adalet.az header logo
  • Bakı 7°C
26 Fevral 2021 14:13
41926
MƏDƏNİYYƏT
A- A+

Xoreoqrafiya Akademiyasında Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTOLAR

Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan “Qarabağ Azərbaycandır!” adlı onlayn anım tədbiri keçirilib. 

Anım tədbirində BXA-nın tam orta məktəbinin şagirdlərinin ifasında Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş Q. Qarayevin “II preyludiya”, F. Bədəlbəylininin “Niyaziyə ithaf”, A. Barmonun “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası, R. Məmmədovun “Bir millət iki dövlət” rəqsi, Dorio Marianellinin “Xatırlayın” rəqsi, R. Quliyevin “Ruhlar” rəqsi və bir neçə şeir paraçaları səsləndirilib. 
Qeyd edək ki, Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbində bütün siniflərin ilk dərsləri Xocalı faciəsinə həsr edilib, Vətənpərvərlik mövzusunda yazılar təşkil olunub, eləcə də, “Xocalıya gedən yol” adlı rəsm, foto sərgisi keçirilib.

Silsilə tədbir çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana İnformasiya Mərkəzi tərəfindən Xocalı Soyqırımına və Vətən Müharibəsi şəhidlərinə həsr olunmuş foto sərgi keçirilib. Sərgi iştirakçılarına Xocalı soyqırımı barədə ətraflı məlumat verilib. 
Qeyd olunub ki, Azərbaycan xalqının ötən əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Eyni zamanda, Vətən müharibəsi şəhidləri haqqında da məlumat verilib. Şəhidlərin qəhrəmanlıq salnamələrindən bəhs olunub. 
Sərgi pandemiya ilə əlaqədar ölkədə tətbiq olunan bütün mövcud karantin qaydalarına uyğun olaraq, ara məsafəsi gözlənilməklə və qoruyucu tibbi maskadan istifadə edilməklə keçirilib. 

Həmçinin, Bakı Xoreoqrafiya Akademiyası kollecinin tələbə və müəllimləri tərəfindən Xocalı soyqırımına həsr olunmuş videoçarx hazırlanıb. 

Videoçarxda Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakininin qətlə yetirilməsi, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideyinlərindən birini itirməsi qeyd olunub. Hazırlanan video materialda ümummilli lider Heydər Əliyevin Xocalı Soyqırmının tanınmasında, ona siyasi qiymətin verilməsində əsas səbəbkar və təşəbbüskar olduğu vurğulanıb. 

Videoçarxın sonunda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizə səfəri zamanı Xocalı soyqırımı cinayətkarlarına qarşı səsləndirdiyi fikirlər də yer alıb.