adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 May 2021 13:10
69502
MÜSAHİBƏ
A- A+

Cavanlığın, saf məhəbbət eşqinə...

İstedadın da qanla, genlə nəsildən nəslə keçdiyi artıq qəbul olunub. Bizdə isə bunu sübut etməyə lüzum yoxdur, ona görə ki, yüzlərlə sübut var. Hamısı da göz qabağında. Yəni indi müxtəlif sənət sahələrində müvəffəqiyyətlə çalışan istedadlı sənət adamlarının əksəriyyəti bir vaxtlar bütün dünyaya səs salan korifey sənətkarların övladlarıdır. Bu üzdən istedadın atadan oğula keçdiyini söyləmək olar. Amma gəlin, görək məşhurların övladları bununla razılaşırlarmı? Valideynlərini necə xatırlayırlar? Axı indi az qala sitayiş etdiyimiz dühaları övladlarından yaxşı kim tanıyır?

Aşıq Gülarə Azaflı Mikayıl Azafli sənətinin davamçisidir. Onunla ömrünü millətinin inkişafına sərf edən dahiləri yad etmək, onları indiki nəslə tanıtdırmaq və sevdirmək, tanıyanlara isə yeni nə isə demək məqsədilə ustad Mikayıl Azaflı barədə söhbətləşdik.

 

 

Stalinə "saqqal çəkdi", qaçaq düşdü...

 

… Atam, özünün dediyinə görə, 1924-cü il mart ayının 21-də Tovuz rayonunun Azaflı kəndində anadan olub. Amma doğum şəhadətnaməsində 1926-cı il yazılıb. Biz ona “baba” deyirdik. Ümumiyyətlə, babam özü haqqında az danışırdı. Dediyinə görə, kiçik yaşlarından şer yazırmış. Amma 7-ci sinifdən məktəbi atmalı olur. O dövrdə kitabların üstündə Stalinin şəkli olurmuş. Babam da onlardan birində şəklə saqqal çəkir və bu barədə HKVD-yə xəbər verirlər. Tarix müəllimi yaxşı insanmış və babama deyir ki, "Mikayıl, səni tutacaqlar bu kənddən çıx…". Babam da Goranboydakı qohumlarının yanına qaçır. Ümumiyyətlə, bizim nəsil çox böyükdü. Azərbaycanın bir çox bölgəsində azaflılar yaşayır. Hətta babam Türkiyəyə gedib-gələndən sonra deyirdi ki, orda da azaflılar var.

Hə isə... Goranboyda da babamı yaxşı qarşılamırlar. Böyük Vətən Müharibəsi başlayanda babamı Goranboy Hərbi Komissarlığı yaşı düşməyə-düşməyə müharibəyə aparır. Atamın düşdüyü hərbi hissədə rus zabitləri rus dilini bilməyən azərbaycanlıları çox zaman güllələyirmiş. Babam buna dözmür və başqa bir əsgər yoldaşı ilə bir neçə rus zabitini yaralayıb, Bakıya qayıdır. Gedir düz Mircəfər Bağırovun yanına və vəziyyəti ona danışır. O hadisədən bir müddət sonra azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyası yaradılır. Amma babamla dostunu zabiti yaraladıqlarına görə həbs edib Sibirə göndərirlər. Bu dəfə də babam vaqonun döşəməsini kəsib qaçır. Qayıdıb yenidən kəndimizə gəlir. Və 1944-cü ildə pantürkist damğasıyla həbs olunur. Lakin bu ittihamı sübut eləyə bilmirlər və babamı həbsdən buraxırlar.

- Deyilənə görə, Azaflı təxəllüsünü atanıza Səməd Vurğun verib...

- Babam Səməd Vurğunla dost idi. O, Goranboya qaçandan sonra Gəncədə Borsunlu Məzahirin rəhbərliyi altında fəaliyyət göstərən ədəbiyyat dərnəyinin üzvü olub. Məzahir də şerlərini "Daşqın" imzasıyla yazırmış. Onun şərəfinə atam əvvəlcə özünə "Coşqun" təxəllüsü götürüb. Günlərin bir günü Səməd Vurğun həmin dərnəyin qonağı olur və babamın şerlərinə qulaq asır. Şerlər onun çox xoşuna gəlir və babamı şəyird olmaq üçün rəhmətlik Aşıq Mirzə Bayramovun yanına göndərir. Amma sonradan babam müharibəyə yollanır və başına gələn əhvalatlardan dolayı Aşıq Mirzə ilə görüşə bilmir. 1944-cü ildə də Aşıq Mirzə dünyasını dəyişr. Həmin dövrdə babam həbsdə olur. Həbsdən çıxandan sonra Aşıq Əsədin yanında şəyirdlik edir, o da rəhmətə gedəndən sonra Aşıq Yusufun yanına keçir. Beləcə, aşıq olur. Amma bir dəfə Səməd Vurğun ona qulaq asandan sonra deyir ki, "kəndinizin adını özünə təxəllüs götür". O gündən sonra babam olur Aşıq Mikayıl Azaflı. Səməd Vurğun Moskvada xəstə yatanda babam ona dəymək üçün Moskvaya gedib.

 

- Deyirlər, atanız uzun müddət qaçaqlıq da edib...

- Bayaq dedim ki, babamı 1944-cü ildə pantürkist damğasıyla həbs eləyirlər, amma günahını sübut eləyə bilmədikləri üçün buraxırlar. Buna baxmayaraq, sonra da onu rahat buraxmırlar, ona görə də babam dağlara çəkilir. Tovuzda bir mağara var, ora Qaçaq Mikayılın mağarası deyirlər. Bu yaxınlarda bizi bir mebel fabrikinə çağırdılar. Gedib gördük ki, ora bir fısdıq ağacı gətiriblər, üstündə bıçaqla "Burdan Qaçaq Mikayıl keçib" sözləri yazılıb. Babamın qaçaqlığı ilə bağlı çoxlu əfsanələr dolaşıb. Saçlarını kəsdirməzmiş, uzun hörükləri varmış. Kənd soveti və ya kolxoz sədrləri kimi incidirmişsə, gedib onları başa salırmış. Həmin dövrdə qaçaqların heç də hamısı xeyirxah olmurmuş, quldurluq eləyənləri də varmış. Amma onlar babamdan çəkiniblər, onun rastına çıxmamağa çalışıblar. 50-ci illərin əvvəllərində babam bəzi dostlarının köməyi ilə bəraət alandan sonra üzə çıxıb. Ondan sonra da babamı rahat buraxmayıblar, üsyankar şerlərinə görə həmişə sataşıblar. Ona çox vaxt aşıqların əli ilə ilişiblər, amma yenə də yenə bilməyiblər.

 

Azaflı, çoxları güdür canını,

İşlədir fələyin dəyirmanını.

Hamərd quduz kimi dörd bir yanını,

Daladı, daladı, əli boş getdi.

 

Belə şerlər çoxlarına əlbəttə ki, xoş gəlmirmiş və onu yenidən həbs etdirmək üçün hiylə qururlar. Toya gedəcəyi evdən "makentoş" palto oğurlayıb babama satırlar. Babam da həmin paltonu geyinib gedir toya. Toy sahibi paltonu tanıyır. Sonra evimizi axtarıblar, evdən babamın silahı tapılıb və buna görə yenidən həbs olunub. Oğurluq məsələsi sübut olunmur, ona görə də silah üstündə tutulur. Özü də babamı öz qohumlarının əlilə ilişdirirlər. 1961-ci ildən 1965-ci ilə qədər həbsdə yatır.

 

Özümün əllərim döydü özümü,

Çığnadı qəlbimi, tökdü gözümü,

Ellər, deyəmmədim doğru sözümü,

Az qanan qocaltdı, mən qocalmazdım.

 

Babamın həbs olunması xəbəri az bir zamanda bütün Gəncəbasara yayılır. Camaat yığışıb pul yığır ki, bəlkə rüşvət verib onu həbsdən buraxdıra bilsinlər, amma xeyri olmur. Babamın bir pərəstişkarı vardı, Məmməd Quliyev,  neftçi idi, sonradan babamla siğə qardaşı oldular, o, Qazaxda olanda aşıqlardan biri babamın şerini oxuyurmuş. Soruşur ki, "Aşıq Mikayıl indi hardadır". Aşıq cavab verir ki, "həbsdə". Rəhmətlik Məmməd əmi Bakıya qayıdandan sonra Azərbaycanın birinci katibi Vəli Axundovun qəbuluna gedir və babamı vaxtından əvvəl həbsdən buraxdırmağa nail oldu.

- Türmədə olanda, atanızla əlaqələriniz vardımı?

- Rəhmətlik bacım Dilarə də şair idi atama şerlər göndərirdi. Onların  deyişməsi aşıqlar o, hələ həbsxanada olduğu vaxtlarda oxuyurdular. Bir dəfə də dəllək babamın başını qırxanda deyir ki, "saçların qar kimi ağarır, bəlkə bir şer deyəsən, ağarmasın". Onda babam bu şeri deyir:

 

Cavanlığın, saf məhəbbətin eşqinə,

Ağarmayın, ay saçlarım, amandı!

Əhdi-peyman, sədaqətin eşqinə,

Ağarmayın, ay saçlarım, amandı!

 

Olmazmı ki, qəm çəkincə güləsən,

Hədən oldu, yanıb döndün külə sən?

Qırx yaşına çatmamısan hələ sən,

Ağarmayın, ay saçlarım, amandı!

 

Şerin son bəndində deyilir ki,

 

Azaflıyam, ağ saqqalım bir yana,

Gənclik getdi, könül oldu virana,

Deyəcəklər dözəmmədi hicrana,

Ağarmayın, ay saçlarım, amandı!

 

Sonradan aşıqlar "Deyəcəklər dözəmmədi hicrana" misrasını "Deyəcəklər dözəmmədi zindana" kimi oxuyublar və şer bu cür dillər əzbəri olub. Misrada "hicrana" sözünün "zindana" sözü ilə əvəzlənməsi aşığın zindan həyatına işarə kimi şeri daha da təsirli edir. Misra isə məhz "Deyəcəklər dözəmmədi hicrana" kimi yazılıb.

Özü də danışırdı ki, "Bir dəfə başımı qırxdıranda, güzgüyə baxdım, gördüm saçlarım qar kimi ağarıb, hətta bığ-saqqalım da ağappaqdır. Bir ah çəkdim. Dəllək bunu başa düşdü və dedi ki, bu vəziyyəti təsvir eləyim. Elə orda bu şeri dedim:

 

Güzgü, sana baxmayaydım,

Yzüm sarı ağa bənzər.

Saqqalıma qırov düşüb,

Başım qarlı dağa bənzər...

 

Babamı üsyankar şerlərinə görə mətbuata yaxın buraxmırdılar. Onu ilk dəfə televiziyaya çəkəndə ömrünün son illəriydi. Yadıma gəlir, jurnalist babama sual verir, cavabını da özü deyirdi. Görünür ona tapşırıblarmış ki, babama danışmağa çox imkan verməsin.

- Son günlərini necə xatırlayırsınız?

- 1990-cı ilin qanlı yanvar hadisələri baş verəndə babam Biləcəridəki Dəmiryol Xəstəxanasında böyrəklərindən müalicə alırdı. Amma o hadisədən sonra özünə gələ bilmədi. Sonra da infarkt keçirdi.

 

Eşidin ey dünya, eşidin ellər,

Azərin ürəyi qana dönübdü.

Həğməli bülbüllər, bağçada güllər,

Xalqımın çörəyi qana dönübdü.

 

90-cı il oktyabr ayının 12-də babam əməliyyat olundu. Özü bunu istəmirdi. Əməliyyat otağına gedəndə yanında Məmməd əmim, qardaşlarım Hökmüran və Hakim, bacılarım Dilarə, Maral, Harınc xatun və mən olmuşam. Əməliyyatdan bir az əvvəl tibb bacısı babamın venasına iynə vuranda damarından qan sıçradı, hamımız diksindik, babam da diksindi. Biz eşitmişdik ki, damara iynə vurulanda qan sıçrayarsa, adam ölür. Harunc Xatın gördü ki, babamın rəngi ağardı, qayıtdı ki,

 

Dur bu yerdən qaç, qartalım,

Zirvələrə uç, qartalım,

Kainatı quc, qartalım,

Allah sana şəfa versin.

 

Babam da cavabında dedi:

 

Ömür vəfa edə, neylim,

Dağlardadır qartal meylim,

Azaflıyam, bir də deyim,

Səbr eylə, Xatun, ağlama.

 

Bu deyişmədən sonra babamı apardılar. Harınc Xatın ağlaya-ağlaya həkimlərə üz tutdu:

 

O, Qorquddu, köksü çıraq,

Elə qüdrət, elə dayaq,

O neştəri köksümə tax,

Cərrah, əl saxla, amandı.

 

Təəssüf ki, babam əməliyyatdan sağ çıxmadı. Deyirlər, qara xəbər tez yayılar. Biz babamı dəfn etmək üçün kəndimizə aparanda, gördük ki, minlərlə insan cənazəni qarşılamaq üçün kəndin küçələrinə çıxıb. Azərbaycandan, Gürcüstandan, Dağıstandan onunla vidalaşmağa çoxlu insanlar gəlmişdi. Babamın ustadı Aşıq Yusuf tabutun yanına gələndə daha heç kim özünü saxlaya bilmədi. Hamı hönkürtü ilə ağlayırdı. Yekə-yekə kişilər tabutun qarşısında diz çöküb hönkürürdülər.

 

İltifat HACIXAHOĞLU