adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Taksi sürücüsündən dərs - Eminquey yazır

EMİNQUEY AKİF
158323 | 2021-05-17 11:29

İclasa gedəcəkdim. Baxdım ki, gecikəcəm, bir taksiyə mindim. Taksi sürücüsü söhbətcil biri idi. O danışırdı, mən isə dinləyirdim. İş yerinin önünə çatdıq. Taksi pulu 9.75 TL tutdu, mən isə 10 TL uzatdım. Adətən tez-tez rast gəlirik, sürücü xırdanı axtarırmış kimi qurdalanır, biz isə pulun xırdasını ala bilmək üçün bir ayağımız çöldə maşından düşməmək üçün vurnuxuruq. Eynilə bu vəziyyət idi. Sürücü pulun qalığını qaytamaq üçün üst-başını axtarırdı.

"Qalıq qalsın, qardaşım" - dedim.

Mənə tərəf çevrildi:

"Vaxtın varmı, qardaş?" - dedi.

"Bəli" - dedim (bir ayağım hələ çöldə idi).

Maşını saxladı, aşağı düşdü. Qabaqda bir bufet var idi. Ora getdi, nə isə danışıb qayıtdı. Mənə 25 qəpik uzatdı.

Dedim: "Qardaş, 9.75 yox, 10.50 yazsa idi, məndən 50 qəpik istəyəcəkdinmi?"

- Nə danışırsan? Səndən 50 qəpik alacağam, qardaş?!

- Bəs niyə 25 qəpik üçün o qədər narahat oldun?  Halbuki qalığı qalsın demişdim.

Mənə tərəf çevrildi,  qolunu atdı oturacağın arxasına:

- Vaxtın varmı, qardaş?

- Var.

- O zaman qapını ört.

Bir beş dəqiqə danışdıq. İngiltərədə professorlardan, nə bilim, çoxlarından təhsil aldım. O taksiçinin beş dəqiqədə öyrətdiklərini, ingilis müəllimlər həftələrlə verdikləri dərslərdə mənə öyrədə bilmədilər:

"Qardaş, biz Keçiörəndə beş qardaşıq. Atam fəhlə idi, günəmuzd işləyirdi. İnşaat işi tapsa, işləyib gəlirdi, hansı gün iş tapa bilməsə, biz evə gələndə, üzündən anlayardıq".

"Vəziyyətimiz heç yaxşı olmadı. Axşam yer süfrəsində yemək yeyərdik. Yemək bitincə atam bizə - "Dayanın, qalxmayın" - deyərdi. Əvvəl dua edərdik, sonra atam bizə süfrədə söhbət edərdi".

"Aha" – dedim, kolleqamızdı, seminarçı...

- Nə danışardı atan?

- Həyatda necə müvəffəqiyyətli olurlar. O gün inşaata çağırmasalar, evə pul gətirə bilmir, sonra uşaqlara həyatda müvəffəqiyyət metodlarını izah edirdi.

Atam işə gedən kimi böyük qardaşımız onu yamsılayardı, dəlik bir corab geyinər, şalvarın ciblərini çölə çıxarar, dörd qardaşı qarşısına alıb, "Dürüst olun, evinizə haram tikə gətirməyin"- deyərdi, biz də gülərdik. Anam hirslənərdi, - "Atanıza lağ etməyin. O, həm dürüst, həm də çalışqandır" - deyərdi.

Yan evdə iki qardaş vardı, onların atası varlı idi. Ataları pivəxana işlədirdi.  Adamda hər fırıldaq vardı, qumar-filan oynayırdı. Bizim yeni heç bir şeyimiz olmadı, həmişə o ikisinin köhnələrini istifadə etdik. O əmi məhəllədən keçərkən biz beş qardaş ayağa qalxardıq, çünki bizə bəxşiş verərdi. Atam evə gəlincə ayağa qalxmazdıq. Çünki hədiyyə, pul-filan olmurdu.

Qardaş, daha sonra biz atamı itirdik. Altı ay içində yandakı ata da öldü. Yandakı ata iki uşağa beş mərtəbəli bir ev, işləyən pivəxana, kurslar və ərazilər qoydu. Bizim atamız nə qoydu bilirsinizmi?

- Nə qoydu?

- Dükan borcları və məsləhətlərini qoydu – “Övladım, işinizdə dürüst olun, haqqınız olmayan pulu almayın”.

Qardaş, aradan 15 il keçdi…

Digər atanın 2 oğlu indi həbsxanadadırlar, nə ev qaldı, nə də pivəxana. Ailələri dağıldı.

Biz 5 qardaş, beşimizin də Keçiörendə taksi dayanacağında bir taksimiz var. Hamımızın bir ailəsi, uşağı, bir evimiz var.

Bu yaxınlarda böyük qardaşımız bizi bir yerə toplayıb, dedi ki, əsl mirası bizim atamız qoyubmuş.

Hamımız ağladıq. Beş qardaş taksiçiliyə başladığımızdan bəri, taksimetrənin yazmadığı 10 qəpiyi evimizə gətirmədik. Hər şeyimiz var, Allaha şükür!

Çox duyğulandım, vidalaşdım. Tam enəcəkdim ki:

- Dayan, qardaş, söhbətin ən yağlı yerini indi eşidəcəksən!

- Aha…

- Harada yaşayırıq, bilirsənmi? O iki qardaşın yaşadığı beşmərtəbəli binanı biz aldıq. Beş qardaş orada yaşayırıq.

Övladınıza nə avtomobil, nə ev, nə də başqa bir miras qoymaqla bitmir. Övlada yalnız mənəvi dəyərlər qoyun. Baxın, hər iki ata da övladlarına dəyərlərini qoyub gediblər.

Ahmed Şerif İzgörenin bu əhvalatını eşidən kimi öz məmləkətimiz, atam, onun ölümündən sonra yarım qalan işləri, borc dəftərləri, alacaq dəftərləri gözlərimin önünə gəldi. Mənə bu şəhərdə yerdən bir metr aşağıda kiçik bir ev qoyub getmişdi, bir də borc dəftərləri. Borclarını nəyim vardısa ödədim. Öz qoyub getdiklərilə. Nə atamın ruhunun narahat qalmağına izn vermədim, nə də özümün başıaşağı gəzməyimə. Evimə haram tikə gətirmədim. Qumar oynadım, nə faydasını gördüm, nə də bərəkətini. Amma hər zaman başıdik gəzdim. Onun varlığı bir şey öyrətdi mənə, yoxluğu bir şey. Onun yoxluğundan sonra özümün bir xeyli tərəfimi kəşf etdim. O, öz həyat yolunu mənə miras qoyub getdi.

Və ümid edirəm ki, bir gün mən də bu taksi sürücüsü kimi arzularıma başıdik çatacağam.

TƏQVİM / ARXİV