adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Aprel 2021 12:18
66550
MÜSAHİBƏ
A- A+

"Mən nəinki qadın döyən, heç kişi döyən də deyiləm" - MÜSAHİBƏ

Kəramət Böyükçöl ADALET.AZ saytına müsahibə verib.

 

- Kəramət, xüsusi ilə son dövrlərin ən çox müzakirə olunan, tanınan yazıçısısan. Demək olar ki, ölkə çapında hər kəs səndən xəbərdardır. Oxumayanlar belə.. Necə hissdir məşhurluq? Necə gedir? Məmnunsanmı?

- Məşhurlaşmaq istəyi hər bir insanın içində var. Mənim də var idi, oldum da. Amma məşhurluq elə bir şeydir ki, arxasında durmaq asan məsələ deyil. Birdən-birə parlayıb o qədər sönən "ulduzlar" var ki. Hazırda bu məşhurluğun arxasında durmağa, yıxılmamağa, sönməməyə çalışıram. Ümid edirəm ki, bacaracam. Çox çətindir. Hiss olaraq çox yaxşıdır, amma yenə deyirəm, baxır, arxasında dura bilirsən, ya yox. Mənim dura bilmədiyim yerlər daha çoxdur. Görək, sonrası necə olacaq. Hazırda həyatımı bir pişik kimi yaşayıram. Öz xoşuna, amma bir az da fərqli olaraq əzablı...

- Sənin haqqında tənqid və təhqirlər var ki, yazıçı kimi məşhurlaşmamısan ilk əvvəl. Həm ANS-də dediyin məşhur şeir, həm də sosial şəbəkələrdə digər fikirlərinə görə söyülərək...

- Bilirsən, söyüş elə bir şeydir ki, insanın yanlız özünü alçaldır. Yazıçını fikirlərinə görə söymək, həmin cəmiyyətin nə qədər geri qaldığını göstərir. Mənim davam da, mübarizəm də bu cəmiyyəti az da olsa düzəltmək üçündür. Rafiq Tağı da bu cəmiyyətin nadanlığının qurbanı oldu. İndi gənc yaşlarımda nələrsə eləmişəm, buna görə də məni məşhurlaşdırıblar. Bundan narazılıq edən adamlardır da məni məşhurlaşdıran. Niyə narazıdırlar ki?! Söymə, paylaşma, mən də məşhurlaşmayım. Belə edirsən, sonra da deyirsən ki, filan şeyə görə məşhurlaşmısan. O şeir də, digər bəzi fikirlər də əslində, boş şeydir. Əgər mənim altqatımda nəsə olmasaydı, istedadım olmasaydı, məşhurlaşdığım kimi də unudulacaqdım. Amma hazırda mənə çox böyük sevgi var və bundan çox məmnunam. Sağ olsun məni məşhurlaşdıranlar. Mənim yazıçı kimi təyinatı üzrə tanına bilməməyimin səbəbi də cəmiyyətin səhvidir. O boyda romanlar yazmışam, yazılarım var, gedib, hansısa piar məqsədli fikirlərimdən, şeirimdən, hərəkətindən yapışıblar...

- Yazılarından əlavə gündəmə şəxsi həyatınla da gəlmisən. Ailə həyatı, bir neçə dəfə dağılması və arada gedən söz söhbətlər..

- Hə, elədi. Bu da elə cəmiyyətin nə gündə olduğunun göstəricisidir. Adamlar o qədər kütdür ki, mənə göstəriş verəcəklərini düşünürlər. Onu elə etmə, belə et, bunu belə etmə, elə et. Sən kimsən, axı?! Özünü məndən həqiqətənmi ağıllı sayırsan? İki dəfə rəsmi ailə qurmuşam, hamı bilir. İkisi də müəyyən səbəblərdən alınmayıb, buna görə də məni təhqir edirlər ki, içir, alkaşlıq edir, arvad boşayır. Ay adamlar, sizə nə? Həyat mənim deyil? Arvad mənim deyil? Barışaram da, boşanaram da! Xəstə təfəkkürün məhsulu olan adamların hər şey haqqında fikir bildirə biləcəkləri düşüncəsi, bu gün bu məsələləri daha da qabardır. Düzdü, burda mənim də səhvlərim olub, özüm də istəmədən çoxluq xəbər tutub, amma nə etməli? Nə edim? Boşanmışam, bitib də. Adamlar hələ də buna görə məni qınayır. Atam bir dəfə müsahibəsində demişdi ki, Kəramət deyirəm, arvadlarınla barış ( gülür. ) İndi neyləyim, arvadlarımla barışım?!

- Kəramət, ikinci ailə həyatının alınmaması əməlli başlı gündəm mövzusu oldu, xüsusi ilə də feministlər məsələsi...

- Feminstlərdən o qədər yazıb, o qədər danışmışam ki, onları indi bir də burda nə təhqir eləmək, nə də adicə haqlarında geniş danışmaq istəyirəm. Onsuz da, ağlı başında olan adamlar onların kim olduğunun, necə bir xislətləri olduğunu bilir, görür. Bədbəxt adamlardır. İkinci ailə həyatımın dağılmasında indi günah kimdədir, bu başqa məsələ, amma feminstlərin rolunun olduğu dəqiqdir. Həyat yoldaşımın ani qərarı, o feminst qızlara inanması, bu gün bu olanlara gətirib çıxartdı. Geridə isə... Çox uzun məsələdir.

- Bəs, içki içməyin?

- İçirəm də. Bunu gizlətməmişəm ki. İçib nə eləmişəm? Kiminsə namusuna sataşmışam, kimisə döymüşəmmi? Uzağı hansısa fikri paylaşmışam, o da ayıq başla düşündüyüm şeylərdir. Bir dəfə məndən soruşdular ki, kefindən içirsən, yoxsa dərdindən? Dedim, ilk üç rumkanı kefimdən, qalanlarını dərdimdən. Düzü, indi əvvəlki kimi içmirəm, arada, kefimə düşəndə. Amma içsəm belə bu söhbət mövzusu olmamalıdır. Mən içkili başla hansısa bir əxlaqsızlıq eləsəm, deyərəm, hə, haqları var. Amma öz qarnıma içirəm də, öz ciyərimi məhv edirəm. Kimə nə? Gör, adamlar nə düşüncədədirsə, elə bil, məni məndən çox istəyirlər, məni məndən daha çox düşünürlər, içməyimlə bağlı narahatdırlar. Mənasız adamlardır. İçirəm, yaxşı edirəm. Bunun heç kimə zərrə də dəxli yoxdur. Dünyanın hər yerində yazıçı içir, mənə bunu irad tutan adamların hamısı xarici yazıçıları bəh-bəhlə tərifləyir oxuyur, hansı ki, onların bir neçəsi elə içkidən ölüb, həyatı içkiyə görə dağılıb, içkiyə görə boşanıblar. Onlara gələndə şəxsi həyat olur, şəxsiyyət və sənət ayrı tutulur, bizə gələndə deyirlər, az iç, ay alkaş, kişi ol!

- İçki içib həyat yoldaşını döydüyün doğrudur?

- Xeyr. Mən nəinki qadın döyən, heç kişi döyən də deyiləm. Əlahit də gücüm yoxdur, bir şilləyə yıxılaram. O söhbətlərdə də, bu gün də deyilən çox şey doğru deyil və şişirdilmədir. Amma adamlar başa düşmür, düşmək istəmir deyə, nəyisə sübut eləməyə də çalışmıram. Kim nəyə inanır inansın, kim necə düşünür düşünsün. Neyləyim? Gedim hərəyə bir-bir hər şey necə olub danışım? O dediyim söz kimi, gərək Azərbaycan xalqı ilə tək-tək tanış olub, fikirlərini deyəsən. Onda səni başa düşəcəklər.

- Kəramət, kitab satmağından danışaq..

- Danışaq deyəndə, danışmağa da elə də çox bir şey yoxdur. Vəziyyət acınacaqlıdır, ölkənin ziyalısı, yazıçısı düşüb parkda küçə-küçə kitab satır. Açığı, mən bundan narazı deyiləm, yəni, satışdan, amma ümumi abu-havadan əlbəttə narazıyam. Ölkədə normal kitab bazarı, sistemi olsa, mən düşüb küçələrdə satmazdım. Axrım başına yaylıq bağlayıb kitab satan Bəşir Kəsərli kimi olmasa yaxşıdır. Olmuşam Məhəmməd Hadi. Mənim kitablarım çox yaxşı satılır, hər gün alırlar, yeni kitablar da yazıram. Ən sonuncu kitabım " Məni kim tapa bilər?" kitabıdır. Hamı da gördü ki, necə satılır. Heç bir yazarın kitabı belə satılmır heç. Amma yenə deyirəm, mən niyə bu vəziyyətdə satmalıyam ki? Özümə "bookkafe" almaq istəyirdim, hələ də istəyirəm, görək, qismət. Heç olmasa, dedim, yerim olar, orda sataram. Vallah, ağırdır. Camaat elə deyir, nədi e, alırlar da, niyə narazısan, anlamırlar ki, o kitablar bu cür alınmamalıdır. İndi yeni romanım var, çap edəcəm. Əlavə də heyakələr. Görək, yaxşı olacağına ümid edirəm...

- Üstündən illər keçməsinə baxmayaraq ən azından ədəbi mühitin dilində bu söz var; "Çöl" romanını atan şair Qəşəm Nəcəfzadə yazıb.. 
.
- Bir dəfə rəhmətlik Mövlud məndən müsahibə almışdı. Orda sual verdi ki, deyirlər, "Çöl" romanını atan yazıb. Dedim, hə, hazırda bu müsahibəni verən də elə atam Qəşəm Nəcəfzadədir, mən yox. Atam yazan olsa, elə yazıb özü çap edər də, mənə niyə yazsın, axı? Mənasız və heç vaxt səngiməyən söz söhbətlərdir deyə, münasibət bildirmirəm. Kim elə düşünürsə, eşq olsun, düz düşünür. Elə düşünməyənlərə də eşq olsun, onlar da düz düşünür. Mənim özüm də bu söhbətlərə baxıb gülürəm...

- Özünün öz yazdıqlarına münasibətin necədir, tam səmimi? Səni hamı istedadlı bir insan kimi tanısa da, ədəbi nümunələrində qeyri-ciddiliyin çox olması, bir növ "Bulvar ədəbiyyatı" yazmağın da deyilir.

- Özümün yazdıqlarıma münasibətim yaxşıdır. Yəni, mən nə yazdığımı çox yaxşı bilirəm. Amma elə deyənlər də düz deyir. Sənin də yanında, digər dostların da yanında demişəm, deyirəm ki, mən bu adamlara oxumaq istədiklərini verirəm. Rövşən Abdullaoğlunun, Elxan Elatlının bir üst variantıyam. Serial tipli yazıram, oxuyurlar. Amma "Çöl" romanı buna daxil deyil. Yazıram da. Yaxşı əsərlərdə çox olacaq, sağlıq olsun. İndi daha çox kommersiya məqsədli.

- Deyirlər, qətiyyən kitab da oxumursan, mütailən çox zəifdir, bir az da buna görə yaza bilmirsən ciddi əsərlər...

- Son illər hə, oxumuram. Lazım da deyil. Sevmirəm. Qalaq-qalaq kitablar oxu, təhlil elə, otur onlardan danış. Özümün həyatım da elədir ki, kitab oxumağa qətiyyən həvəsim və marağım yoxdur bu gündən belə. İndiyədək nə oxumuşamsa, baza olaraq onlar bəsimdi. Kitab oxumağımı nə özüm hiss edirəm, nə də ətrafdakılar. Azərbaycanda iki kitab oxuyan üçüncünü özü yazır (gülür). Ona görə oxumaq istəyən getsin mənim də kitablarımı oxusun. Mən oxumasam da olar. Əsas yazmaqdır, yaxşı yazmaqdır, onu da düşünürəm ki, bacarıram.

- Müsahibə üçün təşəkkür edirik.

- Çox sağ olun, mən də. 

Söhbətləşdi: Orxan Saffari