adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 Iyun 2021 12:34
82760
ƏDƏBİYYAT
A- A+

Haray çəkən cənginin «Zəngulə»si - Zemfira Məhərrəmli yazır

Çağdaş nəsrimizin tanınmış, istedadlı nümayəndələrindən biri olan Nüşabə Məmmədli yaradıcılığa hələ orta məktəbdə oxuyarkən lirik şeirlərlə başlayıb. Tələbəlik illərində artıq hekayələr də yazırdı. Mütəmadi olaraq ədəbi dərgilərdə və qəzetlərdə zərif, incə ruhlu şeirlərini, daha sonra isə ilk nəsr nümunələri olan hekayə və povestlərini dərc etdirib. “Bu bir oyundur” hekayələr kitabı, “Göylərdə keçən ömür” sənədli povesti, “Sevgi xiyabanı” romanı oxucuların rəğbətini qazanıb.

Həyat yoldaşının işi ilə bağlı olaraq ailəsi Rusiya Federasiyasına köçüb. Qaynar təbiətə malik Nüşabə xanım burada da fəaliyyətsiz qalmayıb. O, Rusiyada yaşadığı müddətdə çətin tərbiyə olunan uşaqların düzgün həyata qaytarılması məqsədi ilə yaradılmış klubda çalışıb, yeniyetmələr, eləcə də qadınlar arasında fəal iş aparıb. 1988-ci ildə ermənilərin torpaq iddialarına söykənən Qarabağ münaqişəsi başlananda o, Azərbaycan həqiqətləri barədə dünyanı məlumatlandırmaq üçün publisistik məqalələr yazıb, haqq işimizi dünyaya çatdırmağa çalışıb. N.Məmmədlinin “Arqumentı i faktı” və “Komsomolskaya pravda” qəzetlərində bu mövzuda yazıları dərc olunub.

Haqsızlığa, insan ləyaqətinin alçaldılmasına, erməni millətçilərinin əzəli torpaqlarımıza qənim kəsilməsinə dözməyən ailə Azərbaycana qayıdıb. Nüşabə Məmmədlinin Qarabağın döyüş bölgələrindən birində xidmətə başlayan həyat yoldaşı ilə birgə artıq başımızın üstünü almış qanlı müharibəni müşahidə etmək, üzləşdiyimiz fəlakətləri daha dərindən duymaq imkanı vardı. Birinci Qarabağ savaşı isə öz ab-havasında tüğyan etməkdəydi.

Füsunkar Qarabağımız kənd-kənd, şəhər-şəhər xain düşmənin caynağına keçir, evlər yandırılıb qarət olunur, sərhədyanı bölgələrin əhalisi isti ocağını tərk edib qaçqın-köçkünə çevrilirdi. Cəbhə-cəbhə genişlənən qanlı savaşın həyatımıza gətirdiyi müsibətlər təkcə bununla bitmirdi. Məğlubiyyətlə nəticələnən döyüş əməliyyatları zamanı qaçıb canını qurtara bilməyən dinc sakinlər əsir götürülür, düşmən məhbəslərinə atılırdı. Əsirlər və girovlar arasında qadınlarımız və qızlarımız da az deyildi. Bütün bu faciələr, yaşadığımız üzüntülər yurddaşlarımızın, həmçinin bir qələm adamı kimi, Nüşabə Məmmədlinin də qəlbini göynədirdi.

Qələmini silaha çevirən yazıçının Qarabağ mövzusunda yazdığı “Vicdan dustağı” adlı əsərindən sonra “Zəngulə” romanı işıq üzü görüb. Müəllif bu əsərini ermənilərin həbs düşərgələrində əsir həyatı yaşayan ana və bacılarımızın məşəqqətli həyatına həsr edib. Zəngin koloritli nəsr nümunəsi ilə illər öncə tanış olanda da, azca əvvəl bu kitabı əlimə alıb oxuyanda da həmin əsəri hasilə gətirən bu zərif xanımın içindəki ağrı-acının dərinliyini, düşmənə qarşı aşıb-daşan nifrətini bir daha duydum.

Hələ zamanında oxucuların rəğbətini qazanan, böyük marağa səbəb olan bu əsər Qarabağ həqiqətlərindən bəhs edən dəyərli nəsr nümunəsidir. Əsərdə əsasən Qiyamət nənənin xatirələri ilə nəql olunan hadisələr həyati, real faktlar kimi diqqəti cəlb edir. Erməni millətçilərinin başımıza gətirdiyi müsibətlər, təbii ki, təkcə 90-cı illərdə törətdikləri qətliamlardan ibarət deyildi. XX əsrin əvvəllərində baş verən erməni vəhşilikləri, murdar qonşunun törətdiyi qanlı olaylar dünyanın hər üzünü görmüş bu ağbirçək nənənin yaddaşının sehri ilə çatdırılır.

Yazıçı ermənilərin həyat tərzi olan xəyanət, satqınlıq, şərəfsizlik, hiyləgərlik, qəddarlıq kimi mənfur əxlaq və davranışlarını yüz ildən artıqdır ki, öz uşaqlarına ötürdüklərini, onlara vəhşilik, yaramazlıq, yalan və iftira öyrətdiklərini ayrı-ayrı hadisələrlə diqqətə çatdırır, real bədii boyalarla təsvir edir. Əsir, girov götürülmüş, Xankəndində vaxtilə mal-qara saxlanan tövlədə yerləşdirilmiş, namussuzluq girdabına düşmək istəməyən qadın və qızlarımızın cəhənnəm əzabını xatırladan yaşantılarını, körpə balasını, gənc qızını qorumaq istəyən anaların qorxu və həyəcanını əsərin hər sətrində duyuruq. Onların çarəsiz durumu, erməni cəlladların tamahından qaça bilmək üçün, bu quldurların əlinə düşməmək üçün hər şeydən, hətta həyatlarından belə vaz keçməyə hazır olmaları göz önündə canlandırır.

Erməni silahlılarının kəndi dörd tərəfdən mühasirəyə aldığı, evlərə girib dinc insanlara zülm verdiyi, qızları, qadınları sürükləyib, yük maşınlarına doldurduğu bir zamanda İsrafil kişinin öz arvadını, bacısını və qızlarını tüfənglə vurub öldürməsi səhnəsi o qədər təsirli və inadırıcıdır ki... Qeyrət və namusunun tapdanmasını istəməyən İsrafillərin son anda atdığı addım, verdiyi qərar nə qədər ürəkağrıdan olsa da, başa düşülən, anlaşılandır. Yaxud əsir qadınların arasında olan həkim İsmət xanımın, Xurşud müəllimin, Nabatın və Şeydanın, Qumrunun, Rəhimənin, Ceyranın başına gətirilənlər də yazıçının yüyrək, ötkəm dili, sadə, aydın təhkiyəsi ilə nəql edilir. Aşotların, Qurgenlərin həyasızlığına, qəddarlığına hətta yaşlı, kişitək dəyanətli Həcər xala, Qiyamət nənə belə sinə gərir, düşməni qarğıyır, lənətləyir, köməksiz qalmış yeniyetmə qızlara arxa-dayaq olmaq istəyirlər. Hadisələr sözün gücü, stress və hiss-həyəcanın yaratdığı ovqat və ahənglə çatdırılır. Yaradıcı insanın bədii təxəyyülünün, fikir və düşüncələrinin, duyğularının isə yüz cür çaları var.

Bu əsər, qanlı cinayətləri törədənlərin, xəcalət hissindən məhrum olan, həyasını itirmiş erməni quldurların mənfur sifətinə vurulan sərt şapalaqdır. “Zəngulə” başdan-ayağa çirkab, səfalət içində çabalayan, vəhşilikləri, qaniçən xisləti bəlli olan erməni millətçiliyinin iç üzünü açan bir romandır.

Müəllifin haqsızlığa, biganəliyə, erməni terroruna və vandalizminə etirazıdır. Əsər yazıçının vətəndaş qeyrəti, üsyankar ruhu, yanımcıl ürəyi, doğma məmləkəti üçün hər cür cəfaya hazır olan qəlbinin oduyla yazılmışdı. “Zəngulə”, doğulduğu Qarabağ torpağını bir an yaddan çıxarmayan qələm adamının kitabıydı, qisasa, intiqama çağırış idi. İçimizi yandırıb-yaxan, göynədən, korun-korun közərən dərd-qüssəmizin ifadəsi, tərcümanı idi.

Bütün üzüntüləri, acıları ilə qıvrılıb məngənələr arasında qalan qızların bu ağrı-acısını heç bir təsəlliyə sığışdırmaq mümkün deyil. Yazıçı həm də itirilmiş torpaqlarımızın qaytarılmasını, haqq işimizə dəstək verilməsini tələb edir. Cəsarətli sözü, qələmi ilə. Əsas odur ki, müəllif hadisələrə seyrçi qalmır, baş verən olayları canlı və dinamik təsvir edir, oxucu hadisələrin arxasınca gedir, roman birnəfəsə oxunur. Əsərin dili aydın, səlis və rəvandır, üslubu gözəldir. Bütün bunlar bu nəsr nümunəsinin diqqəti çəkən səciyyəvi məziyyətlərindəndir.

Romanda diqqət yetiriləsi başqa məqamlar da var. Əsirlikdə qalan qızların aqibətini əks etdirən bədii detallar uğurlu alınıb. Əsərdə həmçinin kəskin süjetli detallarla qarşılaşırıq. Ermənilərin törətdiyi vəhşiliklər, rəzalət heç vaxt unudulmayacaq real hadisələrdən götürülüb. Ümumən, əsərin dramaturgiyası güclüdür.

Tarix bizdən uzaqlaşdıqca, sanki Qarabağ dərdini yenib, ağrısını keçib gəlmişdik. Üzləşdiyimiz məğlubiyyət ağır bir cəzatək boynumuzdan asılmışdı. Nə yaxşı ki, millətin, xalqın ruhunu ölməyə qoymayan, mübarizəyə səsləyən bədii nümunələr ərsəyə gəlirdi. “Zəngulə” kimi dəyərli əsərlər əsir-girov qızlarımızın cəhənnəmə dönmüş həyatını, faciəsini çatdıraraq, millətimizi bu xəcalət bəlasına bir daha yuvarlanmayaq deyə, ayıq-sayıq olmağa səsləyir. Tükürpədən bir Cənginin zənguləsi fəryad qoparır, həyəcan təbili çalırdı. Bu, yurdun fəryadı, itirilmiş yurd yerlərimizin ah-naləsi idi. Yazıçı “Zəngulə” kitabına yazdığı ön sözdə belə bir fikir söyləmişdi: “Bu həyat tərzinin sonu nə vaxt bitəcək?” sualıma cavab verəcək adamı tapmaq istəyirəm. Tapdığım gün isə mənim ən xoşbəxt günüm olacaq. Çünki onda Qarabağ işğaldan azad ediləcək, qara damğalı ləkələr qanla yuyulacaq, əsirlikdə olanlarımız öz Vətənlərində azad olduğunu duyacaq, yurddaşlarımız öz torpaqlarına qayıdacaqlar.” Nüşabə Məmmədli digər roman və povestlərində də Qarabağ mövzusuna sadiq qalır, gerçəyi yazmaq missiyasına xilaf çıxmır.

Nəhayət, vaxt-vədə gəldi, bu haray eşidildi, artıq haqsızlığa dözməyən oğullarımız öz müdrik Sərkərdəsinin əmri ilə silaha sarılıb Zəfər savaşına yürüdü, azğın yağıları torpaqlarımızdan qovdu. Qarabağımıza yeni həyat, yeni nəfəs verdi.

 

Zemfira Məhərrəmli

yazıçı-publisist