsək ab-havaya bir az fərqli çalarlar qatacaq. Amma hakimiyyət kürsüsünə bu cür dava-dalaşlar sayəsində yüksəlmiş, üstəlik, ağır məğlubiyyətdən sonra aylarla davam edən küçə etirazlarını son nəticədə öz xeyrinə dəyişərək hakimiyyətini daha da möhkəmləndirmiş bir siyasətçi üçün bütün bunlar milçək vızıltısından başqa bir şey olamayacaq, sadəcə, ürək bulandıracaq.

İndi müxalifətin cığallıq edərək mərəni pozmaq üçün parlamentdə iştirakdan birdəfəlik imtina eləməkdən başqa yolu qalmayıb. Hərçənd, bu riskli variant Paşinyan üçün göydəndüşmə olardı. Hazırkı reallıq daha bir erkən seçkinin Qarabağ klanını Ermənistanın siyasi səhnəsindən birdəfəlik silib atacağına şübhə yeri qoymur. Odur ki, Köçəryan-Sərkisyan cütlüyünün belə bir varianta gedəcəyi ağlabatan görünmür. Son günlərin hadisələri göstərir ki, onlar başqa yol seçiblər, elə bir ssenari üzərində çalışırlar ki, həmin ssenarinin realaşması təkcə Qarabağ klanının yox, bütün Ermənistan siyasi elitasının sonunun başlanğıcı ola bilər.

Artıq yeni planın variantın ilk işartıları görünməyə başlayıb. Ötən əsrin sonlarında olduğu kimi təcrübə meydanı kimi yenə Dağlıq Qarabağ seçilib. Paşinyanın yaxın adamı olan Araik Arutunyanın (xatırladaq ki, onun qondarma rejimin rəhbərliyinə “seçilməsi” bilavasitə Paşinyanın havadarlığı sayəsində mümkün olmuşdu) baş nazirin Yerevandakı seçki qərargahından çıxarkən görüntülənməsi yanan ocağa səpilən nöyüt effekti doğurdu. Əvvəlcə Xankəndində əleyhdarlarının, sonra buna cavab olaraq tərəfdarlarının qarşılıqlı ittihamlarla müşayət olunan mitinqləri keçirildi. Bu mitinqlərin tezliklə Yerevana adlayacağı və daha sərt qarşıdurmalara nədən olacağı hazırkı siyasi düşmənçilik fonunda olduqca real görünür. Erkən seçkiylə nəticələnən sonuncu dinc mübarizənin yekunda Qarabağ klanını məyus elədiyi üçün növbəti küçə qarşıdurmasının yalnız söz davasıyla məhdudlaşacağı ağlabatan deyil. İndi bu klan özünün ən odioz lideri Köçəryanın dəfələrlə sınaqdan çıxardığı başqa qisas variantı üzərində gəzişməyə başlayıb. Elektoratları kasıb olsa da, Qarabağda hələ də “10 noyabr” anlaşmasının ziddinə rus sülhməramlılarının gözü qarşısında at oynadan, mühüm hissəsi bəlkə də çoxdan Yerevanın ayrı-ayrı kvartallarında məskunlaşmış qeyri-qanuni silahlı dəstələr sarıdan korluq çəkmirlər. A. Arutunyandan çox Köçəryanın bir nömrəli adamı və əlaltısı olan Vitali Balasanyana bağlı bu silahlıların əksəriyyəti son müharibənin fərariləri olsalar da, Yerevanı al-qana boyamaq üçün yetərli gücə malikdirlər. 

Ermənistanın qanlı iç savaş astanasında olduğu hər ötən gün daha real görünür. Çünki əli dirsəyinə kimi nəinki Azərbaycan xalqının, hətta 1999, 2008-illərdə törətdiyi qətliamlar və çoxsaylı siyasi qətillərlə öz xalqının qanına batmış Köçəryanın – bu siyasi göreşənin yenidən qana susadığı aydın görünür. Təşnəsini söndürmək üçün məqam axtardığı hər addımından, hər sözündən hiss olunur. 

      

 

  

           

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK