SON DƏQİQƏ:

Kreml variantı

  135422   |  
Şriftin ölçüsü  

Ermənistan parlamenti mayın 3-də keçirdiyi iclasında baş nazir seçə bilmədi. İstefadan sonra hökumətin rəhbəri vəzifəsini müvəqqəti icra edən N. Paşinyanın lehinə 1, əlehinə 3 nəfər səs verdi, 75 nəfərsə bitərəf qaldı. Hazırkı parlamentdə mütləq səs çoxluğu hakim partiyanın əlində olduğundan həmin yerə başqa iddiaçı yox idi. Bu, əslində, ssenarisi əvvəcədən hamıya bəlli olan formal bir konstutisiya prosesiydi. Yəni, ölkənin əsas qanununa görə baş nazir istefa verdikdən sonra parlament iki dəfə həmin kürsüyə yeni şəxs seçə bilməzsə qanunverici orqan buraxılır, yeni seçkilər təyin edilir. İkinci cəhd mayın 10-da baş tutacaq və heç bir şübhə yoxdu ki, eyni mənzərə təkrar olunacaq. Çünki ssenarini hakimiyyət özü yazıb, hələ üstəlik, təkrar seçkilərin də vaxtını bəri başdan müəyyənləşdirib.

İkinci Qarabağ savaşında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanda başlayan fasiləsiz etiraz aksiyaları ölkədə ağır siyasi fəsadlara səbəb oldu və ciddi hakimiyyət böhranı yarandı. Bu böhrandan çıxmaq üçün Paşinyanın iki yolu qalmışdı. Ya istefa verib siyasi səhnədən çəkilməli, ya da, necə deyərlər, mandatını təzələməliydi. O, ikinci yolu seçdi. Çünki ölkədəki, demək olar, bütün siyasi qüvvələrin və tanınmış siyasi xadimlərin birgə çağırışları və təşkilatçılığıyla keçirilən həmin küçə aksiyaları və mitinqlər onun tək reytinqinin bütün rəqiblərinin birgə reytinqindən üstün olduğunu göstərdi. Həmin fasiləsiz mitinq günlərində hakim partiyanın təşkil etdiyi kütləvi aksiyaların daha izdihamlı olması onun özünə inamını artırdı və istefaya gedərək erkən seçkilərin keçirilməsinə şərait yaratdı. Belə məlum oldu ki, o öz kütləvi aksiyalarını məhz ictimai rəyin testi məqsədiylə keçirirmiş.

İndi ölkədə siyasi qüvvələrin toparlanması və müxtəlif seçki bloklarının formalaşması prosesi gedir. Mövcud siyasi palitranı gözdən keçirəndə məlum olur ki, ölkədə Paşinyana güc göstərəsi təzə bir lider və yaxud nüfuzlu partiya yoxdu, meydan şəxsi qisasçılıq hissiylə alışıb-yanan   “köhnə təzələr”in ümidinə qalıb. Onların ən “odioz” nümayəndələri nəinki elektoratlarını, hətta ictimai nüfuzunu da itirmiş Köçəryan-Sərkisyan cütlüyüdü. Bu adamları bir-birinə bağlayan təkcə vaxtilə oynadıqları “sələf-xələf” oyunu deyil, həm də hər ikisinin eyni klanın – Qarabağ klanının təmsilçisi olmalarıdı. Qarabağ klanının Ermənistanın bugünkü ictimai rəyində gözdən düşdüyünü , yumşaq desək, heç bir rəğbət doğurmadığını nəzərə alsaq bu iki nəfərin Paşinyana ciddi rəqib olacağını düşünmək sadəlövhlük olardı. Üstəlik, aralarından hansı yellərinsə əsdiyinə görə həmin şəxslərin seçkiyə birlikdə deyil, fərqli siyasi bloklarda qatılmasının, onsuz da, dağınıq və zəif Qarabağ elektoratının parçalanacağına gətirib çıxaracağını nəzərə alsaq, qələbə iddiasında olan bu zatların hətta baraj problemiylə üzləşəcəkləri şübhə doğurmur. Məlumdu ki, ilk vaxtlar seçkilərdə iştirak etməyəcəyini bəyan edən Sərkisyan son günlər keçmiş təhlükəsizlik naziri Venetsyanın blokunda yer alacağını bildirib.

Bir neçə gün əvvəlsə ölkənin ilk prezidenti, son aylar Yerevanı bürüyən siyasi təlatümlərdə özünü “ağayana” aparmış Levon Ter-Petrosyan “Milli Razılıq Alyansı” bloku tərkibində seçkilərə vahid proporsional siyahıyla qatılmaqla bağlı özündən sonrakı hər iki prezidentə müraciət edib. Birinci prezident aralarındakı prinsipial fikir ayrılıqlarına və keçmiş narazılıqlara baxmayaraq, ölkənin taleyindən narahatlıq keçirdiyi üçün bu addımı atdığını və heç bir vəzifəyə iddia etmədiyini söyləyib. “Ermənilər anlamaldı ki, Paşinyan rejiminin yenidən bərqərar olması Ermənistan və “Arsax” (dırnaq bizimdi-red.) üçün Azərbaycan və Türkiyədən mümkün və ya ehtimal olunan təhlükədən daha qorxuludu”.

Birinci prezidentin Türkiyə və Azərbaycandan Ermənistana heç bir təhlükənin olmadığına ehtiyatlı şəkildə eyham vurması maraqlı gəlişmədi. Çünki belə bir təhlükənin olmadığını qonşu ölkədə uşaqdan-böyüyə hamı bilsə də, bu onlardan ötrü ideoloji bir ehkamdı, tabudu, onu şübhə altına alanın, dilinə gətirənin ən yüngül cəzası alnına basılan əbədi lənət damğasıdı.

L.Ter-Petrosyanın heç bir vəzifədə gözü olmadan bu cür təkliflə çıxış eləməsi məntiqlə R. Köçəryan üçün göydəndüşmə olmalıydı. Çünki Birinci prezident Qarabağ klanına daxil deyil, Livan əsilli olsa da, Ermənistan onu özününkü sayır. Üstəlik, ermənilərin Birinci Qarabağ müharibəsindəki qələbəsi bölgədəki rus hərbi qüvvələrinin proseslərə birbaşa və dolayısı müdaxiləsi nəticəsində əldə olunmasına baxmayaraq,  dövrün dövlət başçısı kimi onun aktivinə yazılıb. Onun ölkədəki  gücü və elektoral dəstəyi Köçəryanla Sərkisyanın birgə gücündən qat-qat çoxdu. Buna baxmayaraq Köçəryan  “sırf mənəvi mülahizələrə görə” təklifdən imtina edərək deyib ki,  belə davranış özünün yaratdığı “Ermənistanı xilas hərəkatı”na xəyanət olar. Sərkisyansa bu təklifə, ümumiyyətlə, reaksiya verməyib.

Sözü gedən xilas hərəkatının üç-dörd aylıq vurnuxmalarının nəylə bitdiyini,  Paşinyanın gücünün həmin hərəkatda birləşmiş onlarla partiya, təşkilat, müstəqil siyasətçi və çoxsaylı ziyalıların birgə gücündən qat-qat çox olduğunu yuxarıda söylədik. “Mənəvi mülahizələr”ə gəlincə Köçəryan burda lap “gül vurub”. Onun əlinin dirsəyinə kimi azərbaycanlıların qanına batmasını bir kənara qoyaq, çünki uşaq-böyük, qadın-qoca, ümumiyyətlə, türkləri öldürüb qanlarını içmək erməni milli ideologiyasının ana prinsipidi. Yüz illərdi erməni kilsəsinin dualarından tutmuş erməni “alim və mütəfəkkirləri”nin cızma-qaralarına, siyasətçi və dövlət adamlarının əməllərinə kimi hər şey məhz bunun üstünə köklənib. Amma adamın əli ermənilərin öz qanına da çox batıb, axı. 1999-cu ildə  parlament gülləbarınınında ölənlərin də, indi ona arxa çevirən S.Sərkisyanı varisi kimi hakimiyyətə gətirmək üçün (təbii ki, həm də öz cinayətlərini ört-basdır eləmək naminə) 2008-ci ildə Yerevan küçələrində qətlə yetirilənlərin də qanlarının bu “mənəviyyat dağarcığı”nın üstündə olması heç kimə sirr deyil.

Paşinyan onu elə bu sonuncu cinayətinə görə damlamışdı. Müharibədəki məğlubiyyət olmasaydı Köçəryanın ən azı 6-7 il, yəni Nikolun ikinci hakimiyyət müddətinin sonuna kimi dəmir barmaqlıqlar arxasında qalacağı sirr deyildi. Çünki düşmən də olsa etiraf etməliyik ki, öz  radikal islahatları, xüsusilə korrupsiyaya qarşı mübarizə sahəsindəki uğurlarına görə o, ikinci müddətə seçilmək problemini də qabaqcadan həll eləmişdi.

Köçəryanın birinci prezidentin olduqca sərfəli təklifindən imtinası, şübhəsiz ki, “mənəvi mülahizələrlə” bağlı deyil. İndi təəssübünü çəkdiyi “Ermənistanı xilas hərəkatı”nın gücünə və elektoral dəstəyinə də yaxşı bələddi. Məğlubiyyətin isti izləriylə baş nazirə gücü çatmayan bir qurumun seçkidə də onu yenə bilməyəcəyini anlayır. O özünü hakimiyyətə arxa qapıdan soxulmaq imkanı olan ən şanslı namizəd sayır və oyunu da məhz bunun üstündə qurub.

Həbsdən çıxandan sonra hansısa bir qurumun hansısa iclasına qatılmaq üçün yox, məhz hakimiyyət iştahına görə Moskvanın yolunu ağartması həmin oyunun tərkib hissəsidi. Putinin yaxın dostudu, erməni siyasətçilər arasında rəsmi Kremldə ən arzuolunan şəxs hesab edilir. Kremlin hakimiyyət dəyişikliyi ssenarilərindəsə “seçki qutuları” heç sonuncu rolu da oynamır, bu ssenarinin sınaqdan çıxmış öz xüsusi süjet xətti var.   

Son günlər mətbuatda Dağlıq Qarabağdakı erməni silahlı qüvvələrinin çıxarılması haqqında qeyri-rəsmi informasiyalar dolaşır, hətta ağır hərbi texnika karvanlarının Xankəndindən Laçın dəhlizi boyu Ermənistana tərəf getdiyinin videogörüntüləri yayılır. Bu texnikaların Dağlıq Qarabağdan çıxardılması 10 Noyabr 2020-ci il bəyanatının 4-cü bəndinin tələbi olsa da, 6 aydı ki, həmin tələbə əməl olunmurdu. İndi bu yöndə müəyyən canlanmanın hiss olunması çox mətləblərdən xəbər verir. Putin altına imza atdığı sənədin əksər bəndlərini ya icra edə bilmir, ya da icra eləmək istəmir. Çox güman ki, birinci bəhanə, ikincisə səbəbdi. Çünki indiki halda ən qatı anti-rus erməni siyasətçisi Paşinyan da qarışıq Ermənistanda Kremlin ziddinə gedəsi ikinci bir qüvvə və şəxs yoxdu. Gündəmin daha çox Zəngəzur dəhlizinə kökləndiyi bir vaxtda erməni silahlılarının bölgədən çıxarılmasının, heç şübhəsiz, incə  pərdəarxası incə məqamları var.

Köçəryanın seçkini udacağı real görünmür. Uduzacağı təqdirdəsə təmsil olunduğu hərəkatın növbəti kütləvi aksiyalara başlayacağı şübhə doğurmur. Düzdü, seçki məğlubiyyətindən sonra bu aksiyalar əvvəlkindən də qat-qat sönük olacaq, ancaq bəzən sönük aksiyalar da aranı qarışdırmaq üçün həlledici rol oynayır. Ötən dəfə ordu proseslərə müdaxilə etməyə risk eləmədi, generalların narazılığı pik həddinə çatsa da əsgərlər kazarmalardan küçələrə çıxmadı. Bu dəfəsə fərqli ssenari oynanılacaq. Əsgərlər, özü də Köçəryana sadiq olan Qarabağ əsilli əsgərlər meydana çıxacaq, qarşıdırma silahlı müstəviyə keçəcək, ölkəni vətəndaş müharibəsi bürüyəcək. Bu müharibənin miqyası Paşinyana sadiq qüvvələrin onu müdafiəyə qalxıb-qalxmamağından asılı olacaq. Bir sözlə, ötən il ağır müharibədən məğlub çıxmış ölkə artıq ikinci, daxili savaş mərhələsinə qədəm qoyur. Ciddi elektoral dəstəyə malik olmayan Köçəryanın az-çox nüfuzlu şəxslərin koalisiya təklifindən imtinasının əsas səbəbini burda axtarmaq lazımdı. Ümidi hakimiyyət dəyişikliyinin Kreml variantınadı. Çox güman ki, Ermənistan silahlı qüvvələri adı altında Qarabağ əsilli əsgərlərin indidən Yerevana yerləşdirilməsi prosesi başlayıb.

M. Cavadoğlu

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK