04 Iyul 2025 12:22
67
ƏDƏBİYYAT

“Adı ilə yaşamayan...” - Pərvanə BAYRAMQIZI yazır

Yeni doğulan uşaqlara ad veriləndə böyüklər: “adıyla böyüsün”, “adına layiq olsun” kimi alqış edirlər. Uşaq böyüyüb yaxşı əməl sahibi olanda “adına layiqdir” deyirlər. Təəssüf ki, bəzən adının mənasını doğrultmayanlar da olur. "Azadlıq" sözü kimi...

Hər kəsin içində azadlıq eşqi, kimdənsə xilas olmaq istəyi var. Uşaqlar valideynlərindən, qadınlar ərindən, şagird müəllimdən xilas olmaq istəyir, lakin bu istəyin hərəsinin qarşısını alan bir maneə olur. Valideynlərdən doğmalıq, ərdən tək yaşaya bilməmək, müəllimdən məcburiyyət hissi xilas olmağa qoymur. Qəfəsin, akvariumun mövcud olduğu dünyada azadlığın yalnız adı var.

"Azadlıq istəyirəm" deyən qadına münasibət bir anda dəyişir, hamı ondan şübhələnir, bu istəyin arxasında yüngül həyat tərzinə marağın dayandığını zənn edirlər. "Azadlıq" anlayışını öz mənasında anlamaq çətin deyil, sadəcə, onun verəcəyi xoşbəxtliyi hökmranlıq azarı olanlar qəbul edə bilmirlər. Bu səadəti böyük dövlətlər kiçik dövlətlərə, kişilər qadınlara, qadınlar da uşaqlara qıymır, biri digərinin üzərindən nəzarəti çəkmək istəmir. (Tərbiyə sistemini nəzərdə tutmuram.) İnsanlarda, lap elə doğmalarda bir-birinə olan qısqanclıq, paxıllıq hissi dözümlü yanaşmaqlarından güclüdür. Biri özünü nə iləsə xoşbəxt hiss eləsə, digəri bunu anlamaq əvəzinə, onu çəkindirməyə, öz istəklərini, tələblərini təlqin etməyə, özünü haqlı çıxarmağa çalışır.

Mənim üçün azadlıq tamam fərqlidir. Azadlıq tələb etsəm, bu geyimimi itirmək, əyləncə məkanlarından yığılmamaq, evə gecənin gözü gəlmək kimi mənasız, zəhləm gedən tələblər şəklində olmaz. Bu cür istəklər canımda yoxdur. Üzərimdə mənəvi haqqı olanlar mənə sərbəstlik verib desələr ki, geyinəndə parçalara qənaət elə, qəti yaxın qoymaram, bunu özüm istəmirəm. Geyimim, rəftarım xarakterimlə tənzimlənir. Əylənməyə də həvəskar deyirəm. Azadlıq mənə görə düşüncələrim üstündə çarmıxa çəkilməməkdir, güləcəyim yumoru başqasının seçməməsidir, həyət evimi, bağ evimi xoşlamağıma qarışmamaqdır, gümrah vaxtı "edəcəm" deyib yorulduğum vaxt o işi görməyəndə hansısa məqsədimin olmağından şübhələnməməkləridir. Kiminsə xoşladığı yeməyi, dinlədiyi müğənnini, oxuduğu kitabı, gəzdiyi yeri güclə mənə də sevdirməyə çalışmamasıdır. Azad yaşamaq mənəvi işgəncəsiz, psixoloji basqısız yaşamaqdır. Güdülməmək, addımımın izlənilməməsidir. Çünki mən rəftarımın yerini-yolunu bilirəm, mənə bunları etmək azadlığımı almaq deməkdir.

Və... hər şeydən çox yazmaq azadlığı istəyirəm. Mənim azadlıq tələbim budur.

Azad insan yaltaqlığı bacarmayandı. Ruhən azad olan özünü kiminsə əl-ayağının altında hiss etmir, kimdənsə nəsə almaq üçün əyilmir, verilən mükafat üçün əzilməyə razı olmur, hətta ondan  imtina edə bilir.

Nəfsindən asılı yaşayan azad ola bilməz. Bir də çılpaqlanmağın azadlıqla heç bir əlaqəsi yoxdur.