SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: SAVAB QAZANMAQ ÜÇÜN...

  123148   |  
Şriftin ölçüsü  

Seyran Səxavətdən yazdım

 

Neçə vaxtdı bu mövzunu, daha doğrusu, mövzunun qəhrəmanını düşünürəm. Bu da iki səbəbdən qaynaqlanır. Birincisi, mövzunun qəhrəmanı təpədən-dırnağa söz adamıdı, yazıçıdı, şairdi, publisistdi. Üstəlik də, öz aurası boyu da baldı, şəkərdi, duzdu, istiotdu. Kəsəsi, bu adam Seyran Səxavətdi. Yəqin ki, bundan sonra ikincisini dilə gətirməyə zərurət qalmır. Çünki Azərbaycan Seyranı tanıyır, Seyran da Azərbaycanı. Deməli, onun barəsində hansısa bir sözü dilə gətirmək Azərbaycanın tanıdığı bir yazıçının qılıncının altına baş qoymaqdı. Yəni iynə ucu boyda yalnışlıq ən azından Seyran müəllimin özünəmxsus “nətəərr olub ə, bu?”.... ittihamını eşidəcəksən. İndi oğulsan, izahat ver görüm, necə verirsən. Burda sudan quru çıxmaq qeyri-mümkündür. Bax, ona görə də fikir məni götürüb:

- Yazım, yazmayım?!

Hə, amma yazmaq istəyim yazmamaqdan bir barmaq üstündü. Bu da səbəbsiz deyil. İndi başlayıram səbəbləri

saymağa... Özü də başlayıram lap uzaqdan. Yadımda qalan ilk səbəb 1973-cü ilə təsadüf edir. Onda orta məktəbin 7-ci sinifində oxuyurdum və Füzuli rayonu nəzdində “Ərgünəş ədəbi birliyi” vardı. Bu Birliyin də rəhbəri şair rəhmətlik Mətləb Misir idi. Hər ayın sonuncu istirahət günü yığışardıq bu dərnəyə. Bakıdan da sayılıb-seçilən ədəbiyyat adamları qonağımız olurdu ara-sıra. Hə, bax, ilk dəfə Seyran Səxavəti dipdiri onda gördüm. “Ulduz”, “Azərbaycan” jurnallarında oxuduğum “Ay ilk məhəbbətim” şeirini gecə də sayıqladığım Seyran Səxavəti təsəvvür etdiyim aurada görəndə bir az özümdən şübhələndim. Çünki bu təxmin bir az da öncəgörməyə bənzəyirdi.

İkinci səbəb Seyran müəllimlə 1976-cı ilin yayında “Ulduz” jurnalındakı görüşümdü... Yaxınlaşdım, salam verdim, harasa qaçaraq gedirdi. Barmağının ucuyla Vaqif Bayatılı Ödərin əyləşdiyi otağı göstərdi və bircə kəlmə dedi:

- Şeirə o baxır...

Bu da o demək idi ki, şeir gətirmisənsə, get Vaqifin yanına. Hə, bu iki səbəb zaman-zaman yaddaşımda qaldı, bir az işıqlı, bir az bulanıq şəkildə. İşıqlı tərəf o idi ki, Seyran müəllimi üzbəüz görmüşdüm, şəxsən tanıyırdım artıq. Bulanıq tərəf o idi ki, mən o boyda yolu Tuğdan, Füzulidən vurub gəlmişdi Seyran müəllimin yanına. O da mənə şeirə baxanın qapısını göstərdi. Açığı, içimdə incimişdim. Lap sonralar anladım ki, Seyran müəllim düz eləyib. Bunu Seyran Səxavətin “Mənim yanan məktublar” kitabında gün işığı kimi gördüm. Seyran müəllim orda qeyd edib ki, “ay Allah, bu Əbülfət səndən nə istəyir ki? Şeir yazmaq...”. Doğurdan da Allahdan istəyim içimdəki duyğuları sözə çevirməkdi. İndi yenə qayıdıram səbəblərə.

Hərbi xidmətdən qayıdıb o vaxtkı Dövlət Universitetinin tələbəsi olanda, rəhmətlik Nüsrət Kəsəmənli və dəyərli dostum Çingiz Əlioğlu Bakının yay istisində ailələrini götürüb gəlmişdilər Tuğa. Bir gün Nüsrətin məşhur yaşıl“06”la kənddən gəldik Füzuliyə, elə-belə gəzib-dolaşmağa. Füzuli şəhərinin içərisində məşhur bir yeməkxana var idi. Onu hamı “59” kimi tanıyırdı. Seyran Səxavətin qardaşı, mənim ata qohumum rəhmətlik Xanlar da Füzuli rayon iaşə idarəsində işləyirdi. Boş vaxtlarında həmin “59”da oturub çay içərdi. Yeməkxananın qarşısından keçəndə gördüm ki, Seyran Səxavət, qardaşı Xanlar və bir neçə nəfərlə oturub çay içirlər. Təbii ki, maşını saxladıq, görüşdük, Xanlar öz böyük ürəyilə Nüsrəti də, Çingizi də daha münasib yerə qonaq dəvət etdi, amma mən ev yiyəsi kimi böyüklərin işinə qarışdım, dedim ki, kənddə hər şey hazırdı. Bu sözü deyib qurtarmışdım ki, Seyran Səxavət oturduğu stuldan qalxdı:

- Əbili (o, həmişə mənə belə müraciət edir – Ə.M.) düz deyir, Tuğu qoyub burda oturası deyilik ki. Getdik Tuğa...

Bəli, həmin gün mənim atamın ocağı dil-ədəbiyyat ocağına çevrildi. Çünki Azərbaycanın 3 böyük söz sahibi Nüsrət, Seyran və Çingizin başına yığışmışdı hamı. Bir azdan qapıda maşın siqnalının səsini eşitdim. Pəncərədən baxdım ki, gələn Mətləb Misir idi. Düşüb qarşıladım. Mətləb müəllim qonaqlarla görüşəndə Seyran Səxavət soruşdu:

- Ay Mətləb, sən hardan xəbər tutdun ki burdayıq? O gətirdiyin nədi?

Rəhmətlik Mətləb müəllim özünməxsus şəkildə gülümsəyərək dedi:

- Bir şaqqa ət aldım gətirdim. Dedim birdən yeməyimiz azlıq edər...

Seyran müəllim necə güldüsə, hamı qoşuldu ona. Gülüşünə ara verəndən sonra:

- Ayə, sən də vallah kefsən e, kənd yerində yeməyə bir şey tapmayacağıq?! Bazardan ət alıb vurmusan qoltuğuna...

Keçirəm növbəti səbəbə. Günlərin birində Azər (Seyran müəllim ona Azik deyir – Ə.M.) mənə zəng vurdu. Telefonu açan kimi də dedi:

- Kirvə, hardasan? Eşitmişəm səndə tut arağı var. Seyrandı, Adildi, bir də mən, həmişəki yerdə oturmuşuq, özünü bizə çatdır.

Bu istəyin önündə bircə yol var. O da tut arağını qoltuğuna vurub deyilən yerə getməkdi... Mən də belə etdim. Məclisin ən şirin nöqtəsində Seyran Səxavət soruşdu:

- Əbili, bu tut arağı hardandı?

Dedim Horadizdən Dilavər göndərib.

Rəhmətlik Adil qayıtdı ki, ə, belə namərdlik olar? Bayaqdan niyə demirsən Dilavərin sağlığına içək? Azik də onun sözünün üstünə gəldi. Əlavə etdi ki, bundan sonrakı bütün sağlıqlar Dilavər üçündü. Seyran müəllim səsinin tonunu dəyişərək:

- Bir şərtlə. Gərək bu araq məsələsi davamlı olsun.

Bax, beləcə, xoş bir məclisi yola verib ayrılanda Seyran müəllim qolumdan tutub dedi ki, Əbili, eşitmişəm əlli yaşın yaxınlaşır. Amma sən canın, çox adam yığıb tünlük eləmə, elə özümüz bəsik. Doğrusunu deyim ki, bu canıyananlıq qeyd etməkdə tərəddüd yaşadığım ad günü məsələsini qoydu boynuma.

Gəlirəm bir səbəbə də.

Həmin il Bakıya güclü qar yağmışdı. Yollar buz bağlamışdı. Yəqin ki, sizin də xatirinizdə olardı. Söhbət 2009-cu ildən gedir. Rəhmətlik Xaləddinin işlətdiyi “Məxməri” restoranında məclis qurmuşdum. Amma yola, havaya baxıb dilxor olmuşdum. Ümidim yox idi kiminsə gələcəyinə. Restoranın həyətində gəzişirdim.

Bir də gördüm ki, Seyran müəllim sürüşməsin deyə ehtiyatla gəlir mənə tərəf. Heç salam verməmiş uca səslə:

- Əbili, camaat yığışmayıb hələ? – dedi.

İnanın ki, o səs, o gəliş içimdəki buzu əritdi. Bildim ki, meydanda tək deyiləm. Elə yanımdaca Umud Rəhimoğlunun telefonunu yığdı. Salamsız-kəlamsız:

- Umud, hardasan? – dedi və telefonu söndürdü. Üzünü mənə tutub: - Əbili, Umud, Zakir Fəxri, bir də Musa Yaqub uzağı bir saata burdadılar, gəlirlər.

Beləcə, Seyran müəllim həmin ad gününü Dədə Süleymanın möhtəşəm ifası altında əsl şənliyə, deyib-gülmək məclisinə çevirdi. Hələ özü də zümzümə etdi, Çingiz Əlioğlu da.

Növbəti bir səbəb. Bunu da yazmasam özümü bağışlamaram. Bir gün Seyran müəllim kefinin xoş anından istifadə edib dedi ki, Əbili, sənə bir qonaqlıq vermək istəyirəm, özü də Zeytun bağında. Bu söz, bu təklif ürəyimə yağ kimi yayıldı. Əvvəla, Seyran müəllimin məclisi ayrı bir aləmdi. İkincisi də Seyran müəllim hər adama qonaqlıq vermir axı. Görün indi onun yanında nə boyda hörmətim var ki, mənə qonaqlıq vəd edir. Üstəlik, onu da deyir ki, gələndə sizdə (yəni “Ədalət”də) o Faiq var ey, onu da özünlə gətir.

Mən Seyran müəllimin “Dəmir qapı” restoranındakı yubileynin də, Beyləqanda rəhmətlik Elman Ağayevlə olan görüşlərimizi də yazıçı-publisist dostumuz Əlövsət Bəşirli ilə olan məclisimizi də... Daha neçə saysız görüşlərimizi də məhz səbəblərdən sayıram. Amma sözün ucuzluğuna getməmək üçün onları yazıya gətirmirəm. Yalnız dostumuz Nəbi Muxtarovun 70 illiyində Seyran müəllimin etdiyi çıxışın bir cümləsini təkrarlamaq istəyirəm. Seyran müəllim dedi ki, “Ay camaat, bu Əbili yaxşı oğlandı, ona görə hamı onu çox istəyir. Mən də çox istəyirəm. Düzdü, arada küsəyənlik edir, onu da bağışlayıram. Çünki həm Tuğdandı, həm də rəhmətlik Xanların qohumudu, bizim Vaqif də onu çox istəyir.”.

Son: Mən bu yazının sonu olduğuna və yaxud da olacağına inanmıram. Ona görə ki, yazımın qəhrəmanı hələ 75 yaşını tamamlayır. Qarşıda 85, 95...lər var. Rəhmətlik şair dostum Vahid Əlifoğlu demişkən, “İt intervüsü”nü yazan yazıçının barəsində hər səbəbi, hər məqamı, hər anı xatırlamaq, demək savabdandı! Mən də bu yazımla bir cıqqılıca savab qazanmağa çalışdım.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK