adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

Yaralı Bəxtiyar - Saffari yazır

Orxan Saffari
79351 | 2021-05-24 10:17

İnsan həmişə təmiz qala bilərmi?
Qala bilmirsə, Bəxtiyar Hidayət insan deyil...


Salam Sarvanın sözüdür, deyir, bəzi adamlar ona görə yolundan dönməyiblər ki, onların qarşısına döngə çıxmayıb. Gözəl və bir qədər həqiqəti əks etdirən söz olsa da, gəlin, bu sözü Bəxtiyar Hidayətin istisnasına verək. Yəqin ki, Bəxtiyar tanıyanlar bu sözümlə iki əlli, sazlı-sözlü razılaşarlar. 

Bu söz həm də təxminən bu sözlə tərs mütənasibdir;

-"Pul ilə hər şeyi hər kəsi almaq olur. Sadəcə, hərənin öz qiyməti var"

Mən inana bilmirəm ki, Bəxtiyarın "qiyməti" var. Onun qiyməti də, dəyəri də elə bir müstəvidədir k, heç onu "təklif" edən də olmaz. Bəxtiyar "qiymətsizdir". Həm də çox qiymətlidir. Nəysə. Sözüm söz oyunundan uzaq.

Mənə elə gəlir, elə təkcə Qazağın ən şirin şeirlərini Bəxtiyar yazır. Qəribədi, çox da bəyənmədiyim təcnis, gəraylı, qoşma kimi şeir formlarını onun qələmindən elə sevirəm, elə sevirəm, Bəxtiyar Əskiparanı sevən qədər. Daha doğrusu, bu forma şeirlərə önyarğımı vaxtı ilə darmadağın edən şairlərdəndir Bəxtiyar.

Məsələn, şirin ləhcəsində yazdıgı bu gözəl şeir kimi;

Dedirdən dedirdir məni, a dostlar
Yoxsa bircə kəlmə deyəsi döyəm
Məni ağırlıqda qızılı ola,
Məni saymayanı sayası döyəm

Əvə yeri etdi qəmlər qoynumu
Yüz qom gül bağlana, açmaz eynimi
Haq yanında qıldan nazik boynumu
Hər boynuyoğuna əyəsi döyəm

Haq nədi, nahaq nə, deyəsi oldum
Hər otu, çiçəyi duyası oldum
Mən də öz sözümün yiyəsi oldum
Özgə malın, mülkün yiyəsi döyəm

Yaralı Bəxtiyar Əskiparalı
Qaraca telləri geri daralı
Ömür keçib gedir ağlı, qaralı
Vaxt qızıl kimidi- qıyası döyəm


Yəqin ki, elə yuxarıdakı sözlərimi bu şeir ifadə elədi.

Bəxtiyarın şirinliyini, şair kimi böyüklüyünü hər şeirində görmək olar. Mən xüsusi ilə axtardım, bir az da artıq oxudum, amma xüsusi ilə tənqid edəcəyim, "bu nə şeirdi?" deyəcəyim bir misra belə olmadı.

Deyim ki, yaza-yaza burda şeirlərdən misal gətirməyə də çətinlik çəkirəm. Hətta istədim, birinci təkcə özü ilə bağlı nəsə yazım. Amma həm də düşündüm ki, indi durub Bəxtiyar elə adamdı, belə adamdı deməyin də adı yoxdu. Yenə də özümü, sözümü saxlaya bilməyib deyirəm.

Fəqət, həqiqət bu ki, Bəxtiyar elə adamdı, belə adamdı intonasiyasinin ən yaxşı adamıdır, ən yaxşı şairidir.

Mübarizliyi, əzmi- bunlar ümumiyyətlə başqa söhbətlərdir, heç dilə gətirmək də istəmirəm. O qədər rahatam ki, bundan söz açmasan belə bilinər.

Bilmirəm, qazaxlılar "qazaxşinalıq" edib narazı olar, ya yox, amma şeir baxımından Bəxtiyar mənçün məhz həm də hazırda  Qazağın ən böyük şairidir.

Qazağ Səməd Vurğun yox, Bəxtiyar Hidayətlə anılmalıdır.

Bəxtiyar var deyə Tanrıya şükr eləmək lazımdır. Bu səssiz, səmirsiz adamın elə bir səs-küyü var ki, gəl görəsən.

O, özü də belə pafos sevməz, amma həqiqətən də Bəxtiyar bu xalqın, millətin şairidir. Bu xalqı tanıyan, bunlara bələd olan, bunları içindən keçirən adamdı Bəxtiyar. Onu bu günki zaman da, bu günki adamlar da, vəziyyət də narahat edir;

Bu dövrün sabahı qorxudur məni
Bilmirəm kim necə, nə cür edəcək
Onu bilirəm ki, sabah bu millət
Bu günki gününə şükr edəcək.

Ucaldır zəmanə julik insanı
Yalandır, ucaltmır bilik insanı
Ən ali dəyərə malik insanı
Ən alçaq işlərə məcbur edəcək.

Sərvət gəldi, getdi, seyfə çəkilib
İrəli bir-iki tayfa çəkilib
Çörək imam kimi qeybə çəkilib
Gözləyək, bəlkə də zühur edəcək.

İki ağac üçün qalxdıq ayağa
İndi yaşıllığa qənimik, qağa
Özümüz başladıq yarpaqlanmağa
Dövran göz yaşını puçur edəcək

Yaralı Bəxtiyar deyənlər haxdı
Dönübdü taleyi, dönübdü taxtı
Bir də görəcəksən bir qanun çıxdı
Vicdanı insana qüsur edəcək.


Əgər bu dünyada, o dünyada, lap elə Qalaktikada, hardasa bir yerlərdə vicdan məhkəməsi olacaqsa, Bəxtiyar o məhkəmənin ən günahsız, ən təmiz insanı olacaq.

Bəxtiyar qüsuru həddən artıq, belə lap son dərəcə vicdanlı olmağıdır.

Bir dəfə dostlarla ədəbi söhbət edirdik. Söhbət satiradan düşəndə dedim, satira əslində, bizim kimi cəmiyyətlərdə lazım deyil, gərəksizdir. Çünki satira etiraz ruhunu batırır. Bir adam yüz adamın demək istəyidini deyir, digərləri də deyir, əşşi, deyilib də bu.

İndi bilmirəm, Bəxtiyarın "narazı" şeirləri də bu cürdür, ya yox. Çünki bu şeirlər şəxsən mənə o qədər şirin və ağrılı gəlir ki, bir qərara gələ bilmirəm.

Bunun yaxşısına, pisinə lənət
Pislər yaxşıları pisikdiriblər
Gedəni yurdundan didərgin salıb
Qalanı canından bezikdiriblər

Taxdılar xalta da, xamut da bizə,
Vurdular balta da, əmud da bizə
Sələmə verilir umud da bizə
Di gör biz yetimə nə çəkdiriblər

Bəxtiyar, başlayıb girhagir indi,
İstərsən göyə çıx, yerə gir indi,
Koroğlu bağlarda yer əkir indi,
Həmzələr keçələ saç əkdiriblər.


Bəxtiyar haqqında bu yazını elə burda da saxlamaq istəyirəm. Bəxtiyar haqqında çox uzun yazıb, çox uzun danışmaq istədiyim adam olsa da, Bəxtiyar haqqında həm də susmaq istəyirəm. Hərdən söz tapa bilmədiyimdən, hərdən utandığımdan. Hərdən də əlimdən gələn tək şey yazı yazmaqdır ki, bu cür adamlara vəfa borcu yerinə yetirirəm. Hər şey üçün sağ ol, Bəxtiyar qağa!

 

Orxan Saffari



 

TƏQVİM / ARXİV