O, səhnənin kraliçası, mahnıları, ifaları ilə yaddaşlarda qalan, tam qəlbi ilə səhnəni sevən İlhamə Quliyeva idi. Amma ürəyi onun sözünü dinləmədi, dinləmək istəmədi, yarımçıq saxladı yaşayıb-yaratmaq həvəsini. O, bu dünyaya 2016-cı ildə gözlərini əbədiyyən yumdu...
5 il...Ölümündən 5 il keçir Xalq artisti İlhamə Quliyevanın. İnanmaq çətindir, lakin biz qəbul etməsək də, bu belədir ki, var. Böyük bir Sənətkar 5 ildir ki, yoxdur.
İlhamə Quliyeva Azərbaycan musiqi tarixinin elə şəxsiyyətlərindən olub ki, oxuduğu hər mahnıya özünün möhürünü vurub. Danılmaz faktdır ki, onun ölümündən sonra mahnılarını oxuyan ifaçıların heç birinin səsində İlhamə Quliyeva yanğısı hiss olunmayıb. Səsi yanğılı idi bu Sənətkarın.
Sözü qədər kəsərli, səsi qədər dəyərli qadın olub İlhamə Quliyeva. Mahnıları sətir-sətir insan ruhunu qidalandıran əsərlərdir. Elə əsərlər ki, özlərində zəngin mədəni-mənəvi irs daşıyıcılarıdır. “Yaşın nə fərqi var ki?”, “Neylərsən?”, “Sən nə biləsən mənim nə çəkdiyimi”, “Unut məni” və onlarla belə mahnılar onun adını musiqi tariximizə həkk edib.
İlhamə xanım güclü qadın olduğu qədər də kövrək idi. Bunu onun mahnılarından asanlıqla sezmək olar: “Sən nə biləsən mənim nə çəkdiyim, Bəzən bumbuz yataqda od tutub yandım”...Doğrudan da, yanırdı İlhamə xanım, ifa edəndə yanırdı. Ruhun şad olsun, Sənətkar...
Rövşən Tahir