Müxalifətin son və qəti döyüşü – 2

MEHMAN CAVADOĞLU
140953 | 2021-02-21 17:20

Fevralın 20-də Ermənistanın birləşmiş müxalif qüvvələri baş nazir Paşinyanı devirmək üçün son və qəti döyüşə atılacaq. Bu məqsədlə bir aya yaxındı ki, Yerevanda keçiriləcək ümummilli mitinqə ciddi hazırlıq gedir. 44 günlük müharibədəki acı məğlubiyyətdən sonrauzun müddət qınına qısılıb qalmış müharibə partiyasının iki əsas simasının – eks-prezidentlər R. Köçəryan və S. Sərkisyanın da son günlər fəallaşması məhz bununla bağlıdı. Sərkisyan bu günlərdə Armnyus telekanalına verdiyi sicilləmə müsahibəsində hakimiyyət iştahı olmadığını və bundan sonra heç bir rəhbər vəzifə tutmayacağını bildirsə də, rəhbərlik etdiyi partiyanın ən azı etirazların ilk pilləsində, yəni Paşinyanın devrilməsi mərhələsində iştirak edəcəyi şübhə doğurmur. Onun indiyə kimi susqun-seyrçi mövqe tutması da, heç şübhəsiz, manqal inqilabı vaxtı  təhlükəsizliyini qorumaqdan dolayı Paşinyanla əldə etdiyi gizlisövdələşməylə bağlıydı. Əks təqdirdə bir medalın eyni üzü olduğu sələfinin taleyini yaşayacağı qaçılmaz idi.

İkinci Qarabağ Savaşı bitən gündən Yerevanın, eləcə də ölkənin bəzi iri şəhərlərinin küçə və meydanlarını bürüyən və indiyə kimi pis-yaxşı davam edən etiraz aksiyaları öz hədəfinə çatmadı. İlk dönəmlərdə qınlarına çəkilmiş Köçəryan-Sərkisyan cütlüyündən və hələ ki, proseslərə praqmatik münasibət sərgiləyən, Ermənistanın gez-tez bu cür miskin aqibətlə üzləşəcəyini hər fürsətdə dilə gətirən ilk prezident L.Ter-Petrosyandan başqa bütün siyasi təşkilatların birləşmiş qüvvələrinin üç ay davam edən təpkiləri məğlub Paşinyanı devirə bilmədi. Artıq etiraz aksiyaları gündən-günə sönməkdə, Yerevanın Teatr meydanında qurulan çadırlar muzey eksponatlarına çevrilməkdəydi. Yalnız hansısa siyasi xadim ordakı “əzabkeş vətən ovladları”nı zyarət eləmək fikrinə düşəndə əvvəlcədən kimlərisə aparıb orda oturdurdular.Bir sözlə, Köçəryan-Sərkisyan cütlüyünün lidersiz qalmış tərəfdarlarının da dəstək verdiyi 15 partiya geniş etiraz dalğası yarada bilmədilər. 

Qarabağ klanının və müharibə partiyasının marığa yatmış iki odioz fiquru da məhz bu məqamı gözləyirmiş kimi fəallaşmağa başladı. Ancaq nə Köçəryanın nəticəsiz bitən Moskva vurnuxmaları, nə də Sərkisyanın təhlükəli siyasirəqiblərin və əl-ayağa dolaşan doğmaların səfir adıyla uzaq ölkələrə sürgün edildiyi  üçüncü dünya ölkələrinin ənənələrinə uyğun Vatikana səfir göndərərərək başından elədiyi kürəkəni Mikael Minasyandan başqa heç kimi həyacanlandırmayan sicilləmə müsahibəsi ölkədəki “antipaşinyan” ovqatına əlavə gücqatmadı. Yeri gəlmişkən, kürəkən qayınatasının hakimiyyəti dönəmində milyonlarla pul mənimsədiyinə görə Paşinyan tərəfindən hələ müharibədən xeyli əvvəl vəzifədən uzaqlaşdırılmış və haqqında cinayət işi qaldırılmışdı. İndi onun xaricdə oturub hazırkı rejimi qamçılamağı da vətən təəssübü çəkməkdən yox, məhz bu qisasçılıq hissindənqaynaqlanır. Görünür, Sərkisyanın neytrallıq müqabilində Paşinyandan qopardığı toxunulmazlıq imtiyazından kürəkən də pay umurmuş.

Təbii ki, son üç ayda özünün gücsüzlüyünə əmin olmuş müxalifət 20 fevral mitinqinin axırıncı şans olduğunu yaxşı bilir, hətta bunu etiraf etməkdən belə çəkinmir. Köçəryan-Sərkisyan cütlüyünün ambisiyalarının üstünə su səpərək indiyə kimi yuxarıdan aşağı baxdıqları digər müxaliflərə qoşulmağa qərar verməsinin kökündə də məhz bu amil dayanır. Təsadüfi  deyil ki, bir neçə gün əvvəl müxalifətin əsas simalarının – Köçəryan, Sərkisyan, daşnak İşxan Saqatelyan, keçmiş milli təhlükəsizlik naziri Artur Veneçyan, müxalifətin vahid namizədi Vazgen Manukyan və milyarder Qaqik Çarukyanın iştirakıyla mitinq hazırlıqlarınınmüzakirə edildiyi toplantıda açıq şəkildə bəyan edilib ki, aksiyaya hədsiz sayda adam çıxarmaq və müxalifətin gücünü nümayiş etdirmək bizə hava və su kimi lazımdı, əks təqdirdə 20 fevralhamımızın siyasi karyerasının sonu olacaq.

Dinc mitinqlərlə hakimiyyət dəyişikliyinə nail olmaq üçün küçələrə ən azı yüz minllərlə adamın axışması vacib şərtdi. Hakimiyyətə sədaqətli olan güc strukturlarının demorolizasiyası vədönüklüyü bu andan sonra başlayır. Ermənistanda da hələ ki, mövcud iqtidara yaxşı halda sədaqət, pis halda loyallıq nümayiş etdirən hüquq-mühafizə orqanlarının az qüvvə qarşısına geri çəkiləcəyi ağlabatan deyil.Təşkilatçıların nikbin proqnozlarına rəğmən mitinqə deyilən sayın heç yarısı qədər adamın  yığışacağı da inandırıcı görünmür. Birincisi ona görə ki, Paşinyan çox ağır məğlubiyyətdən sonra öz reytinqini nisbi də olsa qoruyub saxlayır, xalq onun bir çox islahatlarından, xüsusilə korrupsiyaya qarşı apardığı ardıcıl mübarizədən yumşaq desək, məmnundu. İlincisisə, hadisələri az-çox vərəvurd etməyi bacaranlar müharibədəki uğursuzluqlarda cəmi iki il hakimiyyətdə olan baş nazirdən daha çox bu gün məhz onun qanına susamış Köçəryan-Sərkisyan cütlüyünün günahkar olduğunun fərqindədirlər.

Paşinyanı yıxmaq istəyən koalisiyanın üzvlərisə başqa şeyin, özlərinin kifayət qədər geniş eloktorata malik olmadıqlarının fərqindədirlər. İndi onlar bu boşluğu doldurmaq üçün adamları pul gücünə meydanlara tökmək istəyirlər. Mitinqlərin təşkilində milyarderlərin iştirakı da daha çox bu məqsədə xidmət edir. Söhbət təkcə yuxarıda adını çəkdiyimiz milyardçıdan yox, diaspor düşərgəsindəki, xüsusilə Rusiyadakı zənginlərdən gedir. Adamların pul gücünə kütləvi etirazlara təhrik edilməsi siyasətçilərin köhnə şakərdi, sınanmış vasitədi, amma həlledici amil deyil, olsa-olsa kosmetik üstünlük yaratmaqdan başqa bir işə yaramır.

Onu da unutmaq lazım deyil ki, bugünkü  beynəlxalq şərtlər də Paşinyanın devrilməsi üçün yetərli deyil. Beynəlxalq şərtlər deyəndə ki, indi Ermənistan siyasətinin iqtidarlı-müxalifətli kökləndiyi cəmi bir beynəlxalq ünvan var və hazırkı baş naziri devirmək hələlik həmin ünvandakıların cari planlarına daxil deyil.  

Xatırladaq ki, müxalifət təxminən bir ay əvvəl oturaq mitinqlərə qərar verərkən də son məqsəd Paşinyanın istefasına nail olmaq idi.  Aksiyanın əsas şüarı da məhz beləydi: “Paşinyan istefa verənədək...” Lakin həmin tətil, demək olar ki, başlamamış başa çatdı. Onda Köçəryan hələ siyasətə qayıtdığını elan etmədiyi üçün V. Manukyanın vahid namizədkimi yeri geniş idi. Elə indi də siyasi kuluarlarda vahid namizəd qiyafəsində fırlanmasına baxmayaraq, Köçəryanın zorən dirildilmiş bir siyasi meyitin çətiri altına keçəcəyi ağlabatan görünmür. Üstəlik, keçmiş prezidentin Manukyandan daha çox maliyyə imkanlarına və elektoral resurslara malik olduğunu nəzərə alsaq, Köçəryanın bu koalisiyada iştirak etməkdə əsas məqsədi daha çox Manukyan və onun başına yığışmış siyasi konqlemeratın topasından güclü olduğunu nümayiş etdirməkdi. Onun hədsiz maliyyə resursları təkcə prezidentlik dövründə yağmaladığı milyonlar yox, həm də Rusiyanın biznes strukturlarında iştirakı və sıx əlaqələriylə bağlıdı. Üstəlik, bu yaxınlarda siyasətlə məşğul olacağını bəyan etmiş, bir çox siyasi aksiyaları maliyyələşdirən zəngin iş adamı Artak Tovmasyan da ikinci prezidentə yaxınlığıyla seçilir. Nisbi elektoral üstünlük isə onun Qarabağ klanının təmsilçisi olmasıyla bağlıdı. Hazırda Yerevanın küçə və meydanlarını yağır etmiş mitinq və piketçilərin əksər hissəsi Qarabağ erməniləridir ki, Sərkisyanın yoxluğu halında onların elliklə Köçəryanın tərəfində duracaqları heç kimə sirr deyil. 

Yuxarıda qeyd etdik ki, bu, say etibarıyla müxalifətin ikinci dəfə elan etdiyi son və qətidöyüşdü. İlk dəfə olduğu kimi bu döyüşün dəuğurla bitmək ehtimalı çox azdır. Amma siyasi meydan hətta Teatr meydanı adlansa belə teatr səhnəsi deyil. Onun tam şəkildə ssenariləşdirilməsi mümkünsüz işdi. Odur ki, bütün siyasi proqnozlara rəğmən bu aksiyanınuğurlu sonluğu da istisna deyil. Elə əsas sual da məhz burdan doğur. Əgər Paşinyan getsə, onun yerinə gələnlər neyləyəcəklər? Bütün siyasi, iqtisadi, hərbi resursları tam olaraq tükənmiş bir məmləkətdə nəyə nail olacaqlar? Təbii ki, ciddi heç nəyə. Sadəcə, hamının Paşinyana qarşı mübarizəsi hamının hamıya qarşı mübarizəsiylə əvəzlənəcək ki, nəticədə bu dəfə başları öz dəmir yumruqlarına tuş gələcək.

M. Cavadoğlu 

TƏQVİM / ARXİV