adalet.az header logo
  • Bakı 20°C
03 Mart 2021 14:20
38503
MÜSAHİBƏ
A- A+

Gənc yazar: “Kimi öldürmüşəm, çörəyini əlindən almışam?” - Müsahibə

Adalet.az Karvannews.coma-a istinadən gənc yazar Orxan Saffari ilə müsahibəni təqdim edir.

- İlk olaraq imzandan başlayaq. Saffari sözünün mənası nədir? Niyə belə bir təxəllüs seçdin?

- Özümə feysbuk profili açırdım. Əvvəllər Orxan Azad, daha sonra da Orxan Bəy Səfərov imzası ilə yazmışam. Saffarini soyadıma uyğunlaşdırmışdım. Amma sonra öyrədim ki, mənası var imiş. "Düyü, Şah" mənasını verir. Hətta bu adda rok qrupu da var. Spontan alınmışdı, amma yaxşı oldu.

- Ədəbiyyatda Orxan adında en qədər imza var. Orxan Vəli Kanık, Orxan Pamuk, Orxan Kamal, Orxan Aras, Orxan Fikrətoğlu... Bu adlar səni çəkindirmir ki? Onlar kimi ədəbiyyatda imzan qalacaqmı?

- Onu zaman göstərəcək. Məsələn, Orxan Fikrətoğlunu Orxan Pamuk adı çəkindirməyibsə, məni də adaşlarımın heç biri çəkindirməz, çəkindirmir də.

- Ədəbiyyatın missiyası da bu olmalı deyil...

- Ədəbiyyatın tək missiyası yazmaqdır. Qalan işləri isə zaman özü həll edir. Dilsuz var, Azərbaycan ədəbiyyatında. Kim tanıyır? Ədəbiyyatçıların çoxu tanımır heç. Əksəriyyəti də sonradan tanıdı. "Yol" adlı hekayəsi var. Amma yenə də az-çox bələd olanlar bilir, söz düşəndə danışır.

- Azərbaycan ədəbiyyatında nə qədər desən, yazçı, şair olmaq istəyən gənclər var. Ədəbiyyata marağın necə yarandı? Sən də digər gənclər kimi istədiyin sahəni tapa bilməyib ədəbiyyata sığındın? Adətən boylu-buxunlu, fiziki cəhətdən güclü adamlar başqa sahələrdən qazanırlar. Niyə gəliri olmayan ədəbiyyat sahəsini seçdin? Bunu sənə nə vadar etdi?

- Xüsusi heç nə. Deyim ki, həyatımda bir dönüş nöqtəsi oldu, o hadisədən sonra dedim, ədəbiyyatçı olacam, yox. Uşaq vaxtı şeir yaza bilirdim, meyxana deyirdim, həvəsim var idi. Sonra da yavaş-yavaş kitablar oxudum, beynimdə, ürəyimdə gedən proseslər bura çəkdi. Boy-buxun, fiziki güc, bunlar hamısı ədəbiyyatdan aşağıdır. Hemenquey də nə boydadır, başqa da bu cür adamlar var. Sadəcə, görünüş olaraq seçilirsən. Əsas olan istedadın böyüklüyüdür.

Mən onsuz da indi də burdan gəlir güdmürəm. İxtisasım başqadı, başqa işlər görürəm. Düşünmürəm ki, gəlirim ömrümün sonuna qədər ədəbiyyatdan olacaq. Ədəbiyyata sığınmaq isə ruh məsələsidir. Səfil də olub sığına bilərsən, milyonçu da.

- Maraqlıdı, səfil olub necə yaza bilərsən? Milyonçu olsan necə?

- Səfil olsam, küçədən, yaşadıqlarımdan, ağrılarımdan yazacam, milyonçu da olsam səfillərin yaşadıqlarından, ağrılarından. Nə bilim, məsələn, yeyib-içmək stolunda Afrikadakı ac uşaqlara da nəsə yazmaq olar.

- Şeir yazaraq az-çox tanınmısan, amma qəfil nəsrə keçdin. Müəyyən hekayələrin yaxşı alındı. Ədəbi mühitdə xoş qarşılandı. Şair olmayacağını anlayıb yazıçı olmaq eşqinə düşdün?

- Şeiri bir o qədər ciddi qəbul etmirəm. Yəni, onu yazmaqdan çox, oxumaq istəyirəm. İlk hekayəm "Atamın ayaqabıları" hekayəsidir. Birinci kursda oxuyurdum onu yazanda. Şeir kimi yazmaq istəyirdim. İndiki kimi yadımdadır. Lənkəranda qar yağmışdı. Otaqda tək oturub yazırdım ki, gördüm alınmır, daha da genişlənir, süjet düşünürəm. Başladım yazmağa. O hekayəni də sevdilər, ilk olmağına baxmayaraq. Elə  sevinmişdım ki... Elə bilirdim, heç vaxt hekayə yaza bilmərəm. Sonrası da məlum. Başladım hekayə yazmağa, gördüm, şeirdən daha yaxşı alınır. Şeiri indi ehtiyacım olanda yazıram. Ortada olan 5-6 şeirim var, onlar da tanınır, oxunur. Bəsdi də.

Hekayədə özümü, duyğularımı, hisslərimi daha yaxşı ifadə edə bilirəm. Sərhədlərim bəndlərə sığmır.

- Bunun arxasınca roman gələcəkmi? Kitab çap eləmək planın varmı?

- Əlbəttə. İmkan düşün kimi hekayələr kitabımı çap edəcəm. Əlavə yazılar da var, amma ilk növbədə hekayələri. Romana isə girişməyə çalışmıram. Beynimdə yazmaq istədiyim mövzular var, amma tez olduğunu bilirəm. İndi yazıb, 10 il sonra peşman olmaq istəmirəm. Roman mənim üçün həm də yaş hadisəsidir. Dunya ədəbiyyatında məşhur yazıçılar var, hansı ki, gənc yaşlarında yazdığı romana baxırsan, heç nə. Özləri də etiraf edir. Amma yenə də bilmək olmaz. İnsanam da, dəyişə bilərəm. İndiki fikrim odur ki, 30-35 yaşdan sonra yazmaq lazımdır romanı. Tam oturuşandan sonra. Hekayələr həm də romanın məşqləridir...

- Ədəbi mühitdə elə bir obraz yaratmısan ki, əksəriyyəti səndən çəkinir. Bu sənin imzan üçün yaxşı hal deyil? Bu obrazı aradan qaldırmaq istəyirsən?

- Niyə çəkinirlər ki? Kimi öldürmüşəm, çörəyini əlindən almışam? Fiziki görünüşüm fərqlənir deyə bir az da. Yaxud da, müəyyən problem olur, kimləsə mübahisəmiz düşürsə, bu o deməkdir ki, mən lotuyam? O cür fikirləri bəzən məqsədli, bilərəkdən səsləndirirlər. Yadda o cür qalmağımı istəyirlər. Amma narahat deyiləm. Mən yazımı yazıram, oxuyurlar. Qalan şeylər şəxsi həyatımdır. Necəyəm, kiməm, kimə nə dəxli? Məsələn, dünya ədəbiyyatının məşhurları dalaşanda, cinayət edəndə, həbsə düşəndə olur, Orxan Saffari edəndə yox? Qəribə adamlardır. Mənim həyatım özümədir, nə edəcəmsə, özümə edəcəm, sən yazımı oxu, vəssalam. Qalan söhbətlər mənasızdır.

İmzama da nə problem törədir ki? Niyə törətsin yaxud da? Əgər törədirsə, demək təfəkkür problemi var həmin adamlarda.

- Oğru aləminə marağın olduğu bilinir. Maraqlıdı, oğru dünyası ilə ədəbiyyat arasında nə kimi yaxınlıq var?

- Oğru aləminə marağım yoxdur, oğru aləmindən tanışlarım, dostlarım var. Bu da keçirtdiyim həyat tərzi, böyüdüyüm mühitlə əlaqəlidir. Mənim 2 dostumdan biri hazırda prokuror, biri də Moskvada məşhur kriminal oğrudur. Ədəbiyyatçıyam deyə, əlaqələri kəsim? Axı, fərqli-fərqli şeylərdir. Birlikdə böyüdüyüm adam oğru olub, nə edim? 14 il həbs cəzası alan dostum var, ədəbiyyatı ədəbiyyatçıların çoxundan yaxşı bilir, ən ciddi əsərləri oxuyur. Yəqin ki, əlaqəsi var da. İndi həyat tərzi, yaşayışı, düşüncəsi odur. Yaxşı olardı ki, olmasın, amma olubsa, neyləmək olar?

Qaldı yaxınlığa, məsələn, mənim bu gün yazdığım hekayələrin əksəriyyəti görüldüyü kimi küçədən, undergrounddur. Yaşadıqlarımı, gördüklərimi yazıram. Bu da ədəbiyyatdır da.

- Müasir dövrün ədəbi mühitini necə qiymətləndirmək olar? Ümumiyyətlə, müasir ədəbiyyat mövcuddurmu?


- Əlbəttə mövcuddur. Amma şərtlər ağırdır. Bu gün Azərbaycan ədəbiyyatında kifayət qədər ciddi gənc imzalar var, amma mühit, şərait yoxdur. Hərə bir yerdə başını girələyir, hərə bir şeyə qurban gedir. Yəni, hərəmiz bir cür bədbəxt oluruq. Ədəbi mühiti sosial şəbəkədəki kimi qiymətləndirmək olmaz. Minlərlə adam şeir yazır, hərəsi də bir cür xarakterdə, xasiyyətdə. Adamlar da görür ki, bu nədi, bunlar hamısı belədir və.s...

- Bunun üçün senzura gərəkli deyilmi?

- Nə cür senzura deyirsən? Əsərlərə?

- Əsərlərə, imza olmayanlara...

- Elə şey olar? Kommunizmdir? Sovetlərdəyik? Heç bir senzuradan söhbət getməməlidir. Həm də, mümkün deyil. Kapitalist dövrdə yaşayırıq, dünya sosial şəbəkədədir. İmza olmayanlar senzura olan vaxtı da olub, hamısı da unudulub gedib. İndi də bu cür. Hazırda kimlərinsə populist məşhurluğu ötəri şeydir. Onlar özləri vaxt gələndə bezəcəklər, unudulacaqlar. Ona görə də, hamı yazsın. Kim nə yazır yazsın. Yenə deyirəm, zaman ələyindən keçirəcək. Biz azadlıq istəyirik, azad ədəbiyyat, azad mühit, azad ölkə. Ədəbiyyata senzura qoya-qoya vaxtilə çox şeyin qarşısı alındı onsuz da. İndi isə mümkün deyil.

- Mövzunu dəyişək. Əslən Füzulidənsən. İkinci Qarabağ savaşında niyə könüllü kimi getmədin?

- Əslən Qubadlıdanam, Zilandan. Əslim-köküm kürddür. Sonra da Füzulidə məskunlaşmışıq, olmuşuq buralı. Atamla hərbi komissarlığa getdik. Ayağımda, bədənimdə problemlər var. Qoy elə burda deyim, getmək üçün, sağlam yazmaqları üçün rüşvət də təklif etdik, razı olmadılar. Yararsız yazmamaqlarını, möhlət vermələrini xahiş elədim ki, müalicə alim, müharibə bitsə belə gedim. Amma vəziyyət bir az başqadır. Yenə də müalicə alıram. Çalışacam gedim. Gizlənməmişəm ki. İsrar edirəm, qaydalara görə aparmırlar.

- Qarabağ tam azad olunandan sonra nə hisslər keçirdin?

- Füzulinin Qərvənd kəndindənik. Oranı əvvəl yuxuda görmüşəm. Xəbəri alanda ağladım, güldüm. Yanımda qardaşı şəhid, özü aprel döyüşçüsü olan dostum var idi, qucaqlaşdıq, ağladıq. Mən oraları görməmişəm, görənlərin keçirdiyi hissi keçirə bilmərəm. Amma bütün hallarda genetikam, qanım bağlayır. Görməyəndə də sevmək, darıxmaq olurmuş.

- Sonda sənə bir tribuna versək, ordan bəşəriyyətə nələr söyləmək istərdin?

- Heç nə. Susaram. Bəşəriyyətə nəsə deməyin faydası yoxdur. Kimə nə deyəcəksən? Kimsə o tribunadan nəsə ağıllı-ağıllı danışmaq istəsə, mən özüm deyərəm, ə, səyləmə, duş görüm aşağı. Yeri get həyatını yaşa. Ağıllı çıxıb mənə.