adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Aprel 2021 17:39
30382
SİYASƏT
A- A+

Könül Nurullayeva: "Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun gücü..."

Paytaxt Bakının mərkəzində salınan Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının əldə etdiyi Böyük Qələbəni əbədiləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Ötən ilin noyabrında Azərbaycan qələbəni rəsmən elan etdikdən sonra Prezident İlham Əliyev düşmənin qənimət götürülmüş və məhv edilmiş  texnikasının nümayiş olunacağını, Zəfər Muzeyinin, Memorial Kompleksin yaradılacağını bəyan etmişdi. 44 günlük Vətən Müharibəsi zamanı Ermənistan rəsmiləri erməni tanklarının Bakıya gələcəyi  ilə bağlı populist bəyanatlar səsləndirirdilər. Lakin hərbi əməliyyatların gedişi, döyüş meydanında baş verən reallıqlar göstərirdi ki, “Dəmir yumruq”la başı əzilən düşmən tanklarını qoyub qaçır, postları tərk edir, fərarilik etmək istəyən əsgər və zabitlər zorla kazarmalara qandallanırdı. Ərazi bütövlüyümüzü bərpa edən Azərbaycan əsgəri düşmənə məxsus hərbi texnikaları da qənimət götürürdü. Biz bu qənimətləri kütləvi şəkildə Bakıda keçirilən Zəfər Paradında gördük.

Bu gün isə artıq Hərbi Qənimətlər Parkı istifadəyə verildi. Açıq səma altında salınan unikal park Azərbaycanda ilk təcrübədir. Bu parka  gələn hər kəsdə düşmənin 30 il ərzində qurduğu müdafiə xətlərinin necə yarılması, hərbi resursların necə məhv edilməsi barədə təsəvvür yaranır. Azərbaycan Ordusunun gücü bir daha aydın görünür. Bir daha məlum olur ki, Ermənistan 30 il ərzində öz himayədarlarının dəstəyi ilə özlərinə istehkamlar qurublar. Azərbaycanın həyata keçirdiyi düzgün hərbi strategiya düşmənin bütün istehkamlarını, müdafiə xətlərini darmadağın etməyə imkan verdi. Hərbi Qənimətlər Parkının mənzərəsi də 44 günlük müharibədə baş verənləri göz önündə canlandırmağa imkan verir. Burda eyni zamanda Ermənistanın Azərbaycana qarşı qadağan olunmuş silahlar vasitəsilə həyata keçirdiyi müharibə cinayətləri barədə  məlumatların və real faktların əks olunması olduqca vacibdir. Bu, Ermənsitanın əsl terrorçu mahiyyətini açmağa imkan verir.