ƏBÜLFƏT MƏDƏTOĞLU: QƏHRƏMANLARINI TƏQDİM EDƏN YAZIÇI

ƏBÜLFƏT MƏDƏTOĞLU
51170 | 2021-02-26 15:47

O, mənimlə yanaşı addımlayırdı

Onu harda, necə görmüşəm, necə qarşılaşmışıq, bütün detallarıyla yadımda qalmıyıb. Amma dəqiq bildiyim elə məqam var ki, onu ömrümün sonuna qədər unuda bilmərəm. Bu məqam ailəmlə, dünyadan vaxtsız köç etmiş əzizimlə bağlıdır. Çünki mən həmin insanı uşaqlığımın, gəncliyimin, tələbəliyimin ən əziz sirdaşı kimi qohumluqdan da yuxarıda tutmuşdum. Amma neyləyim ki, fələk daha güclü çıxdı. Və yaxud da Allah onu daha çox sevdiyindən alıb apardı...

Bilmirəm, bu yazdıqlarım indi oxucuya, eləcə də həmsöhbət olacağım insana nəsə xatırladacaq, yoxsa yox, amma yazmaya da bilmədim. Çünki yaxşıları, vaxtsız köç edənləri, ümumiyyətlə, insanları xatırlamağı bir adətə çevirmək lazımdı. Qoy ruhları şad olsun.

Və bizim də içimizdə azacıq da olsa rahatlıq yaransın. Axı, andıqca, xatırladıqca özümüzə də anmaq, xatırlanmaq haqqı qazanırıq.

Sovet dönəminin ən gözəl xüsusiyyətlərindən biri adamları, xüsusilə gəncliyi kitaba, qəzetə bağlamaq idi. Hara baxsan, hara getsən əlində kitab olan adama rast gələrdin. Insanlar səhər-səhər qəzet köşkünün önündə növbə tutardılar. O illərin ən populyar qəzet və jurnalları var idi. Onların arasında "Ulduz" jurnalı xüsusilə seçilirdi. Indi üzbəüz oturduğum o nurani insan həmin o illərdə, yəni 60-cı illərin sonlarında "Ulduz" jurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdı. Ona qədər isə...

Sovet-alman müharibəsinin şıdırğı dövrü idi. Necə deyərlər, faşist tankları SSRİ-nin içərilərinə doğru sürətlə irəliləyirdi. Həmin vaxt SSRİ-i tərkibində olan Azərbaycanda da hamı müsəlləh əsgər olmuşdu. Bu əsgərlərdən biri də Cəbrayıl rayonunun Soltanlı kəndindəki məktəbin direktoru Şirin müəllim idi.

Hamının böyük hörmət və sevgisini qazanmış bu insan bütün gücüylə üç övladını - iki oğul və bir qızının ali təhsil almasına, savadlı olmasına çalışıb. Çünki ətrafdakı savadsız çevrə ona həmişə bir ağırlıq yaşadlb. Istəməyib ki, övladları da onlar kimi olsun. Lakin müharibə ona arzularının şahidi olmaq imkanı verdi. 1941-ci ildə o da Sovet ordusunun sıralarına daxil oldu, silaha sarıldı. O, döyüşə gedəndə Tahir hələ dünyaya gəlməmişdi. Ona görə də ata nisgili Tahir üçün ən ağrılı yer oldu. Uşaqları atalı-analı görəndə ürəyimin başı göynədi. Bu göynərti də yavaş-yavaş duyğulara, sözlərə çevrildi. Xatırladım ki, Tahir Kazımov 1942-ci ildə Cəbrayılın Soltanlı kəndində dünyaya gəlib. Gözünü açanda qardaşı - Azərbaycanın çox önəmli dilçi alimlərindən olan Qəzənfər Kazımovu, bir də bacısı Qərənfili görüb yanında. Qeyd edim ki, Qərənfil xanım da ali təhsil alıb, uşaqların təlim-tərbiyəsi ilə məşğul olubdur.

Üz-üzə oturmuşuq. Gözlərinin dibindəki kədər qarışıq işığın ucundan tutub soruşuram:

- Tahir müəllim, sizi necə təqdim edim oxuculara? Yazıçı kimi, yoxsa təqaüddə olan polis polkovniki kimi?

- (Gülümsəyir). Bilirsən Əbülfət, mən ömrümün böyük hissəsini hüquq-mühafizə orqanlarında xidmətə həsr etmişəm. Amma xidmət dövründə də qələm yazı masamın üstündə olub. Xırda qeydlər etmişəm ki, zamanı gələndə yararlana bilim. Bax, bundan sonrasını özün müəyyənləşdir...

- Bəli, mən sizlə həmsöhbət olmağa gəlməmişdən öncə yaddaşımı vərəqlədim, haqqınızda yazılanları gözdən keçirdim. Sonra qatladım onların hamısının vərəqini. Ona görə ki, sizi ilk dəfə İmişlidə, o vaxtkı milis şöbəsində rəis vəzifəsində görmüşəm. Adamlar arasındakı nüfuzunuzun şahidi olmuşam. Onda 1991-ci il idi. Ölkədə qarşıqlıq, bir hakimiyyətsizlik var idi. Siz isə öz yerinizdə idiniz.

- Doğrudan da mən polisə sovet dövrünün komsomolunun təqdimatı ilə 1969-cu ildə getmişəm. Ona qədər isə ali təhsil, hərbi xidmət və üç il isə "Ulduz" jurnalında ədəbi işçi kimi çalışmışam. Ilk yazım Moldova haqqında olubdu. Orada hərbi xidmət keçdiyimdən bu ölkə ilə bağlı oçerk yazmışam və o da diqqəti cəlb edib.

- Tahir müəllim, yaradıcılığa həvəs, maraq hardandı sizdə?

- Bilirsiniz, Azərbaycanın dəyərli şairlərindən biri Sərdar Əsəd ruhlandırdı məni. Kənddə yaşayırdıq. Su suvarırdım, Sərdar Əsəd kəndimizə gəlmişdi. Bir xeyli söhbət etdik. Şair şəhərə qayıdandan sonra barəmdə "balaca suçu" adlı məqalə yazdı. Inanın ki, bu məqalə mənə qol-qanad verdi. Başladım atamın əsgər məktublarını toplamağa. Düzünü deyim ki, atamdan 38 məktub qalıb, cəbhə məktubu. Çox qəribədir ki, ögey bibim bu məktubların çoxunu bizdən gizlədib. Amma onun insafsızlığına baxmayaraq, mən 38 məktubu toplayıb bir-bir onlara cavab yazdım və beləcə, "Gecikmiş məktublar" adlı əsərim dünyaya gəldi. O məktubların hər biri mənim atamla söhbətimdi. Özü də təkcə öz atamla yox, müharibədə qalmış, itkin düşmüş, şəhid olmuş hər bir atayla söhbətdi bu. Sonra "Səsin sehri" lirik povestim doğuldu. Bu povest uzun müddət Gənc Tamaşaçılar Teatrının səhnəsini bəzıdi. Ona musiqini Cavanşir Quliyev yazmışdı. Rejissoru da xalq artisti Ağakişi Kazımov idi.

- Tahir müəllim, sizin bir-birindən maraqlı, özü də bir növü epopiya xarakterli əsərləriniz var. Bu əsərlərdə daha çox həm mifik, həm də kriminal mühit üstünlük təşkil edir. Hardasa mən sizi həm xəyalpərvər, yəni fantastik dünyaya maraq göstərən müəllif, həm də reallığın ifadəçisi kimi görürəm. Bunu necə izah edərdiniz?

- Özün də əvvəldə qeyd etdin ki, mən daxili işlər orqanlarında işləmişəm. Demək olar ki, əsərlərimin süjetləri, qəhrəmanları əsasən tanıdığım adamlardı. Bir polis rəisi, bir əməliyyatçı kimi mən qarşılaşdığım cinayətkarların əməllərindən tutmuş xarakterlərinə, hətta onların hobbilərinə qədər öyrənməyə maraq göstərmişəm. Bu həm cinayətin açılmasında mənə və əməkdaşlarımıza kömək olub, həm də bir yazıçı kimi əsərlərimdəki obrazları tamamlayıb, kamilləşdirib. Oxucu üz-üzə qaldığı həmin personajın ilk sözündən onun həqiqətən hansı dünyanın adamı olduğunu artıq qəbul edir. Bu mənada polisdə xidmətim mənə qəhrəmanlarımın dünyasını öyrənməkdə və onları da ədəbiyyata gətirməkdə yardımçım olubdu. Bir məqamı da qeyd edim ki, mənim əsərlərim əsasında telekanallar çoxseriyalı "Qisas" filmini də çəkiblər. Və bu da tamaşaçılar tərəfindən maraqla qarşılanıbdı.

- Sizin "Qisas" romanı xarici dillərə də tərcümə edilib və onun əsasında 32 seriyalı film də çəkilibdi. Yəqin ki, Lider televiziyasında tamaşaçılar o yayımı izləyibdi. Amma mənim üçün daha çox "Talelərini özləri yazanlar" roman diqqətçəkəndir. Çünki bu romanın müəyyən hissəsiylə tanışam və deyim ki, 6 kitabdan ibarətdir və burada baş verənlər Azərbaycanın hüdudlarından kənara çıxır - həm tarixilik baxımından, həm də təqdim edilən sənədlər baxımından. Söhbət torpaqlarımıza göz dikən, bizə qaçqınlıq taleyini yaşadan və nəhayət, 44 günlük Böyük Vətən Müharibəmizlə qisasımızı aldığımız düşməndən - ermənilərdən gedir.

- Bu altı kitablıq romanda mən təkcə Azərbaycan tarixçilərinin, Azərbaycan mənbələrinin deyil, eləcə də Türkiyənin, Rusiyanın və eləcə də digər ölkələrin ünlü simalarının ortaya qoyduğu mənbələrə istinad edərək erməni xəyanətini 1915-ci il, 1918-20-ci il, 1988-94-cü il zaman kəsiyini həm bədii, həm də elmi tarixi baxımından oxucuya çatdırmağa çalışmışam. Ona görə də bu əsər daha çox tarixi sənədlərə söykənib və deməli, öz taleyini yazanların aqibətinin də bizim Böyük Zəfərimizlə başa çatması qaçılmaz bir sonluq idi. Mən yazıçı olaraq bu sonluğu hadisələri araşdırdıqca görürdüm. Ona görə də əsərimdəki nikbin not sonda təkcə mənim yox, bütövlükdə xalqımızın inamını ifadə etmiş oldu.

- Tahir müəllim, sizin yaradıcılığınız zəngin mənbələrə söykənir. Bunu mən iki fakta söykənərək deyirəm. Biri ağrılı-acılı uşaqlığınız, yəni həyat məktəbindən öyrəndikləriniz. Ikincisi isə yorulmadan tarixi mənbələrə doğru getməyiniz və onları əldə etmək prinsipiallığınız. Bax, bunun ikisinin bəhrəsi olan əsərləriniz sonda necə deyərlər, çəkili, oxunaqlı, həm də kifayət qədər maraq doğuran olubdu. Digər tərəfdən siz tarixi səfərlərə gedəndə də dincəlmək əvəzinə faktlara, mənbələrə daha çox maraq göstərmisiniz. Elə ABŞ-da olduğunuz zaman yaşadıqlarınızı, şahidi olduqlarınızı yaddaşınıza köçürərək "Yeni arliana mələkləri" adlı çox oxunaqlı bir əsər ortaya qoymusunuz. Bu əsərdə də aldığım bilgiyə görə, söhbət insan haqlarından, ədalətdən, bir növü dünyadakı narahatlıqlara etirazdan gedir. Siz yazıçı olaraq dünyanın hər yerində baş verən haqsızlığa, müharibəyə etiraz edirsiniz.

- Bəlkə də bir az səmimi görünməyəcək, amma həqiqətən mən son dərəcə kövrək adamam. Ona görə ən kiçik bir fraqment, bir hadisə ürəyimdən yan keçmir. Uşaq yıxılanda da ürəyim sızıldayır. Ekranda çıxış edən şəhid analarını dinləyəndə də bağrımın başı göynəyir. Görünür, atasız böyüməyin bir təsiri də budur mənə. Ona görə də hara, hansı ölkəyə getsəm, ağrılı məqamlar və bir də təbii ki, gözəlliklər diqqətimdən yayınmır. Necə deyərlər, qələmlə baş-başa qalıb yaşadıqlarımı bir az da açıq desəm, mənimlə üz-üzə oturan özümü yazıram. Atamın məktublarına hər gün yeni cavablar gəlir dünyaya. Ata yurdumuzdan uzaqda, Bakıda anamın məzarı ilə söhbət edirəm. Yuxularıma atam iki dəfə gəlib. Onda görmüşəm atamı. Və əlini çiynimə qoyubdu. Hiss etmişəm ki, arxasız deyiləm, güvəndəyəm... (kövrəlir).

... Mən Tahir müəllimlə İmişlidə, Masallıda, Şamaxıda, eləcə də Bakıda olan görüşlərimizdə onu daha çox zabit kimi "oxumuşdum", zabit kimi sevmişdim. Rəhmətlik Ələsgərin vasitəsilə yaxından tanıdığım Tahir Kazımovun əsərləri ilə yaxından tanış olandan sonra isə onun söz dünyasının da qonağı oldum. Gəzib-dolaşdıqca o dünyada gördüm ki, mənimlə yanaşı, Tahir müəllim də addımlayır. Çevrilib baxdım. Gördüm ki, Tahir müəllim öz yazı otağındadı. Amma... Amma o həm də mənimlə birlikdə oxucusu ilə yanaşı, öz əsərinin təqdimatını keçirir, qəhrəmanlarını mənə təqdim edir...

P.S. Yəqin ki, Azərbaycanda, xüsusilə AMEA-nın Tarix İnstitutunda Tahir Kazımovun əsərlərindən, tariximizin araşdırmasına həsr etdiyi bədii, tarixi, sənədli əsərlərindən xəbərdardılar. Və yəqin ki, bu əsərlərə və onun müəllifinə dəyər vermək barədə orada da düşünürlər... Yəqin ki, AYB-də də bu məsələ unudulmayıb.

TƏQVİM / ARXİV