Qərbi Azərbaycan Musiqi irsinin izi ilə adlı layihəsi uğurla başa çatdı
“İz Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Qərbi Azərbaycan musiqi irsinin izi ilə” layihəsi uğurla yekunlaşıb.
Layihə çərçivəsində Qərbi Azərbaycan bölgəsinin zəngin folklor və musiqi yaddaşında mühüm yer tutan “Çoban Məhəmməd və Səlvi Xuraman” dastanı ilk dəfə kitab halında nəşr edilib. Dastan Qərbi Azərbaycanın Göyçə aşıq mühitində formalaşmış sənət ənənələrinin parlaq nümunələrindən biridir. Dastan həm tarixi-mədəni, həm də bədii-musiqili baxımdan yüksək dəyərə malikdir və o dövrün aşıq mühitində hökm sürən mənəvi-estetik dəyərləri əks etdirir. Layihə rəhbəri, musiqişünas Fəridə Mirişova bildirib: “Əsərin həm yazılı, həm də səsli variantlarını qorumaqla biz itirilmiş mədəni yaddaşın bir parçasını bərpa etmiş olduq. Bu dastan xalqın dilini, musiqisini və ruhunu daşıyan qiymətli irs nümunəsidir.”
Layihə çərçivəsində dastanın mətn variantı elmi əsaslarla sistemləşdirilib, havalar aşıq ifa ənənəsinə uyğun olaraq nota salınıb və rəqəmsal arxivə daxil edilib. Bu yanaşma Qərbi Azərbaycan musiqi irsinin öyrənilməsinə və gələcək tədqiqatlara töhfə verən yeni bir mənbə yaratmışdır. Kitabın təqdimatı “İz Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən təşkil olunub və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutub. Tədbirdə filologiya və musiqi sahəsinin tanınmış alimləri, Qərbi Azərbaycan el sənətkarları və mədəniyyət nümayəndələri iştirak edib.
Təqdimatda çıxışçılar dastanın həm ədəbi, həm də musiqi qatının toplanması və elmi şəkildə tədqiq edilməsinin Qərbi Azərbaycan musiqi irsinin qorunması üçün mühüm addım olduğunu vurğulayıb. Sonda bildirilib ki, “İz Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi bundan sonra da Qərbi Azərbaycan mədəni irsinin araşdırılması, qorunması və təbliği istiqamətində layihələr həyata keçirməyə davam edəcək. Layihə uğurla başa çatıb və Qərbi Azərbaycan musiqi irsinin elmi-nəzəri baxımdan sənədləşdirilməsi istiqamətində növbəti tədqiqatlara zəmin yaradıb.


Bakı -°C

