Stokholm sindromu Yılmaz Özdil yazır

YILMAZ ÖZDİL
51642 | 2021-04-21 14:58

1973-cü il idi.

İsveçdə həmişəki kimi yenə həzin bir gün idi.

Jan Erik Olsson adlı soyğunçu Stokholmun ən qələbəlik mühitində yerləşən banka girdi. Otuz iki yaşında idi, on altı yaşından bəri cinayətkar sayılırdı, dəri gödəkçəsinin altında gizlətdiyi avtomatı və dinamitləri çıxartdı, “hamı yerə uzansın, məclisimiz başlayır” deyə bağırıraq tavana atəş açdı.

Üçü qadın olmaqla dörd bank işçisini girov götürdü, müştərilərin qaçmağına izn verdi, girovları seyflərin olduğu şöbəyə apardı.

İşçilərdən biri o xaosda səssizcə həyəcan siqnalı düyməsinə basmağı bacarmışdı. Üç dəqiqə sonra polislər gəldi, silahlarını hazır vəziyyətə gətirib əsas qapıdan girməyə çalışdılar, soyğunçu atəş açdı, polislərdən biri əlindən yaralandı və geri çəkildilər.

Polislə soyğunçu arasında seyf bölümündəki telefon vasitəsilə əlaqə quruldu, “üç milyon İsveç kronu, qapının qarşısına sürətli bir avtomobil, iki polad jilet, iki polad dəbilqə istəyirəm, bir şərtim də var, hal-hazırda həbsdə olan Klark Olofsonu azadlığa buraxaraq yanıma gətirəcəksiniz” - dedi.

Janla Klark həbsxanada dost olmuşdular.

Klark başqa bir bank soyğununda tutulmuş və azadlıqdan məhrum edilmişdi.

Məsələ ilə bağlı baş nazirə məruzə edildi.

Baş nazir Olof Palme idi.

Xilasetmə əməliyyatına vaxt qazanmaq üçün soyğunçunun şərtlərinin bir qismi qəbul edildi.

Klarkı həbsxanadan çıxarıb banka gətirdilər, içəri girdi.

Qapının önünə Ford Mustanq idman avtomobili gətirildi, 1,5 milyon İsveç kronu ilə dolu çanta qoyuldu.

Janla əlaqə qurdular.

Soyğunçu yenə şərt qoydu: “Polisləri yığışdırın, iki girovu buraxacam, iki girovu da yanımızda aparacağıq, gözdən itən kimi əlimizdəki girovları da buraxacam, yoxsa girovlarla birlikdə bankı havaya uçuracam”.

Polis “düşünək” desə də, mühasirəni aradan qaldırmadı.

Gecə beləcə keçdi.

Ertəsi gün səhər soyğunçu baş nazirlə danışmaq istədi.

Baş nazirlə əlaqə saxladılar.

“Polisə əmr ver, mühasirəni dağıtsın” – dedi.

Və soyğunçu qəfil telefonu girov qadınlardan birinə verdi.

Baş nazir eşitdiklərinə mat qaldı.

Çünki girov qadının səs tonunda qorxudan əsər-əlamət yox idi, əksinə baş nazirə qarşı hirs, qəzəb vardı.

“Jana qarşı davranışlarınıza görə təəssüf etdik, niyə polisləri geri çəkmirsiniz? Jan heç kimə ziyan vermədi, onu buraxmalısınız” – dedi.

Mətbuat hadisə yerinə axışmışdı.

İsveçdə hamı bu hadisədən danışırdı.

Soyğunçu “Dagens Nyheter” qəzetinə zəng vurdu.

Polisdən şikayət etdi.

Telefonu o biri qadın girova verdi.

Qadın girov qəzetə - “xilas olmaq üçün şansımız var, amma baş nazirin və polislərin davranışı Janı çarəsiz qoyur” – dedi.

Qəzet bu dialoqu manşetə çevirdi.

Mübahisə başladı.

Adamların çoxusu soyğunçunu müdafiə edir, polisi günahlandırırdı.

İki gün keçdi.

Üç gün keçdi.

Altı gün keçdi.

Vəziyyət düyünə düşmüşdü.

Polis əməliyyatı başlatdı, xüsusi dəstələr içəri girdi, soyğunçular və girovlar seyf bölümünə sıxışdırıldı, seyf bölümünün tavanda dəlik açıldı, “yeməklərinizi daha qapıya qoymayacağıq, buradan verəcəyik”- dedilər.

Soyğunçular planı başa düşmüşdülər.

Tavandakı dəlikdən gözyaşardıcı qaz buraxacaqdılar.

Qadın girovlardan birinin boynuna ip başladılar, ayaqları yerə dəyəcək formada tavandan asdılar, “qadının ayaqları yerə dəydiyi üçün ölüm təhlükəsi yoxdur, amma içəriyə qaz buraxsanız, ürəyi gedəcək, yıxılacaq və boğularaq öləcək, girov qadının qatili də siz olacaqsınız” – deyə bağırdılar.

Havanın qaralmasını gözlədilər.

Polis qazı buraxdı.

Əleyhqaz geyinmiş xüsusi dəstələr tavandakı dəlikdən içəri soxuldular.

Soyğunçular təslim oldu, girovlar sağ-salamat xilas edildi.

Gəl gör ki… Polislər tüstü-duimanlar içəri girən zaman girovlar soyğunçuların qarşısında sipər oldu, “atəş açmayın”- deyə bağırdılar, soyğunçular vurulmasın deyə vücudlarını qalxan etdilər.

Jan Erik Olssona on il həbs cəzası verildi.

Krak Olofsonun cəzasının üstünə bir il də əlavə edib içəri basdılar.

Qəribəliklər davam etdi.

Girovlar öz aralarında pul yığdılar, soyğunçuların məhkəmə xərclərini ödəməyə dəstək oldular.

Soyğunçuların leyhinə ifadə verərək daha az cəza almaqlarına kömək oldular.

Qəzetlərə müsahibə verdilər, əslində qaçmağa fürsətləri olsa da qaçmadıqlarını, özlərini təhlükədə hiss etmədiklərini, soyğunçuların pis niyyətinin olmadığını danışdılar.

“Bizi öldürməyəcəyini, lazım gəlsə, ayağımızda vuracağını dedi, sadəcə ayağımızdan vuracağını deyəndə nə qədər kübar və düşüncəli bir insan olduğunu görmüşdük” – dedilər.

“Polisin anidən əməliyyat keçirəcəyini, soyğunçuları vuracağını təxmin edirdik, polisə mane olmaq üçün soyğunçuları tək qoymamaq üçün hətta tualetə də getmirdik” – dedilər.

Hətta kişi girov “onu qəhrəman kimi görürdük” dedi.

Tez-tez həbsxanaya gedərək soyğunçuları ziyarət etdilər.

Hətta onlardan biri soyğunçuya aşiq olmuşdu, nişanlısından ayrıldı, soyğunçunun həbsdən çıxmasını gözlədi.

Soyğunçu Jan Erik səkkiz il sonra azadlığa çıxdı.

Tailanda getdi, market acid, bir daha cinayətə əl atmadı.

Tailandda evləndi, övladı oldu.

Otuz il sonra İsveçə geri qayıtdı.

Maşın təmiri sexi acid.

Hal-hazırda 80 yaşı var, hələ də İsveçdə yaşayır.

Bu qəribəliyə “Stokholm sindromu” adını verdilər.

Təzyiq və şiddət yaşayan insan əgər yaşadığı sıxıntının səbəblərini doğru təhlil edə bilmirsə, əzilsə də, əzənin yanında olur, əzəni müdafiə edir, hətta əzənə minnətdarlıq hissi duyur.

Davamlı təzyiq təzyiqə uğrayan qurbanı kilidləyir, o, etiraz etmək əvəzinə məmnunluq hissinə qapılır.

Yəni qurban könüllü qurbana çevrilir.

İçində olduğu təhlükəni rədd edir.

Nə qədər təzyiqə uğrasa, təzyiq edənə bir o qədər bağlanır.

Yaşamaq instinkti və xarici dünyadan təcrid bu sindromun ortaya çıxmasına səbəb olur.

Qurban ehtiyaclarını təmin etmək üçün təzyiq edənə möhtac olduğunu düşünərsə, özünü yalqız və çarəsiz hiss edərsə, təzyiq edənin kiçik jestləri qurbanın gözündə böyüdükcə böyüyür, minnətdarlığa çevrilir.

Stokholm sindromu girovlar və ailədaxili şiddətə məruz qalanlardan əlavə, xüsusilə toplumdan təcrid olunmuş halda yaşayan, dini təzyiq mövcud olan mühitlərdə də müşahidə olunur.

 

Yılmaz Özdilin yazısından…

Dilimizə uyğunlaşdıran: Eminquey

 

TƏQVİM / ARXİV