SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: BİR TOYUN ADAMI

  22347   |  
Şriftin ölçüsü  

Heç kimə sirr deyil ki, düz bir ildən çoxdur ki, ölkəmizdə COVİD-19 virusu ilə əlaqədar karantin elan edilib. Və bu karantin hələ ki iyun ayının 1-ə qədər uzadılıb. Təbii ki, dünyanı cənginə alan bu xəstəlikdən çıxış yolu tapmaq üçün bütün dünya mücadilə edir, yeni vaksinlər hazırlanır və eyni zamanda  bir çox sərt karantin qaydalarına riayət olunur. Əlbəttə, heç kim deyə bilməz ki, bu pandemiya nə vaxt tamamilə aradan qaldırılacaq.

Hətta dünyanın ən super dövlətləri belə xəstəliyin qarşısında aciz qalıb. Super güc olan Amerika kimi ölkə nə qədər çalışsa da, çıxış yolu tapa bilmir ki, bilmir. Elə bu virusdan da ən çox dünyasını dəyişənlər və yoluxanlar bu ölkənin vətəndaşlarıdır. Bax, onda görün digər dövlətlər hansı çətinliklər yaşayır.

Ölkəmiz balaca bir dövlət olsa da, amma dünyada böyük dövlətlər qədər siyasi və iqtisadi nüfuza malikdir. Ən  azından ona görə ki, bu virusun yayıldığı ilk gündən ona qarşı ölkəmizdə çox ciddi tədbirlər görülüb və görülür. Bu məqsədlə neçə-neçə modul tipli xəstəxanalar tikilib, ixtisaslaşmış tibbi mərkəzlər fəaliyyət göstərir və onların  hər biri ən müasir avadanlıqlarla, cihazlarla və tibbi pereparatlarla təchiz edilib.

Çox ölkədə tapılmayan süni tənəffüs aparatları indi hər bir xəstəxanada kifayət qədərdir. Amma sadəcə olaraq, virusa yoluxanların sayının artması və xəstələrin vəziyyətinin ağırlaşması bu sahədə müəyyən çətinliklərin yaranmasına səbəb olub.

Birmənalı olaraq hər bir insan öz sağlamlığı haqqında ciddi düşünməlidir. Yəni tibbi maskalardan istifadə etməli, sanitar-gigiyenik qaydalara əməl etməli və eyni zamanda, imkan daxilində ara məsafəsi saxlamalıdır. Amma ürək ağrısı ilə deyə bilərik ki, bu gün Bakı şəhərində ictimai nəqliyyatdan istifadə edərkən ara məsafəsi saxlamaqdan söhbət gedə bilməz. Belə ki, şəhərdəki bütün avtobuslarda günün istənilən vaxtlarında sıxlıq olur və hətta sərnişinlər ayaq üstə belə durmağa çox çətinliklə yer tapırlar. Siz deyin, belə bir şəraitdə hansı ara məsafəsindən danışmaq olar? Üstəlik də bu sıxlıqda COVİD-19-a yoluxmaq hər an mümkündür.

Təəssüf ki, nə Operativ Qərargah, nə də Bakı Nəqliyyat Agentliyi düz bir ildən çoxdur ki, avtobuslardakı sərnişin sıxlığını aradan qaldırmaqda acizlik göstərir. Yaxşı, metronu açmırsınız, heç olmasa avtobusların sayını artırın ki, bu qədər sıxlıq yaşanmasın. Istəsələr eləyə bilərlər, çox çətin bir şey deyil. Çox da uzağa getməyək. Balaca marşrut taksiləri var. Onları davamlı olaraq xəttə buraxmaqla bu məsələləri yoluna qoymaq mümkündür. Düzdür, balaca mikroavtobuslar xəttə çıxır. Onlar metronun “Əhmədli” stansiyasından “20 Yanvar”a qədər  sərnişinləri bir manata gətirir. Bu özü də pis deyil ha! Pulu olan adamlar həmin mikroavtobuslara qaçahaqaça minir. Çünki həm rahat və tez gedib çatır, həm də virusdan qorunur. Amma M-1, M-2 avtobusları ilə, eləcə də “BakBus”un avtobusları ilə həmin məsafəni iki saat yarıma getmək olur. Üstəlik də virusa yoluxma halları insanları daha çox narahat edir.

Məsələn, bu gün saat 09:30-da metronun “Xalqlar dostluğu”ndan “20 Yanvar”a doğru hərəkət edən iritutumlu “BakBus”un avtobusunda 150-ə yaxın sərnişin vardı. Əksəriyyəti də ayaq üstə durmuşdu. 150 nəfər bir toyun adamıdı. Biz bu barədə dəfələrlə söhbət açmışıq. Təəssüf ki, nə Operativ Qərargah, nə də Bakı Nəqliyyat Agentliyi mövcud problemi həll etmir.  150-200 nəfərin bir avtobusda getməsinə icazə verilir, amma 70-100 nəfərlə toy eləməyə razılıq verilmir. Çox qəribə məntiqdir.

Artıq bir ildən çoxdur ki, insanlar toy edə bilmirlər. Belə də iş olar? Amma qeyri-rəsmi məlumata görə, Bakıda  gizli toylar keçirlir. Yəni rayonun vəzifəli şəxslərinin razılığı olandan sonra 80-100 nəfərdən ibarət məclis keçirmək mümkündür. Hətta bir dəfə müğənni Xatirə İslam müsahibələrinin birində deyib ki, Bakıda gündə 200 gizli toy keçirilir. Məni də o toya dəvət eləyiblər, amma heç birinə getmirəm. Xahiş edirəm məni kimsə gizli toya dəvət eləməsin.

Məsələnin bir tərəfi də var ki, indi qarşıdan gözəl may ayı gəlir. Düzdür, bizim camaat may ayında toy eləmir. Bizə elə gəlir ki, elə toyun ən yaxşı vaxtı may ayıdı. Açıq havada həm Bakıda, həm də rayonlarda toy eləmək elə bir problem yarartmaz. Çünki bu insanlar yazıqdılar. Düz bir ildən çoxdur ki, nişanlı qalan çoxlu sayda oğlan və qızlarımız var. Bəzən söz-söhbət üzündən toy da ləngidiyinə görə onlar ayrılırlar.

Bununla yanaşı, toyların olmaması bir neçə ildən sonra nəsil artımına da öz mənfi nəticəsini göstərəcək. Ona görə də bu barədə Operativ Qərargah ciddi düşünməlidir. Artıq bizim müğənnilər Rusiyanın müxtəlif şəhərlərinə üz tuturlar. Tanışlarımdan biri oğluna Moskvada toy elədi. Özü də tanınmış müğənnilər o toyu apardılar.

Biz bilmirik nə vaxta qədər bu pandemiya hökm sürəcək və nə vaxta qədər sıxıntının içində olacağıq. Hər bir insan istəyir ki, balasına toy eləsin və o toyda qol qaldırıb oynasın, övladlarına xeyir-dua versin. Və bəzən bu toyun havasından insanların az qala ürəyi partlaya. Çünki toy yada düşəndə qadağalar gəlib durur insanların gözünün qabağında və qanları itin qanına dönür.

Ay Operativ Qərargah, kimi çox istəyirsiniz onun canı, tay bu camaatın ağlamaqdan gözünün yaşı quruyub, icazə verin, insanlar az sayda olsa da toyunu eləsin, qapısında “Vağzalı” çalınsın, qara zurna səslənsin, bu pandemiya da rədd olub getsin! Yoxsa bu gün, sabah deməklə insanların olan-qalan ümidləri də puç olacaq.                                   

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK