Paşinyanın yox, Putinin imzası əsasdı

MEHMAN CAVADOĞLU
85654 | 2021-02-22 13:28

Ermənistan müxalifətinin yaratdığı “Vətəni xilas hərəkatı”nın neçə gündür ciddi-cəhdlə hazırlaşdığı, “sayıyla rəqiblərinin kürkünə birə salacaq”, “maraqlı sonluğuyla görənlərin gözünü qamaşdıracaq” – deyə anonsladığı 20 fevral mitinqi ümidləri doğrultmadı. Yerli və xarici informasiya agentliklərinin “bir neçə minlik” aksiya adlandırdığı tədbirin iştirakçıları iki gün sonra yenidən toplaşmaq şərtilə Yerevanın küçə və dalanlarıyla yürüyə-yürüyə dağılışıb getdilər. Mitinq hələ dağılışmamış elan olundu ki, bu gündən etirazlar fasiləsiz, aparıcının öz təbiriylə desək, “non stop” mərhələsinə qədəm qoyur. Hərçənd, müxalifət “non stop” mitinqlər rejiminə keçdiyini ilk dəfə hələ ötən ilin noyabrım 11- də elan eləmişdi.

Mitinqin 20 fevrala, yəni, bədnam Dağlıq Qarabağ hərəkatının başlanmasının 33-cü ildönümünə təyin edilməsi də onun kütləviyini artırmağa hesablanmış gediş idi. Ancaq nə bu cür sentimental-nostalji tryuklar, nə də yaxasında qalib xaltası gəzdirən iki keçmiş prezidentin siyasətə uzun müsahibələrlə müşahidə olunan təmtəraqlı qayıdışı Yerevanın 20 minlik Azadlıq meydanının heç yarısını doldurmağa yetərli olmadı. Üstəlik, Paşinyan da qollarını yanına sallayıb durmamışdı, mitinqin kütləvilliyini əngəlləmək üçün təşkilatçıların siyasi-psixoloji təqibi və həbsi də daxil ənənəvi təzyiq vasitələrindən tutmuş sivil təbliğat üsullarına kimi bütün mümkün vasitələrdən yararlanmışdı.

Mitinq ərəfəsində “Gullap” kimi nüfuzlu bir beynəlxalq mərkəzin ölkədə keçirdiyi sorğuda 34 faiz reytinqlə opponentlərinin hamısından öndə getməsi onun mövqelərinin hələ də möhkəm olduğunun bariz nümunəsiydi. Hər nə qədər küçə suyasətçisi ayaması daşısa da, məğlub baş nazirin müasir texnologiyalardan yaxşı baş çıxardığını və lazımi anda ondan düzgün yararlanmağı bacardığını da etiraf eləmək lazımdı.

Mitinqin uğursuzluğu təkcə onun eloktoral bazasının kasadlığında deyildi. Hətta müxalifətə açıq rəğbətiylə seçilən erməni ekspertlərinin etiraflarına görə “son və qəti döyüş” şüarıyla keçirilən aksiyada yeni heç nə yox idi, hər şey ötən əsrin 90-cı illərindəki primitiv-populist ab-havanı xatırladırdı.

Ən çox diqqət isə vahid namizəd Vazgen Manukyanın çıxışına yönəlmişdi. Onun guya proqram xarakterli nitqinin təhlili göstərir ki, müxalifət məqsədini açıq elan eləsə də, hazırkı mərhələdə “nəyi necə etməyin”, daha doğrusu, Paşinyanı necə devirməyin yolları haqqında aydın təsəvvürə malik deyil. Manukyan baş naziri devirmək üçün irəli sürdüyü “A” və “B” bəndli iki planının birincisinin reallaşacığına, yəni, Paşinyanın öz əsas dayaqlarından – xalqın, parlamentin və güc strukturlarının dəstəyindən məhrum edilməsinin mümkünlüyünə özü də inanmadığı üçün ikinci variantı, üsyan ssenarisini daha məqbul hesab etdiyini də gizlətmədi. Ancaq güc strukturlarının birmənalı şəkildə müdafiə etdiyi baş naziri hansı sirli qüvvənin gücüylə zorla devirəcəklərinə də aydınlıq gətirə bilmədi.

İkinci vacib məqam Manukyanın onu vahid namizəd kimi irəli sürən öz müttəfiqlərinin bostanına atdığı daşla bağlıdı. O nə qədər uzaq 90-cı illərin ab-havasıyla yaşayan populist siyasətçi olsa da, özünün müvəqqəti keçid fiquru olduğunu yaxşı anlayır. Ona görə də dəmiri bəri başdan isti-isti döyməyə çalışır və iki mühüm şərt irəli sürür: “Paşinyan getməldi, amma onun yerinə ölkənin keçmiş birinci şəxslərindən heç kim gələ bilməz. Təbii ki, mesajın məhz Köçəryanla Sərkisyana ünvanlandığı heç kimə sirr deyil. Çünki Manukyan onu vahid namizəd kimi irəli sürən 17 partiyanın liderləri arasında ən çox məhz bu iki nəfərdən çəkinir. Ona görə yox ki, onlar geniş eloktoral dəstəyə malikdi, ona görə ki, hazırda ölkədə etiraz hərəkatının əsas ağırlığının məhz Dağlıq Qarabağ əsilli fəal azlığın çiynində olduğunu yaxşı bilir. Bir sözlə, anti Paşinyan koalisiyasının öz arasında gec-tez ciddi çəkişmələrin yaranacağı barədəki proqnozlar özünü vaxtından xeyli tez doğrulmaqdadı.

Nəhayət, üçüncü və ən vacib məqam vahid namizədin Rusiyanı nəzərdə tutaraq söylədiyi və hətta ən nikbin ekspertlərin belə təəccübünə səbəb olan açıqlamasıyla bağlıdı. O, ənənəvi antitürk ritorikasından sonra Ermənistanın mümkün müttəfiqlərini sadalayarkən İrandan Çinə kimi bir çox ölkələrin adını çəkdi, Qərb ölkələrindən yan ötsə də Rusiyanı da unutmadı. Amma ağzından qəfil və ya düşünülmüş şəkildə çıxardığı bir ifadə hər şeyi alt-üst elədi. Vahid namizəd bəyan elədi ki, mən müttəfiqlər deyəndə Ermənistanla bərabərhüquqlu əməkdaşlıqdan (oxu: Ermənistana təmənnasız yardım edən və hətta onların əvəzinə Azərbaycan və Türkiyə ilə savaşa girməyə hazır olan) danışıram, ona öz sadiq köləsi kimi baxanlardan yox.

Daşın Rusiyanın bostanına atıldığı heç kim üçün sirr olmadı. O Rusiyanın ki, Ermənistanı tarix boyu boyunduruq kimi boynundan asıb saxlayıb, bu gün onun sərhədlərini qorumaqdan tutmuş iqtisadiyyatının tamamilə çökməməsi üşün əlindən gələndən də beş qat artığını eləyir. Kölə köləlikdən yaxa qurtarmaq gücündə deyilsə buna ağa neyləsin. Dövlətlər arasındakı münasibətlərdən tutmuş insane münasibətlərinə kimi hər sahədə belədi. Vaxtilə quldarlığı ləğv edən ölkələrin əksəriyyətində yaşanan ən ciddi problemlərdən biri bilirsiniz nə idi? Qulların çoxu azadlıq istəmirdi. Çünki azad yaşamaq vərdişlərini itirmişdilər, ağasız nə edəcəklərini bilmirdilər.

Bu gün Ermənistanda ən antirus siyasətçi Qərbin projesi olan, havalı vaxtlarında Putini hava limanında qarşılamağı belə özünə rəva görməyən Paşinyandı. Odur ki, Manukyanın Kremlə yönəlik bu isterikası sadəcə, ağlını itirmiş qocanın sayıqlamasından başqa bir şey deyil. Əgər ermənilər artıq belə bir mayıf siyasətçinin ümidinə qalıbsa, onda gələcəkləri bu günündən daha dumanlı görünür.

Ermənistanın son və qəti məğlubiyyətdən Putinin təcili müdaxiləsi sayəsində qurtarması heç kimə sirr deyil. Görünür, Rusiya prezidentinin özü də buna nail olacağına əvvəlcədən əmin deyilmiş. Təsadüfi deyil ki, bu günlərdə ölkənin baş redaktorlarıyla görüşü zamanı o, Qarabağ münaqişəsinin nizamlanması yolundakı fəaliyyətini prezidentlik dövrünün ən mühüm hadisəsi adlandırıb.

Ancaq Putinin nikbinliyinə baxmayaraq, bu münaqişənin tam olaraq nizamlanmasından danışmaq hələ çox tezdi. İrəlidə bizi Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarının tam şəkildə bərpa edilməsi kimi uzun və çətin diplomatik çəkişmələr gözləyir. Bunu diplomatiya bacarmasa “dəmir yumruq” edəcək. Hazırda Paşinyanı yıxmaq üçün birləşmiş siyasi qüvvələrin hamısı bu gerçəkliyi yaxşı bilir. Onlar hakimiyyətə gəlsələr belə indiki baş nazirdən fərqli mövqe tutmayacaqlar, istəsələr belə bunu bacarmayacaqlar. Məqsəd Dağlıq Qarabağın xilası yox, topasının bir nömrəli rəqibinə çevrilmiş Paşinyandan intiqam almaqdır.

Azərbaycanda da bəzilərinin tez-tez işlətdiyi “Paşinyanın üçtərərəfli bəyanatda imzası var, odur ki, onun qalması bizə sərfəlidir” deyə yayğın bir tezis var. Vacib məqam bəyanatın altında Paşinyanın yox, Putinin imzasının olmasıdı. Hazırda heç bir erməni siyasətçisi bu imzaya şəkk edəcək dərəcədə cəsarət yiyəsi deyil.

 

M. Cavadoğlu

TƏQVİM / ARXİV