adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Aprel 2021 13:25
125024
MÜSAHİBƏ
A- A+

"Bal oğlan" haqqında ballada

Uşaq idim, rəngli televizorumuz olduğu üçün qonşularımız Baloğlan Əşrəfovun konserinə baxmağa bizə gəlmişdilər. Hərə onun haqqında eşitdiyi xəbəri danışırdı. Biri deyirdi toya on minə gedir, o biri deyirdi ki, Filarmoniyada konserti zamanı cavan uşaqlar binanın pəncərəsini sındırıb salona giriblər, hətta biri vardı on iki imamın bir bir qəbrinə and içib deyirdi ki, təmiz brilyantdan üzük taxır, ay nə bilim pencəyinin düyməsi qızıldandı... Elə ki, konsert başladı, hamı səssiz oldu- “Ey uşan quşlar”...

İllər keçəndən sonra bildim ki, əslində bu deyilənlərin çoxu əfsanə yox elə həqiqət imiş. Baloğlan Əşrəfov həmişə milyonların sevimli müğənnisi olub, mahıları dillər əzbəri idi, 50 il əvvəl də indi də..

Aprelin 26-də ifaçılıq sənətinin əlliillik Baloğlan epoxası bitdi. Baloğlan Əşrəfova çox zülm etdilər, xalq onun kassetini əl-əl gəzdirəndə oxuduqlarına “İran musiqisi” damğası vurub efirə buraxmırdılar. Halbuki, o, Təbrizli Peymanın- öz qardaşımızın mahnısını öz dilimizdə oxuyurdu. Özüm şahidi olmuşam onu nələrdə günahlandırmadılar, hətta “separatçı” dedilər. Nədi, nədi bir dəfə konsertində talış dilində mahnı oxumuşdu. Neynəməliydi? Adam Azəarbaycan dili müəllimi işləmişdi. Bir dəfə də olsun mahnılarında bir sözü səhv oxumazdı.

Konsert demişkən, dəfələrlə onun konsertində olmuşam. Avstraliyadan, Niderlanddan, Rusiyadan, Türkiyədən məxsusi olaraq onun konsertinə gələnləri özüm görmüşəm. Hamı ona "Bal oğlan" deyirdi, çünki şirin oxumağı vardı.

Onu milyonlara gözəl səsi sevdirmişdi. Hələ də qulağımda səsi dolaşır: “Qızılgülün rəngi niyə saraldı...”

İllər əvvəl serroz olanda ciyərimin bir hissəsini ona təklif etdim. Qanımız eyni qrup idi (+II). Qan analizi verdim, nəsə uyuşmadı. O elə bir dost idi ki, qaraciyər nədi, ürəyimi də verərdim. Dostluqda çox sədaqətli idi, Peyman Təbrizlinin mahnıları ilə məşhurlaşdığına görə oğluna da onun adını qoymuşdu.

 Heyif, çox heyif oldu. O boyda xəstəliyə qalib gəldi, adi qripə yenildi.

Ötən cümə zəng etdim. Hal-əhval tutdum. Dedi ki, Zaur Nəbioğunun verilişində korona-virusa yoluxub. Ağır nəfəs alırdı. Gileyləndi ki, bu telekanallar niyə belə ehtiyatsızlıq edirlər? Xəstə adamları verilişə çağırıblar. Yalvardım ki, xəstəxanaya get. Dedi ki, yox e, xəstəxanada deyirlər adamı öldürürlər, yenə evdə uşaqlar qulluğumdadırlar. Hələ onu da dedi ki, artıq səhhəti düzəlir, yalan deyirmiş...

Bir dəfə nahar edəndə sifariş edib stolun üstünü cürbəcür yeməklərdə doldurdu. Amma özü üçün qaynadılmış qarabaşaq sifarişi edəndə soruşdum ki, bu boyda yeməyi mən tək yeyəcəm? Dedi ki, “Cavan adamsan ye, heç nə olmaz. Mən çox gec anadan olmuşam. Atam da çox imkanlı adam olub. Hər il mənim üçün qurbanlar kəsib, nəzir paylayırdı. Özüm də sonralar müğənni kimi yaxşı pul qazanmışam. Düynanın çox ölkəsində qastrolda olmuşam. Yeyilə biləcək nə varsa yemişəm. Heç vaxt özümə korluq verməmişəm. Amma komadan ayılandan sonra anladım ki, bir daha şansım olmayacaq. Övladlarım çox gənc, nəvələrim də körpəydilər. Mən onlara çox lazımam. Ona sağ qalmalıyam. Sağ qalmaq üçün demək olar ki, çox şeydən imtina etmişəm, elə də dadlı yeməkdən...”

Sağlamlığına çox diqqət edirdi, bu dəfə niyə belə ciddi yanaşmadı, başa düşmürəm.

Neynəmək olar. Allah rəhmət eləsin! Amma yeri çox görünəcək, çox.

 

İltifat HACIXANOĞLU