adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2025 12:21
77
GÜNDƏM
A- A+

Başıma silah dirəyib kitab yazdırıblar? - Səxavət Məmməd yazır

Hər məsələyə reaksiya verən biri deyiləm. Əgər bir məsələ haqqında fikir bildirirəmsə də, mütləq obyektiv və soyuqqanlı olmağa çalışıram. Bu günlərdə Mədəniyyət nazirliyi ilə bağlı çoxlu sayda tənqidlərə rast gəldim. Kim nə istəyir, kimin dərdi nədir, mənə maraqlı deyil. Ancaq məsələyə dolayısı ilə dəxlim olduğu üçün yazmasam olmazdı. Niyə dolayısı ilə? Çünki bu il mənim də kitabım çapdan çıxdı. Çalışıb sərgilərdə də iştirak edirəm. Vəziyyəti, prosesi ən azı özüm də müşahidə etmişəm.

Kimi dindirsən deyəcək ki, mən xalqa xidmət edirəm. Ən zəhləm gedən insan tipi. Xalq səndən xidmət tələb edib? Bu nəyin minnətidir? Biri kitan yazır, oxuyub, oynayır, keyf edir, pul qazanır, minnət qoyur ki, xalqa xidmət edirəm. Xalq səni seçib ki, get oxu ya oyna? Hər şeyin bir ədəbi, ərkanı olmalıdır.

Keçirilən festivallar, beynəlxalq əhəmiyyətli tədbirlər, xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülən işlər gözə görünmürmü? Hansısa ünsürün işini yarıtmamağına görə bir qurumu linc etmək nə dərəcədə doğrudur?

Biri dövlət tədbirlərində oxumağına icazə verilməməyindən, digəri yubileyinin keçirilməməsindən, o biri fəxri ad almamasından, başqa biri kitabının nazirlik tərəfindən alınmamasından gileylənir. Səmimi danışaq, hansı ciddi sənəti olan adam Mədəniyyət Nazirliyinin layihələrindən kənarda qalıb? Hansı müəllifin yazdığı ciddi əsəri nazirlik görməzdən gəlib? Yazdığım kitabla bağlı hansısa dövlət qurumuna nə müraciətim olub, nə hansısa dəstək tələb etmişəm. Niyə etməliyəm? Başıma silah dirəyib kitab yazdırıblar? Sifariş verib yazdırıblar? Vəhşi kapitalizm dönəmində yaşayıb, bolşevik düşüncəsində olmaq da ancaq bizə xas xüsusiyyətdir.

Bu günlərdə TV kanallardan birində Mədəniyyət Nazirliyinin kitab şöbəsinin müdiri kitab alışı ilə bağlı son illərin statistikasını açıqladı. Kitab az oxunan bir ölkədə kitabxanalar üçün bu qədər kitabın alınması həm oxucunun, həm yazıçının, elə həm də nəşriyyatların mənafeyinə xidmət etmirmi? Son üç ildə Mədəniyyət nazirliyi tərəfindən naşirlərdən və yazıçılardan 155 mindən çox nüxsə kitab alınıb. Bu da 3 ildən əvvəlki 15 ilin toplam göstəricilərindən daha çoxdur.

Elə həmin müsahibədə son iki ildə Mədəniyyət nazirliyinin dəstəyi ilə beynəlxalq kitab sərgilərində Azərbaycanın onlarla naşir və yazıçısının iştirakının təmin edilməsinə aydınlıq gətirilib. Bu iş deyil? Deyirlər, ancaq ətrafların aparırlar xaricdəki tədbirlərə. Bu fikirlə o zaman razı olardım ki, ora məni də aparardılar. Kitab şöbəsinin müdiri ilə səngərlədə birgə mürgüləmişik. Birdən-birə gözəllik olmur ki. İslahat mərhələli getməlidir də.

Sonuncu Bakı Beynəlxalq Kitab Sərginin keçirildiyi məkan uzaq olduğu üçün avtobuslar ayrılmışdı. Şəxsən iki dəfə o avtobusdan özüm istifadə etdim. Sərgidəki atmosfer, ordakı kitab çal-çağırı bizim mədəni mühitdə baş verən hadisə deyilmi?

Uzatmayım. Narazı qalmaq olar. Onu dilə gətirmək də olar. Özüm beləyəm. Ancaq hər şey mənim olsun, hər şeyi mən qamarlayım, hər şey mənə çatsınla yola çıxıb narazılıq etmək nə qədər doğru yanaşmadır?

Kitab müəllifləri naşirlərdən narazı, naşir oxucudan… hamı da nazirlikdən əncam gözləyir. Nəştiyyat müəlliflə qul kimi davranır, müəllifin əməyini qul əməyi kimi istismar edirsə bunda günahkar kimdir? Gördüyün iş faydalıdır, buna bir sözüm yox, əksinə təşşəkürlər, ancaq biznesdir də, qardaş.

Bu yazını yazmaqda məqsədim nə Mədəniyyət nazirliyini müdafiə etməkdir, nə də kimisə suçlamaq. Biraz obyektiv olun, biraz real davranın, biznesinizi genişləndirməyə, özünüzü gözə soxmağa görə də, camaatın boynuna bu qədər minnət qoymayın. Ayıbdır!