adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 Aprel 2021 12:00
57394
ƏDƏBİYYAT
A- A+

“Əzrayılın göz yaşları” və ya kiçik Afranın başına gələnlər - Günel Natiq yazır

Müharibədən ən çox uşaqlar əziyyət çəkir. Soyuq və aclıqdan, bombaların hay-küyündən və kimsəsizliyin dərin səssizliyindən...

Hər il dünyada neçə-neçə uşaq müharibənin, terrorun qurbanı olur, çəhrayı ümidlər boz kabuslar içində solub gedir.

Bərdə hadisələrində erməni terroru nəticəsində həlak olan mülki insanların arasında uşaqlar da vardı. Erməni vəhşiliyinin qurbanı olmuş 7 yaşlı azərbaycanlı qızın ilk dərs günündə çəkilmiş fotosu hələ də gözlərimin önündədi. Kim bilir, hansı xəyalları vardı o qızcığazın? Dağıntılar içində dərdini pianonun dillərinə tökən zavallı atanın ifası insanlıq qatillərinin ömrünə qıydığı kiçik qızına bir ağı idi...

Müharibə və uşaq – bu iki kəlmə bir-birinə nə qədər zidd anlam daşısa da, bəzən bir cümlədə birləşir. Bu iki söz bir-birinə nə qədər yaxın olursa, bəşər sivilizasiyanın keçdiyi yol bir o qədər anlamsız görünür.

Türkiyə kəndlərinin birində dildən-dilə dolaşan bir hekayət var. Bu, Suriyadakı olayların həyatını məhv etdiyi Afranın hekayətidir. Bülənt Uyğur və Mahmut Özkoca “Əzrayılın göz yaşları” adlı kiçik həcmli romanda kökləriylə yüz il əvvəlki siyasi olaylara gedib çıxan həmin faciəvi hadisəni qələmə alıblar. Qeyd edim ki, əsəri tərcüməçi, şairə Nazilə Gültac dilimizə uyğunlaşdırıb.

Emosionallıqla təsvir edilmiş hekayət oxucunu sarsıdır, müharibələrin kiçik insanların taleyində açdığı yaraları təəssüf və ağrıyla seyr edirik.

Romanın qəhrəmanı 8 yaşlı suriyalı qız Afradır. Yəqin ki, o da bütün yaşıdları kimi məsum arzularla yaşayır: doğmaları yanından ayrılmasın, başının üstündə günəş olsun, o da dünyanı həmişə çəhrayı rəngdə görsün, vəssalam. Amma müharibə kiçik Afraya dünyanın iç üzünü göstərir.

Əsərdə bu acı gerçəklik ürəkağrısıyla dilə gətirilir:

“Böyüklər uşaqların əllərindən aldıqları bu gözəl dünyanı onlar üçün cəhənnəmə döndərən müharibələr törədirlər. Daha böyük olmaq üçün daha kiçik olanı, xüsusilə də uşaqları ölümlə tanış edirlər.

Küçələrdə sevinc içində oynayan, qəhqəhələri ilə dünyanı gözəlləşdirən uşaqlar kiçik bədənlərini bombalara təslim edərək, yaşaya bilmədikləri dünyaya əlvida deməli olurlar.

Böyüklər isə qanunlar çıxarmaqda davam edirlər. “Uşaq hüquqları, uşaqlar ölməsin, bu dünya uşaqlarındır”- deyirlər. Amma deyilənlərlə yaşananlar heç də eyni olmur”.

Amma gerçək həyatda dünya uşaqların deyildi. Afranın heç deyildi. O Afra ki, anasıyla körpə bacısı gözlərinin önündə həlak olmuş, sığınacaq yeri axtarmağa gedən atasından uzaq düşmüş və tək-tənha, yaşından böyük dərdlərlə xarabalıqların arasında qalmışdı. Bu mənzərə həmin an insanlığın üz qarasıydı.

Əziz Nesinin məşhur şeirini xatırlayıram:

Elə bir ölsəm

Elə bir ölsəm ki, uşaqlar

Sizə heç ölüm qalmasa...

Amma Afranın faciəsinin səbəbkarları bütün bu incə hisslərdən uzaq öz qanlı siyasətini yürütməkdəydilər. Müəllif Hələb şəhərinin bombardmana məruz qalmasını, evlərin yerlə-yeksan olmasını, təyyarələrin ölüm yağdırmasını təsvir edərkən emosiyaları gizləyə bilmir. “Bombalar “demokratik yanaşma” nümayiş etdirərək, insan haqlarına “hörmətlə, ədalətli bir şəkildə” uşaq, qadın, gənc, yaşlı, gənc arasında fərq qoymadan hamını öldürmüşdü” deyən müəllifin ironik ifadə tərzində dünyəvi ədalət axtarmaq cəhdləri var.

Müəllif roman boyu günahsız uşaqların ölümündə dünyanı sorğulayır:

“Məgər körpələrin bu ədalətli (!) dünyada yaşamaq haqqı yox idi? Qadın haqları, uşaq haqları, heyvan haqları, ən nəhayət, insan haqları... Hegemon güclər başqa insanlara yaşamaq haqqı verir, sonra da onu çox görüb geri alırlar. “İnsanlıqdan istefa edirəm”,- deyib hayqırsın gərək “insanam” deyənlər”.

Hadisələrin gedişatı oxucunu sanki Afranın taleyinin iştirakçısına çevirir. Afranın keçdiyi əzablı yolda ona həmdəm olan oxucu həm sarsılır, həm də nikbin sona ümid edir. Müharibə kabusundan qaçan insanların yolda qarşılaşdıqları çətinliklər, həyatda qalmaq mücadiləsi oxucunun bu olaylar barədə üfiqlərini bir az da genişləndirir.

Nəhayət, Afra Türkiyəyə gəlib çıxır. Amma yaxınlarını yolda itirən qızcığaz tək və kimsəsizdir. Doğrudur, Afra müharibə meydanından sülhün hökm sürdüyü məkana gəlib çıxıb, dörd bir yanda onu sevgiylə qucaqlayan insanlar var, amma o bunun fərqinə varacaq gücdə deyil, sanki vaxt dayanıb və zaman onun yaddaşında o dəhşətli anların əksi kimi qalıb.

Türklərin onlara pənah gətirən suriyalı qaçqınlara xoş rəftarının, insancıl münasibətinin şahidi oluruq. Əsərin müsbət obrazlarından olan Muxtar Halit qaçqınlara yardım etmək üçün demək olar ki, iyirmi dörd saat çalışır, hətta düşərgədə gecələyir.

Afranın atası- ailəsinin başına gələnlərdən xəbərsiz olan, başqa bir dəstəylə Türkiyəyə gəlib çxmış Məhəmməd də türk elində anlayışla qarşılanır, ailəsini itirdiyini öyrəndikdən sonra doğmalarını tapıb onları qovuşduracaqlarına söz verirlər.

Günlər keçdicə Afra həyatdan bir az da uzaq düşür. Psixoloji travma getdikcə dərinləşir, onu özünə və ətrafdakılara qarşı laqeyd edir. Məktəbdə heç kimlə ünsiyyət qurmur, heç kimin də onunla danışmasını istəmir. Tənəffüslərdə məktəbin həyətindəki kiçik hasarın üstünə çıxıb ordan Suriya torpaqlarına baxır.

Psixologiyadan bizə məlumdur ki, insanın uşaq vaxtı aldığı travma bütün həyatı boyu onu təqib edir. Təsadüfi deyil ki, psixiatrlar sarsıntı keçirmiş insanı müalicə edərkən, problemin kökünü onun uşaqlıq illərində axtarırlar. Bütün faciələrin kökü uşaq yaddaşına sıxılıb qalmış ağrı-acının içində gizlənir.

Afranın atasıyla görüşü romanın ən təsirli səhnələrindəndir. Doğmalarını itirərkən keçirdiyi ağır psixoloji travma, təhlükəli yolda yaşadığı kabus, doğmalarının həsrəti və nəhayət, atasına qovuşması onun kiçik qəlbinə sığmır, ürəyi çat verir... Afranı bir təpənin üstündə dəfn edirlər, elə bir təpədə ki, ordan Suriya torpaqları və uşaqlıq illərinin çəhrayı xatirələri görünsün...

Əsərə “Əzrayılın göz yaşları” adını verən müəlliflər (Mahmut Özkoca v Bülənt Uyğur) belə bir obrazlı düşüncəyə söykənirlər ki, uşaqların ölümünə hətta mələklər də ağlayır, uşaqlara hətta əcəl də qıya bilmir...

Əsərdə Afranın timsalında müharibədən zərər çəkmiş uşaqların taleyi incələnir, gələcəyin yaradıcıları olacaq uşaqları xilas etmək cəhdləri bütün qabarıqlığı ilə görünür. Bu həssas mövzunu qələmə almaq, bədii nümunəyə çevirmək milliyyətindən asılı olmayaraq bütün uşaqların taleyi üçün məsuliyyət duymaq və qaranlıq yolda işıq aramaqdır.