adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Mart 2021 19:12
23889
MƏMLƏKƏT
A- A+

Şəhidlər ölməz, Vətən bölünməz

Bu, danılmaz həqiqətdir ki,  Şəhid olanlar istər mənəvi baxımdan, istərsə də zahirən  yaşıdlarından fərqlənir. Biz isə İmanlı, dürüst, cəsur, yaraşıqlı, ağıllı və nur simalı,  ilk növbədə  yüksək mənəviyyata malik və vətən sevgisi ilə yaşayan bu gənclərin seçilmiş bəndələr olduğunu sonadək dərk edə bilmirik. Şəhidlər haqda müqəddəs kitabımız Qurani-Kərimdə bu fikir dəfələrlə təsbit olunub.

"Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz (BƏQƏRƏ SURƏSİ 154).

Onlar son nəfəslərini verərkən simalarında həkk olunan təbəssüm işığına yəqin ki, çoxlari şahid olub. Vətən müharibəsi iştirakçılarının müsahibələrində bu məqam dəfələrlə vurğulanıb. Ölüm anında Şəhidləri   bu qədər sevindirəcək, üzlərini  güldürən nə ola  bilər? Bu barədə şübhəsiz ki, çoxlarımız düşünüb. Bu suala da muqəddəs kitabımızda cavab tapmaq olar.

-"Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. (ƏLİ İMRAN SURƏSİ 170) Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar. (ƏLİ İMRAN SURƏSİ 171) Lakin aşkar cavablara baxmayaraq,  Şəhidlərin son nəfəslərində üzlərində donub qalan sevinc izlərinin, təbəssümün səbəbini  anlamaqda çətinlik çəkirik. Son nəfəsini verərkən simasını təbəssüm nuru işıqlandıran qəhrəman şəhidlərimizdən biri də Məmmədov Əlihüseyn Elşad oğludur. O, 1998-ci ildə Bakıda anadan olub. Əlihüseyn  bir müddət Şəkidə babasıgildə yaşayıb. 2005-ci ildə Şəki şəhər 18 nömrəli  məktəbdə ilk təhsilə başlayan Əlihüseyn sonralar Bakıya, valideynlərinin yanına köçərək ibtidai təhsilini Bakıdakı Xarici dillər təmayüllü gimnaziyada tamamlayıb. Babasıgil tək qalmasın deyə, ailəsi Əlihüseynin təhsilini yenidən rayonda davam etdirməsinə qərar verib. Beləliklə tam orta təhsilini əvvəl oxuduğu Şəki şəhər 18 nömrəli  tam orta məktəbdə başa vurub. Müəllimlərinin sözlərinə görə,  məktəb illərində sakit uşaq kimi tanınıb, fərqli davranışı, mədəni rəftarı, sakit təbiəti ilə yaşıdlarından seçilib və bu xarakterinə görə hər zaman çox sevilib. Heç vaxt münaqişəli hadisələrdə adı hallanmayan Əlihüseyn günlərin birində bir mübahisəyə qatılıb. Bundan təəccüblənən dostları onu kənara çəkməyə çalışıb.-“Mənim mübahisəyə qoşulmağım o demək deyil ki, dava-dalaş edəcəm. Hər məsələni danışaraq yoluna qoymaq olar”- deyib məsələni özünəməxsus, sakit tərzdə həll edib. Barışdırıcı, müdrik davranışlarına görə yoldaşları çox vaxt ona zarafatla “ağsaqqal”deyə müraciət edib.

    Ali təhsil üçün texniki fənləri seçən Əlihüseyn tam orta təhsilini yaxşı qiymətlərlə başa vurub. Attestat qiymətləri arasında ilk növbədə tarixdən   əla alması və tarixə sonsuz marağının olması isə sonradan vətən uğrunda tərəddüd etmədən döyüşə atılmasının məntiqi izahı sayıla bilər. 2016-cı ildə ADNSU-nin” Istilik Energetikası mühəndisliyi” fakültəsinə daxil olub, 2020-ci ildə bu ali təhsil müəssisəsini uğurla başa  vuran Əlihüseyni qarsıda həyat məktəbinin ağır imtahanları gözləyirdi. 

Əlihüseynin ailəsi maddi baxımdan təmin olunsa da o, heç vaxt valideynlərinə cibxərcliyi üçün müraciət etməzdi. Atası hər gün ona pul vermək istəyəndə etiraz edib pulunun olduğunu söyləyib. "Öz ayaqlarının üstündə durmaq" istəyi Əlihüseyni tələbəlik illərində də müxtəlif sahələrdə çalışmağa vadar edib. O, ilk iş həyatına “Araz”supermarketlər şəbəkəsində əvvəl satıcı, sonra kassir kimi başlayıb. Daxilində olan böyük məsuliyyət hissi onun iş həyatında əsas devizə çevrilmişdi. Rəhbər heyətlə, iş yoldaşları, müştərilərlə  münasibətdə son dərəcə səmimi və mədəni idi. Bu xüsusiyyətləri ilə rəhbər heyətin etibarını və hörmətini qazanan Əlihüseyn hər zaman onların diqqət mərkəzində olurdu. İmtahanlar zamanı işinə ara vermək məcburiyyətində qaldığını vurğulasa da, bir işçi olaraq onu itirməmək üçün  münasib iş qrafiki təşkil edirdilər. Onun yorulduğunu görən valideynləri dəfələrlə işdən azad olunmasını istəsə də buna qətiyyən razı olmurdu.-”Siz mənimçün bu yaşıma qədər çox əziyyət çəkmisiniz. Heç olmasa bundan sonra az da olsa mənim sizə köməyim dəysin”. Bu düşüncə onun varlığına hakim kəslimişdi. Hansı  yollasa valideynlərinin  zəhmətinin qarşılığını verməyə can atırdı.

Anası Arzu xanımın dedikləri:

Sakit dünyasında ədalətsiliyə qarşı çılğınlıq göstərən biri idi, Əlihüseyn. İşçilərin haqqını öz haqqı kimi müdafiə edirdi. Ətrafındakıların problemini öz problemi bilib həll etməyə çalışırdı. Amma öz problemlərinin həlli üçün  heç zaman ailəsinə müraciət etməzdi. Güclü xarakterindəki məsuliyyət hissi onun bütün işlərinin nizamlı olmasına gətirib çıxarırdı. Bəzən biz ona –“Gərək arada gəlib səni universitetdə soruşaq, maraqlanaq.”-deyərdik. Cavab verirdi ki, narahat olmayın, mən sizin başınızı aşağı endirəcək nəsə edib  sizə utanc hissi yaşatmaram. Məndən arxayın ola bilərsiniz. Biz onu çox yaxşı tanıyırdıq. Belə deməklə onun məsuliyyətini daha da artırmağa çalışırdıq. Oxumaqla yanaşı çalışsa da, mənalı istirahət etməyi də  bacarırdı. Azərbaycanın zəngin mətbəxini, bəzi ölkələrin ləziz yeməklərini  çox sevən  Əlihüseyn maraqlı məkanlara gedir, özü üçün yeni kəşflər edirdi. Hamıya eyni  səmimi  münasibət bəsləməyə çalışırdı. Arzularını isə çox vaxt mənimlə bölüşürdü. Ən böyük xəyalı bir fəstfud məkanı açmaq idi. Adını belə düşünmüşdü:”Əlinin burgeri”. Ona deyirdim ki, narahat olma, biz sənə lazımı dəstəyi verəcəyik. Sən təhsilini başa vur, vətənə xidmət borcunu yerinə yetir. Zamanı  çatanda biz o məsələ ilə bağlı işlərə başlayacayıq.

Şəki şəhər 18 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Abdullayeva  Azədənin Şəhid şagirdi haqda xatirələri:

2005-ci il sentyabrın 15-i birinci sinfi qəbul edirdim. Həmin birincilər arasında nənəsinə sıxılaraq ürkək baxışlarla mənə baxan, əlindəki gül dəstəsini möhkəm tutan, bəstəboy, qarayanız, şirin şagirdim Əlihüseyn haqqında xatirələri yada salmaq nə qədər çətin olsa da, o qədər şərəflidir. Boyu balaca olduğundan birinci partada əyləşdi. Ayaqları yerə çatmırdı. Ağ kostyumu ona xüsusi yaraşıq verirdi. Günlər bir–birini əvəz etdikcə Əlihüseyn mənə, sinif yoldaşlarına uyğunlaşdı. Sakit təbiətə malik, təmkinli, ağıllı şagird idi. Uşaq canı ilə lazımsız hərəkət etməz, üzünə söz gətirməzdi. Qəti özünü qabağa verən xasiyyəti yox idi. Heç vaxt əlini qaldırmazdı. Amma soruşanda görürdüm ki, cavabları qaneedicidir. Çalışqan idi. Dərsdən qalmazdı. Riyaziyyat fənninə marağı daha çox idi. Nənəsinə bağlı idi. Nənə böyük tənəffüsdə gəlib onu yoluxar və deyərdi ki,  övladlarıma qarşı belə olmamışam. Nəvə həqiqətən şirin imiş.

Əlihüseynin çantası həmişə səliqə ilə yığılardı. Kitab və dəftərlərinin üzü cildli olardı. Gündəlik lazım olan dərs ləvazimatları yanında olardı.Təsadüfən nəsə yaddan çıxsa, baba və yaxud nənə tez gətirərdi. Yaxşı yadımdadır, diyircəkli qələmi çantasında çox olardı. Hansısa uşaqda olmayanda tez çıxarıb verərdi. Son tikəsini hamı ilə paylaşardı. Hər zaman "Vətəndən,torpaqdan pay olmaz "deyərdi. Vətənpərvər idi. Vətənə, torpağa məhəbbəti sonsuz idi. Hərdən sinifdə şeir müsabiqəsi keçirirdim. Əlihüseynin şeirləri həmişə Vətənə, torpağa aid olardı. Məktəbi başa vurdu. Ali məktəbə daxil oldu. Ali məktəbi bitirdikdən dərhal sonra Vətənə xidməti borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollandı. 3 ay sonra, 27 sentyabr 2020-ci il tarixdə başlayan 44 günlük II Qarabağ müharibəsində bir çox döyüşlərdə fəal, qəhrəmancasına iştirak edərək Şəhidlik zirvəsinə ucaldı. Bitirdiyi ali məktəbin diplomunu görmək qismət olmadı... Və diplomu Şəhidlik zirvəsinə yüksəldikdən sonra ailəsinə təqdim olundu. Heç zaman düşünməzdik ki, sinifdə sakit, səssiz görünən Əlihüseyn Vətənini canından üstün tutaraq Şəhidlik zirvəsinə ucalacaq. Qəlblərdə daim yaşayacaq. Həmişə ruhuna dualar oxunacaq, anılacaq. Dövlətimizin, elimizin, eləcə də mənim, sinif yoldaşlarının, bir sözlə doğma məktəbimizin FƏXRİNƏ çevriləcək. RUHUN ŞAD OLSUN, əziz Şəhidimiz… Sən həmişə bizimləsən. Qəlbimizdə, ruhumuzda, ürəyimizdəsən. NUR içində yatasan əziz, ŞƏHİD balam, Əlihüseyn. Səninlə həmişə fəxr edəcəm, qürur duyacam. Şagirdlərimə həmişə sənin qəhrəmanlığından, qorxmazlığından danışacam. Şəhidlər ölməz, Vətən bölünməz. SƏNƏ və sənin timsalında bütün Şəhidlərimizə Allah rəhmət etsin. Uğrunda  canınızdan keçdiyiniz torpaqda rahat uyuyun. Amin!"

     Övlad kimi Əlihüseyn valideynlərinə heç zaman əziyyət verməmişdi. Onlar da istəyirdi ki,övladlarının çəkdiyi bu qədər zəhmətin dəyərini  layiqincə versinlər. Onun bütün arzularını reallaşdırmaq üçün artıq pul belə toplamağa başlamışdılar. Əfsuslar olsun ki, bəzən həyat bizim arzularımıza doğru gedən yolları dəyişib başqa istiqamətə çevirir. Uca Yaradanın bizə yazdığı taledən xəbərsiz çıxdığımız yol bəzən düşündüyümüz yerdə deyil, başqa ünvanda bitir. Əlihüseyn Ali təhsilini magistr səviyyəsi üzrə tamamlamaq istəsə də buna nail ola bilmir və  anasına söz verir ki, hərbi xidmətdən qayıdan zaman mütləq onun bu arzusunu yerinə yetirəcək. Anası Arzu xanım ixtisasca müəllimdir. Onun şagirdlərinə verdiyi vətənpərvərlik tərbiyəsi sanki bütünlükdə oğlunun varlığına hopmuşdu. Tez-tez bu mövzuda tədbirlər hazırlayan Arzu müəllim evdə hazırlıq işləri görərkən Əlihüseyn diqqətlə onu izləyirdi. Anasının vətənə, millətə, bayrağa olan məhəbbət hissini şagirdlərinə necə coşqu ilə aşıladığını görən Əlihüseyn bundan ruhlanır və qəlbində Bətən sevgisi daha da alovlanırdı. Esitdikləri  onda hərbi xidmətə getmək həvəsini daha da gücləndirirdi. Diplom müdafiəsi üzrə işləri tamamlandıqdan sonra artıq bütün fikrini hərbi xidmətə  yönəltmişdi. Mudafiə Nazirliyində yaxın qohumları yüksək vəzifələrdə çalışırdı. Lakin vətənpərvər gənc heç bir tanışlıq, kömək barədə eşitmək istəmirdi. Hər dəfə bu mövzuda söhbət düşəndə anasına deyirdi:-“Kimin harda olmağı mənə maraqlı deyil. Mən bu vətənin oğluyam. Hara göndərilsəm, orada xidmətimi layiqincə yerinə yetirəcəm. Mən artıq yetkin yaşa çatmış, müstəqil fikirli bir şəxsiyyətəm. Məndən ötrü narahat olmayın. Özümü hər yerdə idarə edə biləcək ağıla, düşüncəyə sahibəm.”

Son  zamanlar isə səbri demək olar ki, tükənmişdi. Elə bil gözləri hər yerdə  hərbi komissarlıqdan gələn məktubu axtarırdı. Anasına tez- tez dostlarının, tanişlarının artıq əsgər getdiklərini   söyləyir, onu çağırmadıqlarına görə gileylənirdi.  Bir gun evə gələrək “ Ana, hərbi komissarlıga getdim, komissiyadan kecdim, iyul ayının 7-si artıq gedirəm" deyərək əlindəki qeydiyyat vərəqini anasına uzatdı. Sevincinin həddi-hüdudu yox idi. Uçmağa bir tək qanadı çatmırdı sanki. Anasının gözlərindəki yaşı görən Əlihüseyn-“Ana niyə ağlayırsan? Demirdin ki, vətənə xidmət sənin borcundur, bəs  İndi niyə ağlayırsan? Xeyir-duanı ver, ağlama. Söz ver mənə,  birdən Şəhid olsam,  o zaman da ağlama. Sənin göz yaşlarına dözə bilmədiyimi bilirsən axı..”- deyib anasını bağrına basmışdı.

 Ana oğlunun nazıyla oynayır, onun sevdiyi  yeməkləri bişirir, sirniyyatlar hazırlayır, evdə ona kiminsə güldən ağır  söz deməsinə icazə vermirdi.  Anası kövrəlsə də göz yaşlarını gizlətməyə çalışırdı. Yola düşən vaxt  Arzu xanım qonşunun oğlu Mövludun  hərbi xidmətdən fəxri diplomla qayıtdığını xatırladaraq ondan da eyni şeyi gözlədiyini bildirib. 

Artıq xeyli müddət idi ki, Əlühüseyn hərbi xidmətə yola düşmüşdü. Valideynləri onun üçün çox narahat idilər. Əlihüseyngil ailədə 3 usaq olsa da  boyük qardaşının və balaca bacısının  onun dəstəyinə ehtiyacı vardı. Ailənin ən böyük  ümidi  idi. Əlihüseynin könül verdiyi bir qızı var idi. İş həyatında tanış olduğu xanıma bu xəbəri sevinclə çatdıranda qız ondan getməməyi xahiş etmişdi. Onun cavabı- “Mən Vətəni, eyni zamanda bu Vətənin  qızı olduğu üçün  səni də qorumağa gedirəm”- olmuşdu.

  Onun xidmət etdiyi hərbi hissə uzaq rayonda yerləşdiyi üçün istəmirdi ki, yanına gəlsinlər. Valideynlərinə əziyyət vermək istəmirdi. Əlihüseyn nənə-babasının yanında böyüdüyü üçün onlara daha çox bağlı idi. Nənəsi ondan ötrü  möhkəm darıxırdı. Bu həsrəti görən valideynlər qərara alırlar ki, nənəni də götürüb əsgər balalarını görməyə getsinlər.Və bu məqsədlə  yola çıxırlar. Həmin ərəfədə Respublikada pandemiya şəraiti olduğu üçün rahat hərəkət etmək olmurdu. Uzaq olan yol müxtəlif səbəblərdən bir az da  uzanır. Müxtəlif əngəllərdən keçib nəhayət həmin hissəyə gələn valideynlər Əlihüseyni bir qədər gözləməli olurlar. Onları əbədi həsrətə alışdırmağa çalışan zaman öz işini asta-asta görürdü. Nəhayət ki, onların əsgər oğlu gəlib çıxır.  Sevinc dolu görüş baş tutur. Uzaq yolu əziyyətlə gəldiklərinə görə onlara narazılıq edən Əlihüseyn  ürəyinin dərinliyində bəlkə də bu ziyarətə çox sevinirdi. Axı bu görüş onun doğmaları ilə son görüşü idi...

Sentyabrın 27-si 2020-ci il, Vətən müharibəsinin başlandığı tarix oldu. Qarabağ uğrunda əks -həmlə əməliyyatı ilə başlanan müharibə minlərlə əsgər valideynləri kimi Əlihüseynin də doğmaları üçün narahatlığın başlanğıcı oldu. Oğullarını yaxşı tanıyan ata-ana bilirdi ki, yerində rahat durmayacaq. Vətəni -bayrağı uğrunda ölüm-dirim savaşına atılacaq. Hər gün böyük həyacanla telefon zəngi gözləyən ana son  dəfə oğlu ilə danışığını belə xatırlayır: “ Çox sevincli idi. Sanki nəsə qazanmışdı və onun sevincini yaşayırdı, qürurla danışırdı. Deyirdi ki, məndən ötrü narahat olma. Meyvə belə yemişəm, hər rahatlığımız yerindədir."Bu vaxta  qədər oğlunun ön cəbhədə olmasından bixəbər olan ananın narahatlığı getdikcə artırdı. Əlihüseyn bacardıqca evlə əlaqəni kəsmirdi, anasının təşviş keçirdiyini  bilib onu xəbərsiz qoymurdu. Sonuncu zəngdən 3- 4 gün keçəndən sonra xəbər gəlmədiyini görən ana xeyli  təlaşa düşür. Ana ürəyi sanki oğlunun başına gələnləri duymuşdu.  Onun keçirdiyi duyğuları həyat yoldaşı belə xatırlayır: "Əlinin şəhadətə yetişdiyi gün Arzu özündə deyildi. Cismi evdə ruhu başqa yerdə idi sanki. Dalğın- dalğın mənə baxır, amma dediklərimi eşitmirdi. Onun bu vəziyyəti heç xoşuma gəlmədi. Qərara aldım ki, onu tək qoymayım.” Beləliklə acı xəbər qəfil zənglə bəlli oldu. Əlihüseynin arzuları, gülüşləri, həyəcan və  sevincilə nurlanan  ev bir anlıq qaranlıq zülmətə çevrildi. Həmin anları heç bir sozlə ifadə etmək olmur. Bu hisslər ancaq kədər dolu gözlərdən axan yaşlarla ümüdsiz qəlblərdə qalan arzularla ifadə oluna bilər. Onu tanıyanların hamısı bu qara xəbəri alanda dərindən sarsılır. Məmmədov Əlihüseyn Elşad oğlu 9 oktyabr 2020-ci ildə Füzuli- Cəbrayıl- Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid oldu. Yarımçıq qalan arzular, həsrət dolu ümüdlər....Bunlara təsəlli üçün yalnız bir  söz var-uca məqam “Şəhidlik”.

Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu şərəfə layiq olan Əlihüseyn öz adını qəhrəmanlıq tariximizə yazdı. Qəhrəmanlar unudulmur. Onların həyatı gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şey öyrənməlidirlər. Ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsinin anmağa həmişə borcluyuq. Onların xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!

Sinif rəbəri və Azərbaycan dili ədəbiyyat müəllimi Səlimzadə Aynurun Əlihüsüyn barədə xatirələri...

 "Mən onun həm Azərbaycan dili müəllimi, həm də sinif rəhbəri olmuşam. Əlihüseyn sinifdə ən sakit şagird idi. Həmişə məktəbin nizam-intizam qaydalarına əməl edirdi. Çox vətənpərvər sakit idi. Bir dəfə səhər dərsə gələndə gecikmişdi. İcazə alıb sinifə girdi. Heç dərsə gecikən deyildi ona görə icazə verdim. Dedi ki, heyif Himni oxumağa çatmadım. ( Hər səhər sıra xəttində Azərbaycan Respublikasının Dövlət Himnini oxuyurduq.)Yenidən himnimizi sinifdə oxuduq. Dərslərini əla oxumasa da o qədər tərbiyəli və məsuliyyətli idi ki, bütün müəllimlər onu başqa sagirdlərə nümunə göstərirdi.

İllər keçdi. Şagirdlərim artıq tələbə adı qazanmışdılar. Günlərin birində şagirdlərdən bir neçəsi məktəbə gəlmişdi. Əlihüseyn də onların arasında idi. Öz sinif otaqlarında oturub məktəb vaxtı başlarına gələn əhvalatı danışıb xeyli gülmüşdülər. Onun şəhid olması xəbərini eşidəndə elə bildim ki, bir an həyat dondu. Həqiqətən torpaq yaxşıları seçir. Çox heyif… 28 illik torpaq həsrətinə son qoyan şəhidlərimizin ruhu qarşısında baş əyir, bizə bu qələbəni yaşatdıqları üçün onlara Allahdan rəhmət diləyirik.

Şəhidlər Ölməz Vətən bölünməz ! Qarabağ Azərbaycandır!"

Riyaziyyat müəllimi Xatirə Qədirovanın dedikləri:

"Əlihüseyn mənim sevimli şagirdlərimdən biri idi. Mən onu sinifdə hamıdan çox istəyirdim. Ona görə ki, o ağır təbiətli, sakit, mehriban, səmimi, yoldaşları ilə ünsiyyət yaratmağı bacaran bir şagird idi. "Öz çalışqanlığı,  zəhməti hesabına ali məktəbə qəbul oldu. Mən bəzən nəyi isə bilmədikdə ona bir-iki dəfə izah edərdim. Sonra yenə bilmədikdə onu danlayardım. Amma o,sadəcə başını aşağı salıb utanardı. O, öz iradəsi, əziyyəti hesabına riyaziyyatı öyrəndi və qarşısına qoyduğu məqsədə çatdı. Onun ölümü məni çox kədərləndirdi. Mən onun ölümü ilə barışa bilmirdim. Yeganə təsəllim mənim əziz şagirdimin torpaqların uğrunda şəhid olmasıdır. Şəhidlər isə ölmür. Əziz şagirdimiz sən bizim qəlbimizdə əbədi olaraq yaşayacaqsan. Allah sənə rəhmət etsin! "

Gömrük Akademiyasının Hüquq fakultəsinin məzunu, sinif yoldaşı Muradın dedikləri:

"Erməni faşizmi üzərində hamılıqla bəşəri qələbə qazandıq. Beləliklə 1990- cı ildən bəri itkilərimizin hədər olmadığını sübut etdik. Kimi od-alov içərisindən sağ-salamat qayıtdı, kimi bu vətən, torpaq üçün canını fəda etdi. Vətənpərvər qeyrətli, qorxmaz oğullarımız Vətəni canlarından üstün tutdu. Əsgərlərimiz düşməni ağır məğlubiyyətə uğratdı. Belə igidlərdən biri də məktəbimizin şəhid əsgəri Məmmədov Əlihüseyndir. Əlihüseyn oxuduğu məktəb illərində sözün həqiqi mənasında çox tərbiyəli şagird olub. Sinif yoldaşları ilə də mehriban, müəllimlərinə qarşı çox hörmətli və nəzakətli idi. Universiteti bitirdikdən sonra ordu sıralarında xidmətə başladı. Mənfur düşməni torpaqlarımızdan qovmaq üçün silaha sarıldı. Əsgərlərimiz düşməni ağır məğlubiyyətə uğratdı. Heç bir müharibə Şəhidsiz olmur. Məktəbimizin qeyrətli oğlu Əlihüseyn də Şəhid oldu. Vətənimizi canından üstün tutdu. Xalqımız heç vaxt vətən naminə canını qurban vermiş şəhidlərini unutmayacaq, Şəhidlər and yerimiz, səcdəgahımızdır."

Qrup yoldasi Röyalın dedikləri:

 "Dərsdən cıxanda metronun 28 may stansuyasından vaqona minib evə gələrdik. Metro cox vaxt sıxlıq olurdu. Kim özünə harda yer etsəydi orda dayanardi. Əlihüseynin harda dayanmağindan asılı olmayaraq çatanda gəlib bizlə görüşüb sonra vaqondan düsərdi. Çox diqqətli idi. Bunu ancaq o edirdi. Təəssüf ki aramızdan tez getdi. Əli mənim qəlbimdədir.  O, qardaş idi, dost idi, çətin günümdə dayağım idi. "

Qrup yoldasi Arifin dedikləri:"  Bir dəfə İmtahan vaxtıydi. Əli ilə eyni vaxtda bilet cəkib yaxin masalarda oturduq. Biletə baxıb suallara cavab tapa bilmirdim. Əli bunu hiss etdi. O öz biletinin üzünu mənim görəcəyim  tərzdə cevirib başi ilə "gəl dəyişək" işarəsini verdi. Əlinin bu jesti məni imtandan kəsilməkdən qurtardı. Bunu heç vaxt unutmaram. Heyif Əlidən..."

Qrup yoldasi Agamuradın dedikləri:

"1-ci kursda oxuyurduq. Tez- tez futbola gedərdik. İlk dəfə futbola gedəndə bir- birimizi yaxsı tanımırdıq. Seçim edəndə  Əli qapıçı olmaq istədiyini dedi. Düzü biz tərəddud etdik.Əlinin boyu balaca idi. Düşündük ki bu balaca boylu oğlandan qapıçı çıxmaz. Əli isə təkid etdi. Oyunun sonuna qədər Əli qapıdan 1 top da keçməyə qoymadı. Sən demə o, əsl futbolçu imiş. Oyunun sonunda hamımız əvvəlki halımızı yada salıb güldük. Sonrakı oyunlarda da  qapıçımız həmisə Əli oldu. Kaş o günlər geri qayıdaydı. 

Qrup yoldaşı Nazəninin dedikləri:

" İmtahan vaxti Əli hamının otaqdan  cıxmasını gözləyirdi. Qrup yoldaşlarının  qiymətləri ilə maraqlanırdı. Sonuncu yoldaşımız imtahandan çıxana kimi gözləyib sonra gedirdi. Çox vəfalı, mərd, səmimi  idi. Heç birimiz onun itkisinə inanmırıq."

Qrup yoldaşı Sevincin dedikləri:

" Biz həmişə  imtahanlara birgə  hazırlaşırdıq. Əli bilmədiyi sualın cavabını  məndən soruşar, mən də  ona izah edərdim. Səbir və diqqətlə dinləyərdi. Sona qədər heç sözümü kəsməzdi. Sonra isə özü məndən başa düşmədiklərimi soruşardı. Bu xarakter təkcə onda idi. Çox mədəni oglan idi. Hamımızın  sevimlisi idi. Bu 4 ildə onun yüksək səsini eşitmədik, ondan heç vaxt hansısa  hörmətsizlik görmədik. Əli xüsusi, qeyri-adi xasiyyətə malik idi. Adı Əlihüseyn olsa da hamımız ona Əli deyirdik. Yeri cənnət olsun."

Iş yoldaşı Günelin dedikləri:

"Hərbi  xidmətə getməyə 2 gün qalmiş dedi səni görmək istəyirəm, surpirizim var. Biz görüşdük . Dedi bacı, əsgər gedirəm. Kövrəldim, o isə bəlkə şəhid oldum deyib, qəhqəhə cəkib güldü. Mən çox pis oldum. Dedi ki nə oldu, yoxsa sən də anam kimi aglayacaqsan? Dedim getmə, pis oluram, cavab verdi ki, gedənlər məndən əskikdir, ya mən onlardan artığam? Sənin ad günündə verə bilmədiyim hədiyyəni gətirmişəm sənə. Öz sifarişimlə düzəltdirdim ki, ürəyimcə olsun, deyib Əlindəki qutunu açdı. Arıya, həm də kəpənəyə oxşar klonlu boyunbaği idi. Cox sevindim .Dedim Əli, əziyyət cəkmisən,  mən səndən nəsə gözləmirdim ki. Dedi, "bacı, o vaxt imkan olmadi almaga, amma sənə verməmiş gedə bilməzdim. Birdən geri  gələ bilmərəm, mənim səndə xatirəm olsun , və ya  gələndə sən ərə gedərsən, tapa bilmərəm." Bu xəbəri eşidəndə bədənim titrədi.Tez boyunbagını əlimə götürüb olanları yadıma saldım və hönkürtü ilə ağlamağa başladim. Necə ağlamışamsa səsimə o biri otaqdan gələn anamın yanımda dayandığını belə hiss etməmişəm. Əli yadimdan bir an belə cıxmır. Mən böyük dostumu, qardaşımı və dəyərli bir insanı itirdim"

Xalası oğlu Nadirin onun haqqında xatirələri:

"Onunla eyni ayda xidmətə yola düşmüşdüm. Müxtəlif yerlərdə xidmət edirdik. Mən  danışanda həmişə Əlihüseyni,Əlihüseyn də məni soruşub."

Bir gün Nadir anasına zəng edərək Əlinin şəhid olma xəbərinin eşitdiyini ağlaya- ağlaya söyləyib. Ailəsi bunu ondan gizlətsə də işin ortaya çıxdığını görən anası Aynur oğlundan bunu daha gizlədə bilmir. Bu xəbər Nadiri çox sarsıdır. O, xalası Arzuya zəng edərək “xala Alik (ailədə Alik deyə çağırırdılar) şəhid olub hə? ‘’deyərək hönkürtü ilə ağlayır. Nadirin döyüşdə olduğundan narahat olan xalası Alikin yarali olduğunu söyləyir.”Məni aldatmayın mən düzünü bilirəm” deyərək daha da yüksək səslə ağlamağa başlayıb. Xalası onu nə qədər inandırmağa çalışsa da bacarmayıb. Nadir xalasina deyə bilmədiyi sözləri zəng vuraraq anasına deyir:" “Ana, xalama de,başını dik tutsun, Alik şərəfli yolda şəhid olub. Mən nəfəsim dayanana qədər döyüşəcəm. Mən xalama deyə bilmədim ana, sən bunları xalama çatdır”. Nadirin döyüşdüyü hərbi dəstənin  yolu Hadrut tərəfə düsür. Nadir xalası oglunun döyüşdüyü yerə” Nadir Alik 055 sheki “sözlərini öz əlləri ilə yazaraq tarixin yaddaşina həkk edir. Xalası oğlunun şəhid olması onun döyüş əzmini artirsa da daxilində  onun yoxluğuna üzülürdü.

Hüsniyyə Əlizadə