SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: HÜQUQŞÜNAS ÖMRÜNDƏN CİZGİLƏR

  54063   |  
Şriftin ölçüsü  

Əsgər Bəkirovun 70 yaşına

Adətən sabiqlərdən, yubilyarlardan yazanda xəyalən onlara qoşulub mən də keçmişə gedib çıxıram.Xatirələr məni də özüylə çəkib aparır. Və bu xatirələrin çözümü özümdən asılı olmadam kökləndiyim notları bir-birinin dalınca elə sıralayır ki, sanki durna qatarı göy üzünə naxış vurur...

Bəli, insan ömrü bəzən bir an, bəzən bir il, bəzən də qərinələr ölçüsündə olur. Mən bunu tam səmimiyyətimlə, qətiyyətimlə deyirəm.Çünki hər anın yükü illərə də, qərinələrə də bəs edir. Eləcə də ilin yükü illərə, qərinələrə gedib çıxır. Deməli, bütün bunların mahiyyətini anlamaq, fərqinə varmaq üçün təkcə böyük anlamda İNSAN olmaq kifayət deyil. Həm də böyük anlamda insana dəyər vermək, onun haqqını qiymətləndirmək iqtidarında olmalısan. Bax, bu məqamda həmino dediyim İNSANın yaşadığı il də, qərinə də yaddaşa, tarixə köçür. Bu mənada barəsində danışacağım sabiq prokurorluq əməkdaşı, həmkarlarının və çalışdığı insanların yadında qalmış Əsgər Lətif oğlu Bəkirov “Ədalət”in oxucularının da tanıdığı bir hüquqşünasdı. Onu mənə qəzetimizlə yanaşı, həm də dəyərli dostum, bu gün Beyləqanda yaşayan təqaüdçü-hüquqşünas Nizam Rüstəmov yaxından tanıdıb. Dostum Nizam Rüstəmov keçən günlərdən söhbət düşəndə həmişə birgə çalışdığı, dostluq, yoldaşlıq etdiyi həmkarları barəsində ürəkdolusu danışıb. Aşkarca hiss edirsən ki, onun fikirlərində, onun dilinə gətirdiyi sözlərdə səmimiyyət və istiqlallıq hakimdir.Yəni etika xatirinə deyil, insanlıq xatirinə, gerçəklik xatirinə yaşadığını dilinə gətirir Nizam Rüstəmov. Və...

Bir dəfə Nizam müəllim mənə dedi ki, sənin və mənim dostum rəhmətlik Elman Ağayev kimi dizibərk, dəyanətli kişilərdən biri də Əsgər Bəkirovdu. Yadındadırsa, səni onunla tanış etmişdim. Ağcabədi rayon prokurorluğunda işlədiyim zaman sən qonaq gəlmişdin. Bax, onda Əsgər də prokuror müavini işləyirdi. Sizi tanış etdim, sonra ondan icazə alıb birlikdə çörək yeməyə getdik. Nizam müəllimin toxunduğu mövzu dərhal yaddaşıma aydınlıq gətirdi. Və mən Əsgər müəllimin o xoş ünsiyyətini, mənə və “Ədalət” qəzetinə olan sayğısını xatırladım. Bax, indi bu yazını da bilgisayara diqtə edəndə prokuror müavini Əsgər Vəkilovun təbəssümlü çöhrəsi gözümün önünə gəldi...

Indi Əsgər müəllim Oğuzda yaşayır. Təqaüdə çıxıb və yetmiş yaşının qapını döyən addım səsini dinləyə-dinləyə övladlarının, nəvələrinin sevinc və təbəssüm payını bölüşür. Amma gözləri uzaqlara zillənib. Sanki həyat fəaliyyətinə başladığı ilk anın,ilk günün özü ilə üz-üzə dayanıb. Yəniarzularına gedən yolun başlanğıcındadı. Bax elə mən də həmin o nöqtədə dayanıb Əsgər müəllimlə birlikdə yola çıxmağa hazırlaşıram. Bu yol bir hüquqşünasın, bir ziyalının, bir təqaüdçününömürlüyüdü. Gəlin bu ömürlüyə birlikdə nəzər salaq.

Haşiyə: Əsgər Lətif oğlu Bəkirov 1951-ci ilin mart ayının 15-də Oğuz şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra əmək fəaliyyətinə elə doğulduğu rayonun meşə təsərrüfatı idarəsində fəhlə kimi başlayıb. Atası Lətif kişiixtisasca mühəndis idi. Onun məvacibi böyük ailənin, yəni 6 uşağıntəminatına çatmırdı. Buna baxmayaraq, ailə bir mehribançılıq, bir ruh yüksəkliyi içərisində sabaha ümidlə yaşayırdı. Evin böyük oğlu olan Əsgər orta məktəbi bitirən kimi atasına köməkçi oldu. Yəni işləyib ailənin büdcəsinə öz məvacibi ilə əlavə bərəkət gətirdi. Təbii ki, cəmiyyətdə baş verən hadisələr, fəhlə kimi çalışan bu yeniyetmə oğlanın qəlbindəki arzuları daha da alovlandırırdı. O, israrla hazırlaşır, inadkarlıqla qarşısına qoyduğu məqsədə çatmağa çalışırdı. Həyat idealı Mehman olan Əsgər Bəkirov məhz Süleyman Rəhimovun bu qəhrəmanı kimi haqqın, ədalətin keşiyində durmağı, onun uğrunda mübarizə aparmağı özünə qayə seçmişdi. Müdriklər deyiblər ki, “Məqsədin hara, yolun da ora”. Bax, Əsgər Bəkirovun da məqsədi hüquqşünas olmaq idi. Məhz bu istəklə dəgecəni gündüzə qatıb imtahanlara da hazırlaşırdı. Doğrudur, orta məktəbi “əla” qiymətlərlə bitirmiş Əsgər və onun kimilər üçün həmin dövrlərdə sıxıntı içərisində yaşayan ailənin övladlarına hüquq fakültəsinə daxil olmaq istəyi xülya hesab olunardı. Lakin inadkarlarbu xülyanı bəzən gerçəkləşdirib reallığa çevirə bilirdilər. Həmin illərdə ümummilli liderin atdığı qətiyyətli addımlar aşağı zümrədən olan gənclərin ali təhsil almasına, xüsusilə hüquq fakültəsinə daxil olmasına yaşıl işıq yandırdı. Həmin yaşıl işıq Əsgər Bəkirov üçün də yandı və o, universitetin hüquq fakültəsinə daxil oldu.Lakin Bakıda yaşamaq onun üçün çox çətin idi. Məcbur olub “Sovet Qırğızıstanı” adlı gəmidə yaşamalı oldu. Onun həyat sıxıntısandan xəbər tutan tələbə yoldaşı bu gün Azərbaycanda az qala hər kəsin tanıdığı məşhur hakim, Ali Məhkəmənin üzvü olmuş Ənvər Seyidov Əsgəri bir qardaş qayğısı ilə əhatə etdi və onu zorla öz evində məskunlaşdırdı. Beləliklə, gəmidə gecələyən Əsgər Bəkirov Ənvər Seyidovun ailə üzvlərindən birinə çevrildi. Həmin günləri xatırlayan Əsgər Bəkirov bildirir ki, mərhum anası Zərniyar xanım mənə doğma ana qədərdiqqət və qayğı göstərir, məni Ənvərdən seçmirdi. Təhsil aldığım illərdə Oğuz rayon prokuroru işləyən Məmməd Əhmədov məni prokurorluqda dəftərxana müdiri vəzifəsinə işə götürdü. 1969-cu ildən 1976-cı ilə kimi bu vəzifədə işlədim. 1975-ci ildə təhsilimibaşa vurdum və iş təcrübəmi nəzərə alaraq 1976-cı ilin oktyabr ayında Şəki rayon prokurorunun köməkçisi vəzifəsinə təyin edildim. 10 il Şəkidə işləyəndən sonrahəmin dövrdə respublikanı baş prokuroru olan İlyas İsmayılovun əmriylə Yardımlı rayon prokuroru təyin edildim. 1991-ci ildə səlahiyyət müddətim başa çatdığı üçün məni Ağdaş rayon prokurorunun köməkçisi vəzifəsinə təyin etdilər. Iki il Ağdaşda işlədikdən sonra 1993-cü ildə Göyçay rayon prokurorunun müavini vəzifəsinə göndərildim. Elə buradaca “Ədalət” qəzetinin əməkdaşı, dostum Məzahir Əhmədoğlu ilə yollarımız kəsişdi. Və bu tanışlıq ailəvi dostluğa çevrildi. Bunu ona görə xatırladıram ki, Məzahir müəllimin xanımı hörmətli Dilşad müəllimənin köməyi ilə Göyçayda törədilmiş bir cinayətin üstünü açmaq mənə müəssər oldu. Yəni cinayətin törədildiyi yerdən götürülmüş şagird dəftərinə baxış zamanı Dilşad müəllimə xətt sahibini tanıdı. Bununla da yaşlı ər-arvadı tamah məqsədilə qətlə yetirmiş cinayətkar yaxalandı.

2001-ci ildən Ağcabədi rayon prokurorunun müavini vəzifəsində işləməyə başladım və 2011-ci ildə təqaüdə çıxdım.2011-ci ildə pensiyaya çıxdıqdan sonra , Şəki Rayon Prokurorluğunun inzibati binasında qəbul keçirən keçmiş Baş prokuror cənab Zakir Qaralov Göyçay rayon prokurorunun müavini vəzifəsində işlədiyim 9 (doqquz) il, yəni 1993-2001-ci illərdə Respublika Baş Prokurorluğundan əmr daxil olmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin tələbinin pozulması üzüçdən növbəti əmək məzuniyyətindən istifadə edə bilməməyimə dair keçmiş rayon prokuroru cənab Fuad Məmmədovun imzalayıb möhür vurduğu və mənim rəhbərliyə təqdim etdiyim arayışa əsasən mənə kompensasiya ödənilməsinin zəruri olduğunu qeyd edərək müavini Namiq Əsgərova məsələnin həlli üçün tapşırıq verəcəyini vəd etdi.Lakin bu problem nəinki həll edilmədi , heç bu barədə mənə rəsmi cavab da verilmədi .Bu gün də həmin məsələ açıq qalır. 2010-cu iyul ayının 22-də Ağcabədi rayon prokurorluğunun inzibati binasında prokurorluq orqanlarının geniş zona əməliyyat müşavirəsi keçirməsi ilə əlaqədar prokuror əvəzi kimi müşavirədə çıxışıma görə məni tanıyan hazırki Baş Prokuror cənab Kamran Əliyev mənə 9 illik kompensasiya məbləğinin ödənilməsində ümidvaram ki, öz köməyini əsirgəməyəcəkdir. Ağcabədi rayon prokurorunun müavini vəzifəsindən təqaüdə çıxandan sonra YAP –ın üzvü oldum və bir müddət Oğuz rayon icra hakimiyyəti aparatında hüquq şöbəsinin müdiri vəzifəsində çalışdım. Burada da öz hüquqi yardımımı təkcə əməli işdə deyil, həm də rayonun “Oğuz yurdu” qəzetindəki çıxışlarımda da maarifləndirici mövqeyimlə hər kəsə yardımçı olmağa çalışdım. Bu günün özündə də mən cəmiyyətimizdə baş verən hadisələrə, xüsusilə aparılan hüquqi islahatlara həssaslıqla yanaşır və onları təqdir edirəm. Inanıram ki, 44 günlük müharibədə xalqımızın 30 illik həsrətini qələbə zəfəri ilə başa çatdıran Ali Baş Komandanımız cənab İlham Əliyev Azərbaycanı daha böyük uğurlara qovuşduracaqdır.

... Mən yazımın haşiyə bölümündə sözü yubliyara vermişdim. Daha doğrusu, onun dilindən eşitdiklərimi yazıya çevirmişdim. Indi isə onun barəsində eşitdiklərimi, ayrı-ayrı vətəndaşların xatirələrini kağıza köçürürəm. Xatırlayıram ki, Əsgər Bəkirov Yardımlı rayonunda işləyərkən orada qazandığı şəxsi nüfuz və hörmətə görə, yerli sakinlər onun barəsində “kasıb-kusubun adamıdı” deyib onu təqdir edirdilər. Hər kəs prokurorluğu, xüsusilə prokuror Əsgər Bəkirovun iş otağına ümidlə, güvənclə gəlirdi. İnanırdılar ki, prokuror onların haqq işinin tərəfində dayanacaq, haqqı nahaqqa verməyəcəkdi. Əsgər müəllimin özünün də vurğuladığı kimi, Yardımlı camaatı onu “Qanun naminə” filminin Mehmanına bənzədirdi. Göyçayda isə hər kəs ona güvənli bir şəkildə “qanunun əsgəri” deyirdi. Çünki Əsgər müəllim üçün qanundan yüksəkdə heç nə yox idi. O da hamıdan yüksəkdə olan qanunaxidmətdən qürur duyurdu. Burada onu da xatırladım ki, uzum müddət işlədiyi Şəkidə də Əsgər Bəkirov yerli sakinlərin sevgisini, sayğısını qazanmış vəonların “bizim adamımız” kimi seçilən titulunu qazanmışdı.

Bax, bütün bunlar çözülən xatirələrin yalnız ayrı-ayrı məqamlarıdı. Bu məqamları bütövləşdirəndə göz önünə Əsgər Lətif oğlu Bəkirovun hüquqşünas ömrü gəlir. Özü də mənalı, şərəfli ömrü. Indi 70 yaşının tamamına sayılı günlər qalan Əsgər müəllimin ailə kitabında da gözəl çalarlar var. Bu çalarlar da onun övladları, nəvələridi. Qızları Sevinc və Aynurə ali təhsilli müəllimə, oğlu Vüqar isə YAP-ın rayon şöbəsində məsləhətçidir. Ömür-gün yoldaşı Təranə müəllimə də Əsgər Bəkirovla birlikdə onun hüquqşünas taleyinin şahidi kimi arxada qalan illəri məmnunluqla xatırlayır. Biz də öz növbəmizdə həm Əsgər müəllimi, həm də bu ailəni təbrik edirik!

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK